Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bu fikirdədir
Xalq artisti, professor, Azərbaycan ifaçılıq məktəbinin görkəmli nümayəndəsi Fərhad Bədəlbəyli ilə mədəniyyətin hansı sahəsinə dair desən, söhbət etmək olar. Bu dəfə maestro söhbətə rektoru olduğu Ü.Hacıbəyli adına Musiqi Akademiyasının tələbə və məzunlarından başladı. Beləcə, söhbətimiz musiqi təhsili, ümumi mədəni səviyyə və mənəvi tərbiyə mövzusuna kökləndi.
- Musiqi Akademiyasındakı tədris prosesi digər ali məktəblərdəkindən çox fərqlənir. Başqa bir ali məktəbdə müəllim auditoriyada 100-200 nəfər tələbəyə mühazirə oxuyursa, bizdə müəllim və professorlarımız tələbələrlə təkbətək, fərdi şəkildə məşğul olurlar. Bəzən onların birgə çalışması saatlarla sürür, dərs hətta axşamdan keçənədək davam edir, məşq gedir. Bizim professorların iddiaları çox böyükdür. Hamı istəyir ki, onun tələbəsi hansısa beynəlxalq müsabiqədə qalib gəlsin, şöhrət qazansın. Bir müddət əvvəl iki məzunumuz - Dinara Əliyeva və Elçin Əzizov Rusiya Böyük Teatrına solist qəbul ediliblər.
- Bir neçə il əvvəl Dinaranın Monserrat Kabalyenin ustad dərsindəki çıxışı da, o, səhnədə olarkən müəllimi Xuraman Qasımovanın keçirdiyi həyəcan da gözlərimin qarşısındadır...
- Görürsünüz, hər bir səsin, notun üzərində saatlarla işləməyin, vaxtı unudaraq məşq etməyin, müəllim-tələbə münasibətinin nəticəsi budur. Yaxud Murad Hüseynovun Parisdəki beynəlxalq müsabiqədə birinci yeri tutması orada sensasiya kimi qarşılandı!
- Elə ötən yay başqa bir tələbəniz İsfar Sarabski İsveçrədə caz müsabiqəsində uğur qazanması ilə bizi sevindirdi...
- Bəli, tələbələrimizin, məzunlarımızın bütün uğurları göstərir ki, bu tədris ocağı yaşayır. Biz hər gün efirə çıxıb öz uğurlarımız barədə danışmırıq, təvazökarlıq edirik. Amma demək lazımdır. Bu uğurlar təkcə Musiqi Akademiyasının yox, Azərbaycan mədəniyyətinindir. Yadımdadır ki, İsfar musabiqəyə qatılanda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bütün konsertlərdə iştirak edirdi, onunla birgə həyəcanlanırdı, gənc pianoçuya qayğı göstərirdi. İsfardan əvvəl Montrödə ikinci mükafat qazanmış Şahin Növrəsli bu gün Amerikada ən sanballı caz klublarında müvəffəqiyyətlə çıxış edir. Hazırda İtaliyanın Ozima Opera Sənəti Akademiyasında təhsilini davam etdirən baritonumuz Cavid Səmədov böyük uğurlar qazanır. O, professor Elmira Quliyevanın yetirməsidir. Mən Cavidə çox böyük ümid bəsləyirəm.
Qazanılan uğurlar sübuta yetirir ki, bu ocağın əsas işi istedadlı tələbələrin qayğısını çəkmək, onların qabiliyyətlərinin parlamasına şərait yaratmaqdır.
Bu uğurlar akademiyanın rektoru mənəm deyə, qazanılmayıb. Başqa bir adam da rektor olsaydı, yenə bu uğurlar qazanılacaqdı. Çünki bu ocaqda Üzeyir bəyin təməlini qoyduğu ənənələr yaşadılır.
- Təxminən 20-25 il əvvələ qədər Azərbaycanda, demək olar ki, əksər ailələrdə uşaqların musiqi məktəbində oxuması dəb idi. Azərbaycanlı uşaqlar əsasən xarci ölkə bəstəkarlarının əsərləri üzərində qurulan Avropa alətləri üzrə tədris proqramının öhdəsindən pis-yaxşı gəlirdilər. Son illərdə isə musiqi məktəblərində Avropa alətləri üzrə təhsil almaq istəyənlərin sayı azalır. Bu, yaxın gələcəkdə bizi xaricdən orta səviyyəli musiqiçi transferi problemi ilə üz-üzə qoymaz ki?
- Belə bir təhlükə var. Məsələn, violonçel çox qəliz alətdir. Onu daşımaq, onda çalmağı öyrənmək də çətindir. Buna görə də belə «ağır» alətlərə gedən azdır. Bu gün az qala hamı ya bizneslə məşğul olmaq istəyir, ya da vəkil-prokuror olmaq. Musiqiyə gələnlərin də çoxu toylarda çalıb-oxumaq istəyir. Bunun üçün isə heç əməlli musiqi savadı lazım deyil. Təsəvvür edin ki, Gürcüstanda klassik musiqi ənənələri bizdən də qədimdir, amma onlar belə bir proqram tərtib ediblər: voltorna, faqot, violonçel kimi çətin alətləri seçənlərə xüsusi təqaüd verirlər. Həmin şəxsləri qəbul imtahanından da azad edirlər ki, təki konservatoriyada bu alətləri öyrənsinlər. Vəziyyət bu qədər çətindir. Məncə, bizdə də bu cür xüsusi proqrama ehtiyac var. O qədər istedadlı uşaq var ki, ya kasıb ailənin övladıdır, ya da valideyn himayəsindən məhrumdur. Niyə biz bu uşaqları həmin çətin alət ifaçılığına yönəltməyək? Həm onlara sənət, çörək vermiş olarıq, həm də gələcək üçün mükəmməl musiqiçi qazanarıq. Ayda 100-150 manat təqaüd alan uşaq başa düşəcək ki, ona bu pulu nəyə görə verirlər və onun həvəsi, məsuliyyəti daha da artacaq. Violonçel çalan ilə hüquq fakültəsinə imtahan verəndən tarixi, dili eyni səviyyədə tələb etmək olmaz! Musiqiçinin zəhmətinə, istedadına görə ona güzəşt edilməlidir. Çətin alətlərə marağı bu cür artırmaq lazımdır. Biz Əbülfəs müəllimlə də bu barədə söhbət etmişik. Yəqin ki, Moskvadan, ya Sankt-Peterburqdan bir neçə professoru dəvət edəcəyik. Çünki nəfəs alətləri üzrə müəllimlərimiz, təəssüf ki, azdır.
- Müəllimi çağırmaq, orkestrə ifaçı cəlb etməkdən daha sərfəlidir, ona görə?
- Bəli! Qoy həmin professor orkestrdə də çalsın, amma öz biliyini mütləq azərbaycanlı balalarına öyrətsin.
- Ötən əsrin əvvəlində Üzeyir bəy bu təcrübənin təməlini qoymuşdu. Onun bu ideyası sayəsində biz həm Leopold Rostropoviç kimi gözəl pedaqoq, sonralar isə Mstislav Rostropoviç kimi dünya şöhrətli həmyerli qazandıq.
- Düz deyirsiniz. Elə mənim mərhum müəllimim Mayor Rafailoviç Brenneri də bir zaman Üzeyir bəy Sankt-Peterburqdan Bakıya dəvət etmişdi. Bu gün biz akademiyanın pedaqoji heyətini dəvətli professorların hesabına gücləndirməklə Üzeyir bəyin ənənələrini davam etdiririk. Bir az maliyyə problemi var, amma bunu da həll etməliyik. Yoxsa 20 ildən sonra Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini çalan tapılmayacaq.
- Mən yenə də söhbətimizin əvvəlində toxunduğunuz proqrama qayıtmaq istəyirəm: həmin proqramı kim tərtib etməlidir?
- Təbii ki, bu proqram hökumət səviyyəsində olmalıdır, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi onu birlikdə hazırlamalıdır. Dünyada belə təcrübələr var. Məsələn, İsraildə belə bir proqram tətbiq edilir. Uşaqlar həftədə bir gün məktəbə yox, muzeyə, teatra, ya da konsert salonuna gedirlər. Məsələn, konsert salonunda uşağa musiqini anlayacağı tərzdə başa salırlar. Alətlərlə tanış edirlər, məlumat verirlər, hətta uşaqların həmin alətlərdə nəsə çalmalarına da icazə verirlər. Uşaqlara simfonik orkestrin nə olduğunu yüngülvari başa salırlar. Sonra da nisbətən rahat anlaşılan əsərləri, tutaq ki, Ştrausun valslarını, Çaykovskinin baletlərindən populyar parçaları, Şopenin prelüdlərini çalırlar. Həm də bu proqram məcburidir! Bilirsiniz, indiki zamanda yalnız sinifdə oturmaqla dərs keçmək düzgün deyil. Zamanə dəyişib. İndi tələbə də, şagird də evdə kompyuterin düyməsini basmaqla o qədər informasiya alır ki!
- Deməli, onları başa salmaq lazımdır.
- Düzdür. Amma bizim orta məktəbin tədris proqramında mədəniyyətə az yer ayrılıb. Bu isə, məni narahat edir. Orta məktəbdə musiqi dərsi keçilir, hamımız da bilirik ki, bu dərs formal xarakter daşıyır, vəssalam.
- Bəs vəziyyəti necə düzəltmək olar?
- Həm orta, həm də ali məktəbdə mədəniyyət tarixi mütləq planlı şəkildə öyrədilməlidir. Mən deyərdim ki, başlanğıcda muzeyə, konsertə, teatra getmək, kitab oxumaq lap məcburi təbliğ edilməlidir. Gənc nəslin Azərbaycan mədəniyyəti, incəsənət xadimləri barədə ən azı informasiyası olmalıdır.
- Fərhad müəllim, siz cavan yaşınızdan pedaqoji fəaliyyətə başlamısınız, 20 ilə yaxındır ki, təşkilati işlə məşğulsunuz, rektorsunuz. İstər pedaqoji fəaliyyət, istər rektorluq ifaçı Fərhad Bədəlbəyliyə çoxmu mane olur?
- Bəli, mane olur. Mən çox çətin bir vaxtda rektor təyin edildim. 90-cı illərin əvvəli idi. Konservatoriya, klassik musiqi yada düşmürdü. O zaman 20-25 nəfər professor başqa ölkələrə işləməyə getdi. Mənim yalançı vətənpərvərlikdən acığım gəlir, amma o vaxt fikirləşirdim ki, hamımız getsək, konservatoriyanın vəziyyəti necə olacaq? Klassik musiqiyə münasibət pisləşmişdi, professor 20 dollar maaş alırdı, alətlər sınıb dağılırdı. Hələ sovet vaxtında da biz qışda soyuqdan donurduq, paltoda oturub imtahan götürürdük. Amma illər keçdi, vəziyyət dəyişdi. Özünüz görürsünüz, bina necə gözəl təmir edilib, qışda soyuqdan, yayda istidən əziyyət çəkmirik. Musiqi alətləri də təzələnib. Düzdür, akademiyadakı işlər yaradıcılığıma, daha çox çıxış etməyimə imkan vermir. Amma yenə də çalışıram ki, səhnəyə çıxım. Bu yaxınlarda İsraildə qastrolda olmuşam. May ayında Vilnüsdə, sonra Londonda konsert verəcəyəm. Avqustda isə Qəbələ festivalında üç dəfə çıxış edəcəyəm.
- Yadımdadır, əvvəllər sizin kabinetinizdə iki royal var idi. Birində özünüz çalardınız, birində də dərs keçdiyiniz tələbə. Amma indi bir royal var. Dərsi daha kabinetdə keçmirsiniz, yoxsa çalmaqla öyrətməyə ehtiyac yoxdur?
- Yox, dərsi elə kabinetimdə keçirəm. Tələbəyə qulaq asıram və qeydlərimi söyləyirəm. O biri royalı isə salonda səhnəyə qoymuşuq. Düşündüm ki, kabinetdə iki royal bir az eqoistlik kimi görünür. Qoy tələbələr də yaxşı royalda çalsınlar.
Söhbətləşdi:
Gülcahan Mirməmməd