Xalq yazıçısı Çingiz Abdullayevin kitabı təqdim olundu
   
   Martın 5-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin “Əfsanəyə çevrilmə haqqı” kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirildi.
   
   Kitabın redaktoru şair Qulu Ağsəs nəşrin müəllifi, o cümlədən kitabın Azərbaycan və Ukrayna dillərinə tərcümə edilməsində əməyi olan Burzu Əliyevin fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, bu nəşr Ukraynada yaşayan həmyerlimizin çoxsaylı layihələrindən biridir.
   Kitab son illərdə Ukraynada baş verən hadisələrdən bəhs edir. Əsərdəki əsas surətlərdən birinin prototipi ölkənin hazırkı prezidenti Viktor Yanukoviçdir.
   “Bu kitab ukraynalılara Ukrayna həqiqətlərini göstərir”, - deyən Qulu Ağsəs kitabın Ukrayna dilinə tərcümə olunan nəşrinin də təqdimatının keçiriləcəyini bildirdi.
   Kitabı Azərbaycan dilinə tərcümə edən yazıçı İlqar Fəhmi Çingiz Abdullayev yaradıcılığının xüsusiyyətlərindən, detektiv janrın imkanlarından danışdı. Onun sözlərinə görə, Çingiz Abdullayevin əsərlərini silsilə şəkildə oxumaq lazımdır ki, yazıçının alt qatda verdiyi mesajları “oxuya” biləsən.
   Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas xarici ölkələrdə Çingiz Abdullayevin əsərlərinin kütləvi oxunmasına qürurla yanaşdığını bildirdi: “Hər bir yaxşı yazıya təbrik düşür”.
   Milli Məclisin deputatı, jurnalist Sahib Alıyev qeyd etdi ki, istənilən Azərbaycan ədəbiyyat nümunəsinin başqa dillərə tərcümə olunması alqışlanmalıdır: “Çingiz Abdullayev yazıçı kimi Azərbaycana ən çox xidmət etmiş adamlardan biridir”.
   Təqdimat mərasimində çıxış edən Çingiz Abdullayev qeyd etdi ki, bu günədək 160 romanı çap olunub. Bu əsərlər 28 dildə, ümumilikdə 26 milyon tirajla nəşr edilib. Buna baxmayaraq, hər bir kitabı çap olunanda, tərcümə ediləndə sevinc hissləri yaşadığını deyən yazıçı yaxın günlərdə Bolqarıstanda çap olunan və tezliklə Fransada işıq üzü görəcək iki kitabından da danışdı: “Çexov deyirdi ki, əgər ağıllı mövzuda yazırsansa, onu başqa dillərə tərcümə edəcəklər, əgər ağılsız yazırsansa, heç öz dilində də oxumayacaqlar. Gənclərə də tövsiyəm budur ki, yaxşı əsərlər yazıb dünyaya çıxarsınlar”.
   Yazıçı bu məsələdə Çingiz Aytmatovun yaradıcılığından misal çəkdi: “O, böyük türk yazıçısı idi. Çingiz Aytmatovun əsərindəki “manqurt” (bütün yaddaşını itirən adam) sözü bütün dünya dillərinə elə “manqurt” kimi düşdü. Çingiz Aytmatov öz kəndindən yazırdı, ancaq elə yazırdı ki, onu bütün dünya qəbul edirdi. Mən həmişə bizim cavan yazıçılara deyirəm, öz kəndinizdən elə səviyyədə yazın ki, onu dünya qəbul etsin”.
   “Mən ömrümdə heç vaxt sifarişlə yazmamışam. Viktor Yanukoviçin həyatı haqqında məlumat alanda, mənə çox maraqlı gəldi. Dedim ki, materialları göndərin, xoşuma gəlməsə yazmayacağam. Məlumat alanda, mənə çox maraqlı gəldi”, - deyə Ç.Abdullayev bildirdi.
   Yazıçı indiyədək rus, ingilis dillərinə çap olunan kitabın Azərbaycan və Ukrayna dillərində nəşrindən məmnunluq hissi keçirdiyini söylədi.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar