Mirzə Fətəli Axundzadə - 200
   
   
   Yazıçı, filosof, ictimai xadim, milli dramaturgiyamızın banisi Mizə Fətəli Axundzadə zəngin yaradıcılığı ilə ədəbiyyat tariximizdə azad düşüncənin böyük nümayəndəsi kimi görkəmli yer tutur. O, ətrafındakı zülmət, cəhalət, nadanlıq çərçivələrini sındırıb xalqa azadlıq işığını göstərmək istəyirdi.
   
   1812-ci il iyunun 30-da qədim Şəkidə Mirzə Məhəmmədtağının ailəsində gələcəyin dahisi - Fətəli adlı uşaq dünyaya gəldi. İki ildən sonra atası Mirzə Məhəmmədtağı və anası Nanə xanımla Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçən balaca Fətəli 13 yaşınadək Cənubi Azərbaycanın müxtəlif yerlərində yaşayır. Sonda Nanə xanım ərindən ayrılmağa məcbur olur və 1825-ci ildə oğlu ilə Şəkiyə, əmisi Axund Ələsgərin yanına qayıdır. Axund Ələsgər Fətəlini oğulluğa götürür, onun təhsil və tərbiyəsi ilə yaxından məşğul olur. "Axund Ələsgəroğlu" kimi tanınan Fətəli sonralar atalığına məhəbbət və hörmət əlaməti olaraq Axundzadə soyadını daşıyacaq və bu soyad bir xalqın taleyində mühüm rol oynayacaqdı... O illər hələ qarşıda idi...
   Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Fətəli Şah Abbas məscidinin nəzdindəki mədrəsədə görkəmli ziyalılardan və tanınmış ruhani alimlərdən dərs alır, məntiq və fiqh elmlərini, habelə dahi şair və filosof Mirzə Şəfi Vazehdən nəstəliq xəttini öyrənir. Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir, bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
   Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə Hacı Ələsgər Fətəlini mükəmməl təhsil alması üçün Tiflisə aparır. Qafqazın baş hakimi baron Rozen (general Roman Fyodoroviç Rozen - red.) Fətəlinin Şərq dilləri və elmləri sahəsində mükəmməl hazırlığından razı qalaraq onu dövlət xidmətinə - Qafqaz hakiminin baş dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul edir.
   
   “Səbuhi” - səhər mehi
   
   ...Artıq üçüncü il idi ki, Fətəli Tiflisdə mütərcim kimi çalışırdı. Ərəb, fars, türk dillərinə, Şərq poeziyasına, Firdovsi, Hafiz, Sədi, Rumi, Nizami, Füzuli kimi dahilərin yaradıcılığına yaxından bələd olan Fətəli tezliklə rus dilinə də yiyələnir, rus ədəbiyyatını ciddi surətdə öyrənməyə, müasir ədəbi mühitdə baş verən hadisələri izləməyə başlayır.
   Poetik istedada malik olan Mirzə Fətəli ədəbi fəaliyyətə də poeziya ilə başlayır və “Səbuhi” təxəllüsü ilə fars dilində şeirlər yazır. Klassik poeziya ənənələri əsasında, məsnəvi formasında yazılan “Zəmanədən şikayət” adlı şeirində Mirzə Fətəli xalqın ağır həyat tərzinin əsl səbəbkarı olan dövrünün eybəcərliklərini açıb göstərir:
   
   Kimə mən üns ilə baxdım, məni təshifi yandırdı,
   Kimə qəlbimdə yer verdim, məni qovdu kənarından,
   Kimə yar dedim, dərhal dönüb mənə nar oldu,
   Vəfa umdumsa hər kəsdən, cəfa etdi mənə hər an.
   
   Onun poetik duyğuları 1937-ci ilin fevralında böyük rus şairi Aleksandr Puşkinin ölümünə yazdığı “Şərq poeması”nda özünü daha qabarıq göstərir. Puşkinin ölüm xəbəri 25 yaşlı Fətəliyə ağır təsir edir. Elegiya bu sətirlərlə başlayır:
   
   Gecə etdim uyğumu gözümdən kənar,
   Sordum: “Ey sirr çeşməsi - ürəyim, nə var?”
   
   Mirzə Fətəli öz qəlbinə nələr söyləyirdi? Bahar gəlmiş, güllər əlvanlığına, çəmənlər yaşıllığına heyran kəsilib, şairin bağçasının “şeyda bülbülü”, “nitqinin tutisi” isə nədənsə susub. Nə üçün? Ona görə ki, “söz ordusunun başçısı” artıq yoxdur, “söndürmüş əcəl yeli onun çıraq ruhunu”.
   Gənc şair obrazlı dillə rus ədəbiyyatının inkişafında Puşkinin yerini və xidmətlərini dəqiq müəyyənləşdirir:
   
   Nəzm evini süsləyən Lomonosovdu-
   Orda Puşkin xəyalı oldu bərqərar.
   Derjavin tutmuşdusa sözün mülkünü,
   Yerində Puşkin oldu nəzmiylə muxtar.
   Camə bilik meyini tökdü Karamzin -
   Puşkinə qismət oldu o cami-gülnar.
   
   Elegiya şairin ruhuna təntənəli, eyni zamanda hüznlü müraciətlə bitir:
   
   Tutulub bu xəbərdən ağsaçlı Qafqaz,
   Səbuhinin şeiriylə yasını saxlar.
   
   Az sonra “Puşkinin ölümünə Şərq poeması” İ. Klementyevin köməyi ilə “Moskovski nablyudatel” jurnalının 1837-ci il mart nömrəsində çap olunur. Jurnalın redaksiyası bu şeiri “şair əli ilə Puşkinin məzarına atılmış lətif bir çiçək” kimi səciyyələndirir, “rus mədəniyyətinə bu cür rəğbət göstərən parlaq istedada” uğurlar diləyirdi.
   Axundzadənin elegiyası həm də Azərbaycan ədəbiyyatında Rusiya haqqında, onun böyük şairi barədə deyilmiş ilk söz olur...
   Ədəbi yaradıcılığa şeirlə başlayan Mirzə Fətəlini qarşıda onu uzun bir yol gözləyirdi. Min bir çətinliyə baxmayaraq, bu yolu keçəcəkdi...
   
   Azərbaycan dramaturgiyasının ilk nümunələri
   
   Axundzadənin yaradıcılığı müxtəlif sahələri əhatə etsə də, ona ən böyük uğur qazandıran ölməz komediyalarıdır. Belə ki, Tiflis şəhərində fəaliyyət göstərən rus teatrları, bu teatrlarda tamaşaya qoyulan əsərlər Mirzə Fətəlidə dramaturgiyaya böyük maraq yaradır. O, doğma xalqını orta əsr feodal dünyasının bəlalarından, nadanlığından qurtarmaq, ictimai-siyasi şüurunu oyatmaq, mədəni xalqlar səviyyəsinə qaldırmaq üçün teatr və dramaturgiyanın təsirli bir vasitə olduğunu görürdü. Nəticədə XIX əsrin 50-ci illərində bir-birinin ardınca "Hekayəti-Molla İbrahimxəlil kimyagər", "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəlişah cadukuni-məşhur", "Hekayəti-xırs quldurbasan", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Sərgüzəşti-mərdi-xəsis" ("Hacı Qara") və "Mürafiə vəkillərinin hekayəti" adlı altı komediya yazır. 1850-1855-ci illərdə qələmə alınan bu komediyaların hər birinin mövzusu real həyatdan götürüldüyündən həyatın güzgüsünə çevrilir. Bu güzgüdə hər kəs özünü görür...
   Azərbaycan dramaturgiyasında ilk təcrübə olan «Hekayəti-Molla İbrahimxəlil kimyagər» (1850) komediyasında Mirzə Fətəli realizminin qüdrəti, sənətkarlığı ilk komediyasından diqqəti cəlb edir. Tədqiqatçı L.Məmmədova yazır: “Molla İbrahimxəlil surəti real həyatdan götürülmüş, həqiqətən olmuş hadisələr əsasında qələmə alınaraq komediyanın ruhuna uyğun şəklə salınmış, tipikləşdirilmişdir. Komediyadakı hadisələr Şəki şəhəri yaxınlığında, Xaçmaz dağlarında cərəyan edir. Əsərin qəhrəmanı Molla İbrahimxəlilin «möcüzə»si müflisləşmiş və varlanmaq istəyən «nuxulular» üçün göydəndüşmə bir «səadət» kimi görünür. Var-dövlətini itirən, yüngül yolla qazanmaq istəyən, hər cür alçaqlığa razı olan cahillər yalançı kimyagərin «möcüzəsini» anlamaq qabiliyyətinə malik deyillər. Avam xalqın sadəlövhlüyündən asanlıqla istifadə edən tüfeyli Molla İbrahimxəlil din pərdəsi altında soyğunçuluğa başlayır”.
   
   Axundzadə və Qoqol
   
   Avamlar mühitində özünə sığınacaq tapan, qazanc üçün «işıq ucu» görən Molla İbrahimxəlil kimyagər surəti çox dözülməz dərəcədə qəddar təsvir edilmişdir. «Molla İbrahimxəlil kimyagər» komediyası avamlıq və cəhalət əleyhinə yazılsa da, burada əyri yolla varlanmaq istəyən tüfeylilərin tənqidi ön plana çəkilmiş, heç nəyə yaramayan, həyatda yeri bilinməyən ünsürlər kimi damğalanmışdır.
   Mirzə Fətəli Axundzadə dram əsərlərində böyük rus yazıçı-dramaturqu Nikolay Vasilyeviç Qoqola (1809-1852) daha çox yaxındır. Mirzə Fətəli də Qoqol kimi dövləti çürüdən, onu məhvə doğru sürükləyən rüşvətxorluğu, oğurluğu, satqınlığı, avamlığı öz gözləri ilə görmüşdü. Hər iki yazıçı komediyaları vasitəsilə cəmiyyətin yaramaz cəhətlərini üzə çıxartmış, tamaşaçılarla birgə gülmüşdülər. XIX əsrin birinci yarısında Rusiyada tənqidi realizmin əsasını qoymuş Qoqolun yaradıcılığı bir çox yazıçılar kimi Axundzadənin də diqqətini çəkmişdi. O, rus realizm ənənələrini Azərbaycanın yerli şəraitinə uyğun şəkildə ədəbiyyata tətbiq etmişdi. «Hekayəti-Molla İbrahimxəlil kimyagər» komediyasının süjeti, orada qoyulan ictimai-siyasi məsələlər Qoqolun «Müfəttiş» komediyasındakı hadisələrlə yaxından səsləşir.
   «Molla İbrahimxəlil kimyagər» komediyasında əsas məqsəd xalqı geridə saxlayan feodal münasibətlərinin ifşası, vətənə, millətə, xalqa məhəbbət, rəğbətdir. Bu komediya artıq çürüməkdə olan ictimai quruluşa qarşı çevrilmiş, vaxtında yazılmış satirik əsər idi...
   
   (davamı var)
   

   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar