Fayis Məmmədov: «2009-cu ildə şirkətimizin xətti ilə ölkəmizə gələn turistlərin sayı 25 faiz artıb»
   
   İnkişaf etmiş ölkələrin büdcəsinin mühüm hissəsi turizm sektorundan gələn gəlirlər hesabına formalaşır. Azərbaycanda da son illərdə turizm sektoru inkişaf etməkdədir. Turizm indi Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun prioritet sahələrindən biridir. Bəs ölkəmizdə turizm şirkətlərinin fəaliyyəti necədir, bu sahədə hansı problemlər var?
   Bu və digər məsələlərlə bağlı suallarımızı «Bakı Tur» turizm şirkətinin rəhbəri Fayis Məmmədova ünvanladıq:
   - «Bakı Tur» turizm şirkəti 1992-ci ildən fəaliyyət göstərir. İlk vaxtlardan «Bakı Tur» turizmin müxtəlif növləri, o cümlədən daxili, xarici, ziyarət və istirahət turizmi ilə məşğul olub. Bir çox ölkələrə ekskursiya, istirahət, ziyarət və müalicə turları təşkil edirik. 300-ə yaxın sanatoriya ilə müqavilə bağlamışıq. Ustəlik Azərbaycan daxilində, İran və İraqa ziyarət turlarımız var. Fəaliyyətimizin əsas qollarından birini də «incoming» - gəlmə turizm təşkil edir. Bütün ölkələrdə turizm sektorunda əsas gəlirlər məhz gəlmə turizm, yəni xaricdən gələn turistlər hesabına formalaşır. Bu səbəbdən də biz gəlmə turizm ilə daha çox məşğul oluruq.
   Şirkətimiz Azərbaycandan keçən beynəlxalq turizm marşrutlarında yaxından iştirak edir. Bunlar «Böyük İpək yolu», «Şərab yolu», «Xalçaçılıq» və «Aleksandr Düma Qafqazda» marşrutlarıdır. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq turizm sərgilərində yaxından iştirak edirik. Etiraf edim ki, bunun nəticəsini də görürük. 2008-ci illə müqayisədə 2009-cu ildə şirkətimizin xəttilə ölkəmizə gələn turistlərin sayı 25 faiz artıb. Dünya iqtisadiyyatında baş verən böhrana baxmayaraq, belə bir nəticənin əldə edilməsinin bir neçə səbəbi var. Əvvəla, dövlətimizin apardığı iqtisadi siyasət nəticəsində ölkə çox geniş şəkildə tanıdılır. İkinci tərəfdən, il ərzində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi beynəlxalq səviyyəli tədbirlərin sayının çox olması və müxtəlif ölkələrin turizm təşkilatları ilə qarşılıqlı əməkdaşlığın sıx qurulması ölkəyə turist axınını şərtləndirir.
   - Xarici ölkələrin təcrübəsindən də göründüyü kimi, ölkənin turizm potensialını lazımi səviyyədə təbliğ etmək üçün vacib şərtlərdən biri təcrübəli bələdçilərin olmasıdır. Hazırda Azərbaycanda bu sahədəki vəziyyət sizi qane edirmi?
   - Qonaqda gəldiyi ölkə haqqında ilk təəssürat məhz bələdçilərin verdiyi məlumat əsasında formalaşır. Bu baxımdan çalışırıq ki, təcrübəli bələdçilərlə işləyək. Amma buna hər zaman nail ola bilmirik. Çünki hazırda Azərbaycan turizminin ən başlıca problemlərindən biri savadlı bələdçilərin sayının az olmasıdır. Sovet dövründən bu sahə ilə məşğul olan bir neçə bələdçi var ki, onlarla işləyirik. Gənc nəsildə bu işə maraq azdır. Yaxınlarda işlədiyimiz alman şirkətinin nümayəndələri gəlmişdilər. Onlar Gürcüstan şirkətləri ilə də işləyirlər. Həmkarlarımız bizə dedilər ki, Gürcüstanda 10 nəfər gənc bələdçi var ki, alman dilində çox gözəl danışmağı bacarırlar. Bizdə isə 3-4 nəfər yaşlı bələdçi var. Bəs onları gələcəkdə kim əvəz edəcək? Ona görə də bu məsələ artıq ciddi problemə çevrilib.
   Sovet vaxtı Bakı Səyahət və Ekskursiyalar Bürosunun nəzdində 2-3 aylıq kurslar təşkil edilir, kurslarda bələdçilər hazırlanırdı. İndiki yaşlı bələdçilər bu kursların məzunlarıdır. Azərbaycan Turizm İnstitutunun nəzdində də belə kurslar təşkil edilməlidir. Bir çox ölkələrdə bu tipli kurslar turizm şirkətləri assosiasiyalarının nəzdində açılır. İnkişaf etmiş ölkələrin əksəriyyətində assosiasiyalar sertifikat verməsə, heç bir turizm müəssisəsi həmin bələdçini işə götürmür. Turizm şirkətlərinə də tapşırılır ki, sertifikatı olmayan bələdçini ekskursiyalara buraxmasınlar. Əks təqdirdə, həmin şirkətlər ciddi surətdə cəzalandırılırlar. Hesab edirəm ki, Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının nəzdində də bələdçi kursları təşkil edilməlidir.
   - Turizm məhsulunun reklamı ilə turizm şirkətləri məşğul olur. Dünya təcrübəsi də onu göstərir ki, hotellər özlərini reklam etmir. Onların bəlli bir operatoru olur və bütün satış hüququnu da həmin təşkilat həyata keçirir. Azərbaycanda bu praktika formalaşıbmı?
   - Çoxdan işləyən təcrübəli hotellər və istirahət mərkəzləri turizm şirkətləri ilə yaxşı əlaqələr qurublar. Amma elələri də var ki, rəhbərliyində təcrübəsi olmayan insanlar təmsil olunurlar. Onlar düşünürlər ki, təkbaşına çalışmaqla nə isə əldə edə biləcəklər. Lakin bu belə deyil. Turizmin inkişaf etdiyi bütün ölkələrdə turizm şirkətləri hotellərin və istirahət mərkəzlərinin öz işini qurmasında aparıcı rol oynayır. Tutaq ki, hotelin qiyməti 100 dollar müəyyənləşdirilib. Amma həmin hotel turizm şirkəti ilə müqavilə bağlayanda bunu korporativ əsaslarla edir. Yəni burada hotelin qiyməti olur 80 dollar. Bəzən olur ki, hətta 10 faiz də turizm şirkətinə komissiya haqqı verilir. Hər hansı turist şirkətin xətti ilə həmin hotelə gedəndə 80 dollar ödəyir, amma birbaşa yer sifariş verəndə 100 dolları ödəmək məcburiyyətində qalır. Üstəlik bilmir ki, orada ona necə xidmət göstəriləcək. Turizm şirkəti isə nisbətən ucuz qiymətlə yerləşdirməni, nəqliyyat xərclərini öz üzərinə götürür. Ona görə də vətəndaşlar turizm şirkətlərinin xidmətindən istifadə etməlidirlər.
   - Məlum olduğu kimi, aprelin 28-30-da Bakıda «AİTF - 2010» beynəlxalq turizm və səyahətlər sərgisi keçiriləcək. Builki sərgidə ilk dəfə olaraq Azərbaycanın regional turizmi geniş şəkildə təqdim olunacaq. Bütöv bir pavilyon ölkənin istirahət zonaları, sanatoriyaları və mehmanxanalarının ekspozisiyasına həsr ediləcək. «Bakı Tur» bu sərgidə iştirak edirmi?
   - Biz bu sərgidə turizm şirkəti kimi yox, istirahət mərkəzi kimi iştirak edəcəyik. Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev adına İdman və Konsert Kompleksinin foyesində böyük bir sahəni öz hesabına icarəyə götürüb və orada regionların turizm potensialını təqdim edəcək. Burada bizim Qəbələdə fəaliyyət göstərən hotelimiz üçün yer ayrılıb, həmin yerdə «Bakı Tur»un da təbliğatı aparılacaq.
   
   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar