Caz Amerikada yaşayan zəncilərin ritmik musiqiləri ilə ağ dərililərin xalq musiqilərinin qarışığından yaranmış musiqidir. Dünya musiqi ictimaiyyəti tərəfindən cazın musiqi janrı kimi qəbul edilməsi XIX əsrin axırlarına - XX əsrin əvvəllərinə təsadüf edir. Tarixi daha qədim olan cazın belə gec tanınmasının, sözsüz ki, səbəbləri var. Caz Amerikanın cənub ştatlarındakı afrikalı qulların musiqisi hesab edilir. Bu musiqinin vətəni isə Yeni Orlean sayılır. Təsadüfi deyil ki, 1920-ci illərdə Amerikada yazılmış caz plastinkaları əsasən Yeni Orlean musiqiçilərinə məxsus olub.
   
   Cazın Yeni Orleanda deyil, Amerikanın digər bir bölgəsində yaranması mümkün də deyildi. Çünki sonradan musiqi tənqidçiləri dəfələrlə öz araşdırmalarında cazın Yeni Orleanın bütün xarakterində, mühitində əks olunduğunu bildirirlər. Onlar Yeni Orleanın ABŞ-ın heç bir şəhərinə bənzəmədiyini bildirir və cazın məhz bu şəhərdə yaranmasını təbii hesab edirlər. Bu şəhər öz səs-küyü, şənliyi, ən başlıcası, buradakı zəncilərə daha çox özünüifadəyə imkan verməsi ilə fərqlənirdi. Bu da həlledici bir faktdır ki, Avropadan Cənubi Amerikaya köçmüş ilk qaradərili kolonistlər nəslinin xatirəsinə ucaldılmış yeganə heykəl məhz Yeni Orleandadır.
   Cazın inkişafı bu mərhələlərdən keçib:
   Ragtime. Bu mərhələyə əsasən keçmişdə zəncilərin mərasimlərdə söylədikləri mahnılar aid edilir. 1917-ci ilə qədər davam etmiş bu mərhələnin ən məşhur caz ustası Elli Roli Martondur. Təəssüf ki, bu dövrə aid heç bir caz nümunəsi qalmayıb.
   Blues. Amerikalı zənci kölələrin işləyərkən söylədikləri xalq mahnıları olan bluz cazın meydana gəlməsində böyük rol oynayıb. Blues ifadə məzmunu baxımından zəncilərin daxili kədərini, çətinliklərini ifadə edir.
   Hot caz. Artıq bu dövrdə caz daha da inkişaf edib, səhnəyə yol tapa bilib. Hot caz dövründə bütün caz ustaları öz üslublarını formalaşdırıb.
   Swing. Hot cazın davamı və daha təkmil formasıdır. Bu dövrdə caz bütün sərhədlərini müəyyənləşdirib və tam bir musiqi janrı kimi özünü təsdiq edib. Bu dövrün əsas caz ustaları Louis Armstrong, Colemas Havvkins, Lester Young, Roy Eldridge, Glenn Miller kimi sənətkarlar olub.
   Qaradərili qulların mahnıları və rəqslərini sivilizasiyalı amerikalılar (Avropadan yeni qitəyə köç etmiş insanlar) vəhşi təbiətin məhsulu kimi dəyərləndirirdilər. Avropa musiqisinin ənənəsinə alışmış qulaqlar bu musiqidə ancaq xaos və ahəngsizlik eşidirdi. Təxminən XIX əsrə qədər bu musiqini tədqiq etmək heç kimin ağlına gəlmirdi. Cazın primitiv olduğu qədər də intellektual, insanı göz yaşları həddinə gətirən musiqi janrı, müxtəlif mədəniyyətlərin sintezinin məhsulu olduğunu ağ dərili amerikalılar, eləcə də avropalılar sonralar başa düşdülər.
   Caz onu qəbul etmək istəyən və istəməyən bütün xalqların musiqisinə daxil olmuş, hopmuş bir musiqi janrıdır. Hətta SSRİ kimi totalitar rejimə qulluq edən bir ölkə belə bu musiqinin sərhədləri aşmaq qüdrəti qarşısında aciz olub. Caz musiqiyə melodiya baxımından böyük yeniliklər gətirdi. Bu fikir Azərbaycan cazında da təsdiqini tapır. Muğam və cazın sintezi - ilk baxışdan bir-birindən son dərəcə fərqli görünən bu musiqilər, əslində, bir-birinə olduqca yaxındır. Onları sənətin ən mühüm prinsipi birləşdirir - sərbəst improvizə ruhu, yaradıcının, ifaçının tam sərbəst şəkildə özünüifadəsi. Cazla muğamın belə bir sintezini yaradıb dünyaya tanıtdıran Azərbaycan cazının banisi Vaqif Mustafazadə olub. Onun yaratdığı caz vaxtilə dünyanın ən məşhur caz musiqiçilərini heyrətləndirib: "Vaqif Mustafazadənin musiqisi Şəhrizadın 1001 gecə nağıllarına bənzəyir" (məşhur İsveç pianoçusu B.Yuxansson), "Vaqif Mustafazadə dünyanın ən yaxşı caz pianoçularından biridir" (Vaşinqton caz klubunun prezidenti D.Beker).
   
   Yeganə






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar