Məhsəti Gəncəvi - 900
   
      
   Səkkiz əsrdən çoxdur ki, sadəlik, gözəlliklə yanaşı, söz-hikmət cazibəsiylə də humanizm simvolu kimi özündən söz etdirən, şan-şöhrəti dünyayla bir olan Məhsəti Gəncəvi yalnız mənsub olduğu xalqın, Şərqin yox, dünyanın böyük hadisəsidir. O, dünya tədqiqatçılarının diqqətini təkcə bədii irsi, poetik təfəkkürü ilə çəkməmişdi. Araşdırıcıları əsir-yesir edən əsas məsələ XII əsrdə yaşayıb-yaradan azərbaycanlı xanımın Şərq-İslam mühitində günəş kimi parlaması idi.
   
   Zaman-zaman müxtəlif xalqların şairləri, mütəfəkkirləri, ədəbiyyatşünasları, şərqşünasları, təzkirəçiləri Məhsəti Gəncəvinin taleyinə və sənətinə münasibət bildirmişlər. Cəmaləddin Xəlil Şirvani, Fəridəddin Əttar, Abdullah Cövhəri Təbrizi, Həmdullah Qəzvini, Dövlətşah Səmərqəndi, Aqafengel Krımski, Yevgeni Bertels, Frits Meyer, Həmid Araslı və başqaları Azərbaycanın söz sənətkarının, fikir zərifinin taleyinə dair obyektiv və ya ziddiyyətli qənaətlər irəli sürmüşlər.
   XX əsrin ikinci yarısında ədəbiyyatşünaslar Xəlil Yusifli və Rafael Hüseynov Məhsəti Gəncəvinin həyatına və irsinə milli təfəkkür prizmasından nəzər yetirmişlər. Xüsusilə AMEA-nın müxbir üzvü R.Hüseynovun 1989-cu ildə işıq üzü görən “Məhsəti necə varsa” monoqrafiyası müasir məhsətişünaslığa böyük töhfə oldu. Ədəbiyyatşünas ilk dəfə Məhsətinin bəlalara düçar olmasında şəhraşub və şəhrəngizlərin (anlamı - şəhəri heyran qoyan, şəhəri qatışdırıb vəlvələyə salan - R.Hüseynov) ciddi rol oynadığını göstərdi...
   Şeyx Nizami qadın hüquqsuzluğu, patriarxal hegemonluğa qarşı mübarizəyə qalxdığı zamanlarda artıq ölkədə, yaxın-uzaq məmləkətlərdə Məhsəti mifi dolaşırdı...
   
   Bir əlində qədəh, birində Quran
   
   poeziyanın, sənətin, idrak səltənətinin üfüqlərində qanad çalırdı. Bəllidir ki, Quran Yaradan və var olanlar haqqında ən etibarlı və ali mənbə, qədəhsə həqiqətə yolçuluqda (sufilik meyarlarına görə) ürfani vəsilədir. Məhsətinin “ayıq” olduğu vaxt onun Qurani-Kərim oxuduğu, Xaliqə və xilqətə idraki yanaşaraq elmi-məntiqi düşüncə sərgilədiyi anıdır. Özündə olmadığı zamanı isə Vücudi-Mütləqə “qovuşmaq” mücadiləsi, sərməstlik dəmləridir. Sonuncu əhvalın əsas əlaməti isə vəhdətə hesablanmış Eşqdir. Maddi aləmin əhəmiyyətsizliyi tendensiyası aparıcıdır. Bu duyğunu təxminən dörd əsr sonra Məhəmməd Füzuli “Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir?” misrası ilə ustadanə şəkildə ifadə edib. Təəssüflər olsun ki, uzun illər, əsrlərdir ki, Məhsəti Gəncəvinin bu sərməstlik hal-vəziyyətini qara-qura yozanlar az olmayıb. Halbuki zərif qəlbli şairə dünyadan, var-dövlətdən beşəlli yapışıb yaradılışın, insan olaraq məsuliyyətinin nədən ibarət olduğunun fərqinə varmayanlara ibrət dərsi keçir, “yəhərli əcəl köhləni”ni nişan verirdi:
   
   Bu dünya bir qızıl kuzəyə bənzər,
   Suyu gah şirindir, gah da ki, zəhər.
   Çox da öyünmə ki, uzundur ömrün,
   Əcəl köhlənində hazırdır yəhər.
   
   Bu müdrik xanımın çağırışına, harayına, yanaşmasına əsasən, əşyanın nədən hazırlanması, hansı əyar-qiymətə malik olması şərt sayıla bilməz. O, sadəcə, mayenin, məmulatın saxlanılması, daşınması üçün yararlı ola bilər. Şirin suyun, yaxud zəhərin saxsıda, qızıl-gümüşdə saxlanılmasının əhəmiyyəti yoxdur. Məhsəti Gəncəvinin müdrikliyi “İnsan insandır, olmasa belə pulu, Heyvan heyvandır, almasdan olsa çulu” aforizmini yadımıza salır. Deməli, dəyərli olan insandır, onun münasibətidir!..
   Qərbi Avropa ədəbiyyatında klassisizm öz yerini sentimentalizmə verəndən sonra (XVIII əsrin II yarısı) yaranan bədii əsərlərdə klassisizmdən qalma kralların, əsilzadələrin, əyanların ədəbi qəhrəman olmaq şansı tədricən sadə zəhmət adamlarına keçir. Bundan altı əsr öncə isə ədəbiyyatımızda Məhsəti Gəncəvi çörəkçi, papaqçı, toxucu, nalbənd, dülgər, başmaqçı, dərzi, qəssab və s. sahələrdə çalışan sadə zəhmət adamlarına rübailər deyirdi. Onları öz peşələrinin ustası hesab edərək qəhrəman kimi vəsf edirdi.
   Fikrimizcə, Məhsəti Gəncəvi öz məmləkətinin sənətkarlarının ümumiləşdirilmiş obrazını nisbətən irihəcmli janrlarda da ifadə edə bilərdi. Ancaq, görünür, şairə hər bir sənət sahibinin əməyini, istedadını xüsusi qiymətləndirib, onlara ruh, həvəs vermək üçün dörd misrada bitkin əsər hesab olunan rübailərlə kifayətlənmişdir. Sözü hökmdarlar tərəfindən eşidilən, əyan-əşrəfin hörmət və ehtiramını həmişə hiss edən şairənin bu humanist davranışı, həqiqətən də, onun əbədiyaşarlığını, örnəkliyini təmin etmişdir.
   Avropanın bəzi tədqiqatçılarının, həmçinin rusiyalı şərqşünas alim Y.Bertelsin Məhsətiyə real şəxsiyyət kimi yanaşmamaq meylləri, daha doğrusu, qısqanc münasibəti başadüşüləndir. Çünki onlar Nizami poetikasının və hikmətinin də qarşısında heyrətlərini gizlədə bilməmişdilər. Cavid əfəndi demişkən, avropalılar öyrəniblər göz süzüb, dodaq büzməyə... Ancaq nə etmək olar, Azərbaycan şairəsinin həqiqəti ortadadır!..
   
   Qəmim yoxsa, ürək qoy viran olsun...
   
   Orta əsr sufi-ürfani şeirdə dərdin var olması kamilliyə işarə idi. Dərdin, qəmin gətirdiyi əhval-ruhiyyə hansısa əzanın, orqanın yarasının, iltihabının nəticəsi deyildi. Bu dərd Xaliqin hikmətlərinin dərkinin gətirdiyi Eşqi anlamaq, ona can atmaq meylləri idi. Ona görə də ürfani atmosferdə olanlar, məsələn, Füzuli “Var bir dərdim ki, çox dərmandan artıqdır mənə...”, yaxud “Bir dəm bəlayi-eşqdən etmə cüda məni!” - deyərək dərd üstünə dərd istəyirdi. Füzulinin sələfi Məhsəti də qəm möhtaclarına, aşiqi-şeydalara qisməti-qəm arzulayır, qəmsiz ürəklərin viranə qalmasını diləyirdi:
   
   Sənsiz can bədənə qoy peykan olsun,
   Qəmim yoxsa, ürək qoy viran olsun.
   Qəmindən ayrı bir sevincim olsa,
   Öz dərdim bədənə bir zindan olsun.

   
   yaxud
   
   Möhtaca yeni qəm yetişər hər an,
   Dərdliyə yeni ox dəyər cəfadan.
   Cəhd etmə aşiqi öldürməyə çox,
   Bir xətər yetişər eyləmə, aman.
   
   Məhsəti Gəncəvinin hazırcavablığı, sinədəftərliyi haqqında mühitində hamı xəbərdar idi. Alın təri ilə dolanan sənətkarlardan tutmuş, dövrün hökmdarlarına qədər. Hansısa bir ustanın əl əməyini, istedadını gördüyü anda onun şəninə elə yerindəcə şəhraşub söyləməyi də şairənin poetik təfəkkür qüdrətini göstərirdi. Təzkirəçilərin yazdığına görə, saray məclislərinin birində qonaq olan şairə bayıra çıxıb içəri qayıdır. Hökmdar ondan havanın necə olduğunu soruşur. Məhsəti bədahətən bu rübaini deyir:
   
   Ey şahım, hamıdan üstün bilərək,
   Bəxt atını sənə bəxş etdi fələk.
   Qızıl nallı atın batmasın deyə,
   Yerlərə sərmişdir gümüş bir örpək. 

   Burada diqqətçəkən məsələ Məhsətinin təkcə hazırcavablığı deyil, önəmli olan fikrin ifadə, üslub gözəlliyi, poetik yüküdür. Nümunədə “qızıl nal” və “gümüş örpək” epitetləri yüksək sənətkarlıqla işlədilmiş, qızıl gümüşə tay tutulmamışdır.
   Əsərlərinin zahiri ifadəsinə əsaslanan müasirləri və araşdırıcılarından bəziləri Məhsəti Gəncəvi haqqında qoşulan “Əmir Əhməd və Məhsəti” dastanına istinad edərək onun şeirlərinin ünvanını dəqiq müəyyən edə bilməmişlər. Az qala dövründəki bütün sənət adamlarına vurulması haqqında fikirlər yürütmüşlər. Ancaq onun şeir həsr etdiyi təkcə ustalar, sənətkarlar olmamışdır. Bunu aşağıdakı nümunələrdən də aydın görmək mümkündür:
   
   ...Bir bax gözümə, bir gül üzün eşqindən,
   Yaşlar süzülür hər zaman ümman-ümman.
   
   yaxud
   
   Bir cüt gözün ilə nə qədər qan etdin,
   Zülfünlə nə çox qəlbi, de, viran etdin!
   Allah özü qoy qəlbinə insaf versin,
   Bəlkə yazıq aşiqlərə dərman etdin.
   
   Örnəklərdə işlənən “gül üz”, “aşiq” ifadələri ilə şeirin ünvanını müəyyən etmək o qədər də çətin deyil. Klassik ədəbi ənənədə “gül üzlü” ifadəsi yalnız xanımlar haqqında işlədilib. Aşiqlərə dərman etmək isə məhz məşuqlara aiddir. Şairənin ədəbi irsindən onlarla belə nümunə vermək mümkündür.
   
   O, simvollaşdı, əfsanələşdi...
   
   Məhsəti Gəncəvidən təxminən bir əsr sonra şair İzzəddin Həsənoğlu məşhur qəzəlində “Dutuşmayınca dər atəş, bəlürməz xisləti-ənbər” - deyərək odda yanmayınca ənbərdən ətir hasil olmaz qənaətini irəli sürürdü. Sarıyanız Məhsəti də azad düşüncədə, humanist əxlaqda, ən əsası isə nəinki Azərbaycan ədəbi ənənəsində, hətta Şərq ədəbi fikrində intibaha böyük zəmin yaratdı. Məhsəti bütöv bir əsrin yazılmış və yazılmamış qanunlarına qarşı mücadilə apardı. Odlara yandı, cəmiyyətə, şəriətə, ilahi-ürfani düşüncəyə mərdanə (kişicəsinə) yanaşdı, simvollaşdı, əfsanələşdi. Doqquz əsr öncə “yanan ənbər” indi də rayihəsini saçmaqdadır...
   
   Fariz Yunisli







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar