“Etüd” kitab mağazası paytaxtımızdakı kitab mağazalarından özünəməxsusluğu ilə seçilir. Həm kafe, həm də kitab evi kimi fəaliyyət göstərən mağaza maraqlı rəsmlərlə bəzədilib. Mağazada hər şənbə günü müxtəlif yazarlarla görüşlər və kitab təqdimatları keçirilir. İntellektual mühiti ilə seçilən bu məkan haqqında bizi maraqlandıran sualları kitab mağazasının sahibi Jalə İsmayılovaya ünvanladıq.
   
   - Niyə məhz belə bir kafe seçdiniz?
   - Məncə, bu daxili tələbatdan yarandı. Sənətə vurğunluğum bir növ məni məcbur etdi ki, bu işlə məşğul olum. Kitabdan başqa heç nə sata bilmərəm. Hər gün kitablara baxıram, tozlarını alıram, bu iş mənə zövq verir, mən bunu başqa iş üçün edə bilmərəm axı. İnsan işindən ləzzət almalıdır.
   - Tüstülü kafelərə gedənlər necə, buraya gəlirlər?
   - Əgər biz o tüstülü kafelərdə vaxt keçirənləri buraya cəlb edə bilsək, onlar buraya tez-tez gələcəklər. Burda xeyli rəsm əsəri də var, onların peşəkar və həvəskar rəssamların işi toplanıb. Ədəbiyyatda da belədir, bizdə həm detektiv, həm də ciddi ədəbiyyat nümunələri var, biz həmin əsərlərlə bütün insanları bura toplamağa çalışırıq.
   - Jalə xanım, gördüyünüz işin nəticəsindən razısınızmı?
   - Ölkədə kitab mağazalarının bu qədər az olduğu vaxtda bu işi görmək çox çətindir. Məncə, mədəniyyət marketinqini ciddi şəkildə düşünmək lazımdır. Konkret gərək nəyi nə vaxt və necə etmək lazım olduğunu planlaşdırasan. Mədəniyyətlə bağlı məqsədimiz təkcə pul qazanmaq deyil, həm də insanlara estetik zövq verməkdir. İqtisadi güc olmadan mədəniyyəti yüksəltmək və yaymaq çətindir. Biz hər şeyi öz gücümüzlə edirik. Yaradıcı adamların da arasında pullu olanları çox azdır. Digər tərəfdən, maddi imkanı olan adamların da mədəniyyətə marağı geniş deyil. Amma biz sabaha inanırıq.
   - Sənət adamlarından başqa bura kimlər gəlir?
   - Bizim kafemizə əsasən musiqiçilər, yazarlar, rəssamlar gəlir. Bizə belə mühiti istəyirik. Minlərlə kafe var, amma mən istəyirəm ki, bura həm də intellektual bir məkan olsun, maraqlı diskussiyalar, elmi və ədəbi müzakirələr, rəsmlər, sənət haqqında ciddi söhbətlər getsin. Bu səbəbdən şəhərin ən gözəl yerində özümüzə yer tapmışıq. Yoxsa fikrimiz ucuz və adi kafe açmaq olsaydı, bunu ucqar bir yerdə rahatlıqla edə bilərdik.
   - Hansı səpkili ədəbiyyat daha çox alınır?
   - Bizdə demək olar ki, bütün növ ədəbiyyat var. Amma ən çox alınan hüquq ədəbiyyatı və lüğətlərdir. Bir də çox sevindirici haldır ki, gənclər bir-birinin kitablarını alıb oxuyurlar. Rusiyadan gələn nağıl kitabları çox alınır. Bizim özümüzün nağıl kitablarımızın alınmamasına səbəb onların tərtibatıdır. Etiraf edək ki, Rusiyanın kitabları estetik baxımından yüksək səviyyədə hazırlanır. Biz bu problemi naşirlərin də diqqətinə çatdırırıq.
   - Kitab mağazasının sahibi kimi, naşirlərdən hansı mövzuda kitabların çap etmələrini istəyərdiniz?
   - İncəsənətə aid kitabların çap olunmasını çox istəyərdim. Kino rejissorluğuna aid kitablar yoxdur. Eləcə də teatr və rəssamlıq haqqında. Alıcılar daha çox musiqiyə, kinoya, rəssamlığa aid kitabları istəyirlər.
   
   Fərid Hüseyn