Maarif Teymur: «Görkəmli şəxsiyyətlərimiz özlərinin şəxsi arxivlərini, ən dəyərli sənədləri bizə etibar edirlər»
   
   Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi (DƏİA) Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 17 iyul tarixli qərarı əsasında yaradılıb. Arxiv Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, dövlət idarələrinin və yaradıcılıq təşkilatlarının sənədlərini, görkəmli şəxsiyyətlərin şəxsi arxivlərini toplayır, onların mühafizəsi və istifadəsi işini təşkil edir.
   Bu il Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin fəaliyyətinin 45 ili tamam olur. Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Maarif Teymur arxivin yarandığı ilk gündən burada çalışır, son 20 ildə isə bu mədəniyyət ocağına rəhbərlik edir. Onunla söhbətimizdə mənəvi xəzinəmizin saxlanc yerinin keçdiyi yola nəzər saldıq.

   
   
   - Rəhbərlik etdiyiniz arxivin fondlarında hansı əsrdən başlayaraq xalqımızın ədəbiyyat və incəsənətini əks etdirən sənədlər qorunur?
   - Arxivdə XIX əsrdən başlayaraq günümüzə qədərki dövrə aid ədəbiyyat və incəsənətimizi özündə əks etdirən sənədlər toplanıb. Arxivin sənədlərində bu sahədəki idarə və təşkilatların, Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin, milli ədəbiyyat və incəsənətimizin inkişafına verdikləri töhfələr haqqında məlumatlar geniş əksini tapıb. Arxivdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan SSR Xalq Komissarları Soveti İncəsənət İşləri İdarəsinin, Azərbaycan Respublikası Dövlət Kinematoqrafiya Komitəsinin, Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının, mədəniyyət sahəsindəki ali və orta ixtisas məktəblərinin, yaradıcılıq təşkilatlarının, qəzet və jurnal redaksiyalarının, ictimai təşkilatların fondları, ədəbiyyat və incəsənət xadimlərinin şəxsi arxivləri saxlanılır.
   Qiymətli və nadir sənədlər arasında Mirzə Ələkbər Sabirin 1907-ci ildə «Bəhlul» jurnalının redaksiyasına göndərdiyi məktub, C.Cabbarlının «Yada düşdü» şeiri, Əbdürrəhim bəy Haqverdiyevin hekayələrinin əlyazmaları, Üzeyir Hacıbəylinin 1913-cü ildə Hüseynqulu Sarabskiyə və 1921-1931-ci illərdə Ceyhun Hacıbəyliyə yazdığı məktubları, Səməd Vurğunun məktub və şeirlərinin əlyazmaları, Cəlil Məmmədquluzadə və Hüseyn Cavidin Qurbanəli Şərifzadəyə məktubları, Cəlil Məmmədquluzadənin Təbrizdə oynanılmış «Ölülər» pyesinin əlyazması (1917-ci il), Məhəmməd Əmin Rəsulzadənin Ceyhun Hacıbəyliyə göndərdiyi məktubları yer alıb. Azərbaycan yazıçı, şair, dramaturq və ədəbiyyatşünaslarının arxivdə saxlanılan şəxsi fondlarındakı sənədlər ölkəmizdə milli ədəbiyyatın təşəkkülü və inkişafını özündə geniş əks etdirir. Buraya Həsən bəy Zərdabinin, Məmməd Arifin, Ənvər Əlibəylinin, Əliağa Vahidin, Əli Vəliyevin, Hüseyn Cavidin, Əhməd Cəmilin, Mir Cəlalın, Rəsul Rzanın, Süleyman Rəhimovun, Əli Tudənin və başqalarının şəxsi fondları daxildir. Arxivdə mühafizə olunan ən zəngin sənəd toplularından biri uzun illər Moskva Dövlət Universitetinin professoru olmuş ədəbiyyatşünas, tərcüməçi Əziz Şərifin şəxsi fondudur. Əziz Şərifin 1910-cu ildən 1987-ci ilə qədər yazdığı gündəliklər, həmin fondda mühafizə olunan «Molla Nəsrəddin», «Dəbistan», «Gələcək», «Plamya», «Dan ulduzu», «İşıq yolu» və başqa qəzet, jurnal komplektləri də xalqımızın bu dövr mədəniyyət tarixini öyrənməkdə qiymətli məxəzdir.
   Arxivdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin, Ədəbiyyat Fondunun, ədəbi nəşrlərdən «Azərbaycan», «Literaturnıy Azerbaydjan», «Ədəbiyyat», «Ulduz», «Qobustan»ın fondları, eləcə də müxtəlif bədii əsərlərin əlyazmaları, yazıçıların qurultay, plenum və iclaslarının stenoqrafik hesabat və protokolları, müvafiq idarə, təşkilat və müəssisələrlə yazışmaları, hesabatları yer alıb.
   
   Kino, teatr, musiqi...
   
   - Arxivdə teatr, kino və musiqi tariximiz barədə hansı sənədlər yer alıb?
   - Arxivdə Azərbaycanın teatr tarixinə dair çoxlu sənədlər, o cümlədən Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Opera və Balet Teatrı, Akademik Milli Dram Teatrı, Rus Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı və teatr işi sahəsində fəaliyyət göstərən digər müəssisələrin fəaliyyətini əks etdirən materiallar toplanıb. Buraya həmçinin respublikamızda teatrların yaradılması və təşkili haqqında hökumət qərarları, tamaşaya qoyulan əsərlərin qəbulu və onların məşqləri haqqında məlumatlar, ixtisas komissiyalarının, bədii şuraların iclas protokolları, teatrların fəaliyyəti haqqında hesabatlar və digər sənədlər də daxildir.
   - Bütün görkəmli sənətkarların şəxsi fondlarını əldə edə bilmisinizmi?
   - Arxivdə Azərbaycan teatr sənətinin inkişafında əvəzsiz xidmətləri olmuş görkəmli rejissor və aktyorların şəxsi fondları toplanıb. Bu sırada Əliağa Ağayev, Mirzəağa Əliyev, Ələsgər Ələkbərov, Rza Əfqanlı, Mərziyyə Davudova, Müxlis Cənizadə, Kazım Ziya, İsmayıl Hidayətzadə, İsmayıl Osmanlı, Sidqi Ruhulla, Möhsün Sənani, Bəşir Səfəroğlu və başqalarının şəxsi fondlarını qeyd etmək olar.
   Eləcə də Azərbaycanda milli və klassik musiqi mədəniyyətinin inkişafı məsələlərinə dair sənədlər, Azərbaycan Bəstəkarlar İttifaqının və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının, Asəf Zeynallı adına Musiqi Texnikumunun, Azərbaycan Dövlət Musiqi nəşriyyatının, habelə bəstəkarlardan Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Niyazi, Tofiq Quliyev, Süleyman Ələsgərov, Asəf Zeynallı, Müslüm Maqomayev, Xan Şuşinski və digər müğənnilərin, musiqi xadimlərinin şəxsi fondları arxivimizdə saxlanılır.
   Arxivin musiqi ilə bağlı fondlarında təkcə Bəstəkarlar İttifaqının, Azərbaycan Dövlət Konservatoriyasının tarixinə aid sənədlər deyil, həmçinin müxtəlif bəstəkarların not əlyazmaları, Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimlərinin həyat və fəaliyyətinə aid digər qiymətli sənədlər toplanıb.
   Azərbaycanda rəngkarlıq və memarlıq sənətini özündə əks etdirən sənədlər Rəssamlar İttifaqı, Memarlar İttifaqı, Rəssamlıq Məktəbinin arxivdəki fondlarında cəmləşdirilib. Rəssam, memar və sənətşünaslardan Mikayıl Hüseynovun, Tahir Salahovun, Vəcihə Səmədovanın, Salam Salamzadənin, Maral Rəhmanzadənin və başqalarının əsərləri, eskizləri, əlyazmaları, yazışmaları, şəxsi sənədləri təsviri sənət və memarlıq tariximizi öyrənmək üçün qiymətli mənbədir. Arxivdə həmçinin kino sənətinin inkişafına dair dəyərli məlumatlar əldə etmək olar. Kinematoqrafiya Komitəsinin, «Azərbaycanfilm» kinostudiyasının, görkəmli kinorejissorların arxivdəki fondlarında respublikamızda kino sənətinin tarixi və inkişafı ilə bağlı sənədlər qorunur.
   Azərbaycanda xalq yaradıcılığının inkişafı ilə bağlı, habelə bu sahədə mədəni-maarif işlərinin təşkili məsələlərinə aid sənədlər xalq yaradıcılığı üzrə Respublika Elmi-Metodiki Mərkəzin (Xalq Yaradıcılığı Evi) fondunda cəmləşdirilib. Burada Bədii Şura iclaslarının, aşıqların və xalq nəğməkarlarının konsertlərinə baxış və qəbul protokolları, xalq yaradıcılığına həsr olunmuş konfransların stenoqrafik hesabatları, habelə xalq yaradıcılığı, folkloru barədə metodiki göstərişlər və s. mühafizə olunur. Arxivdə Azərbaycanda şifahi xalq yaradıcılığına aid materialları toplayıb tədqiq və nəşr etdirən alimlərin, görkəmli ədəbiyyatşünasların fondları da yer alıb. Burada dastanlarımız, bayatılar, nağıllar, digər folklor nümunələri ilə bağlı müxtəlif maraqlı materiallar toplanıb. Arxivdə Azərbaycan sirkinin yaranması və inkişaf tarixi ilə bağlı sənədlər də qorunur. Həmçinin ədəbiyyat, incəsənət xadimləri, afişalar, proqramlar və fotoşəkillərdən ibarət sənəd toplularından fondlar da yaradılıb. Ədəbiyyat xadimləri toplusunda - Səməd Vurğun, Məsud Şeyxzadə, Böyükağa Talıblı, Aşıq Valeh, Ənvər Yusifoğlu, Hümmət Əlizadə, Mirhaşım Talışlı və başqalarının sənədləri və ya onların yaradıcılıqlarına aid sənədlər tədqiqatçıya böyük material verə bilər.
   İncəsənət xadimləri toplusunda isə Musa Musayev, Əşrəf Həsənov, Hacıbaba Hüseynov, Rəhilə Cabbarova, Seyfulla Əmirov və başqalarına aid sənədlər də var.
   
   İnsanların inamı
   
   - Qorunan sənədlər arasında mühacirətdə yaşayan görkəmli şəxsiyyətlərin fondları çoxdurmu?
   - Ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra ilk dəfə olaraq xaricə mühacirət edərək uzun illər vətən həsrəti ilə yaşayıb-yaratmış Ceyhun Hacıbəyli, Abay Dağlı, Almas İldırım, Əlibəy Hüseynzadə, Timuçin Hacıbəyli, Səlim Turan, Yusif İsmayıl, Ümbülbanu və başqalarının sənədləri də ədəbiyyat və incəsənət arxivində qəbul edilib.
   Arxiv bu gün də müntəzəm olaraq ədəbiyyat və incəsənət xadimlərinin, respublikanın mədəniyyət sahəsindəki dövlət idarələri və yaradıcılıq təşkilatlarının sənədlərini dövlət mühafizəsinə qəbul edərək öz fondlarını daha da zənginləşdirir.
   - Sənədlərin yığılması və qorunmasında hansısa problemlərlə üzləşirsinizmi?
   - Çətinliklər əvvəl var idi. Arxivin mühafizəxanaları müasir səviyyədə təmir olunur, texniki problemlər aradan qalxır. Bu gün Dövlət Ədəbiyyat və İncəsənət Arxivi mənəvi xəzinəmizin ən etibarlı saxlanc yeridir. Odur ki, görkəmli şəxsiyyətlərimiz özlərinin şəxsi arxivlərindən olan materialları, ən müxtəlif sənədləri bizə verirlər. Çünki bilirlər ki, onların bizə təqdim etdiyi sənədlər etibarlı əllərdədir və qayğı ilə qorunacaq.
   
   Təranə Sərdarqızı