Mirzə Fətəli Axundzadə - 200
   
   III yazı
   
   Axundzadənin nəsri
   
   Yazıçı, filosof, ictimai xadim, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında azad düşüncənin ifadəçisinə çevrildi. Ətrafındakı zülməti, cəhaləti, nadanlığı yararaq xalqa işığın, azadlığın, maarifin yolunu göstərdi...
   
   Nəsrimizdə yeni cığır - “Aldanmış kəvakib”
   
   Mirzə Fətəli Axundzadə 1857-ci ildə özünün ilk nəsr əsəri olan "Aldanmış kəvakib" (“Hekayəti-Yusif şah”) povestini yazır. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir.
   Yazıçı tarixdən götürdüyü kiçik bir hadisəni öz realist qələminin gücü ilə yüksək ədəbi-bədii səviyyəyə qaldırır. Müəllifin etiraf etdiyi kimi, o, hadisəni təsvir etməklə İran feodalizminə idarə üsulu öyrədir. Axundzadə yazır: “Mən kiçik məsələni əldə bəhanə edib, öz fikrimdə onu genişləndirmişəm. O zamanın vəzirlərinin və dövlət başçılarının ağılsızlığını ifşa etmişəm ki, gələcək nəsillər üçün ibrət olsun. Qoy onlar bir daha axmaq münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar”.
   Axundzadə bu əsərdə I Şah Abbas hakimiyyətini ona görə tənqid edir ki, o öz iradəsini, axmaq bir münəccimin insafına tapşırır, onun yalançı xəbərləri ilə xalqın müqəddəratını həll edir. Şah öz hakimiyyətini möhkəmlətmək üçün azad fikirli insanları amansızcasına təqib edir. Onun vəzirləri Sərdar Zaman xan, Müstövfi Mirzə-Yəhyə, Mirzə Möhsün və Axund Səməd xalqa ziyan vuran hərəkətləri ilə fəxr edirlər. Yazıçı bütün bu mənfi tiplərə qarşı özünün rəğbət bəslədiyi, xalq arasından seçdiyi Yusif Sərrac obrazını yaratmışdır.
   Axundzadənin yaratdığı şah obrazı uzaqgörən, xalqın xeyrinə çalışan insan, zəhmətkeş kütlənin tipik nümayəndəsidir. O özünün qısamüddətli hakimiyyəti dövründə Şah Abbasın xalqa vurduğu ziyanları aradan qaldırır, özü də xeyli tədbirlər həyata keçirir.
   Mirzə Fətəli bu əsəri ilə dünya mütləqiyyətinin əleyhinə çıxmışdır.
   
   Bədii-fəlsəfi abidə - “Kəmalüddövlə məktubları”
   
   Mirzə Fətəli Axundzadə 1865-ci ildə “Kəmalüddövlə məktubları”nı yazır. Bu əsərində yazıçı hər cür dini fanatizmi aradan qaldırmaq üçün amansız mübarizəni qarşısına məqsəd qoyur. Odur ki, “Kəmalüddövlə məktubları” bəşəriyyətə xidmət etmək, Şərq xalqlarını dini xurafatdan, zalımların əsarət zəncirindən azad etmək üçün zülmə və əsarətə qarşı mübarizə silahına çevrilir.
   Yazıçının şəxsi arxivində saxlanan bir sıra məktublar bu ölməz bədii-fəlsəfi əsərin yazılması, rus və fars dillərinə tərcümə edilməsi, İngiltərə, Fransa, İran, Türkiyə və Hindistanda yayılması səbəblərini aydınlaşdırmağa kömək edir.
   Məlum olduğu kimi, yazıçı bu bədii-fəlsəfi traktatında Kəmalüddövlə ilə Cəmalüddövlənin məktublaşma yolu ilə apardıqları mübahisədə təbliğ etmək istədiyi fikirlərin həqiqət olmasını sübut etməyə çalışır.
   M.F.Axundzadə 1869-cu il 4 fevral tarixli (Londona, İran səfiri Hacı Şeyx Möhsün xana) məktubunda əsərin yazılmasında qarşıya qoyduğu məqsədi şərh edir. O, “ömrümün son dövründə kədərli qəlbi”nə munis olan dostuna bildirir ki, “Kəmalüddövlə”nin müəllifi də Avropa filosoflarının əqidəsindən olan bir adamdır. Yəni liberaldır, tərəqqi və mədəniyyət tərəfdarlarından sayılır. Onun məqsədi bundan ibarətdir ki, xalqın içərisində bütün siniflərə mənsub olan adamlar elmlərin və sənayenin tərəqqisinə nail olsunlar…
   Müəllif istəyir ki, onun da xalqının qəlbində qeyrət, namus, ədalət, bərabərlik, xalqı və vətəni sevmək hisslərinin toxumu əkilsin. O, xalqın içərisində olan nifaq və ədavətin birlik və səmimiyyətə çevrilməsini, zəlillik, yoxsulluq və dilənçiliyin aradan qaldırılmasını arzu edir. Xalqın sərvət və qüdrət sahibi olmasını istəyir. O bilir ki, dini fanatizm aradan qalxmayınca, onun bu arzuları yerinə yetməyəcəkdir. Çünki dini fanatizm insanların həqiqəti görən gözünü pərdələyir və onların dünya işlərində irəliləməsinə mane olur.
   Professor Teymur Əhmədov “Böyük ideallar mücahidi” məqaləsində yazır: “Kəmalüddövlə məktubları”nda M.F.Axundzadə istibdada, cəhalətə və fanatizmə qarşı çıxır, insanpərvərlik, həmrəylik, xalqlar arasında dostluq və əməkdaşlıq ideyasını təbliğ edir. Bu, hakim feodal dünyasına qarşı çevrilmiş bir əsərdir. M.F.Axundzadənin təbirincə desək, hələ “hicrətdən bu günə qədər bu sərtlikdə bir əsər yazılmamışdı”. Elə ona görə də öz məktublarında M.F.Axundzadə özünü əsərin müəllifi deyil, naşiri və ya sahibi kimi qələmə verir, əsərin nəşr edilməsi xətrinə maddi imtiyaz hüququna göz yumduğunu dönə-dönə bildirirdi. O, ədəbi-tənqidi, ictimai-siyasi və fəlsəfi görüşlərini bəzən yaxın dost və tanışlarına göndərdiyi məktublarında ətraflı şərh edirdi. Yazıçının İranın “Millət” qəzetinə 1870-ci il (dəqiq gün yoxdur) tarixli məktubu, Mirzə Ağanın pyesləri haqqında 1871-ci il 28 iyun tarixli məktubu, Mirzə Yusif xana “Yek kəlmə” haqqında” 1875-ci il 8 noyabr tarixli məktubu və s. bu baxımdan diqqəti cəlb edir.
   
   “Pak Allahdan bircə arzum vardır”
 
  
   Fransa dövlətinin baş konsulu müsyö Nikolaiyə göndərdiyi 1872-ci il 6 dekabr tarixli məktubunda M.F.Axundzadə yazır: “Mən özüm bu əsəri əhalisi müsəlman olan Şərq ölkələrinin heç bir yerində çap etdirmək işindən azad deyiləm. Avropada çap etdirmək üçün də özüm lazımi imkan və vəsaitə malik deyiləm. Sizə bildirirəm ki, bu əsər Avropa müəlliflərinin əsərləri üslubunda yazılmışdır, onu ancaq Avropada çap etdirmək mümkündür. Şərqin İslam ölkələrində bu əsəri yaymağı isə ancaq Avropa alimləri və mütəfəkkirlərinin əli ilə icra etmək mümkündür. Mən kitabın həm orijinalında, həm də tərcümədə satılmasından əldə ediləcək qazancı tamamilə və həm də könüllülük və razılıq hissi ilə sizə bağışlayıram”.
   Buna baxmayaraq, M.F.Axundzadənin Peterburq, Paris, London, Tehran, Təbriz, Bombey və İstanbul şəhərlərində yaşayan dostlarına göndərdiyi məktublar nəticəsiz qaldı. Yerli naşirlər müstəbid hakimlərin və fanatik din xadimlərinin qorxusundan əsəri çap etmək istəmədilər.
   M.F.Axundzadə özü də “bir para mülahizələrə görə” əsərin müəllifi olduğunu gizli saxlayırdı. Bununla belə, “Kəmalüddövlə məktubları”nı nəşr edib yaymaq, insanlıq aləminə bir xidmət göstərmək üçün bütün imkanlardan istifadə edirdi. Yazıçı öz məktubunda bildirirdi ki, bu əsərdə toxunulmamış “elə bir böyük siyasi və ya dini məsələ yoxdur”. Əsəri Peterburqda çap etmək ixtiyarını Y.A.İsakova həvalə etməklə yanaşı, M.F.Axundzadə arzu edirdi ki, o, əsərin fransız, alman və ingilis dillərinə tərcüməsinin qayğısına qalsın.
   Zamanın tələbi başqa idi. Xalqı qəflət və cəhalət yuxusundan ayıltmaq üçün “tənqid, istehza və məsxərə” zəruri idi. Artıq moizə, nəsihət və ata məhəbbəti tərzində yazılan əsərin vaxtı çoxdan keçmişdi. Bunların “insan vaxtını zay etmək və insana kəsalət gətirməkdən savayı faydası” yox idi.
   Ədib 1871-ci ildə Tehrana, “Təmsilat”ı fars dilinə tərcümə edən Mirzə Məhəmmədcəfərə göndərdiyi məktubunda bildirirdi ki, “Əgər nəsihət və moizənin insanlara təsiri olsaydı, mərhum Şeyx Sədinin “Gülüstan” və “Bustan” əsərləri əvvəldən axıra qədər nəsihətdir. Bəs nə üçün İran camaatı 600 ildən bəri onları oxuyur, lakin oradakı nəsihət və moizələrə əsla əhəmiyyət vermir?! Nəticədə isə zülm və istibdad gündən-günə artır ki, əskilməyir”.
   M.F.Axundzadə cəhalət zülmətini dağıdıb insanlıq aləmini nura qərq edə biləcək əsərlərinin hələ öz sağlığında çap edilib yayılacağına inanırdı. O, Belçikada, Brüssel şəhərində təhsil alan oğlu Rəşidə göndərdiyi məktublarının birində yazırdı ki, “Kəmalüddövlə”nin nəşr ediləcəyinə və ümumdünya şöhrəti qazanacağına ümid bəsləyir. Sonra narahatlıqla yazırdı: “Bilmirəm, mən ölüncəyə qədər bu arzuma çatacağammı? Yoxsa o da köhnə müsəlman əlifbasını dəyişmək kimi bir arzu olaraq qəlbimdə qalacaq və bu iki ümidimi həyata keçirmək məndən sonra sənin öhdənə düşəcəkdir”.
   Yazıçı dostu Manukçi Sahibə göndərdiyi 1876-cı il 18 may tarixli məktubunda “qocalsa da, saçı-saqqalı ağarsa da, qüvvətli olduğunu” bildirir: “Pak Allahdan bircə arzum vardır ki, əcəl mənə o qədər aman verəydi ki, Brüssel şəhərində mühəndislik elmini öyrənən yeganə oğlum Mirzə Rəşidin təhsildən qayıtmasını görərək, ona özüm toy edəydim. Ondan sonra “Kəmalüddövlə”ni və bundan əlavə 20 başqa əsərimi gələcək nəsil üçün yadigar qoyaraq, bu fani və puç dünyanı tərk edərdim. Qoy gələcək nəsil “Kəmalüddövlə”nin məzmununa əməl etsin və məhvi yolunda illər uzunu çalışdığım köhnə İslam əlifbasını da dəyişdirsin!”
   Vaxtilə Aleksandr Radişşevin “Peterburqdan Moskvaya səyahət” əsəri Rusiyada necə tufan qoparmışdısa, bu əsər də yüksək ruhani dairələrdə eyni həyəcan doğurur. Təsadüfi deyil ki, bu əsəri “Azərbaycan maarifçiliyinin manifesti” adlandırırlar.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar