Rəşad Nuri Güntəkin maraqlı, məzmunlu əsərləri ilə Türkiyə ədəbi aləmində çox sevilən nasirlərdən olub. Yaradıcılığında Anadolu həyatını ciddi realist, həm də satirik-yumoristik cəhətdən işıqlandırıb...
   
   O, 1889-cu ildə İstanbulda hərbçi ailəsində dünyaya gəlib. İbtidai təhsilini Çanaqqala orta məktəbində alır. Orta təhsilini isə İzmirdəki Frerler məktəbində başa vurur. Sonra ali təhsil almaq məqsədilə İstanbul Universitetinin ədəbiyyat fakültəsinə daxil olur, 1912-ci ildə ali təhsilini başa vurur.
   1927-ci ilə qədər İstanbulda Beşiktaş İttihat və Tərəqqi, Fatih Vəqfi Kəbir məktəblərində, oğlanlar liseyi, Ərənköy qızlar liseyində türk və fransız dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. Bununla belə, yaradıcılıq aləmindən ayrılmamaq üçün aktiv siyasətlə məşğul olmur. Daha sonra Türkiyənin Parisdəki səfirliyində mədəniyyət attaşesi işləyir. 1950-ci ildə Türkiyənin UNESCO-da təmsilçisi təyin olunur.
   İlk əsəri - “Əski Ahbap” adlı povesti 1917-ci ildə işıq üzü görür. Həmin dövrdən başlayaraq teatr tənqidi, araşdırma və hekayə yaradıcılığı ilə məşğul olur. “Şair”, “Nədim”, “Böyük məcmua” kimi dərgilərdə əsərlərini çap etdirir. İlk dəfə 1922-ci ildə hissə-hissə “Vaxt” (“Vakit”) qəzetində dərc olunan “Çalıquşu” romanı yazıçıya böyük şöhrət gətirir.
   Rəşad Nuri Güntəkin müxtəlif janrlarda 100-dən artıq əsərin müəllifidir. Onlardan 19-u romandır: “Çalıquşu” (1922), “Gizli əl” (1922), “Damğa” (1924), “Dodaqdan qəlbə” (1925), “Axşam günəşi” (1926), “Bir qadın düşməni” (1927), “Atəş gecəsi» (1942), “Qan davası” (1955) və s. romanlarda yazıçı Türkiyə mühitinin qaranlıq səhifələrinə işıq tutur. Müəllifin hekayələri yeddi müxtəlif kitabda toplanıb. Xüsusilə “Sönmüş ulduzlar” (1927), “Leyli ilə Məcnun” (1928) adlı hekayələri geniş oxucu marağı doğurub. “Balıkəsir mühasibəçisi” (1953), “Tanrıdağ ziyafəti” (1955) kimi dram əsərləri də diqqətdən kənarda qalmır.
   O həm də bədii tərcümə ilə məşğul olub. Migel de Servantesin “Don Kixot”, Alber Kamyunun “Yad”, Emil Zolyanın “Həqiqət” romanlarını, habelə müxtəlif dünya yazıçılarının hekayələrini türkcəyə çevirib. Lakin bir sıra əsərləri sağlığında işıq üzü görməyib. Ölümündən sonra yazıçının həyat yoldaşı Hədiyə xanım əsərlərinin külliyatını nəşr etdirib.
   Rəşad Nuri Güntəkin haqqında Türkiyədə kitablar, monoqrafik tədqiqatlar yazılıb. Türkiyədə elə bir şəxs tapmaq olmaz ki, onun əsərlərindən hər hansı birini oxumasın, yaxud romanlarına çəkilmiş filmləri seyr etməmiş olsun. O, hələ sağlığında ikən türk ədəbiyyatının canlı klassikinə çevrilmişdi.
   Ədib yaratdığı obrazın mənəvi dünyasına daxil olur, onun hiss, həyəcan və yaşantılarını inandırıcı cizgilərlə oxucuya təqdim edir. Qəhrəmanlarını xalqın içərisindən seçir. Məhz buna görə də o, daima geniş xalq kütləsinin diqqət mərkəzində olub və sevilib.
   Əsərlərində əsas konflikt kimi seçilmiş fərd və cəmiyyət qarşıdurması onun yaratdığı qəhrəmanların taleyini müəyyənləşdirən ən mühüm amillərdən biridir. Romanlarının bir qismi qəhrəmanlarının dilindən təsvir olunur. Üslubuna xas olan bu cəhəti özü belə səciyyələndirir: “Mən qəhrəmanlarımdan birini seçib onun dilindən danışmağa daha çox üstünlük verirəm. Bu zaman süjet pozulmur. Əksinə, əhvalatı anladan qəhrəman vəhdəti mühafizə edir. Bunun bir yaxşı cəhəti də odur ki, romanda məsuliyyətin mühüm bir qismini üstündən atmış olursan...”
   Rəşad Nuri Güntəkinin dili ədəbi türkcənin ən mükəmməl örnəklərindən sayılır. Yazıçının dəst-xəttinə xas olan sadəlik və təbiilik, danışıq dili ilə ədəbi dilin məharətlə qovuşdurulmasından yaranan üslubunun özünəməxsusluğu diqqət çəkir.
   Azərbaycan oxucuları onun “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Damğa”, “Yarpaq tökümü”, “Dəyirman” romanları və bir sıra hekayələri ilə tanış olublar.
   Onun yaradıcılığında “Çalıquşu” romanının özünəməxsus yeri var. Yazıçı əsərdə Qurtuluş savaşı zamanı Anadolunu çoxlu insanları və bölgələri ilə canlandırmağa çalışıb. Roman Fəridə ilə Kamranın sevgisi üzərində qurulsa da, müəllif bu sevgi fonunda Anadolu insanının mənəvi dünyasının mürəkkəbliyini açıb göstərib. Beləliklə, türk ədəbiyyatında roman janrına xüsusi maraq oyandıra bilib. “Çalıquşu” romanı ümumilikdə türk ədəbiyyatında nadir görülən bir şöhrət qazanıb və cəmiyyətin oxuyub-yazan hər təbəqəsi tərəfindən sevilib.
   Yazıçı əsərin baş qəhrəmanının - Fəridənin timsalında romantik və idealist türk qadını obrazını özünəməxsus cizgilərlə yaradıb. Ədib müsahibələrinin birində deyib ki, “Çalıquşu” romanını yazmaqda məqsədi xalqın gözündə oxumuş, təhsilli, sərbəst düşüncəli türk qızlarına simpatiya oyatmaq olub.
   Rəşad Nuri Güntəkin yaradıcılığı çox zəngindir və onu bir yazıda əhatə etmək çətindir. Görkəmli yazıçı ömrünün müdrik çağında ağır xəstəliyə - ağciyər xərçənginə düçar olur. Vaxtilə çətin həyat keçirən, amma heç zaman qürurunu itirməyən yazıçı bundan çox təsirlənir. Ancaq həyatdan ümidini üzmür. Müalicə olunmaq üçün Londona gedir. 1956-cı il dekabrın 13-də orada vəfat edir. Nəşi İstanbula gətirilərək Qaracamaat qəbiristanlığında dəfn edilib.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar