Gənc yazıçı Pərvinin ilk kitabının təqdimatı
   
   Aprelin 6-da Yazıçılar Birliyinin Natəvan klubunda “Gənc ədiblər məktəbinin” məzunu, Yazıçılar Birliyinin üzvü Pərvinin “Qar yağacaq” adlı kitabının təqdimatı keçirildi. Kitab Yazıçılar Birliyi ilə “Təhsil” nəşriyyatının birgə layihəsi olan “Müəllifin ilk kitabı” seriyasından ikinci nəşrdir. Bu seriyadan ilk kitab gənc yazar Zərdüşt Şəfinin “Başqa adamlar” adlı hekayələr toplusu olub.    

   Mətbuatda ədəbi söhbətlər, esse və publisistik yazılarla çıxış edən Pərvin ilk kitabına bir povest və 9 hekayə daxil edib. Nəşrə ön sözü Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid yazıb, kitabın redaktoru Mustafa Çəmənlidir.
   Təqdimat mərasimində Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, qurumun katibləri - Xalq şairi Fikrət Qoca, Xalq yazıçısı Çingiz Abdullayev, Arif Əmrahoğlu, Rəşad Məcid, habelə Xalq şairi Sabir Rüstəmxanlı, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli, “Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundov, “Ulduz” jurnalının redaktoru İlqar Fəhmi, dramaturq Əli Əmirli və başqaları iştirak edirdilər.
   Çıxış edənlər hər bir müəllif üçün ilk kitabın ədəbiyyat aləmində pasport olduğunu vurğulayaraq nəşrdəki yazılarda müəllifin özünəinam hissinin duyulduğunu bildirdilər.
   Xalq yazıçısı Anar: ”Son zamanlar gənclərin yazılarını oxuyarkən “qarabasmalara” rast gəlirəm, Pərvinin hekayələrində isə təmiz həyata xoş baxış var”.
   Şair Vaqif Bəhmənli: “Pərvinin ilk kitabı həyatın bir parçasıdır. Yazılarının dili sadə və insan psixikasına ləkə salan qırıntılardan uzaqdır. Hekayələrdə mərhəmət duyğusu görürəm. Bu duyğuları nəfis şəkildə ifadə etməyin özü də böyük bir işdir. Kitaba daxil olan yazılarda gəncliyimizi dərindən düşündürən mövzulara rast gəlirik”.
   İlqar Fəhmi gənc yazarı ilk kitabının işıq üzü görməsi münasibətilə təbrik edərək, müəllifin əsərlərinin davamlı olacağına və daha da maraqlı mövzularla oxucuların görüşünə gələcəyinə inandığını vurğuladı.    

   Lalə Azəri 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar