Hacı Fərhad Mirzənin eyniadlı kitabı barədə
   
   Deyirlər, Ulu Tanrı külli-kainatı bir nidası - «kafu-nun» (Var ol!) deməklə xəlq edib. Demək, insanoğlu da digər varlıqlar kimi bu sözdən sonra yaranıb. Sonradan Tanrı, sözü başqa varlıqlara yox, insana əmanət etdi. “Söz səltənətinin padişahlarından” olan babamız Füzuli də buyurdu ki, bu dünyada insandan, insanda isə sözdən qiymətli heç nə yoxdur. Füzuli haqlı idi. Aramışdı, axtarmışdı və nəhayət, qənaətini açıqlamışdı. İnsanda sözdən qiymətli heç nəyə rast gəlmədiyini etiraf etmişdi. Füzuli ağızdan çıxan hər ləfzəni də qiymətli saymayıb. Füzulinin söz əyyarında qiymətli söz böyük söz idi. Böyük sözün mənası dərin olub ki, onu da yalnız söz qəvvasları yarada biliblər. Söz qəvvaslarının yaratdıqları böyük sözün, bəlkə də, başında kəlamlar durur. Əgər belə olmasaydı, Şərqdə kəlam haqqında məxsusi bir elm yaranmazdı.
   Kəlam nədir? Lüğəti mənası ərəb dilində söz, danışıq, nitq deməkdir.
   Kəlam formaca qısa, mənaca lakonikdir. Həcmcə kiçik olan kəlam özündə çox böyük məna daşıyır. Elə bir məna (ideya) ki, çox vaxt həmin fikir silsilə romanlarda zorla ifadə olunur. Kəlam insan zəkasının işığından xəbər verir.
   Bura qədər yazdıqlarımız yazının girişi deyil. Əslində birbaşa mətləbdəndir. Çünki Hacı Fərhad Mirzənin «Vektor» Nəşrlər Evi tərəfindən yenicə çap edilmiş «Kəlamlar» kitabından danışacağıq. Kitab bütövlükdə qısa, yığcam, ancaq dərin məzmunlu kəlamlardan ibarətdir. Burada toplanmış kəlamlar insan mənəviyyatının çox müxtəlif sahələrini əhatə edir. Bu məqamda bir məsələyə münasibət bildirmək yerinə düşərdi. Dünyada yaranmış bütün elm sahələri bu və ya digər formada insana, onun həyatına xidmət edir. Ancaq kəlam elmi birbaşa insanın, onun mənəvi dünyasının zənginləşməsinə çalışır. Kəlam elmi insanı adi bioloji canlıdan ali varlığa yüksəltmək missiyasını qarşısına məqsəd qoyub. Kəlam elmi İslam dinindən, onun mənəvi dəyərlərindən qaynaqlanır. İslam dininə görə, insan mükəmməlləşməyə, kamilləşməyə məhkum bir varlıqdır. Yüksək şərəfə - insan adına layiq olmaq üçün adəm övladı kamilləşməlidir. Kamilləşmənin yolu isə özünütərbiyədən keçir. Özünütərbiyə mütaliə, müşahidədən, bir sözlə, görüb-götürməklə bağlıdır. Zaman-zaman Şərq bu yolla gedib. Azərbaycan ədəbiyyatında da uzun əsrlər bu tendensiyaya - kəlama, didaktikaya xüsusi önəm verilib. Ədəbiyyatımızda didaktik mövzuda yazmış müəlliflərin adlarını burada xatırlatsaq, uzun bir siyahı yaranar. Azərbaycan ədəbiyyatının ən qədim nümayəndələri olmuş Qətran və Xətib Təbrizilərdən, Məhsəti və Nizami Gəncəvilərdən tutmuş müasirlərimizə kimi əksər yazıçı və şairlərimiz didaktik üslubu sevgiylə davam etdirmişlər. Çünki bəşəriyyətin və insan cəmiyyətinin problemi dəyişməyib. Bütün zamanlar üçün kamil insan problemi önəmli olub. Problem olaraq da qalır. Kamil insan səviyyəsinə qalxmaq üçün də insan içərisində danışdığı bir çox mənfi hisslərdən - mal-mülk, mənsəb, şöhrət həvəsindən, şəhvət və ehtirasdan və s. başqa nəfsani yaşantılardan xilas olmalıdır.
   İnsanın kamilləşməsində kəlamlar həmişə müsbət rol oynayıblar.
   Kəlamlar həyati fakt və müşahidələr əsasında yarandığından insan şüuruna və ruhuna asanlıqla təsir göstərmək qüdrətindədir. Hacı Fərhad Mirzə mədəniyyət və mənəviyyat barədə kəlamında buyurur: «Mədəniyyət insanın mənəviyyatının zahiri gözəlliyi və ya zahirdə təzahürüdür». «Mədəniyyət sənin zahirin, mənəviyyat batinin, əxlaq isə qiymətindir». «Mənəviyyat insanın daxili mədəniyyətidir». «İnsanı insan edən onun mənəviyyatıdır».
   Hacı Fərhad Mirzənin kəlamları məzmun və mündəricə baxımından müasirdir. Kəlamlar içərisində demokratiya, diktatura, anarxiya, müstəqillik, seçki, keçid, bərabərlik məfhumları barədə də fikirlərə rast gəlirik. Adlarını çəkdiyim anlayışlarla bağlı kəlamlardan bir neçə nümunəyə diqqət kəsilək: «Demokratiya kamil insanların yetişdirdiyi meyvədir». Göründüyü kimi, Hacı Fərhad Mirzənin kəlamları, ruhuyla, mündəricəsiylə tam müasirdir. Bəlkə də, çoxlarına kəlam forma cəhətdən köhnəlmiş görünə bilər. Əslində isə belə deyil. Etiraf edək ki, müasir oxucu uzun və labirint təfərrüatlı əsərləri əlinə belə götürmür. Hövsələsiz oxucu silsilə romanların adlarını belə eşitmək istəmir. Səbri tükənmiş çağdaş oxucu həcmi qısa və məzmunu lakonik əsərləri axtarır. Çünki müasir oxucu darmacal bir vaxtda böyük ideyanı mənimsəmək istəyir, buna can atdığından nail də olur. Hacı Fərhad Mirzənin «Kəlamlar» kitabı müasir oxucunun bütün tələblərinə cavab verir. «Kəlamlar»ı oxumağa dəyər. Özü də birnəfəsə yox, hər gün bir az, kəlmə-kəlmə, kəlam-kəlam.
   Bir də bu adi kəlamlar toplusu deyil. Bu kitab insanlara ali hisslər, yüksək duyğular aşılayan bir kəlamlar toplusudur. Bu bir ürfan kitabıdır. İnsanı kamilliyə, mənəvi yüksəlişə səsləyən bir ürfan kitabı. 

  Aqil







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar