Düsen Kaseinov: «Qədim tarixə, zəngin ənənələrə malik türk mədəniyyətini daha yüksək səviyyədə təbliğ etməliyik»
   
   Sentyabrın 18-28-də Azərbaycanda keçirilən «Üzeyir Hacıbəyli-125» Beynəlxalq musiqi festivalı çərçivəsində ölkəmizə gələn qonaqlar arasında TÜRKSOY-un baş katibi Düsen Kaseinov da vardı. Nəzərə alsaq ki, bir qədər əvvəl Türkiyədə (16 oktyabr) keçirilən türkdilli ölkələrin sammitində TÜRKSOY təşkilatının fəaliyyəti ilə bağlı qərarlar verilmişdi, cənab Kaseinovla söhbət əslində, bizim üçün bir fürsət idi.
   Onunla müsahibəmiz həm də son illər təşkilat tərəfindən həyata keçirilən tədbirlər və reallaşacaq layihələr ətrafında oldu.
 
      
   - Cənab Kaseinov, TÜRKSOY-un yaranmasından 17 il keçməsinə baxmayaraq, məhz son bir neçə ildə daha çox aktivlik müşahidə edilir. Bu barədə nə deyə bilərsiniz?
   - Ötən bir neçə ildə çoxlu layihələr həyata keçirmişik. Mən Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirdiyimiz layihələr haqqında danışmaq istərdim. Bildiyiniz kimi, 2008-ci ildə təkcə Azərbaycanda deyil, Şərqdə də ilk operanın, «Leyli və Məcnun»un yaranmasının 100 illiyi qeyd olundu. TÜRKSOY da bu yubileyə öz töhfəsini verdi, ənənəvi olaraq keçirdiyimiz opera günləri bu dəfə “Leyli və Məcnun”a həsr olundu. Opera Türkiyədə, Şimali Kiprdə nümayiş olundu. Düzdür, bu heç də tam istədiyimiz kimi yüksək səviyyədə keçirilmədi. Düşünürəm ki, operanın nümayişini daha çox ölkədə, Avropada da təşkil etmək lazım idi. 2009-cu ilin fevralında İstanbulda böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş böyük konfrans keçirdik. Tədbirə ədəbiyyatçı və tərcüməçiləri toplamışdıq.
   Bu yerdə bir məqamı da vurğulamaq istərdim. İndi bizim ölkələrimiz arasında çox az tərcümələr edilir. Müqayisə üçün deyim ki, keçmiş Sovet İttifaqında tərcümə işi çox geniş yayılmışdı, biz bir-birimizin müəlliflərini yaxşı tanıyırdıq. Sovet müəlliflərinin əsərləri bütün dillərə tərcümə edilirdi. Ona görə də biz bu konfransa ədəbiyyatçı və tərcüməçiləri toplamaqla onları bir-biriləri ilə tanış etmək istəyirdik. Azərbaycandan professor Ramiz Əskər özbək, türkmən, qaqauz poeziyasından tərcümələr edib və bu kitablar TÜRKSOY seriyası adı ilə çap edilib. Hazırda TÜRKSOY R.Əskərin Azərbaycan dilinə çevirdiyi türkmən şairi Məhdimqulunun şeirlərini çapa hazırlayır.
   2008-ci ildə təşkilat Antalyada keçirilən «Qızıl Portağal» film festivalı çərçivəsində Azərbaycan rəssamlarının sərgisini keçirdi. Bu tədbir eyni zamanda Azərbaycan kinosunun yaranmasının 110 illiyinə həsr edilmişdi.
    - TÜRKSOY öz fəaliyyətində böyük layihələrə də geniş yer ayırır. Məsələn, təşkilat tərəfindən həyata keçirilən «Koroğlu» operası layihəsi həddindən artıq möhtəşəm oldu və demək olar ki, hər kəsdə dərin təəssürat yaratdı...
   - 2009-cu ildə Əflatun Neymətzadə mənə yaxınlaşaraq «Koroğlu»nu səhnələşdirməyi təklif etdi. Bişkekdə ilk dəfə 250-dək sənətçini bir yerə topladıq. Bununla həm də Bişkek operasını ayağa qaldırdıq. Çünki SSRİ dağılandan sonra Qırğızıstan Opera Teatrının kollektivi bir dəfə də heç bir yerə qastrol səfərinə getməmişdi. Məşqlərdən sonra operanın kollektivi ilk dəfə Alma-Ataya, Ankaraya, sonra da Bakıya gəldi. Müxtəlif türkdilli ölkələrdən solistlər, baletmeystrlər gəldi və vahid xor təşkil edildi. Operada vacib məqam həm də o idi ki, müğənnilər eyni dildə oxuyurdular. Biz fəxr edirik ki, bu operanın nümayişi belə möhtəşəm keçirildi. Opera bu il İstanbulda elə bir rezonans yaratdı ki, «İstanbul-2010» Avropa Mədəniyyətinin paytaxtı ilinin Beynəlxalq Opera Festivalı tədbirləri məhz «Koroğlu» operası ilə bağlandı. Tədbirdə Moskvadan bir musiqişünas-jurnalist də iştirak edirdi. Jurnalist «Forum-plyus» jurnalında opera haqqında yazır: «Koroğlu» operası teatr hadisəsi çərçivəsindən çıxır. O, türkdilli ölkələrin mədəniyyət xadimlərini, fəaliyyətlərini birləşdirdi. Türk mədəniyyəti dünya mədəniyyətinin mühüm tərkib hissəsidir».
   Bu, doğrudan da möhtəşəm operadır. Mənə bir xalq göstərin ki, onun belə operası olsun. İngiltərə, İsveçrə, Braziliyada çox yaxşı yaşayırlar. Amma onların belə öz koloriti olan, melodik, xalq musiqisinə əsasən, xalqa məhəbbətlə yazılan operası varmı? Üzeyir Hacıbəyli bu əsəri 1937-ci ildə yazıb. Təəssüf ki, biz bu operanı gec tanıdıq. Təsəvvür edin, bu tamaşa hazırlananda Nigar rolunu ifa edən beş sənətçimiz vardı. Hər ölkənin öz Nigarı, Koroğlusu vardı. Həsən xanı başqırd, türk, qırğız, qazax oxuyurdu. Düşünürəm ki, indi Koroğlunu Avropa müğənnisi də ifa edəcək.
   - Siz həm də MDB ölkələrinin Gənclər Kamera Orkestrinin təşəbbüsçüsü və yaradıcısısınız. Bu ansambl Türkiyədə, hətta Avropada uğurlu çıxışları ilə diqqəti cəlb etdi...
   - Orkestri bu il yaratdıq. Orada türkdilli ölkələrin konservatoriyalarında təhsil alan tələbələr iştirak edirlər. Ankarada keçirilən konsert tatar dirijoru Fuat Mansurovun xatirəsinə həsr edilmişdi. Bunun ardınca orkestr ilk dəfə İstanbulda beynəlxalq festivalda iştirak etdi, sonra Almaniyaya getdi, orada Bayrot festivalının 60 illiyində də iştirak etdi. Belə bir ansamblın yaranması mənəvi mədəniyyətin inkişafında, genişlənməsində böyük rol oynayır. Bu yaşda olan gənclərə qastrol səfərlərinə getməkdə kim kömək edəcək? Maliyyə yardımını kim ayıracaq? Beləliklə, TÜRKSOY bu kimi təşəbbüslərlə çıxış etməkdədir.
   - Sizcə, türk mədəniyyəti dünyaya necə təbliğ olunmalıdır?
   - Türk mədəniyyəti qədim tarixə, zəngin ənənələrə malikdir. Türk mədəniyyəti türk dünyası hüdudlarını aşır. İndi bizim yeni istiqamətimiz var. Əgər SSRİ dağılandan 20 il sonra bizim uzun zaman ünsiyyətimiz olmurdusa, indi belə deyil. «Dilimiz birdir» sözünü deyənlər çoxdur. Sadəcə, bunu işlə həyata keçirmək lazımdır. Bildiyiniz kimi, Paris və Strasburqda Novruz bayramı keçirildi. Gələn ilin martında bu bayram Nyu-Yorkda qeyd ediləcək. Bununla bağlı BMT-nin baş katibi Ban Ki-Monla artıq razılaşma əldə edilib.
   - Deyirlər, mədəniyyət insanı mənəvi baxımdan zənginləşdirir, mədəniyyətin olduğu yerdə hər şey unudulur. Siz özünüz «mədəniyyət» anlamını necə qəbul edirsiniz?
   - Özüm musiqiçi və mədəniyyət nümayəndəsi olduğumdan bütün həyatım boyu mədəniyyət sahəsində çalışmışam. Musiqiçi, mədəniyyət naziri, Qazaxıstanın UNESCO-dakı milli komissiyasının katibi olmuşam. Başa düşdüm ki, bu dünyada bütün təhdidlərdən qorunmaq, sakitlik vasitəsi, qarşılıqlı anlayış, dostluq mədəniyyətdən keçir.
   - Gələcək planlarınızla bağlı nə deyə bilərsiniz?
   - Qeyd etdiyim kimi, gələn ilin martında Novruz bayramını Nyu-Yorkada keçirəcəyik. Bununla bütün dünyaya sübut edəcəyik ki, bizim köklərimiz eynidir. Novruz da bizim ümumi bayramımızdır. Dünyaya müraciət edəcəyik ki, onlar da bizə qoşulsun və bizimlə birlikdə bayramı qeyd etsin. Gənclər Kamera Orkestri də öz fəaliyyətini davam etdirəcək.
   TÜRKSOY bu ili Əhməd Zəki Validi Toğan ili elan etdi. O vaxtilə Türkiyəyə miqrasiya etmiş tanınmış başqırd türkoloqu, professorudur. Qızı da məşhur türkoloq-professordur. Tezliklə Türkiyədə ona həsr edilən böyük konfrans keçiriləcək. Türkoloqun xatirəsinə Türkiyədə «Yaşıl bağ» açılıb və adına küçə də verilib.
   Gələn ili isə Abdulla Tukay ili elan etmişik. O, məşhur tatar şairi, klassik ədəbiyyatçıdır. Abdulla Tukay ilini beynəlxalq səviyyədə keçirməyi planlaşdırırıq. Opera günlərini ona həsr edəcəyik və «Şairin sevgisi» operasını nümayiş etdirəcəyik.
   Oktyabrda türk dünyasının dastanı olan «Dədə Qorqud»a həsr edilmiş konfrans keçirəcəyik. Noyabrda isə Avrasiya ölkələrinin Türk biblioqrafik lüğətin birinci cildini nəşr edəcəyik. Bu günə qədər Türk dünyasında belə bir lüğət olmayıb. Onun təqdimatını Bakı da daxil olmaqla bir çox şəhərlərdə keçirməyi planlaşdırırıq.
   Bir sözlə, işlərimiz, planlarımız çoxdur. Bildiyiniz kimi, bu yaxınlarda İstanbulda türkdilli ölkələrin sammiti keçirildi. Sammitdə TÜRKSOY-un təklifi ilə Qazaxıstanın Astana şəhəri 2012-ci ildə “Türk mədəniyyətinin paytaxtı elan edilib”. Məlumdur ki, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmişdi. Uzun müddətdir ki, Avropada mədəniyyət paytaxtları şəhərləri seçilir. Bizdə isə bu yox idi. Bu təşəbbüsü ilk dəfə mən qaldırdım. Türk mədəniyyətini qaldırmaq, yaşatmaq lazımdır. Əgər biz Qırğızıstanın hansısa şəhərini, sonra Bakını, sonra digərlərini paytaxt elan etsək, bununla türk mədəniyyətini tanıtmış olarıq.
   - Həmin sammitdə qəbul edilən qərarlardan biri də odur ki, Bakıda türk mədəni irsinin mühafizəsi və türk mədəniyyətinin dəstəklənməsi məqsədilə fondun qurulmasıdır...
   - Bununla Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinin müdiri Rizvan Bayramov məşğul olur. O bizim tədbirlərin müəyyən hissəsində iştirak edir. Türk dünyasına daxil olan mədəni-tarixi abidələrin siyahısını təsdiqləyəcəyik. Fondun Bakıda yerləşməsi təklifini Azərbaycan prezidenti İlham Əliyev təklif edib. Fond təkcə bizim ölkələrdə deyil, digər ölkələrdə də abidələri, onların bərpasını maliyyələşdirəcək. Göründüyü kimi, artıq əlaqələr genişlənib və təşkilat artıq maliyyələşdirməklə də məşğul olur. Qədim abidələri qoruyur, dastanlarımızı, muğamımızı beynəlxalq səviyyəyə çatdırırıq. Amma biz hələ də axtarışdayıq.
   - 3 oktyabr Türkdilli ölkələrin həmrəylik günüdür. Nə üçün məhz bu gün seçilib?
   - Bildiyiniz kimi, keçən il 3 oktyabr tarixində qədim türk eli Naxçıvanda Türkdilli ölkələrin Dövlət Başçılarının IX Sammiti keçirildi. Məhz bu Zirvə toplantısında qəbul edilmiş “Naxçıvan Bəyannaməsi”ndə qərara alındı ki, Türkdilli ölkələrin Əməkdaşlıq Şurası yaradılsın. Bu Türk dünyası üçün çox böyük tarixi hadisədir.
   
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar