"Kino mənim üçün həyatın ziddiyyətləri haqqında düşünmək və hisslərini ifadə etmək üçün bir vasitədir"
   
   Xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovun filmləri müxtəlif festivallarda mükafatlar qazanıb. Ancaq rejissor heç bir zaman ömrünü həsr etdiyi bu sənət haqqında "kino mənim həyatımdır" deməyib. Bir çox rejissorların yanaşmasından fərqli olaraq, kino onun üçün əyləncə də deyil. Kino Oqtay Mirqasımov üçün peşə və məşğuliyyətdən savayı, həyatın gerçəklərini anlatmaq, ziddiyyətlərini analiz etmək və hisslərini ifadə etmək üçün bir vasitədir. 
      
   Təcrübəli rejissor
   
   - Məşhur rejissor Sergey Eyzenşteynin belə bir sözü var: "Kimisinə rejissor olmaq üçün 2 il, kimisinə 200 il vaxt lazım olur". Bəs "Mən kinoya rejissor kimi gəlmişəm" deyən Oqtay Mirqasımova özünü təsdiq etməyə nə qədər vaxt lazım olub?
   - Bu suala cavab vermək mənimçün çətindir. Rejissorluq bir prosesdir, həyatdır. Bəzən mən özümü rejissor kimi hiss edirəm, bəzən isə daxilən uzaqlaşıram. Ona görə də rejissor olmaq üçün konkret meyarlar görmürəm. Yəqin ki, iqtisadçı olmaq üçün hansısa qanunları öyrənmək, hansısa cədvəlləri hafizədə yerləşdirmək, müəyyən təcrübə toplamaq lazımdır. Rejissor olmaq üçünsə hansısa əhval-ruhiyyə, kənardan bir təkan olmalıdır. Çox adam öz potensialına görə rejissordur. Ancaq onun həyatı elə olub ki, nə özü bunu dərk edib, nə də cəmiyyət onu rejissor kimi qəbul edib. Mən tələbələrimə də deyirəm ki, rejissor cəmiyyət qarşısında məsuliyyət hiss etməlidir. Rejissor donor olmalıdır, öz potensialını bəxş eləməlidir. Bəzən deyirəm ki, rejissor bir ensiklopediya deməkdir. Çünki təcrübədə zəngin biliklər ehtiyatı lazım olur. Bəzən deyirəm ki, rejissor fədakar olmalıdır. Mənim aləmimdə rejissorluq çoxşaxəli bir anlayışdır. Ona görə də rejissorluq üçün neçə il vaxt lazım olduğunu desək, yanılarıq. 16 yaşımdan kino ilə bağlıyam. Bu sənətin sirlərini bəlkə təzə-təzə kəşf edirəm və ya indiyə qədər kəşf eləməmişəm. Bəlkə də mənim işim qabaqdadır - bunu vaxt göstərəcək. Amma təcrübəli rejissor sayılıram.
   - Müsahibələrinizin birində demisiniz ki, "Beynimdə, qəlbimdə elə filmlər var ki, onları reallaşdıra bilməmişəm". Sonuncu filminiz - "Günaydın, mələyim", ondan əvvəl çəkdiyiniz "Ovsunçu" və s. filmlərlə bu arzunuzu tam olmasa da, qismən reallaşdıra bildinizmi?
   - Yox, reallaşdıra bilmədim. Həyatın praktiki tərəfi alına da bilər, alınmaya da. Vaxt olur ki, boş dayanıb nəyisə gözləyirsən. İndi də boşam. Əslində sanki işə başlamışam, amma müəyyən texniki və maliyyə problemləri hələ ki, həll olunmayıb. Hər kəsin praktik olaraq boş dayandığı zamanı olur. Amma fikir dayanmır, ilham öz-özünə gəlir. Onun qarşısını ala bilməzsən. Bəzən elə olur ki, bir neçə gecə yuxusuz oluram. Çünki yeni ideya olanda bəzən balaca uşağa dönürəm. O, sənin bütün fikirlərinə sahib olur, onunla bacarmaq mümkün deyil. Elə ideyalar olur ki, onu reallaşdıra bilmirsən - o, müəyyən zaman bir arzu kimi yaşayır, xatirəyə dönür. Reallaşmağa iddialı olan ideyalar da az deyil.
   - Onları reallaşdırmaq çoxmu çətindir?
   - Mənim "Bilyard oyunçusu" adlı ssenarim var. Bir neçə il bundan əvvəl onu bir film kimi düşünmüşəm. Hələ ki, reallaşmayıb. Amma povest şəklində Bakıda və Moskvada çapdan çıxıb. Mən özümü həm də bir az ona görə xoşbəxt sayıram ki, yazıb-pozuram. Bu, böyük köməkdir. Hazırda bir roman üzərində işləyirəm. İlkin dövrdə onu ssenari kimi düşünmüşdüm. Mən yazdıqlarımı film kimi görürəm, amma sonra nəsr kimi yazıram.
   
   Sonsuzluq...
   
   - “Hansısa rejissor desə ki, mən öz filmimdən tam razıyam, onun səmimiyyətinə inanmayın"- bu, sizin sözlərinizdir. Elə isə, "Günaydın, mələyim" filminiz haqqında fikirlərinizlə tamaşaçı rəyi üst-üstə düşürmü, yoxsa fərqlidir?
   - Heç nə demək mümkün deyil. Çünki film geniş tamaşaçı auditoriyasında göstərilməyib. Onun premyerası kiçik bir məkanda təşkil olunmuşdu. Sonra da bircə dəfə televiziya ekranında göstərilib. Ona görə də ciddi bir söz demək çətindir. Rejissorun mövqeyi ilə tamaşaçı rəyi heç zaman üst-üstə düşmür. Bir var valideyn məhəbbəti, bir var müəllimin həmin uşağa olan məhəbbəti. Və ya orduda zabitin ona münasibəti - bunlar fərqlidir. Məhəbbətin kəmiyyəti və keyfiyyəti var. Filmin baxışı Rusiyada, Macarıstanda, Belarusda keçirilib. Nəticələr heç də pis deyil. Amma mənim münasibətim müəllif fikri olduğu üçün danışmaq istəmirəm.
   - “Filmlərimdə həyatın və insan ömrünün sonsuzluğunu göstərmək istəyirəm". Filmləriniz haqqında dediyiniz bu sözlər “dünya fanidir, heç nə sonsuz deyil" deyənlərə qarşı üsyan deyil ki?
   - Hər halda, üsyan deyil. Ona görə ki, bədbin və ya məndən fərqli düşünən adamlara qarşı çıxmaq fikrində deyiləm. Sadəcə, öz sənətimlə bu böyük və rəngarəng xora öz səsimi də əlavə edirəm. "Həyat, yaşam, məkan və zaman sonsuzdur" deyən adamlar da az deyil. Müqəddəs kitablarda da "İnsan ruhu sonsuzdur. Ölümdən sonra həyat var. Nəsildən sonra nəsil gəlir, boşluq deyil" kimi dəyərli fikirlər, tövsiyələr var. Ona görə də fikirlərim üsyan deyil.
   
   Kino ölməyəcək
   
   - Rus rejissoru Andrey Konçalovskinin "Kino ölüb, ancaq özünü yalandan sağ göstərir" fikirləri çağdaş kinonu səciyyələndirmək baxımından pessimist səslənmirmi?
   - Bilmirəm, kinonun forması inkişaf, yoxsa cılızlaşma prosesidir? Bu bəlkə mutasiyadır? İnsanların psixologiyası, mənəviyyatı, düşünmək tərzi, davranış və daxili senzura qaydaları dəyişir. Bilmirəm, bunun qarşısını almaq, yoxsa "palaza bürünüb ellə sürünmək" lazımdır? İnkişaf spiralvari formada gedir. Bəzən nəyisə itiririk, amma sonradan onun toxumu yenidən cücərir. Bu gözəl qanun mənimçün nikbinliyimin mənbəyidir. Tarixə nəzər salaq: kino yaranandan sonra bəzi sadəlövh adamlar bütün dünyaya bağırmağa başladılar ki, teatr üçün kəfən hazırlayın, teatr məhv olacaq. Ancaq teatr nəinki məhv olmadı, o bəzi ifadələrində kinonu üstələdi. Teatrsız həyat yoxdur. Və yaxud televiziya yayılanda "kinoya yer yoxdur" dedilər. Amma kino öz qaydalarını, üslublarını dəyişdi, texniki baxımdan yeniliklər gətirdi. Biz Azərbaycanda dirçəliş prosesini görürük. Düzdür, tamaşaçı neçə illərdir kinoteatrlardan üz döndərib, amma nə vaxtsa qayıdacaq. Qərbi Avropada, Türkiyədə də belə böhran var idi - kinoyayımı dayanmışdı.
   Tələbələrimlə görüşəndə deyirəm ki, kino işgəncədir, başağrısıdır, kino insanı özünə tabe edən sənətdir, özünüzə daha ürəkaçan peşə axtarın. Amma kimsə dönüb getməyib. Onlar bu peşədə qalmağa çalışırlar. Əgər dünyanın hər yerində gənclər bu peşəyə gəlirlərsə, demək kino ölməyəcək.
   - Tələbələrinizə sənətlə bağlı tövsiyələri verərkən ehtiyat etmirsiniz ki, məsləhətlərinizi qısqanclıq kimi qəbul edərlər?
   - Mən hər kəslə münasibətimi səmimiyyət üzərində qururam. Bəzən öz zərərimə də səmimi oluram. Hesab edirəm ki, yanılmaram. Mən xeyirxaham, tələbələrim də bunu bilir. Tələbələri hər şeydən əvvəl bir vətəndaş kimi sevirəm və sevdiyimdən də bunu deyirəm ki, vaxtında özlərinə yol seçsinlər.
   - Bu gün milli kinomuzda gənc nəsil var. Necə bilirsiniz, onlar kinomuza yenilik gətirə bilirlərmi?
   - Yəqin ki, gətiririlər. Ancaq təəssüflər olsun ki, yeni filmləri tək-tük hallarda görürəm. Hansına dəvət edirlərsə ona da baxıram. Ancaq cavanlarla yaşlıların arasında dialoq qurmaq məsələsi anlaşılmaz dərəcədədir. Məsələn, premyeralar keçirilir, xəbər vermirlər. Bəzi rejissorlar hətta filmlərində çəkdikləri aktyorları da premyeraya dəvət eləmirlər. Yəqin ki, bu məsələdə təşkilati işlər yaxşı qurulmur. Onu da deyim ki, yaradıcı şəxsin keyfiyyətli işi yaşla müəyyənləşmir. İnqmar Berqman kimi rejissor 80 yaşına qədər fəaliyyətdə olub. Elə yeniyetmələr də var ki, həddən artıq maraqlı filmlər ortaya çıxarırlar. Bir əsərindən görürsən ki, bu insan milli sərvətdir. Normal cəmiyyətdə istedad yaşla ölçülmür.
   - Filmlərin çəkilişində festivalda uğur qazanmaq son məqsəddir?
   - Heç məqsəd də deyil. Bəlkə kimin üçünsə mükafat, orden, pul və s. qazanmaq məqsəddir. Ancaq mənim üçün məqsəd prosesdir, daxildəki ideyanı reallaşdırmaqdır. Son məqsədə gələndə içində boşluq hiss edirsən. Bu, hər kəsdə belədir.
   
   Xoşbəxtliyin ölçüsü
   
   - “Kino mənim həyatımdır" sözlərini içinizdə pafos kimi səsləndirmirsiniz ki?
   - Mən heç vaxt deməmişəm ki, kino mənim həyatımdır. Kino bir "kapriz"dir. Əyləncə də olmasa, həyatın nə olduğunu anlatmaq, onun ziddiyyətləri haqqında düşünmək və hisslərini ifadə etmək üçün bir vasitədir. Kino həm də məşğuliyyətdir. Kino həyatın bir zərrəsidir. Mən hansısa prosesin köləsi ola bilərəmmi? Mən taleyə baş əyərəm, kinoya yox.
   - Vaxtilə demisiniz ki, "Romantik insanlar səadəti daha tez əldə edirlər". Sizcə, xoşbəxt rejissor romantik insandır?
   -Xoşbəxtlik nə ilə ölçülür? Çəkdiyin filmlərin sayı, yoxsa keyfiyyəti ilə? Aldığın mükafatların sayı və ya dərəcəsi ilə? Bəlkə xoşbəxtlik keçirdiyin həyatın təəssüratlarından irəli gəlir? Bəlkə xoşbəxtlik içində qarışmış qüvvələrdən yaranır? Məncə, xoşbəxtlik əziz bir adamın üzündəki təbəssüm, xeyirxah bir əməl, yıxılan bir insana əl uzatmaqdan yaranan hisslərdir. Kino xoşbəxtlik bəxş eləmir. Bu, sadəcə, peşə, məşğuliyyətdir.
   
   Təranə Sərdarqızı