Polşanın Azərbaycandakı səfirliyi və Azərbaycan Yazıçılar Birliyinin “2011 - Çeslav Miloş ili” ilə əlaqədar keçirdiyi ədəbi müsabiqədə istedadlı şair Əlişirin Şükürlünün “Nobel” mükafatı laureatı, intellektual şeirin gözəl nümunələrini yaratmış Vislava Şimborskaya istinadən yazdığı “Xoşbəxtlik ehtimalı” şeir-essesi birinci yerə layiq görüldü və qalib bu ilin yanvarında Polşada səfərdə oldu.
   
   Bu günlərdə “Xoşbəxtlik ehtimalı”nın müəllifi, riyaziyyat üzrə fəlsəfə doktoru, professor Əlişirin Şükürlü ilə görüşüb söhbət etdik.
   Əvvəlcə şairin yaradıcılığı barədə bir neçə söz:
   ...Onun şeirləri qanadlı şeirlərdi. Oxuduqca ayağın yerdən üzülür, uçursan... amma yıxılmırsan. Bu şeirlərin cazibəsi səni təkrar yerə qaytarır...
   ...Əlişirin Şükürlünün şeirləri istər forma, istərsə də məzmunca yeni, süjetli, fəlsəfi və hərəkətli şeirlərdi...
   ...Əlişirin maraqlı, özünəməxsus üslubu ilə oxucunu, sözün yaxşı mənasında, heyrətləndirən şairdir:
   Bir ölüm havası çalın,
   Yaşamaq istəyirəm.
   - Əlişirin müəllim, gəlin söhbətimizə Polşa səfərindən başlayaq.
   - Səfəri Polşa Xarici İşlər Nazirliyi və Adam Mitskeviç İnstitutu təşkil etmişdi. Polşaya şair, tərcüməçi Səlim Babullaoğlu ilə birgə getdik. Varşavanın Şopen Hava Limanında təyyarədən enərkən ilk ağlıma gələn bu misralar oldu:
   “Şopen - ürəyi Varşavada dəfn olunmuş dahi, fortepiano şairi.
   Xoş gördük, Varşava - şopenürəkli şəhər”.
   Mənə elə gəldi ki, bu ölkə ilk olaraq insanları öz böyük mədəniyyəti, mənəviyyatı ilə qarşılayır.
   Varşavada olduğumuz iki gün ərzində “Ədəbiyyat muzeyi”ni, “Varşava üsyanı” muzeyini seyr etdik, ziyalılarla görüşdük, şəhəri gəzdik.
   Sonra iki gün qədim mədəniyyət mərkəzi olan Krakov şəhərində olduq. Kopernikin təhsil aldığı, XIII əsrdən fəaliyyət göstərən Yagellon Universitetində, Avropanın ən nüfuzlu nəşriyyatlarından biri sayılan “Znak” nəşriyyatında, Müasir İncəsənət Muzeyində və digər mədəniyyət ocaqlarında Polşa ədəbi mühiti, ədəbiyyatı, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə etdik. 1980-cı ilin ədəbiyyat üzrə “Nobel” mükafatı laureatı Çeşlav Miloşa aid yerləri gəzib məzarını ziyarət etdik, mənzil-muzeyində, tez-tez olduğu Novolorsk kafesində, nahar etdiyi restoranda olduq.
   - Səfər zamanı Polşa ədəbi mühiti ilə tanış ola bildinizmi?
   - Polşa ədəbi mühiti çox rəngarəng və maraqlıdır. Təsəvvür edin ki, Polşada 5000-dən artıq kitab dükanı var. Bu göstərici özü ədəbiyyata və kitaba münasibətin ən yaxşı nümunəsidir.
   - “Xoşbəxtlik ehtimalı” şeir-essenizin uğuru, sizcə, nədə idi?
   - Müsabiqənin qalibi olan “Xoşbəxtlik ehtimalı” şeir-esse, məncə, daha çox intellektual şeir olduğundan, elmlə poeziyanın vəhdətini özündə ehtiva etdiyindən birincilik qazandı. Ümumiyyətlə, məni daha çox belə poetik nümunələr cəlb edir, gələcək yaradıcılığımı da bu istiqamətdə davam etdirmək fikrindəyəm.
   “Mənim üçün riyaziyyat da poeziya kimi incəsənətdir və onlar yalnız bir nöqtədə birləşir. Riyaziyyat mənim üçün təkcə peşə deyil, axtarış, ümid mənbəyidir. Poeziya mənim üçün qurtuluş, təmizlənmə məqamıdır”, - deyir Əlişirin Şükürlü.
   “Zərrə boyda sevgi”, “Köksümdə çarmıxa çəkilmiş ürək”, “Uçuşa bənzər” və “Xoşbəxtlik ehtimalı” şeir və esselər kitablarının müəllifidir.
   Yaradıcılıq barədə fikirləri də maraqlıdır: “Sartr deyir ki, dəyişməyən dəlilər və ölülərdi. Yaradıcı şəxs hər an, hər dəqiqə yeni düşüncəyə köklənməlidir. Yaradıcılıq, ümumiyyətlə, yenilik deməkdir”.
   Onun şeirlərinin öz dili, öz fəlsəfəsi, öz yükü, öz çəkisi var. Ən əsası onun şeirlərinin öz oxucusu var.
   Yenə şeir yazacam
   Yagışdan sonra...
   
   Təranə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar