Elə mahnılar, nəğmələr var ki, ilk oxunduğu vaxtdan on illər keçsə də, hər dəfə onlara qulaq asdıqca sanki birinci dəfə eşidirmiş kimi diqqətlə dinləyirik, sona çatmasını istəmirik. Elə bil qulaq asanın iç dünyasından, daxili aləmindən xəbər verir onlar. Amma bu inciləri biz yox, onun müəllifi olduğu şairlər yaradır. Əgər hər insanda şeir yazmaq qüdrəti olsaydı... bu, Allah vergisidir, hər adama nəsib olmur.

   Zivər Ağayeva 9 kitabın, 100-dən artıq mahnının, poema və povestin müəllifidir. “Yaşa, mənim xalqım”, “Ana torpaq”, “Mən baharın qızıyam”, “Necə unudum səni”, “Aldatmayaq bir-birimizi”, “Axtarır gözüm səni”, “Darıxıram”, “Dünya”, “Sən olmasan”, “Xoşum gəlir”, “Unuda bilmirəm”, “Bülbülüm” və s. populyar mahnıların sözləri onun qələmindən çıxıb.
   - Zivər xanım, necə oldu ki, könlünüzü poeziyaya verdiniz?
   - Kiçik yaşlarımdan gözəl şəkillər çəkirdim. Bunların arasında klassik şairlərimiz Nizami Gəncəvinin, Məhəmməd Füzulinin də rəsmləri vardı. Hərdən şeirlər yazsam da, hamı elə bilirdi ki, rəssam olacağam. 13 yaşımda olarkən ən yaxın rəfiqəmi itirdim, bu hadisədən çox təsirlənmişdim. Ona ünvanlanan çoxlu şeirlər yazdım, ürəyimi ağ vərəqlərə boşaldırdım. Orta məktəbdən sonra tibb texnikumunu bitirdim. Sonra ailə qurdum, amma şeir yazmağa vaxt tapırdım. Şeir, poeziya mənim üçün hava, su, nəfəs, həyat deməkdir. Onsuz yaşaya bilməzdim. 1962-ci ildə ovaxtkı APİ-nin filologiya fakültəsinə daxil oldum. Şeirlərimi “Azərbaycan qadını” jurnalına, digər mətbu orqanlara aparırdım və çap olunurdum. Ali təhsili başa vuranda hörmətli yazıçımız Xalidə Hasilova məni rəhbərlik etdiyi “Azərbaycan qadını” jurnalında işləməyə dəvət etdi. Elə həmin vaxtdan təqaüdə çıxanadək - düz 30 il “Azərbaycan qadını”nın poeziya, məktublar şöbəsinin müdiri işlədim. 36 yaşımda ikən həyat yoldaşımı itirdim, ailənin bütün ağırlığı mənim çiyinlərimə düşdü. Əlbəttə, bu nisgil yaradıcılığımda da öz əksini tapdı.
   - Şeir rahat, sakit otaqda ərsəyə gəlir?
    - Şeir müxtəlif şəraitdə yaranır - bəzən mətbəxdə çalışarkən, bəzən yol gedəndə, bəzən sakitcə evdə oturanda... Onu yazıb ürəyimdən çıxarandan sonra rahat nəfəs alıram. “Mən baharın qızıyam”ı elə xörək bişirdiyim zaman qələmə almışam. Yaz gəlmişdi, pəncərədən baxıb ağacların yaşıl don geyindiyini gördüm. Gözümün qabağına laləli çöllərimiz, gül-çiçəkli düzlərimiz, Azərbaycanın gözəl təbiəti gəldi və həmin şeiri yazdım. “Yoxluğunu bilə-bilə” şeirini özüm kimi həyat yoldaşlarını erkən itirmiş qadınların dilindən qələmə almışam. Şeirlərimin hər birinin tarixçəsi, ünvanı var. Əmək adamlarına həsr etdiyim çoxlu şeirlərim var. O vaxtlar tez-tez sadə əmək adamlarının görüşünə ucqar kəndlərə gedərdik. Qızların əlində qəzetlərdə, jurnalda çıxan şeirlərimi görəndə fərəhdən uçmağa qanadım olmurdu. Onların fədakar əməyini görəndə isə daha çox təsirlənirdim.
    - Şeirlərinizin birində dünya ilə döyüşdüyünüzü yazmısınız... Bu mübarizədə qalib gələ bildinizmi?
    - Xeyr, qalib həmişə dünya oldu. O öz sirrini heç kimə vermir ki, qalib gələn də olsun. Dünyanın sirri heç vaxt açılmayacaq. Cavan yaşlarında düşünürsən ki, dünyanın heç bir sirri yoxdur, insanın əlində hər şey acizdir, o, bütün sirləri aça bilər. Ancaq sonralar dərk edirsən ki, həqiqətdə bu, belə deyil.
   - Neçə mahnınız var?
   - Mahnılarımın sayı yüzdən çoxdur. Mahnı şeirin ömrünü uzadıb onu yaşadır. Şeir mənim ürəyimdən qopan hisslərimdir. Ancaq o mahnı kimi oxunanda elə bil dünyaya övladın gəlir, buna sonsuz dərəcədə sevinirsən. Bəzən elə olub ki, bəstəkar (məsələn, mərhum sənətkarımız Elza İbrahimova) şeirimə mahnı bəstələyib, amma onunla heç görüşməmişəm. Bəlkə bu, bir xoşbəxtlikdir ki, mahnıya yatarlı sözlərim olub. Təvazökarlıqdan kənar hesab etməyin, mahnılarımın çoxu xalq tərəfindən elə doğma, isti qəbul edilib, sevilib ki... Bəzən müğənnilərin bir-iki misra, söz o yan-bu yan edib mahnılarımı öz adlarına çıxardığı hallar da olub. Zəng edib onlara öz iradımı bildirmişəm. Gec də olsa, səhvlərini düzəldiblər. Amma gərək elə əvvəldən bu cür hərəkətə yol verməsinlər...
   - Hansı bəstəkarlarla işləmisiniz?
   - Rauf Hacıyev, Hacı Məmmədov, Şəfiqə Axundova, Ələkbər Tağıyev, Emin Sabitoğlu, Oqtay Rəcəbov, Eldar Mansurov, Hikmət və Nailə Mirməmmədlilər, Rauf Məmmədov. Xalq artistləri Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə də sözlərimə musiqi bəstələyib, elə özləri də oxuyublar. Məmmədbağırla yarımçıq qalan çox mahnılarım da var, ömrü vəfa qılmadı... Ümumiyyətlə, o, mahnını tez ortaya çıxarmağı sevmirdi. Onun tam hazır olduğuna özü inanmasaydı, heç vaxt dinləyicilərin ixtiyarına verməzdi. Ruhu şad olsun.
   - Mahnılarınızı daha hansı müğənnilər oxuyub?
   - Şövkət Ələkbərova, Zaur Rzayev, Nisə Qasımova, Nəzakət Məmmədova, Flora Kərimova, Baloğlan Əşrəfov. Çox adlar çəkə bilərəm. Son zamanlar Brilyant Dadaşova, Xatirə İslam, Sevda Yəhyayeva, Teymur Əmrahın ifaları daha çox xoşuma gəlir.
   - Zivər xanım, bir neçə poema və iki pyesin müəllifisiniz. Bu pyeslərdən biri Milli Qəhrəman Salatın Əsgərovaya həsr olunub. Həyatda onu tanıyırdınızmı?
   - İşlədiyimiz redaksiyalar eyni - “Azərbaycan” nəşriyyatında yerləşirdi. Onunla tanış idim, tez-tez rastlaşırdıq. O, məğrur, mərd, millətinə böyük məhəbbəti olan bir insan idi. Salatının faciəli ölümü məni sarsıtdı. Bu əsərdə təkcə Salatını yox, müharibə dövründə qəhrəmanlıq göstərən bir çox qızlarımızın simasını ümumiləşdirmişəm. Nəticədə iki pərdəli pyes alındı. Bu mövzunu genişləndirib roman yazmaq fikrindəyəm.
   - Başqa ölkələrdə şeirləriniz çap olunubmu?
   - Türkiyədə, Təbrizdə qəzet və jurnallarda şeirlərim işıq üzü görüb, yaradıcılığım haqqında məqalələr yazılıb.
   - Son illər demək olar ki, sizi telekanallarda görmür, şeirlərinizə rast gəlmirik. Bu, nə ilə bağlıdır?
   - Artıq yaşa dolmuşam. Mayın 30-da 78-lə vidalaşdım. Dünyaya əvvəlki kimi baxa bilmirəm. İnsan cavan olanda ağılla yox, hissləri ilə yazır. Yaşlaşanda isə daha çox ağıla üstünlük verir. Məndə də belədir. İndi əsasən irfani, dünyadan, bir zamanlar mənimlə möhkəm dost olan insanların dönüklüyündən yazıram. Ona görə də şeirlərimi mətbuata çıxarmıram. İstəyirəm oxucuların yaddaşında lirik şair kimi qalım.
   - Yaşa dolmağınız sizi çoxmu narahat edir?
   - Xeyr, qətiyyən. Ahıl yaşa çatmaq hər kəsə qismət olmur. Bu da tanrının verdiyi bir nemət, hədiyyədir. Onun qədrini bilmək lazımdır. Allaha şükürlər edirəm ki, bu çağımda müqəddəs yerlərə ziyarət etmək nəsibim oldu. Siz də sağ olun ki, məni unutmadınız, axtarıb tapdınız, oxucularla görüşdürdünüz.
   
   İradə Əsədova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar