Məmməd Səid Ordubadi - 140
   
      
   Böyük tarixi romanlara gedən yolu məhz satira açmalı idi
 
  
   Bir zamanlar atası Hacı ağa Fəqir Ordubadi “Eləmiş” rədifli qəzəlində
   Həq görüm həşrdə bu yar ilə divan eləsin
   Ki, Fəqir cümlə onun cövrünü divan eləmiş,

- deyərək klassik ənənədən gələn manevrlərlə yarla haqq-hesabı Tanrıya həvalə edirdi. Ancaq dövr və tələb dəyişmişdi. Zalımların divanı “həşrə” qala bilməzdi. Yoxsa çox mətləblərə gecikər, Hadi kimi “Yox millətimin xətti...” - deyə dərin təəssüf hissi keçirərdik...
   
   Cild-cild tarixi romanlar, 30-a yaxın müxtəlif mövzulu dram əsəri və neçə-neçə ssenari qələmə alan Məmməd Səid Ordubadinin geniş ömür səhifəsi heyrətamizdir. Tarixi ədaləti qoruyub, “daşı tərəziyə düz qoymağın” məsuliyyətini dərk edən ədib tarixi romana qədər bəlli bir yol qət etməliydi. Böyük tarixi romanlara gedən yolu məhz satira “hamarlamalı” idi. Satira xalqı diksindirib ayıltmalıydı ki, o özünü tanıya, tarixini, etnik-mədəni sistemini dərk edə bilsin.
   Bu satira meydanında Mirzə Cəlillərə, Sabirlərə, Əli Nəzmilərə qahmar çıxmamaq vətəndaşlıqdan olmazdı. Ordubadi də kəskin satirik qələmi ilə “arizi qəmlər əlindən” başını itirən soydaşlarının acınacaqlı vəziyyətini gündəmə gətirirdi.
   
   Xalqın gələcək taleyinə həssas münasibət
   
   Məktəbi cəhalət dərdinin dərmanı, mərifət bağının xiyabanı hesab edən Məhəmməd Tağı Sidqi kimi bir “maarif carçısı”nın “xeyrül-əməl”i Məmməd Səid Ordubadi üçün meyar olmalıydı. Həmyerlisinin millət sevgisi, xalqın gələcək taleyinə olan həssas münasibəti onun da həyat amalına çevrilirdi. Fikir və düşüncələrin ancaq misra və beytlərlə ifadə olunduğu dönəmlərdə nisar olunmuş formada (roman, povest və s.) uzaq keçmişimizi özündə əks etdirən qalın-qalın əsərləri oxumağa sadə kütlənin gücü yetməzdi. Xalqın dərdini onun qulağına yatan, sadə dildə səslənən nəzmlə (satira ilə) qələmə almaqla zalımlara, millət dəllallarına divan tutmaq olardı.
   Ordubadi qələmini sınadığı bütün ədəbi növlərdə, müxtəlif janrlarda istəyinə çatıb. İrili-xırdalı bütün bədii nümunələrində ədəbiyyatın ali missiyasını ciddi düşünüb-daşınıb. Daha çox böyük tarixi romanların, dram əsərlərinin müəllifi kimi tanınıb tədqiq olunan bu görkəmli sənətkarın satira yaradıcılığının da tədqiqə ehtiyacı var.
   Onun tənqidi-realist publisistikası, qələmə aldığı onlarla satirası ümummilli inkişafın əsas problemlərini ifadə edən ədəbi nümunələrdir.
   Bəlli olduğu kimi, böyük ədibin taleyi mürəkkəb və ziddiyyətli məqamlarla zəngindir. O, xalqımızın başına gətirilən bəlaların canlı şahidi idi. Qəsbkar erməni millətçiləri tərəfindən (məlum havadarlarının açıq-aşkar köməyi ilə) türk-müsəlman əhalinin qanına qəltan olunduğu “Qanlı sənələr”in ağrı-acısını köksündə yaşadırdı. Yaxşı dərk edirdi ki, millət elliklə ayağa qalxmalı, əl-ələ verib varlığını təsdiqləməlidir. Satiralarının da əsas mövzu-mündəricəsi məhz xalqın milli oyanışı, özünüdərk məsələlərindən ibarət idi. Ədib “Nələriz biz” adlı satirasında milli təəssübkeşliyin ürəkaçan səviyyədə olmamasını diqqətə çatdırırdı:
   
   Yox zərrəcə fərqi bizə millət dala qalsa,
   Biganə qarıncatək ayaq altına salsa,
   Diksinməriz hərgiz yanımızda top atılsa,
   Zira həpimiz bircə yığın kurü-karız biz,
   Mən anlamıram, dəhrdə axır nələriz biz?

   
   Müəllif həmfikirlərindən fərqli olaraq, açıq şəkildə üsyan edirdi ki, mənfur ermənilər tapdığını silah-sursata verib türklərin başına olmazın oyunlar açırlar. Ordubadi də bunların müqabilində hamılıqla “xabi-qəflətdən” hələ də “bidar” olmayan millətin məlum gedişatda uğursuzluğa düçar olacağından qorxurdu:
   
   Möhtac deyil millətimiz topü-tüfəngə,
   Sərf eyləməz pulları bu hərbi-cəfəngə.
   Verdik pulu həp nəşəli tiryak ilə bəngə...
   
   Məktəbə, “elmə təğrib” problemlərin açarı idi
 
  
   Ordubadi bütün bunların əsasında elmsizliyin dayandığını vurğulayırdı. “Oxutmuram, əl çəkin!” deyə haray salıb “Nə ədəb vaxtıdı, qoy söysün...” düşüncəsində olanları “yola gətirmək” birinci şərt idi. Onun sələflərinin də dünyagörüşündə bu tendensiya “olmazsa, olmaz” hesab olunmuşdu. Məktəbə, “elmə təğrib” problemlərin açarı idi. Ordubadi də “Bir söylə görüm” adlı satirasında maarif kəlməsi səslənəndə “qulaqlara qurğuşun!” - deyib uzaqlaşan cühəlanın (cahillərin) dilindən yazırdı:

   Məktəb nədi, qoy seyri-səfa eyləsin oğlun,
   Bikar gəzib nəşvü-nüma eyləsin oğlun,
   Düşdükdə yeri səfki-dima eyləsin oğlun,
   Ayda çocuğun etməsə bir qan, nəyə lazım?
   Axırda yeri olmasa zindan, nəyə lazım?

   
   Böyük ədib xüsusilə də qızların təhsildən uzaq, əsarətdə saxlanılmasının “faydalarından” dəm vuran “xətti hənalılar”a, “zülmdə tüğyan eləmişlər”ə nifrət yağdıraraq valideynləri ayıq-sayıq olmağa, zərərli ənənələrdən xilas olmağa çağırırdı:
   
   Övladına təlim elə qızlıqdan əsarət,
   Tab etsin ərindən nə qədər çəksə həqarət,
   Vur başına, düşsün gözü, ta eyləsin adət,
   Qız taifəsi xürrəmi-xəndan, nəyə lazım?
   Fəryada gəlib olmasa giryan, nəyə lazım?

   
   Müəllif satiralarında təkcə öz vətənində baş verən hadisələrə, ictimai-siyasi proseslərə münasibət bildirmirdi. Diqqəti İran, Osmanlı, çar Rusiyası, İtaliya, Almaniya və digər ölkələrdə baş verənlərə - siyasi didişmələr, reformalar, eləcə də işğal faktorları və zillətə sürüklənən məsum insanların taleyinə yönəltməyə çalışırdı. “Olsun” əsərində çar hökumətinin fitvası ilə erməni-rus silahlı birləşmələrinin Qars və Ərdahanda törətdikləri soyqırımlarına biganə qalmamağa çağırırdı:
   
   Qoy Ərdahan əhlindən ucalsın göyə əfğan,
   Alsın oların tabını təsiri-zəmistan.
   Amma mən özüm isti otaq, xürrəmi-xəndan,
   Qars acları fəryadə gəlib xunciyər olsun,
   Övladi-vətən qoy dağılıb dərbədər olsun.
   
   Mollaxanadan anti-molla düşüncəsinə
   
   Ordubadi ilk təhsilini mollaxanada almışdı. Bu, dövrün tələbinə uyğun idi. Ancaq dindən, şəriətdən ciddi milli-mənəvi inkişaf naminə yararlanmamaq məqamında ədibin maarif üçün ayaq açdığı məkanın adındakı “molla” məfhumuna münasibəti sonradan tamamilə dəyişmişdi. Vətəndaşlarının xoşbəxt gələcəyi naminə ziyasını əsirgəmədən mücadilə aparan görkəmli şəxsiyyətlərin ideoloji istiqamətinin əks qütbündə canfəşanlıq edən ruhani cinah da var idi. Mollanəsrəddinçi məfkurənin prinsiplərinə “hər cəhətdən müvafiq” olan ədəbi strategiyanı Ordubadi də uğurla davam etdirirdi.
   “Ağbaşlı”, “qara fikirli”, “fasiq”, “yarımçıq üləma” və s. adlarla onsuz da məqsədi-məramı tam bəlli olmayan sadə camaatı həqiqi İslamdan, imandan caydıran molla cəmiyyətinin iç üzünü açıb göstərən Ordubadi dini-fanatizmə qarşı həmişə hücum vəziyyətində olmuşdur. Qəyyur-əyyara (Cəfər Cabbarlıya) ithaf etdiyi “Mollanın” adlı satirasında mollaların malik olduğu keyfiyyətləri ustalıqla ifadə etmişdir:
   
   Var əvvəl-axır əllicə siğəsi, dörtcə övrəti,
   Bulardan özgə var neçə rəfiqeyi-məhəbbəti,
   Gecə-gündüzdə yeddi qüsl olub axundun adəti,
   Üsuli-şər ilə olur bütün ədası mollanın,
   Qadındı, siğədir, əvət, dua, ricası mollanın...
   

   Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatı tarixində böyük satirik kimi qalmasa da, rəvan üslubu, problemlərə özünəməxsus yanaşma tərzi baxımından tənqidi-realist ruhun daşıyıcısı olduğunu hələ zamanında isbatlayıb. Əgər belə olmasaydı, ustad Mirzə Cəlil “Molla Nəsrəddin” kimi xalq əmanətinin səhifələrini 25 il rahatlıqla ona etibar etməzdi...
   
   Fariz Yunisli







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar