Ötən əsrin əvvəlində rus ədəbiyyatının dünya poeziyasına verdiyi məşhur simalardan biri də Sergey Yesenindir. Lirik şairin nakam həyatının qısa, amma yaradıcılıq baxımdan məhsuldar bir dövrü Bakı ilə bağlı olub.
   
   Sergey Yesenin 1895-ci ildə Rusiyanın Ryazan şəhərində dünyaya göz açır. İlk şeirlər kitabı 1915-ci ildə işıq üzü görür. Cəmisi 30 il ömür sürən şair poeziya səmasında parlaq ulduza dönür. Qeyri-adi poetik istedadı onu təkcə Rusiyada deyil, habelə Şərqdə, Avropada, Amerikada tanıdır, sevilən şair edir.
   O, bəstəboy, sarışın və mavigöz bir gənc idi. A.Tvardovski şairin özünün və poeziyasının gözəlliyinə işarə edərək onu “Rusiya ağcaqayını” adlandırıb. Lakin böyük inam və ehtirasla: “Mən nəğməkar şair və vətəndaş olmaq istəyirəm” - deyən şairə ədəbi mühitdə bir ögey münasibət vardı. Moskvada, Sankt-Peterburqda onu “burjua şairi” adlandırıblar. Əsərləri sovet poeziyası üçün “faydasız, gərəksiz” hesab edilib. O isə kədərli bir nikbinliklə yazırdı:
   
   Bəlkə, biz də ölərik,
   Dilənçi torbasından
   Möhlət ala bilmərik...
   Deyəsən, tezliklə növbə mənimdir,
   Yır-yığış növbəsi yetişdi mənə...
   Lakin Rusiya bizi
   Yad edəcəkdir yenə.
   
   Sergey Yesenin ömrünün son iki ilini Qafqazda (Bakı, Tiflis, Batumi) keçirib. Bu müddətdə o daha məhsuldar işləyir. Məşhur “İran nəğmələri” silsiləsindən şeirləri, “Anna Snegina”, “Yerin kapitanı”, “Xatirələr”, “Əlvida, Bakı!”, “Bacıma məktub”, “Parla, ulduzum mənim” kimi əsərlərini yazır. “İran nəğmələri” heyrətamiz dərəcədə qeyri-adi, parlaq və yüksək romantik pafosla yazılıb. Bu şeirlər küskün ruhdan, kəskin ifadə tərzindən, süni və sərtlikdən uzaq zərif incilərdir. Bu poetik nümunələrdən görünür ki, burada onun şair duyğuları incəlib, əsəbləri sakitləşib və ona qarşı yönəldilən haqsız iftiralardan xilas olub. Şərq mühiti onun həyatına qeyri-adi yeniliklər gətirib və nikbinlik, səmimilik duyğuları aşılayıb.
   Məlumdur ki, Şərq poeziyasında gözəlin xumar gözlərini daha çox nərgizə, yanaqlarını laləyə, qara saçlarını zülmət gecəyə və pərişanlığa, dodaqlarını yaquta, qaşlarını kamana, kirpiklərini oxa və s. bənzətmək geniş yayılan ədəbi maneradır. Yeseninin “İran nəğmələri”ndə də bu cizgilərə tez-tez rast gəlinir... O daha sonra etiraf edərək yazır ki, burada - Qafqazda onun həyatında sanki möcüzə baş verir. Özündə gümrahlıq, xüsusi bir eşqlə yazıb-yaratmaq qüvvəsi hiss edir. Bütün bunlar Şərq gözəlinə müraciətlə yazdığı bu misralarda özünü aydın göstərir:
   
   Sən öz nəfəsinlə məni məst elə,
   Qəlbimin dərdini, kədərini qov.
   Şimallı bir qızın həsrəti ilə
   Ah çəkib, düşünüb, darıxmayım qoy! 

   Şair Qafqaz təbiəti ilə tanış olduqca özünün kədərli həyat və yaradıcılıq dramasından uzaqlaşaraq qəlb rahatlığı tapmasına sevinir. Azad, sərbəst və xoşbəxt günlər onu həyəcanlandırır. Bu cəhətdən onun “Əlvida, Bakı!” şeiri çox səciyyəvidir:

   Əlvida, Bakı! Ey Şərq üfüqləri, əlvida!
   İnan, qanım soyusa, taqətdən düşsəm də mən -
   Apararam, gedəcək mənimlə ta qəbrəcən
   Balaxanı mayı da, Xəzər dalğaları da.
   
   Göründüyü kimi, burada şair özünə həqiqi qəlb dostları tapmağında, Bakının qaynar mühiti ilə, Xəzər sahilləri, Mərdəkan, Balaxanı torpağından ayrılmanın çətinliklərindən ürəklə söhbət açır...
   20-ci illərə qədər S.Yesenin yaradıcılığında dini motivlər, pessimist fikirlər, formal ədəbi məktəblərin təsiri və süni notlar qabarıq nəzərə çarpıb. Bəlkə də bunlara işarə edərək şair yazır ki, mən bir sıra şeir və poemalarımdan məmnuniyyətlə əl çəkərdim.
   Sonralar M.Qorki yazıb: “Sergey Yesenini bizim gerçəklikdən ayrı təsəvvür etmək, onun üstündən xətt çəkmək mümkün deyildir. O, köhnəliklə yenilik arasındakı barışmaz təzadların parlaq və dramatik simvolu olaraq qalır”.
   Həqiqətən də, Yeseninin olduqca milli və humanist poeziyası zamanın sınağından ləyaqətlə çıxır. Puşkin, Lermontov və Nekrasov şeirinin ən istedadlı davamçısı olaraq rus poeziyasını çeşidli, mənalı rənglərlə zənginləşdirir.
   Onun taleyi çox uğursuz olub. 1914-cü ildə 19 yaşında ikən Moskva mətbəəsində korrektor işləyən Anna Romanovla ailə qurur. Yura adlı oğlu olur, amma bu evlilik uzun sürmür. 1917-ci ildə Zinaida Nikolayevna Rayxla kəbin kəsdirir. Bu nikahdan Konstantin adlı oğlu, Tatyana adlı qız dünyaya göz açır. 1921-ci ildə sovet hökumətinin dəvəti ilə görkəmli Amerika balerinası Aysedora Dunkan Moskvaya gəlir. Bir müddət balet məktəbində dərs deyir. Dunkan onun növbəti sevgisi olur. 1922-ci ilin əvvəlində onlar kəbin kəsdirərək xaricə gedirlər, Avropa və Amerikanı gəzirlər. Bu səyahət zamanı şair “Dəmir Mirqorod”, “Yaramazlar ölkəsi” və “Qəlb açarı” adlı məşhur əsərlərini yazır. Xaricdən qayıtdıqdan sonra öz doğma vətəninə daha möhkəm tellərlə bağlanır. Onun A.Dunkanla birgə həyatı 1923-cü ilin payızına kimi davam edir. İl yarım sonra Yesenin Dunkandan ayrılır. 1925-ci ilin mayında böyük rus yazıçısı L.N.Tolstoyun nəvəsi Sofiya Andreyevna ilə evlənir. Sofiya şairə böyük qayğı ilə yanaşır. Lakin əcəl imkan vermir. 1925-ci ildə dekabrın 27-dən 28-nə keçən gecə Yesenin Sankt-Peterburqda “Anqleter” hotelində özünü asaraq intihar edir.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar