Xəlil Rza Ulutürk - 80
   
     
   Xəlil Rza Ulutürk 40 illik yaradıcılığı dövründə torpaq günəşə təşnə olan kimi azadlığa can atdı, qolu zəncirlənmiş, ruhu yaralanmış məmləkətin Azadlıq şairi oldu.
   
   Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
   Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!
   Azadlığı istəmirəm
   Bir həb kimi, dərman kimi.
   İstəyirəm səma kimi,
   Günəş kimi,
   Cahan kimi...
   
   Prezident İlham Əliyevin 4 iyun 2012-ci il tarixli sərəncamına əsasən XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün 80 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur.
   Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov) 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində dünyaya gəlib. Məktəb illərindən ədəbiyyata maraq göstərən Xəlilin “Kitab” adlı ilk mətbu şeiri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub.
   1949-1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil alır. Universitetdə oxuduğu illərdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, eləcə də Azərbaycan Yazıçılar İttifaqında Mirzə İbrahimovun rəhbərliyi ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirak etməsi onun şair kimi püxtələşməsində mühüm rol oynayır.
   “Bahar gəlir” adlı ilk şeirlər toplusu 1957-ci ildə nəşr olunur. Həmin il Azərbaycan Yazıçılar İttifaqının xətti ilə Xəlil Rza Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun nəzdində fəaliyyət göstərən Ali Ədəbiyyat Kurslarına göndərilir.
   Xəlil Rza institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olur. Təhsil illərində Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxır.
   1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirir, 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alır və institutda müəllim kimi işə başlayır.
   
   “Şübhəli şəxs”
   
   Fitri istedadı ilə ətrafındakıları həmişə təəccübləndirən Xəlil Rza özünəməxsus dərs metodu ilə seçilir. Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu seçir. Doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlməyə görə 5 qəpik cərimə tələb edər, danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı. Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin saflığını qorumağa, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı:
   
   Məhv olarsa bir gün bu dil,
   Göygöl onda Göygöl deyil.
   Qoşqar onda Qoşqar deyil.
   Öz dilini sən qala bil!
   Qərbə, Şərqə işıq salan
   Füzulini sən qala bil!
   
   Əlbəttə, bütün bunlar hakim dairələrin nəzər-diqqətindən yayınmır, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. “Bilik” cəmiyyətinin xəttilə respublikanın rayonlarına səfərləri qadağan olunur. Xalq şairi Sabir Rüstəmxanlı xatirələrində yazır: “Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şeirlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər”.
   Beləliklə, Xəlil Rzanı Azərbaycan Dövlət Pedaqoji İnstitutundan uzaqlaşdırırlar. Onu Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. 1969-cu ildən burada fəaliyyətə başlayan şair bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Azərbaycan-özbək ədəbi əlaqələri, Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında monoqrafik əsərlər üzərində çalışır. 1985-ci ildə dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alır. Buna baxmayaraq, Xəlil Rza yenə də “şübhəli şəxs” kimi təqib olunur, onun imkanlarını məhdudlaşdırır, “təhlükəli ictimai mübarizə” yolundan çəkindirməyə çalışırlar.
   
   8 ay 13 gün, “Lefortovo gündəliyi” və Ulutürk təxəllüsü
   
   80-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağa təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi:
   
   Biz Türküstan elləriyik,
   Qeyrət, qüdrət selləriyik.
   Daşnakları qovan bizik,
   Dar gözləri ovan bizik.
   Yetər meydan suladılar,
   Yurdumuzu taladılar.
   Bakımızı əzizləyək.
   Əqrəblərdən təmizləyək!
   
   1990-cı ilin 20 yanvarında sovet ordusu hissələrinin Bakını gülləbaran edərək dinc insanları qətlə yetirməsi Xəlil Rzanı sarsıtmışdı. O, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.
   1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya, Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün dünyadan təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktublar qələmə alır.
   
   Qırın zəncirləri biləklərimdən,
   Açın qıfılları diləklərimdən.
   Endirin zindanı kürəklərimdən.
   Gecələr bürünüb soyuq yorğana,
   Yatmıram, dalıram Azərbaycana.
   
   Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. “Lefortovo gündəliyi” şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.
   
   Xəlil Rza - bir ağ saçlı bahadır,
   Elbrusdan, Savalandan ucadır.
   Hər misrası bir qızılgül, qonçadır.
   Başı qarlı, özü bahar laləzar.
   Azad edin, hür yaşasın sənətkar.
   
   Lefortovo həbsxanası şəkər xəstəliyindən əziyyət çəkən Xəlil Rzanın səhhətini bir az da ağırlaşdırır. 1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılır. Xəstəliyinə baxmayaraq, bəraət alıb azadlığa buraxıldığı ilk günlərdən yenə Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə meydanına atılır.
   Xəlil Rza 1990-cı il yanvarın 29-dək - 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini "Xəlil Xəlilov", "Xəlil Xəlilbəyli", "Xəlil Odsevər", "Xəlil Rza" təxəllüsləri ilə çap etdirmişdi. "Xəlil Rza Ulutürk" təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi.
   
   Nə qədər ki başçı olur başsız canlar,
   Bir millətin mənliyini talam-talam talayanlar,
   Nə qədər ki, mənə əxlaq dərsi verir fərarilər, boşqab dibi yalayanlar,
   Nə qədər ki,- Demokrat! - Aşkarlama!
   Deyə-deyə boğaz yırtır bu züyçülər, zurnaçılar, şeypurçular,
   Nə qədər ki, cəzasızdır Xankəndimdə evlər yıxan, ürək yaxan yırtıcılar,
   Davam edir otuz yeddi
   Daha kəskin, daha ciddi!
   
   1992-ci il yanvarın 31-də şairin oğlu Təbriz Xəlilbəyli Qarabağ uğrunda döyüşlərdə şəhid olur. Bu hadisə Xəlil Rza Ulutürkü sarsıtsa da, o, mətanətini itirmir.
   1994-cü il iyunun 22-də uzun sürən xəstəlikdən sonra Xəlil Rza dünyasını dəyişir. Şairin vəfatından sonra onun ömür-gün yoldaşı, vəfadar Firəngiz xanım Xəlil Rzanın şeirlərini, gündəliklərini və tərcümələrini sahmana salıb sanballı kitab halında Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir. O, Xəlil Rzanın yarımçıq işlərini - "işıq üzü görməyən küll halında qalmış əsərlərini" nəşr etdirməklə onunla nəfəs alır, onu yaşadır, onu ölməzliyə, əbədiyyətə qovuşdurur.
   Xəlil Rza azadlıq yanğısı ilə kükrəyən şeirləri, “Məndən başlanır vətənim”, “Davam edir 37”, “Lefortovo zindanında” və onlarla vətənpərvərlik duyğuları ilə zəngin kitablarıyla ölümsüzdür. Onun dünya ədəbiyyatı xəzinəsindən uğurla dilimizə çevirdiyi incilər də Xəlil Rza yaradıcılığının qiymətli irsindəndir.
   Xəlil Rza həyatı boyu odla oynadı. Odlu çıxışları ətrafı, odlu misraları ürəkləri yandırdı. Odla oynaya-oynaya sonda Səməndər quşu tək özünü odda yandıran Xəlil Rza Ulutürk Azərbaycan ədəbiyyatında haqq səsi, Azadlıq şairi kimi əbədiləşdi.
   
   Təranə Vahid






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar