Çingiz Abdullayev: «Gələn 50 ildə daha çox iş görməliyəm»
«Romanlarım müxtəlif dillərə tərcümə olunsa da, daha böyük nailiyyətlər qazanmaq istəyirəm»
Dünya onu detektiv janrda yazdığı əsərləri ilə tanıyır. 140 romanın müəllifidir. Əsərləri müxtəlif dillərə tərcümə edilib. Adı dünyanın ən çox oxunan detektiv yazıçıları sırasındadır. Əlbəttə, söhbət Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevdən gedir. Yazıçı ilə söhbətimiz onun növbəti ad gününə təsadüf etdi. Aprelin 7-də Çingiz Abdullayevin 51 yaşı tamam olur.
- Artıq ömrünüzün yarım əsrini geridə qoymusunuz. Yaşınızın bu mərtəbəsindən baxanda nələri görə bilirsiniz?
- Həyatda qazandığım çox uğurlar var ki, onlarla fəxr edirəm. Xalq yazıçısı adına layiq görülən ən gənc yazaram. Bu ada layiq görüləndə 45 yaşım vardı. 50 yaşıma qədər 8 xarici ölkənin orden və medalları ilə təltif olunmuşam. Təbii ki, mənim üçün ən böyük təltif Azərbaycan dövlətinin mükafatıdır. Keçən il «Şöhrət» ordeni ilə təltif olunmuşam.
Bu günə qədər 140 romanım 25 milyondan çox nüsxə ilə nəşr edilib. Bütün bunlar mənim əldə etdiyim nailiyyətlərdir. Amma hesab edirəm ki, bunlar hələ azdır. Yenə də işləməliyəm. Məşhur Çin filosofu Konfutsi deyirdi: Özünü ayaqdan başa qədər ölçmə. Özünü ayaqdan göyə qədər ölç. Onda başa düşərsən ki, sən necə kiçik bir adamsan. Bu baxımdan hesab edirəm ki, hələ gələn 50 ildə daha çox iş görməliyəm.
- Deməli, oxucular Çingiz Abdullayevdən hələ çox şey gözləməlidir...
- Əsərlərim əsasında iki yeni film çəkilir. Bunlardan biri mənim ssenarimə rejissor Ənvər Əbluçun ekranlaşdırdığı «Çevrilmiş dünya» adlı filmdir. Filmin çəkilişində məşhur kinooperator Kənan Məmmədov da iştirak edir. Ssenarim əsasında digər film Moskvada çəkilir. Bunlar artıq mənim sayca 9 və 10-cu filmlərdir. Onlardan ikisi serial olub. Ssenari yazıram, kitablarım çıxır. Rusiyanın «Eksmo» nəşriyyatı ilə 2018-ci ilə qədər müqaviləm var. Yəni qeyd etdiyim gözləntiləri doğrultmaq əzmindəyəm.
- Çingiz müəllim, əsərləriniz dünyanın bir çox dillərinə tərcümə olunub. Siz özünüz necə, kitablarınızı ən çox hansı dildə yayımlanmasını istərdiniz?
- Mən əsərimi rusca yazıram. Sonra digər dillərə tərcümə olunur. Bu yaxınlarda Çindən əsərlərim Çin dilinə tərcüməsi ilə bağlı icazə istəyi gəlib. Bu, əsərlərimin dünyada tərcümə olunduğu 28-ci dil olacaq. Axırıncı 26 və 27-ci dillər eston və tacik dilləri olub. Kitablarımın daha çox hansı dildə nəşr edilməsinə gəlincə, təbii ki, bu, Azərbaycan dilidir. İndi sevinirəm ki, Azərbaycan dilinə tərcümə olunmuş 40-a yaxın əsərim var. Mən bilməzdim ki, öz doğma dilimizdə nəşr olunan kitablarıma belə böyük maraq yaranacaq. Bu yaxınlarda «İrəli» İctimai Birliyinin üzvləri ilə görüşmüşdüm. Orda 100-ə yaxın cavan oğlan və qız var idi. Mən onlardan soruşdum ki, kim mənim kitablarımı oxuyur əlini qaldırsın. Demək olar ki, hamısı əlini qaldırdı. Daha bundan böyük sevinc nə ola bilər? Etiraf edim ki, əvvəl belə deyildi.
Mən Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında olmuşam. Təbii ki, dərslər orda Azərbaycan dilində tədris olunur. Müəllimlər danışırlar ki, indi bizim tələbələrimiz rus dili müəllimlərinin yanına əlavə hazırlığa gedirlər ki, nəinki Azərbaycan, ingilis, hətta rus dilini də bilsinlər. Yəni mənim əsərlərim həm də o imkanı yaradır ki, gənclər rus dilini öyrənsinlər.
- Maraqlıdır, nə üçün əvvəllər kitablarınız Azərbaycanda az oxunurdu. Bəlkə buna səbəb rus dilində yazmağınız olub?
- Ola bilsin ki, tərcümə az idi. Çox adam indi də mənə deyir ki, axı, Çingiz Abdullayev Bakıda yaşamır. 3-4 il bundan öncə «Oqonyok» jurnalında yazılırdı: «Axı, biz hamımız bilirik ki, Çingiz Abdullayev adlı yazıçı yoxdur. 3-4 tanınmış yazıçı, müstəntiq, jurnalist oturub onun adından yazırlar. Axı, ola bilməz ki, bir adam bu qədər yazsın». Mən də onlara məktub göndərdim ki, gəlin mərc gələk, yoxlayın yazdığım kitabları. Bir sətir tapsanız ki, mən yazmamışam, onda sizə 10 min dollar verərəm. Əgər tapmasanaz, mənə bir rubl verin və üzr istəyin. Üzr istədilər, amma 1 rublu vermədilər.
- Bəs sizcə, yazıçının dünyaya çıxması, tanınması üçün Azərbaycan dili yetərlidirmi?
- Xeyr. Mən dünyada tanınmaq üçün kitablarımın ingilis dilinə tərcüməsini istərdim. Ona görə yox ki, mən hansısa dilə üstünlük verirəm. Məsələn, kitablarımı Çin dilinə tərcümə etsələr, onu 1 milyard yarım oxucu mütaliə edəcək. Amma buna baxmayaraq bu, bütün dünyanın oxuya biləcəyi ədəbi dil deyil. Dünyada bu gün 5 dil var ki, müəllif o dillərdə təqdim olunanda onu bütün dünya tanıyır. Türk dilində məni 100 milyondan çox oxucu mütaliə edir. Dostum Orxan Pamuk mənə şəxsən danışırdı ki, kitabları türk dilində çıxanda onu dünyada heç kim tanımırdı. Amma əsərləri fransız dilinə tərcümə ediləndə bütün dünya onu oxumağa başladı. Bu şərtdir və istərdim ki, oxucularımız bunu başa düşsünlər.
- Bayaq ssenariləriniz əsasında çəkilmiş filmlərdən bəhs etdiniz. Ümumiyyətlə, bu filmlərin səviyyəsi sizi qane edirmi?
- Heç bir yazıçı ssenarilərinə çəkilən filmlərdən razı olmur. Ona görə ki, yazıçı yaradanda bir şey fikirləşir, rejissor başqa bir şey. Doğrudur, ssenarilərim əsasında ən tanınmış rejissorlar film çəkib. Biri 13, digəri 20 seriya olan 2 serial çəkilib. Bunlar çoxlarının xoşuna gəlib. Buna baxmayaraq, təbii ki, mən hər dəfə nə isə bir xırda qüsur tapıram. İstəyirəm ki, daha yaxşı olsun. Bu xasiyyətimlə bağlı Ənvər Əbluç mənə gülür və deyir ki, hər dəfə görüşəndə sən bizi tənqid edirsən. Axı, belə olmaz. Mən də deyirəm ki, kino çəkilməzdən əvvəl tənqid etmək istəyirəm ki, sonra yaxşı alınsın. Bütün çəkiliş qrupunu bir yerə toplayıb ssenarini 4-5 dəfə yenidən yazmışam. Hesab edirəm ki, heç kəs inciməməlidir. İstəyirəm ki, elə bir film ərsəyə gəlsin ki, əhəmiyyətini 100 illərlə saxlaya bilsin.
- Elə yazıçı var ki, əsəri yazarkən qəhrəmanlarını xəyalında əvvəlcədən canlandırır. Olurmu ki, hansısa bir əsəri yaza-yaza, artıq onu film kimi görürsünüz?
- Nəinki görürəm, onun qəhrəmanları hələ mənimlə mübahisə də edirlər. Mən orda yaşayıram. Yuxarıda haqqında danışdığım çəkilməkdə olan «Çevrilmiş dünya» filmi əsərim deyil, ssenarim əsasında lentə alınır. Mən bu filmə orijinal bir ssenari yazmışam. Fikirləşdim ki, biz polislərimizə və hüquq-mühafizə orqanlarımızda çalışanlara nə qədər tənqidi tərəfdən yanaşmalıyıq? Bu gün narkomaniyaya, digər neqativ hallara qarşı mübarizə aparan və bu mübarizədə bəzən həlak olan mühafizə orqanları işçilərimiz var. Ssenarimdə bunu göstərmək istəmişəm.
- Maraqlıdır, Çingiz Abdullayev yaradıcılığında nə vaxtsa dramaturgiya özünə yer tapacaqmı?
- Bir pyes yazmışam və onu Rus Dram Teatrına vermişəm ki, baxsınlar. Sadəcə olaraq vaxt problemim var. Moskvada inanmırlar ki, il ərzində 8-10 kitabım çıxdığı halda işə də gəlməyə vaxt tapıram.
- Adətən insanlar öz asudə vaxtlarını kitab oxumağa sərf edirlər. Amma kitab yazmaq və oxumaq artıq sizin işinizdir. Yəqin ki, hər hansı hobbiniz də var.
- Hobbim elə kitab oxumaqdır. Operanı çox sevirəm. Sonuncu dəfə Milanda «La Skala» operasına baxmışam. Bakıda isə Rus Dram Teatrında çox olmuşam. Elçinin, Natiq Rəsulzadənin əsərlərinə çox tamaşa etmişəm. Başqa bir hobbim də dünyanı gəzməkdir. Məni dünyada tanıdıqlarına görə gəzmək rahatdır. Kompyuteri də özümlə götürdüyümdən istər qatarda, istərsə də təyyarədə yazıram.
- Təsəvvür edin ki, bir gün yazmaqdan yoruldunuz: onda nə işlə məşğul olarsınız?
- Bəlkə də yazmadım. Amma ən azı öz keçmiş kitablarıma redaktorluq edəcəyəm. Deyə bilmərəm ki, yazıçılığı seçmişəm. Görünür, Tanrı məni bu sənətdə seçib. Həyatdır də. Kitab yazmasam, məqalə yazacam. Qeyd edim ki, bu günə qədər siyasət, təhsil, Qarabağ məsələsi və digər mövzularla bağlı 400-dən çox publisist məqalənin müəllifiyəm. 140 romanım müxtəlif dillərə tərcümə olunsa da, daha böyük nailiyyətlər qazanmaq istəyirəm. Məsələn, Nobel mükafatı. Əgər türk yazıçısı bu mükafatı alıbsa, biz də alacağıq. İnanıram ki, 5-10 ilə Azərbaycan yazıçısı bu mükafatı əldə edə biləcək.
- Çingiz Abdullayevi bütün dünya oxuyur. Bəs siz kimləri oxuyursunuz?
- Amerika fantastlarını çox sevirəm. Klassiklərdən Heminquey, Folkner, Remarkı sevirəm. Azərbaycanda Anar, Natiq Rəsulzadə, Elçin Hüseynbəyli, İlqar Fəhmi kimi yazarların əsərlərini oxuyuram. Bundan başqa, hər gün olmasa da, hər həftə mənə oxumağa gənc bir yazarın əsərini gətirirlər.
Mehparə Sultanova