“Cümlə-cahan gürzlü” Mirzəmizin 150 illiyinə 150 sözlü ərz...
   
   Sözgəlişi “150 sözlü” deyibən yazmağa başladığım bu balaca publisistnamə böyük “Hophopnamə” müəllifi, milli satira memarı adına çox azdır da, çoxdur da. Fikrimizi “Mey qədrini cam bilər, xam nə bilsin, Ustadın işin, işlədiyin əvvam nə bilsin?” kimi heyrətamiz “titanik”liklərinə yönəltsək az, “Hələ mən dörddə birin yazmayıram, karına bax, Üzümə gündə söyürsən bu qədər, arına bax!” kimi ibrətamiz lakoniklikləri ölçüsüylə götürsək, çoxdur...
   
   Kitablarını öz halal-haqqı dəyərində - ümumxalq dərsliyi, mənəvi səhhət fənni zənn edənlərçün Sabir bütöv bir milli feyz, mənəvi xoşluqdur. Bir çox məlum satirik şeirlərini öz arşınları ilə ölçənlər üçün - müqəddəs kitaba özünün və özü kimi yetişdirdiyi irsi-bəla balalarının çörək ağacı kimi baxanlar, “Ah eylədiyim - küfteyi-bozbaşın üçündür” nəfslilər, “Fəhlə, özünü sən də bir insanmı sanırsan?” suallılar, “Ah, necə kef çəkməli əyyam idi, Onda ki, övladi-vətən xam idi!” nidalılar, “Tövbə, əttövbə xəta rahinə getdiklərimə, Bilib etdiklərimə, bilməyib etdiklərimə!..” fəlsəfəlilər və digər bu kimi səfsəfəlilərçünsə əbədi bir naxoşluqdur.
   Və bu möcüzanə ustadın üslub, manera, poetik manevr kəşflərindən biri - ecazanə avto-xitabı mənim bu acizanə yazıma yarımbaşlıqdır:
   
   Sabira!..
   
   Lap öncə, bu “gidi dünya” anlaqlı, milli ailə “danlaq”lı mənəvi Atamızın yupyumşaq ağsaqqallıq görəvlərindən bir şəkil:
   
   “Haqqı xalqa bildirib, dəfi-zəlalət etməli,
   Gün kimi taban edib, pamali-zülmət etməli,
   Sabira, beynəlmiləl tədbiri-ülfət etməli,
   Ey süxəndənan, bu günlər bir hidayət vəqtidir,
   Ülfəti-ünsiyyətə dair xitabət vəqtidir.
   
   Sonra, bu “milli ah” sədalımızın hüznlənib yas tutduğu ümumxalq mərasim-məclislərimizə dair söylədiyi neçə-neçə mərsiyədən bir ağı:
   
   “Tacirlərimiz Sonyalara bənd olacaqmış -
   Biçarə Fatma-Tükəzbanları neylərdin, İlahi?!”
   
   Baxdığı mental mənzərələrə, total «maral»lıqlarımıza axıtdığı göz yaşlarından iki damla:

   «Cin görürəm, şeytan görürəm qorxmuram,
   Harda müsəlman görürəm - qorxuram».
   
   Hönkürtülü gülüşlərindən, sıxıntı-sızıltılı qəh-qəhələrindən iki yarpaq:
   
   “Qah-qah, nə yaman yatdı bu oğlan, ölüb ə!
   Tərpənməyir üstündəki yorğan, ölüb ə!..”
   
   «Anyaları, Sonyaları yanlarıq,
   Ay bərəkallah, nə gözəl canlarıq!»
   
   «Kim nə deyər bizdə olan qeyrətə,
   Qeyrətimiz bəllidir hər millətə!»
   
   Daha sonra, bu ağlar-güləyən dahimizdən - “buz üstə çıxan uşaq”la uşaq, «qoca baqqal baba»larla “böyük”, əkinçi-biçinçiyə “bəyani-ərizə”, hədyan-hərzəyə şahmari-gürzə olmuş Mirzəmizdən “qarışıq mallar”:
   
   “Dindirir əsr bizi - dinməyiriz,
   Açılan toplara diksinməyiriz...”
   
   “Yardımı Səttar başını, Mirhaşım,
   Götür dəxi qaç başını, Mirhaşım!”
   
   «Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
   Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur».
   
   “Ah, bu sarıbaşdılar
   Hər yana dırmaşdılar!”
   «Ağladıqca, sızladıqca kişi, biqeyrət olur,
   Necə ki ağladı İran, oldu!..»
   
   Bütün bunlar hardan...
   
   Yəni, hər biri bir roman tutumlu bütün bu siqlətli fikirlər, ədəbi-fəlsəfi qənaətlər, bədii kəşflər hardan gəlirdi? Tək elə istedaddanmı? İnanmam, «billahi, billahi və tallahi»! Bunlar həm də Mirzə Ələkbərin həyat dramına əlavə edilən qəza-qədər remarkaları idi. Bu dramın birinci şəkli Sabirin atası ilə əlaqədar idi ki, oğlunu səkkiz yaşında mollaxanaya qoyan dükandar-baqqal ata bundan bir şey hasil olmayacağını duyub, “Tutdum orucu irəmazanda” şairliyi edən oğlunu ticarətçiliyə yönəldir. Lakin bu da alınmır. Məşhur Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçən Sabir burada yeni dünya ilə üzləşir. S.Ə.Şirvani ona fars dilindən tərcümələr etdirir, bu “məktəbli-şair”in yaradıcılıq həvəsini artırır. Lakin bir-iki il sonra oğlunun hər şeyi “zay edəsi” şeiriyyətə vurğunluğunun gerçəkləşdiyini görən ata Ələkbəri təhsilindən ayırıb, öz dükanında özünə köməkçi edir. Dostluqları elə o vaxtlardan başlayıb, sonadək davam etmiş Abbas Səhhət yazırdı ki, Sabir bu peşədə də alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası tez-tez hirslənər, onu məzəmmət edərdi. «Hətta bir dəfə bərk qəzəblənib, onun qalın bir şeir dəftərini cırdı da...»
   Atanın bu son “yaradıcılığı” oğula çox ağır təsir edir və o gedir...
   O getməyində olsun, sizə kimdən deyim, özümüzdən. O özümüzdən ki, belə bir fikrə düşmüşük; görəsən, o dəftərdə hansı “tifil şedevrlər” öldülər, itdilər? Hələ o balaca şair sənətə yox, ticarətə meyillənsəymiş, bizim ədəbiyyatımız, mədəniyyətimiz, söz vicdanımız nələr itirərmiş?!.
   Gələk onun getməkliyinə.
   Onun bu səfərinin bünövrəsi elə həmin dəftərin cırılmasından qoyulmuşdu. Əgər atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini bildiribmiş Sabir.
   Görünür, o ticarət-ata bu sənət-oğlu bir də incidibmiş ki, iyirmi üç yaşlı bu oğlan ziyarət adıyla səyahətə çıxır. Orta Asiyadan vurub İrandan çıxan bu cavan, ömrünün sonunda yazacağı «bənzərəm bir qocaman dağa ki - dəryada durar» «axirət»indən xəbərsiz, Səmərqənd, Nişapur, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Öz ata dükanında üzləşdiyi «doğma haqsızlıqlardan» qaçmış gənc qoca dünyanın löyün-löyün oyunları ilə rastlaşır. Yoxsulluq, cəhalət, ağa-bəy talamaları ilə ilgili mənzərələr onu çox üzsə də, tərəqqipərvər ziyalılar, alim və ədiblərlə görüşlərdən çox şey qazanır.
   Şamaxı evindəki haqsızlığı unudan bu şəxs dünya evindəki ədalətsizliklərin həllinə məsul bir şəxsiyyət yükü ilə vətənə qayıdır. Könlünü 8 yaşında ikən şeirə vermiş Sabir 1887-ci ildə qohum-əqrəbalarından olan Billurnisə ilə evlənir. 15 ildə 8 qızı, 1 oğlu gəlir dünyaya. Vəziyyət çətinləşir. Dərd üstünə dərd gəlir; 1902-ci ildə baş verən dəhşətli zəlzələ Şamaxını tar-mar edir. Əsrin əvvəllərindən başlayaraq şeirləri mətbuat səhifələrində görünən Sabir «Şərqi-Rus», «Həyat» qəzetlərinə, «Molla Nəsrəddin» jurnalına müqtədir bir imza bəxş edir. Balaxanıda müəllim işləyir. Yazdığı misralarla millətin ürəyini, bişirib satdığı sabunlarla xalqın əl-üzünü arıdıb-duruldur. «Nizədar», «Çuvalduz» və digər imzaları onu əsrin gur səsli, nur sədalı «Hop-hop»una çevirir. Zəmanədən, cəhalətdən, qoçulardan və ... öz «can-ciyər» ciyərindən aldığı mənəvi-cismani zərbələr onu arzularının bəllisinə, ömrünün əllisinə yetişməyə qoymur. 1911-ci il iyulun 12-də cismi-Sabir Zamanı dayanır. O Zaman ki, Mirzə Ələkbər onu nehrə kimi çalxalamış, özümüzü dindirməyə çalışmışdı:
   
   «Dindirir əsr bizi dinməyiriz,
   Açılan toplara diksinməyiriz,
   Əcnəbi göydə balonlarla uçur,
   Biz hələ avtomobil minməyiriz».
   
   Yox, Sabira! Biz indi diksinməsək də, diniriz, dünyanın ən bəzəkli balonlarında uçur, ən bahalı avtomobillərini miniriz!
   O balon və maşınlardan özümüz də öz əql və əllərimizlə düzəldən vaxtımız da olar, inşallah...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar