İncəsənətin digər növlərində olduğu kimi, foto sənətində də yüksək peşəkarlıq uzun illərin təcrübəsi və işə yaradıcı yanaşma ilə əldə olunur. Yeddi ildir ki, bu sənətlə məşğul olan Rasim Hüseynovun çəkdiyi fotolar özünəməxsusluğu və “anı tuta bilmək” bacarığı ilə fərqlənir. Gənc fotoqraf Azərbaycan Dövlət Televiziyasında çalışır, bir sıra müsabiqə və sərgilərin iştirakçısıdır. Onunla qısa söhbətimizə foto sənətinə necə gəlməsi barədə sualla başladıq:
   
   - Foto sənətinə həvəsim uşaqlıqdan yaranıb. Valideynlərimin dediyinə görə, hələ 3-4 yaşlarımda olarkən babamın «Zenit» foto aparatlarıyla oyuncaq kimi oynayardım. Məktəbdə oxuyarkən tez-tez fotoqrafların yanına gedir, plyonkanın yuyulmasına baxırdım. Orta məktəbi bitirdikdən sonra Moskva Fotoqrafiya Akademiyasında təhsil aldım, foto sənətinin incəliklərini, texnikasını, ekspozisiyanı öyrəndim. Fotoqrafiya elə sənətdir ki, onu sənə heç kim öyrədə bilməz. Fantaziya gərək insanın düşüncələrində olsun.
   - Daha çox hansı janrda işləməyə üstünlük verirsiz?
   - Bütün foto janrlarda özümü sınamışam. Amma daha çox portret janrına həvəsim var. Mənə belə gəlir ki, fotoqraf portret çəkməklə insan xarakterini tamaşaçıya çatdıra bilər. Mənzərə janrında da fotolar çəkməyi xoşlayıram. Fotoda rənglər baxımından payız fəsli mənim üçün çox önəmlidir. Yarpaqların tökülməsi, xəzəl, yağış, yarpaqlardakı damcılar və s.
   - Hansı sərgilərdə iştirak etmisiz?
   - 2008-ci ildə Moskva şəhərində Fotoqrafiya Akademiyasının nəzdində olan beynəlxalq sərgidə iştirak etdim, 3-cü yerə layiq görüldüm. Daha sonra 2009-cu ilin fevralında Türkiyədə yenə beynəlxalq sərgidə iştirak etdim, 4-cü yeri qazandım. Bu ilin sonunda isə fərdi sərgi keçirməyi planlaşdırıram.
   - Adətən müştərilərlə işləyərkən fotonun necə, hansı rakursdan çəkilməsi ideyası kimə məxsus olur?
   - Müştəri ilə işləyəndə ideyanı mən verirəm. Təbii ki, müştərinin də fikrini nəzərə alıram, amma yenə də öz rakursumdan, öz baxış bucağımdan fotonu çəkirəm.
   - İlk çəkdiyiniz peşəkar foto yadınızdadırmı?
   - İlk professional fotonu Funikulyor yaxınlığında çəkmişdim. Günəşin qürub anı idi. Quşlar göyün üzündə uçurdu. Çox gözəl mənzərə idi. Aparatı 3-4 saniyə ərzində qurdum və həmin kadrı “tuta” bildim.
   - Adətən hər bir incəsənət əsərinin özünəməxsus maraqlı tarixçəsi olur. Sizin çəkdiyiniz fotolarda necə?..
   - Demək olar ki, hər fotonun yaranma tarixi var. Foto çəkdiyim müddətdə müxtəlif maraqlı hadisələrlə üzləşmişəm. Məsələn, saqqızla bağlı fotonun tarixçəsi belədir. Bir dəfə yol ilə gedirdim, yerdə saqqız gördüm. Oturdum səkinin kənarında, fotoaparatı da yerə qoydum. Gözlədim. Bir nəfərin ayaqqabısının altına saqqız yapışdı və həmin an şəkli çəkdim. Elə vaxtlar olur ki, məsələn, küçədə gedərkən maraqlı fakt, mənzərə görürəm və onu qaçırmaq istəmirəm. Bəzən istədiyin kadrı yerə uzanıb çəkməli olursan. Hərdən fotoaparat üstümdə olmur, təsadüfən maraqlı mənzərə ilə rastlaşıram, amma çəkmək imkanım olmur. O an ürəyimdə bir ağrı hiss edirəm. Hər şeyə fotoqraf gözüylə baxıram. Hərdən fikirləşirəm ki, kaş gözlərim də fotoaparat olardı, istədiyim kadrları anında çəkəydim.
   - Foto sənəti sizin üçün nədir?
   - İlk növbədə, foto sənəti mənim qazanc mənbəyimdir. Bu sənətlə bağlı gərək hər gün nəsə öyrənəsən. Hər gün bununla bağlı kitablar oxusam da, internetdə yüzlərlə informasiya ilə maraqlansam da, yenə çəkdiyim fotolardan sonra başa düşürəm ki, hələ bu sənətdə çox şeyi öyrənmək lazımdır.
   
   Söhbətləşdi: Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar