Yeni nəşrlər
   
      
   Adətən, portreti ya fotoqraflar, ya da rəssamlar yaradırlar. Fotoqraf elə məqamı tutmağa çalışır ki, mənalı görünsün. Portret sahibi əzəmətli, xoş təsir bağışlasın, bir sözlə, hər şey mükəmməl alınsın. Fotoqrafdan fərqli olaraq rəssam rənglərin əlvanlığından istifadə edərək qəhrəmanının obrazını daha parlaq yaratmağa can atır. Əlbəttə, bunlar zahiri görüntülərdir. Təbii ki, nə fotoqraf, nə rəssam söz sahibləri qədər insanın daxili aləmini, arzu və istəklərini, düşüncələrini olduğu kimi canlandıra bilməzlər. Sözün qüdrəti elə böyükdür ki, ona sığınaraq qəlb açarını tapa bilsən, hər kəlmən bir aləm olar.
   
   Bu günlərdə «Qanun nəşriyyatı»nda işıq üzü görmüş yeni nəşr - «Zaman xəbərsiz ötdü...» adlı kitab məni tanış portretlə üz-üzə gətirdi. Maraqlı bir müsahiblə həmsöhbət oldum. Əslində yeni nəşr filologiya üzrə fəlsəfə doktoru, şair Sona Vəliyevanın oxucularla növbəti görüşü, daha doğrusu, yaradıcılıq hesabatıdır. Beş bölmədən ibarət nəfis tərtibatlı kitaba gözəl ürək və qələm sahibi, jurnalist həmkarım Natiq Məmmədlinin yazdığı ön sözdə məni ovsunlayan portretin ilk cizgisinin dəqiq naxışlandığını duydum: «Dəyərli oxucu, əlində tutduğun bu kitab tək bir insanın öz qarşısındakı hesabatı deyil, bir düşüncə adamının keçdiyi ömür yolunun yalnız mühüm məqamlarını əks elətdirən, amma özündə əsl Azərbaycan xanımının xarakterini, alim yazısını ümumiləşdirən bir əsərdir. Bu kitab səni düşündürən və ömrün boyu da düşündürəcək mövzular haqqındadır».
   Söz həmişə sahibinin kimliyini bəyan edir. İlk dəfə Sona xanımın aşağıdakı misraları həm mənim ürəyimi tərpətdi, həm də aramızda bir körpü oldu:
   
   Sökülən köhnə evimiz,
   Əl çəkmir məndən yuxumda.
   Anam oturub səkidə
   Əli qoynunda...

   
   Bu misralar könlümü tar-mar etdi. Riqqətə gəlmiş duyğularım ürəyimi dağıdırdı. Ata yurdumun xarabalığı sinəmi göynədirdi. İllərdir gözlərimdən çəkilməyən bu müdhişlik rahatlığımı əlimdən alıb. Birdən-birə sanki öz könlümdən çəkilən bu misraları Sona Vəliyevanın şeirlərinin sarı simində tapmaq - məni ən hündür bir dağa qaldırdı. Könlündə söz adlı qibləgahı olanlar həmişə adiliklərdən çox uzaqda dayanırlar. Bu doğmalıq sonralar Sona xanımın neçə məziyyətini mənə tanıtdı. Mübahisəsiz, mübaliğəsiz və qətiyyətlə bir fikri söyləməyi bu gün açıq ürəklə vacib sayıram. Hazırda yazıb-yaradan şair xanımlar arasında Sona Vəliyeva ən dəyərlisi və fərqli poetik düşüncəyə malik olanıdır. Əgər insanın bütün varlığı, arzuları, ümidləri, istəkləri, ətrafa münasibəti, işi-gücü - küll halında bütün fəaliyyəti fəzilətdən ibarətdirsə və bu fəzilət də hər bir nizamın meyarıdırsa, Sona xanımın kimliyi bəllidir. Elə bu topluda da müxtəlif ürəklərdən su içmiş fikirlərin ünsiyyətində biz bu xanımın fəzilətinin ilahidəngəlmə olduğuna bir daha əmin oluruq. Şəxsiyyətlə yaradıcılıq bir-birini tamamlayanda hər şey mükəmməl və gözəl olur. Nə isə... Mətləbdən uzaq düşməyək. Kitabdakı müsahibələrdə, rəylərdə, düşüncələrdə, elə müəllifin öz məqalələrində fikirlər, sözlər bir-birinə mehrlə bağlanaraq cilvələndikcə bir tamlığın, bütövlüyün yaranışında portret tamamlanıb.
   Telejurnalistin («Xəzər» TV-nin) sualına cavabında Sona xanımın bir fikri diqqətimi çəkdi: «İnsan dolanda ağlayaraq özünü boşaldır. Mən dolanda ağlaya bilmirəmsə, bu zaman şeir yaranır». Unudulmaz Bəxtiyar Vahabzadəni xatırladım. O deyərdi: «Əsl şeir qışqırıq deyil, ürəyin pıçıltısı, hıçqırtısıdır». Ürəyində ağlayan şeirlərini kağıza naxışladığı üçün də şairdir Sona xanım.
   «Mən mətbəxə sevə-sevə daxil oluram. Bişirdiklərimi məni sevənlər üçün hazırlayıram və çox səbirsizliklə gözləyirəm ki, dadını, tamını mənə desinlər». Bu, ailəsini, övladlarını sevən, onlar üçün yaşayan bir qadının, ananın missiyasını etiraf etməsidir. Portretin də ən yaddaqalan cizgilərindən biridir.
   Müsahibələrinin birində Sona xanım söyləyir: «İnsanın çox yaxın olan birisi ölərsə, gözündən bir damcı yaş çıxmaz, amma bəzən insan bir şeirin önündə hönkür-hönkür ağlaya bilər». Bu fikri doğuran da məhz onun ovqatıdır. Sona Vəliyeva içində çəhrayı rəng olan söz adamıdır. Bu səbəbdən də onun bütün yaradıcılığında saflığın, təmizliyin rəmzi olan çəhrayı rəngin əfsunu var.
   Ona ünvanlanan sualların birində rəhbərlik etdiyi «Kaspi»nin fəaliyyətinə toxunulur. Ədəbiyyata, yaradıcılığa olan sevgisi Sona xanımın cavabında bir həqiqətə işıq salır: «...Həftəsonu «Kaspi» on iki səhifəlik ədəbiyyat əlavəsi ilə ədəbiyyatsevərləri sevindirir». Bu gün ölkəmizdə çox az qəzet tapılar ki, həftəsonu ədəbiyyata geniş yer ayırsın. «Kaspi»nin bu missiyanı müntəzəm yerinə yetirməsi həqiqətən də ədəbiyyata xidmətdir. Ona görə də bu nəcib işə «ədəbiyyat əlavəsi» deməyə adamın dili gəlmir. Çünki hər şənbə «Kaspi» əsl ədəbiyyat qəzeti kimi əlimizdən düşmür. Bu uğurlu işin də qurucusu məhz peşəkar qəzetçi və ədəbiyyatsevər Sona Vəliyevadır.
   «İctimai» televiziyanın qonağı olarkən müsahibə zamanı o, belə bir cümlə işlədib: «Mən özümü şair hesab etmirəm. Böyük şairlərimiz var. Biz sadəcə olaraq öz daxili təlatümlərimizi kağız üzərinə köçürən adamlarıq». Bu cavab əslində böyük poetik dünyaya malik olan, çox istedadlı, ancaq sadə bir xanımın təvazökarlığıdır. Elə inkar var ki, onun bütün ahəngində təsdiq duyulur.
   
   Sən bildin, mən bildim,
    bir də dörd divar,
   Başqası duymasın dərdimiz nədir.
   Yarıya böldüyün papirosların
   Kül yeri, köz yeri ürəyimdədir, -
   deyən Sona xanım, siz necə şair olmaya bilərsiniz? Elə bu kitabda araşdıraq görək Azərbaycanın görkəmli şair və ədəbiyyatşünas alimləri yaradıcılığınızla bağlı hansı fikirdədirlər?
   
   Fikrət Sadıq:
   «Aman Allah, içimizdə
   Bu torpağı sevməyə
   Bu çiçək təpəri,
   Bu çiçək sevdası bitir.
   ...Əgər Sona xanım təkcə bu şeiri yazsaydı, bəs idi. Tanrı ən uğurlu, ən nurlu bir gündə ona kövrək və sərt bir ürək bəxş etmişdir. Buna buta deyirlər, vergi deyirlər».
   Qeyd edək ki, şuşalı Ağabəyim Ağa Azərbaycan ədəbiyyatına bir bayatı ilə daxil olaraq əbədiyaşarlıq qazandı.
   Sabir Rüstəmxanlı: «Onun şeirlərinin ədəbiyyatımızda müstəqilliyimizə özül hazırlayan Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, qadınlardan Mədinə Gülgün, Hökümə Bülluri və başqalarının vətəndaşlıq xəttinə bağlılığı göz qabağındadır... Bu baxımdan «Arazbarı» şeirindən bir-iki nümunəyə baxmaq yetərlidir:
   
   ...Göyçə, Şuşa. Təbriz dərdi
   Köhnəldikcə təzələndi.
   Sönüb külümdən közərdim,
   Odum boyumdan yuxarı.
   
   ...Sona xanımın şeirləri ürəyimizdə vətən havasını, uşaqlıq dünyamızın xiffətini əsdirir. Yenidən tərk edilmiş ocaqlara qayıdırıq, payızın sarılığından, narın yağışların kədərindən, ot basmış qəbiristanlıqlarda məzar daşlarına dönmüş atalarımızın, analarımızın şirin xatirələrindən keçirik. Nəfəsimiz genişlənir, ruhumuz təzələnir...».
   Böyük Məmməd Araz söyləyirdi ki, indi şeir yazmaq siqaret çəkməkdən asan olub. Ütülənmiş fikirlərin, məlum qafiyələrin baş alıb getdiyi bir zamanda ruhu tərpədə bilmək, onu təzələmək hər kəsə nəsib deyil. Bu xoşbəxtlik yalnız şair doğulanların qismətinə yazılıb. Bəlkə də ona görə Rüstəm Behrudi qətiyyətlə söyləyib: «Birnəfəsə oxudum Sona xanımın kitabını. Hay-küydən, pafosdan, qulaq cırmaqlayan ifadələrdən uzaq bir şeir kitabı ruhumu oxşadı». Şair olmağın başqa yolu varmı ki, Sona xanım? Sizin sözlərinizdən nəğmə libası geymiş nəğmələriniz xalq mahnılarımız kimi qədim görünür. Bu köhnə təzəliyin içindəki fikirlər isə bizi düşündürür, düşündürür və çox uzaqlara aparır:
   
   Gözündən alışan kədərə neynim,
   Mən hicran danışan qədərə neynim.
   Puç olan ömrə, hədərə neynim,
   Eşqin dastan oldu, ay Qaragilə.
   
   İstər-istəməz unudulmaz Rübabə Muradovanın yanıqlı səsi varlığıma doldu: «Gəlmişəm o taydan oyadam səni (otağına yox, o taydan - F.X.), Qaragilə». Ürəyimizə dolan xiffətdən bir genişlik tapdıq. «Qaragilə»nin yeni mərhələsini mahnılarımızda siz başladınız Sona xanım. Özü də çox uğurlu və həzin.
   Fərəhlə deyə bilərik ki, Sona Vəliyevanı vətəndaş şair kimi təqdim edən şeirləri çoxdur. Ritorikadan, pafosdan, sünilikdən çox uzaq olan şairin vətən, torpaq sevgisi içindəki çəhrayı rəngdən doğur: təbii, səmimi, təsirli və düşündürücü. Əgər bu zərif xanımın sinəsindən gələn qətiyyətdə deyilirsə: «Uğrunda ölməyi bacarmadıqca, torpaq unudacaq vətən olmağı». Bu, sadəcə bir şeirin uğurlu misrası deyil. Bu bir ananın ismarıcıdır, çağırışıdır. Bəlkə də div yuxusuna getmişlərin qolundan tutub silkələməsidir: Oyan, ey Vətən oğlu!
   Jurnalist Təranə Vahidin bir fikri məni yaman tutdu: «Onun şeirləri yol kimidir. Oxuduqca oxuyursan... Onun şeirləri bulud kimidir. Nə vaxt hisslərinə, duyğularına, ruhuna yağacağını bilmirsən... Onun şeirləri sarı çiçək kimidir, bir az qəmli, bir az kədərli və sevimli...» Həqiqətən belədir. Sona Vəliyevanın şeirlərini mənə sevdirən onun mayasındakı kədərdir. Kədərdən, kövrəklikdən isə qorxmaq gərək deyil. Məmməd Araz deyirdi: «Kövrəklik olmayan yerdə heyrət, heyrət olmayan yerdə isə kəşf yoxdur». Bax, bu kəşflərin nəticəsində günlərin birində «Arazbarı»nı köz kimi sinəmə sıxdım. Dərdlərim dil açıb danışdı. Yadıma Habilin kamanı, Ramiz Quliyevin tarı, daha nələr düşdü. Siz məni danışdırdınız, dilləndirdiniz və sübut etdiniz ki, dünya heç də başdan-başa biganə və laqeydlərlə dolu deyil. Bu min rəngli, min üzlü dünyada sözə sığınan, onun gücünə misra-misra belə böyük bir poetik dünya quranlar da var. İnandırdınız ki, təkcə mən yuxularda viranə olmuş yurd yerlərini görmürəm... Əslində, sizin vətən ünvanlı şeirləriniz əsl dərslik materialıdır. Uşaqlar oxusun, öyrənsin, onun hər ahəngindən qəlblərə məhəbbət süzülsün.
   Kitabın üçüncü bölməsində Sona Vəliyevanın publisistik etüdləri toplanıb. Burada Bəhruz Kəngərlinin yurd aşiqliyindən, Əzim Əzimzadə yaradıcılığından, «Molla Nəsrəddin» jurnalının əxlaqi dəyərlərindən, Müşfiq şeirinin qayəsindən, ilk peşəkar rejissor Soltan Dadaşovun fəaliyyətindən, Azərbaycan heyranı İrfan Ülkünün işıqlı qələmindən söz açılır. Elə bu bölümdə “Üç əsrin qəzeti - «Kaspi»dən «Kaspi»yə” adlı məqaləsində Azərbaycan mətbuatında məfkurə məktəbi olan «Kaspi» qəzetindən başlayaraq bugünkü «Kaspi»nin ənənələri necə davam etdirməsindən danışan müəllif yazır: «Kaspi» qəzeti media aləminə öz gəlişi ilə əsas məqsəd kimi klassik sələfinin ənənələrinə sadiq qalaraq milli bir qəzet olmağı, digər tərəfdən Qərb mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirləri öz fəaliyyətində əks etdirməyi qarşısına məqsəd qoydu. Söz, mətbuat azadlığının gətirdiyi azadfikirliyin ölçü-biçisini düzgün dərk etdi». 1999-cu ilin yanvarından üzübəri mətbuatımızda öz həqiqi yerini tapan «Kaspi» adını daşıdığı qəzetin layiqli davamçısı olduğunu təsdiqlədi. Bu uğuru da şərtləndirən bir sıra məqamlar var. Ən başlıcası, Sona Vəliyevanın «Kaspi»çiləri düzgün seçərək onların fəaliyyətinə əsl şərait yarada bilməsi oldu. Bu təşkilatçılıq işi də, bu peşəkarlıq da haqqında danışdığımız portretin mühüm cizgilərindəndir.
   AMEA-nın müxbir üzvü Nizami Cəfərov Sona xanımın azərbaycançılıq ideologiyasının tədqiqatçısı və təbliğatçısı kimi mühüm fəaliyyətini dəyərləndirərək yazıb: «Sona Vəliyeva azərbaycançılıq ideologiyasının köklərini, təkamül mərhələlərini kifayət qədər sistemli bir şəkildə nəzərdən keçirərək belə bir düzgün nəticəyə gəlir ki, azərbaycançılıq ideologiyası XIX əsrin sonu, XX əsrin əvvəllərində ideologiyaya çevrilsə də, XX əsr boyu mürəkkəb bir təkamül yolu keçmişdir. Azərbaycan mütəfəkkirləri həmin ideologiyanın təkmilləşməsi, Azərbaycan cəmiyyətinin şüurunda yer tutması üçün sadəcə çalışmamış, zəngin tarixi olan bir mücadilə vermişdir».
   Fərəhlə deyə bilərik ki, Sona Vəliyeva məhz bu mücadilə tarixinin əsaslarını öz əsərində ilk dəfə aydın və mükəmməl şəkildə təhlil edərək hər bir mərhələnin özünəməxsus səciyyəsini verə bildi.
   Bu toplunu başa vurduqca sözdən naxışlanan portretin cizgiləri bir-bir gözlərimiz önündə açıldı: gözəl xanım, ailəsinə bağlı qadın, mehriban ana, sədaqətli övlad, həssas dost, vətən aşiqi, istedadlı şair, məntiqli müsahib, dərinliklərə varan publisist, idarə etməyi bacaran peşəkar, zəhmətkeş alim, ictimai xadim və nəhayət, əsl İnsan! Bu xüsusiyyətlərin hər biri zəngin daxili aləmin göstəricisidir. Onların hamısının bir yerdə cəmləşməsi isə xoşbəxtlikdir. Müəllif söyləyir: «Zaman xəbərsiz ötdü...». Bu xəbərsiz ötən zamanın hesabatını oxuduqca bir məsələni çox sevdiyim Sona xanıma çatdırmaq istərdim: «Biz ki sizdən xəbərdarıq...»
   
   Flora Xəlilzadə,
   yazıçı-publisist







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar