Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru, Xalq artisti, professor Ağakişi Kazımovun 75 yaşı tamam olur
   
   Bir azdan pərdələr açılacaq, zal işığa qərq olacaq, zamanın fonunda əsrin dörddəüçünü yola salmış Ağakişi Kazımov görünəcək. Ömrünün 55 ilini teatra həsr edən, 100-dən çox əsərə səhnə ömrü verən Ağakişi Kazımov bu dəfə səhnədə öz həyatını danışacaq. Səhv etmirəmsə, bu cür tamaşalara monotamaşa deyilir.
   
   O film mənim dünyamı dəyişdi
   
   - Həmişə məndən soruşurlar ki, sənətə bağlılığının özülü nə vaxt qoyulub? Bu sualı eşidəndə uşaqlıq illərimə qayıdıram. 6-7 yaşım olardı, Ağcabədinin rayon mərkəzində yaşayırdıq. Qəsəbənin qurtaracağında qohumumuz yaşayırdı, bir gün onlara getmişdik. Müharibə illəri idi, çox adamların evi xaraba qalmışdı. Dedilər ki, o boş evlərin birində uşaqlar tamaşa göstərirlər. İndiki kimi yadımdadır, çiy kərpicdən tikilmiş ikimərtəbəli ev idi. İçəri keçdik, gördüm 5-6 uşaq bir tərəfdə əyləşib. Mən də keçib onların yanında oturdum. Divardakı rəf yerləri boş idi, uşaqlar nə isə danışırdılar, ora-bura qaçırdılar, bir-birini vurub yıxırdılar. Bu mənim ilk gördüyüm tamaşa idi. Yaman xoşuma gəlmişdi...
   
   Gördüyü ilk tamaşa heç vaxt onun hafizəsindən silinmədi. Böyük teatrların böyük səhnələrində quruluş verdiyi işıqlı, rəngli tamaşalar belə qorxu, aclıq, səfalət içində yaşayan müharibə uşaqlarının əylənmək və əslində yaşadıqları dövrün mənzərəsini yaratmaq səhnəsini ona unutdura bilmədi. Günlərin birində isə möcüzə ilə qarşılaşdı...
    - 12 yaşım olardı, “Hind sərdabəsi” adlı ingilis filminə baxdım və deyəsən, ilk dəfə möcüzə ilə qarşılaşdım. Film hindlilərin həyatından bəhs edirdi. O filmdə qız ingilis zabitinə vurulur, amma həyatı faciə ilə bitir. Onun ölüm səhnəsini indiyə kimi unuda bilməmişəm. O film mənim dünyamı dəyişdi, məni kinoya bağladı.
   Evimizlə kinoteatr arasında 200 metr məsafə olardı, ya olmazdı. Hər gün qaçıb kinoya gedirdim. Hər dəfə də buna görə danlanırdım.
   Amma heç bir qadağa onu kinodan ayıra bilmədi. Müharibə yenicə qurtarmışdı, Almaniyadan qənimət kimi gətirilən dünya kinosunun incilərinə baxdıqca, baxmaq istəyirdi. Günlərin birində kino qədər olmasa da, maraqlı bir məşğuliyyət də tapıldı...
   - Rayonumuzda Saleh Səfərov adlı bir şəxs vardı, klubda dram dərnəyi açıb ilk dəfə “Aydın” əsərini tamaşaya qoydu. Mənə də kazinoda lakey rolunu verdilər. Atam dərnəyə getməyimi istəmirdi. Dedim ki, əgər icazə verməsən, evdən çıxıb gedəcəyəm. Axır ki, atam razı oldu. Amma bir dəfə də olsun, o, tamaşalara gəlib baxmadı. “Aydın”, “O olmasın, bu olsun” tamaşalarını oynadıq, ancaq tək o iki tamaşa mənim taleyimi teatra bağlamadı. Şəhərdən gələn bir oğlan elə hey Ələsgər Ələkbərovun oynadığı Aydın, Vaqif rollarından, Sidqi Ruhulladan, Mərziyyə Davudovadan danışırdı. Mən də kinonu sevir, teatrı sehrli bir aləm kimi görürdüm.
   
   Uşaqlığın son yayı
   
   - Tofiq, Xanməmməd, İsi və mən dost idik. Dördümüz də bir məktəbdə oxuyurduq.
   İllər keçdi, Tofiq həkim, Xanməmməd mühəndis, İsi Məlikzadə yazıçı, mən isə rejissor oldum. Onuncu sinifdə oxuyanda Moskva Kinematoqrafiya İnstitutuna məktub yazıb xahiş etdim ki, qəbul qaydalarını mənə göndərsinlər. Göndərdilər. Məktəbi bitirən kimi dostlarım Bakıya yola düşdülər. Atam imkansız adam idi, xırda-xuruş pul toplayıb məni də Bakıya yola saldı, mən isə buradan birbaşa Moskvaya yollandım...
   Məşhur kinorejissor olmaq arzusu ilk görüşdəcə puç olur, onun kinoya olan isti münasibətinin qarşısını soyuq cavab həmişəlik kəsir.
   - Elə birinci söhbətimiz zamanı mənə dedilər ki, səndən kinorejissor olmaz. Mən də Bakıya qayıdanda fikirləşdim ki, yaxşı olmayacaq, axı dostlarıma demişəm, Moskvaya oxumağa gedirəm. Bu fikirlərlə Rostovda qatardan düşdüm. Soraqlayıb sənədlərimi Rostov Dağ-Mədən İnstitutuna verdim, qəbul oldum. İndiyə kimi yadımdadır, 1952-ci il sentyabrın 20-si idi, bizi şaxtaya apardılar. Şaxtaya düşəndə dedim, mən hara gəlmişəm? Müəllim yolda təəssüratımızı soruşanda dedim, xoşuma gəlmədi. Səhəri gün sənədlərimi alıb, Bakıya yola düşdüm...
   İnsan nə zaman ki, taleyini özü yazmaq istəyir, Tanrı onu cəzalandırır. Əliboş dostlarının yanına qayıdanda artıq onlar tələbə adını daşıyırdılar. Nə etmək olar, qismətdən artıq kim yeyib ki...
   - Bakıya gələn kimi Azərbaycan Dövlət Teatr İnstitutuna yollanıb rektorun qəbuluna girdim. Başıma gələnləri qısaca ona danışdım. Dedi, düzdü, vaxt keçib, amma boş yerlər var. Elə söhbət edirdik ki, bir də gördüm bir kişi gəldi. Bu da Rza Təhmasib imiş. Rektor dedi ki, Rza, apar bir bu oğlanı yoxla, gör nəyi var, nəyi yoxdur? Etüd göstərdim, şeirlər dedim, geri qayıdanda dedi, yaramır, üzündə şırım var. Rektor dedi ki, Rza bir də yoxla, bacarıqlı cavana oxşayır. O da dedi ki, yaxşı, sabah gəlsin.
   
   Dərsə başladığı ilk günlərdən Akademik Dram Teatrının səhnəsində - “Xanlar”, “Şərqin səhəri”, “Fərhad və Şirin”in ilk variantında, “Namus”, “Otello” tamaşalarında kütləvi səhnələrdə çıxış edir. Bir zaman adını eşitdiyi nəhəng aktyorlarla bir səhnədə olmaq xoşbəxtliyini ən unudulmaz günləri kimi xatırlayır. Sənətinə qibtə etdiyi sənətkarlar çox olsa da, bir sənətkar onun üçün əvəzsizdir...
   
   Böyük sənətkarın xeyir-duası
   
   - Adil İsgəndərov həm böyük şəxsiyyət, həm böyük rejissor idi. Məncə, hələ ona bərabər teatr rəhbəri dünyaya gəlməyib. Mən açıq deyirəm, heç kim də inciməsin. 1954-cü ildə III kursda oxuyurduq, Adil İsgəndərovun qəzetdə müsahibəsi çıxmışdı. O demişdi ki, qarşıdakı iki ildə Azərbaycan Dövlət Teatr İnstitutunu qurtaranlardan Mahmud Allahverdiyev, Ağakişi Kazımov və Şirin Abdullayevi teatra götürmək fikrim var. Elə də oldu. 1955-ci ilin fevralında əmrimi verib, məni teatra işə götürdülər. Düz 55 ildir...
   Bu illərdə o, dram teatrının səhnəsində böyük həvəslə “Almaz”, “Cavanşir”, “Şirvan gözəli” tamaşalarında rollar yaradır.
   - Mən bir yerdə görsəm ki, perspektivdə mənim işimin heç bir işıqlı tərəfi yoxdur, o yerdən milyon da alsam, çıxıb gedirəm. Bu mənim xasiyyətimin ikinci tərəfidir. Fikirləşdim ki, bu gedişlə Ələsgər Ələkbərovun, Mustafa Mərdanovun yerini tuta bilməyəcəyəm, heç Məmmədəli Vəlixanlını, Əjdər Sultanovu demirəm. Qərara gəldim ki, rejissor olacağam.
   Bir gün rejissor Əliheydər Ələkbərov məni yanına çağırdı. O zaman o, İlyas Əfəndiyevin “Qəribə oğlan” pyesini hazırlayırdı, dekorasiyalar sifariş verilmişdi. Dedi, səninlə vacib söhbətim var. Əlavə etdi ki, “Qəribə oğlan” tamaşasını başlamaq istəyirdim, rolu bölməmişəm. İlyas müəllim də məsləhət görür ki, bu tamaşanı sən hazırlayasan.
   O, böyük müvəffəqiyyətlə “Qəribə oğlan” tamaşasını hazırlayır və bu, Azərbaycan teatrında ilk musiqili dram tamaşası kimi yadda qalır.
   Rejissor olmaq arzusu günü-gündən daha da artır. Günlərin birində sənədlərini Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna verir. Böyük sınaqlardan və çətinliklərdən keçərək rejissorluq sənətinin sirlərinə yiyələnir. Tatarıstan Dövlət Akademik Dram Teatrında diplomqabağı tamaşalarını - M.Baycıyevin “Duel” dramını və C. Cabbarlının “Aydın” əsərini hazırlayır. Diplom işi müvəffəqiyyətlə qəbul olunur. Təhsilini başa vurub Vətənə dönəndən sonra onu Sumqayıt Dövlət Dram Teatrına direktor təyin edirlər. Bir müddətdən sonra isə bu teatrda baş rejissor işləyir. Gürcü yazıçısı Georgi Xuqayevin “Arvadımın əri” tamaşasını hazırlayır. Tamaşa 500-600 dəfə anşlaqla keçir. Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin”, Əfqanın “Gülməyən adam”, Sabit Rəhmanın “Toy” komediyalarını da bu səhnədə uğurla tamaşaya qoyur.
   Çətin günlər arxada qalmışdı, sənət uğurları bir-birini əvəzləyirdi. Müxtəlif səpkili tamaşalara quruluş verən rejissorun sənət axtarışları isə davam edirdi. N.Dumbadzenin “Darıxma, ana!” əsərinə Akademik Dram Teatrının səhnəsində quruluş verəndən sonra, bütün teatrların qapıları onun üzünə açılır və Ağakişi Kazımov Azərbaycan teatr tarixində yaddaqalan tamaşalara imza atır...    

   Hər tamaşadan sonra ağlayan rejissor
   
   Səhnədə böyük rejissor həyatının anlarını yada salır, xatırlayır, qulağına ardı-arası kəsilməyən alqış səsləri gəlir. Bunlar sənətinə və ömrünə düşən alqışlardır. Ömrünün 75-ci payızında öz-özü ilə söhbət edir. Sakit, təmkinli, səmimi...
   - Teatr sizin üçün nədir?
   - Ömrüm, həyatım, işim. Əgər öləndə həyatda bir az yaşamışam deyərəmsə, o da teatra aiddir.
   - Nə vaxt həyəcanlanırsınız, pərdələr açılıb tamaşa başlayanda, yoxsa tamaşa qurtarıb pərdələr bağlananda?
   - Tamaşa hazır olub ilk dəfə başlayanda çox narahat oluram ki, görəsən, necə qarşılanacaq, necə qəbul olunacaq. Amma ilk tamaşanı təhvil verəndən sonra, heç kim görmür, mən evə ağlaya-ağlaya gedirəm. Hər tamaşadan sonra... Fikirləşirəm ki, tamaşa özü yeriyir, daha mən kimə lazımam? Özümü kimsəsiz və yetim kimi hiss edirəm...
   - 75 yaşınız tamam olanda hansı hissləri keçirdiniz?
   - Bu yaşa çatacağımı heç gözləmirdim...
   - Həyatda istədiklərinizə nail olmusunuzmu?
   - Həyatda istədiklərimə o qədər də nail ola bilməmişəm. Ancaq sənətdə Tatarıstan Dövlət Akademik Dram Teatrındakı “Aydın”, Gənc Tamaşaçılar Teatrındakı “Söhrab və Rüstəm”, Akademik Milli Dram Teatrındakı “Darıxma, ana!”, “Qəribə oğlan”, “Büllur sarayda”, “Özümüzü kəsən qılınc”, Köln-Düseldorf Almaniya Türk Dövlət Teatrında Bəxtiyar Vahabzadənin “İkinci səs” və Ü.Hacıbəylinin “Arşın mal alan”, Aşqabadda Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, bir də Azərbaycan Dövlət Opera və Balet Teatrında Şəfiqə Axundovanın “Gəlin qayası” operası - 10 tamaşam bəs edər, deyim ki, rejissoram. Mən vaxtın çox hissəsini özümə tələbkar ola-ola uduzmuşam.
   - Vaxt nədir?
   - Bəzən heç nə, bəzən ömrünün hamısını aparan amansız bir fakt. Axırıncı xarakterik xüsusiyyətim bundan ibarətdir: istərdim ki, öləndən sonra heç olmasa yüz nəfər öz arzusu ilə gəlib məni yola salsın. Öz arzusu ilə, təhriklə yox. Mən özüm can verəndə deyə bilim ki, bu dünyada mən də yaşamışam...
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar