İnsanları ədəbiyyata münasibətinə görə beş qrupa ayırmaq olar: ədəbiyyatı oxumayanlar (bunlarla bizim heç bir işimiz yoxdur); ədəbiyyatı oxuyanlar; ədəbiyyatı öyrənənlər, bilənlər; ədəbiyyatı başa düşənlər, dərk edənlər; ədəbiyyatı hiss edənlər.
   
   Əslində bu qruplara insanın mənəvi kamillik pillələri kimi də baxmaq olar. Ədəbiyyatın özü də bu qruplara uyğun olaraq bir neçə yerə bölünür. Birinci, sadəcə oxumaq üçün olan ədəbiyyat. Məsələn, detektiv ədəbiyyat. İkinci, öyrənmək, bilmək üçün olan ədəbiyyat. Buraya sadə süjetə, məzmuna malik olan sevgi romanları, daha çox toylarda, el şənliklərində təkrar-təkrar söylənilən, o qədər də dərin məzmunu olmayan sadə şeirlər və sair daxildir. Üçüncü, başa düşülmək, dərk olunmaq üçün yazılan ədəbiyyat. Bu sıraya isə daha çox ali və orta ixtisas məktəblərində tədris olunan ədəbiyyatı və sairi aid etmək olar. Dördüncü, hissiyyatla, ruhla bağlı olan ədəbiyyat. Bu cür əsərlər hansısa yazıçının və ya yazıçıların ümumi yaradıcılığını əhatə edə bilməz. Bu hal çox zaman hər hansı istedadlı bir yazıçıda bir əsər, əsərdə müəyyən məqamlar və yaxud bir neçə misra şəklində özünü göstərir. Hissiyyatla, ruhla bağlı olan bu cür nümunələr öyrənmək üçün yazılan ədəbiyyatda da ola bilər (az da olsa), dərk edilmək üçün yazılan ədəbiyyatda da. Bu artıq ədəbiyyatın ruhani qatıdır. Burada ağıldan daha çox, ürək, ruh əsasdır. Ürəklə, ruhla hiss etməlisən bu əsərləri. Ədəbiyyatda çox nadir hallarda yaranan bu cür əsərlər məhz ədəbiyyatı hiss edən insanlar üçün mənəvi, ruhi qida deməkdir...
   Bu günlərdə bir kitab oxudum və bu kitab ruhumu silkələdi... İçimi təlatümə gətirən kitab “Təhsil” nəşriyyatında təzəlikcə çapdan çıxmış, ideya rəhbəri Çingiz Əlioğlu, ruscadan tərcümə edəni Tehran Vəliyev olan, tanınmış qazax yazıçısı və ədəbiyyatşünas alimi, bir çox nüfuzlu beynəlxalq mükafatların laureatı Nemət Kelimbetovun “Ümidimi itirmək istəmirəm” povest-monoloqudur.
   O qədər də böyük həcmə malik olmayan bu kitabı oxumağa başladım və elə həmin gün də birnəfəsə oxuyub bitirdim. Məncə, bu kitab elə bu cür də oxunmalıdır. Yəni sabahkı günə saxlayası kitab deyil. Ona görə ki, elə birinci sətrindən sən əsərə daxil olursan, əsər də sənə. Oradakı bütün hadisələri, ağrı-acıları özündə hiss eləyirsən, yaşayırsan. Və əsər səni elə yerlərə aparıb çıxarır, elə yerlərə gedib çıxırsan ki, oradan yarımçıq qayıdıb çıxsan, növbəti dəfə ola bilsin həmin yerə gedə bilməyəsən...
   İki hissədən ibarət olan, monoloq şəklində qələmə alınmış əsər əsasən baş qəhrəman Ərcanın dilindən həyat yoldaşı Gövhərə müraciət şəklindədir. Yazıçı əsərdə öz acı taleyini qələmə almış, Ərcanın simasında öz obrazını yaratmışdır. Əsərdəki Gövhər surətinin prototipi isə yazıçının həyat yoldaşı Kuanışdır.
   Əsərdə cərəyan edən hadisələr haqda dolğun təsəvvür yaratmaq üçün qeyd edim ki, ixtisasca inşaat mühəndisi olan baş qəhrəman, otuz beş yaşlı Ərcanın onurğa beynində şiş aşkarlanır və o, neyrocərrahiyyə xəstəxanasında əməliyyat olunur. Əməliyyatdan sonra Ərcan sağ qalsa da, əlləri və ayaqları şikəst olur. Bununla belə, onun içindəki həyat eşqi zərrə qədər də səngimir, əksinə, gün-gündən daha da güclənir, alovlanır. Ərcan sarsılmaz ruhunun, güclü iradəsinin, sadiq, onun yolunda həyatın bütün əzablarına qatlaşan vəfalı Gövhərinin və dünyalar qədər sevdiyi övladlarına olan sevgisi sayəsində ölümə qalib gəlir.
   Əməliyyatdan sonra ömürlük yatağa məhkum olunmuş Ərcan neyrocərrahiyyə xəstəxanasında yatarkən orada gördüyü acı taleli insanların başlarına gələn müsibətləri, özünün acınacaqlı həyatını qələmə almaq, yazıçı olmaq qərarına gəlir. Və sarsılmaz iradəsi, əzmi sayəsində, uzun əzab-əziyyətlərdən sonra Ərcan bu istəyinə nail olur.
   Kitabda çoxlu sayda tükürpədici, ürəksarsıdıcı məqamlar vardır. Belə ki, Ərcanın onurğa beynində əməliyyat aparılması üçün ailəsindən, yaxınlarından bir nəfər həkimə yazılı şəkildə razılıq verməlidir. Lakin Ərcan bu əməliyyatın Gövhərdən xəbərsiz baş tutmasını istəyir. Ona görə də özü öz dilindən kağız yazıb əməliyyata razılıq verir. Əsərdəki bu məqam mənə Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasındakı Xosrovun ölüm səhnəsini xatırlatdı. Belə ki, öz oğlu tərəfindən xaincəsinə yatağında xəncərlər vurulan Xosrov can verərkən:
   
   Yaxşısı budur ki, qalsın diləyim,
   Mən ölüm, qoy yatsın yorğun mələyim...

   
   - deyərək, yanında yatan Şirini yuxudan oyatmağa qıymır.
   Ərcan da bu cür edir. İstəmir ki, yetərincə dərd, ağrı-acı verdiyi Gövhərinə daha da sarsıntılı, həyəcanlı anlar yaşatsın. Ondan xəbərsiz girir əməliyyata. Lakin əsərin ikinci hissəsində Gövhərin monoloqundan başqa mətləblər ortaya çıxır. Məlum olur ki, əslində bu əməliyyatdan Gövhərin xəbəri var imiş və o bütün əməliyyat boyunca Ərcanın yanında olub. Yalnız əməliyyatdan sonra, Ərcan narkozdan ayılana yaxın çıxıb gedib. Ərcanın onun hər şeyi bildiyindən xəbərdar olub narahat olmasını istəməyib...
   Əsərdəki başqa bir mətləbə də diqqət çəkmək istəyirəm. Belə ki, əməliyyatdan sonra həkim Ərcana çox böyük təəssüf hissilə ayaqlarının həmişəlik şikəst qalacağını bildirsə də, beş-altı aya əllərini tərpədə biləcəyini söyləyir. Ərcan da böyük səbirsizliklə əllərinin işləyəcəyi günü gözləyir. Beş-altı ay keçir, ancaq Ərcanın əlləri əvvəlki tək hərəkətsiz qalmaqda davam edir. Yalnız bir neçə ildən sonra o, əllərini tərpətməyə başlayır.
   Gövhərin monoloqundansa məlum olur ki, əməliyyatdan sonra həkim Gövhərə Ərcanın hər iki əlinin və ayağının heç vaxt işləməyəcəyini söyləyibmiş. Ərcanasa daha böyük zərbə olmasın deyə, “beş-altı aydan sonra əllərini işlədə biləcəksən”, - deyərək, yalandan ümid verib. Və beləliklə, bu yalandan verilən ümid, inam günlər keçdikcə Ərcanın ürəyində o qədər böyüyüb ki, tibbin edə bilmədiyini edib. Ərcanın neçə illər yanında bir cüt odun parçası tək hərəkətsiz qalan qollarını hərəkətə gətirib...
   Kitabın tərcüməsinə gəldikdə isə, qeyd etmək istəyirəm ki, T.Vəliyev əsərdə Azərbaycan dilinin bütün imkanlarını, gözəlliklərini nümayiş etdirə bilmişdir. Olduqca sadə və gözəl bir dildə tərcümə olunan əsərdə çoxlu sayda poetik məqamlar vardır ki, oxuyub düşünmədən onların üzərindən keçmək mümkün deyil. Əsəri oxuduqca: “Həyat deyilən şeydən məndə yalnız düşüncələrim qalıb”, “Arzu insanın qanadıdır”, “Ölüm son həqiqətdir”, “Həyat ölümdən güclüdür, çünki o bizi özündən sonra nə gəldiyini unutmağa məcbur edir” və s. bu kimi məqamlarla N.Kelimbetovun “Ümidimi itirmək istəmirəm” kitabı məndə şeirlə yazılmış nəsr əsəri təəssüratları yaratdı.
   Və beləcə, qeyd etdiyim və etmədiyim çoxlu sayda ruhuma yol alan məqamlarıyla sevdim bu əsəri. “Ümidimi itirmək istəmirəm” mənim ruhumu sözün yaxşı mənasında işğal etdi. Bütün oxuculara bu əsəri oxumağı və bu əsər tərəfindən “işğal olunmağı” arzu edirəm.
   
   Elşad Ərşadoğlu







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar