Ötən həftə Türkiyənin Bakıdakı səfirliyində «Pakistana yardım əli» adlı tədbir keçirildi. Türkiyənin Bakıdakı səfirinin xanımı Günay Kılıcın təşəbbüsü ilə düzənlənən xeyriyyə tədbirinin məqsədi sel fəlakətinə məruz qalmış Pakistana yardım etmək idi. 200-dən çox qonağın iştirak etdiyi tədbirin ən yaddaqalan məqamı tanınmış türk moda ustası və geyim dizayneri Əhməd Özceyhanın «Azərbaycan gülləri» adlı kolleksiyasının təqdimatı oldu. Maraqlı geyim dəbləri, əlvan naxışlı kostyumları ilə dünyada tanınan Əhməd Özceyhan Parisdə - La Devez Darraux, Maison de Mode Madame Chriche moda mərkəzlərində təhsil alıb. Onunla qısa söhbətimizdə müasir dünyada modanın önəmi, bu və ya digər ölkənin geyim dəblərinin mədəni irsin təbliğində rolu barədə suallara cavab almağa çalışdıq. 
      
   - Azərbaycana budəfəki gəlişinizin məqsədi nədir?
   - Türkiyə hər zaman türkdilli və qonşu müsəlman ölkələrinə yardım əlini uzadıb. Bu günlərdə ağır təbii fəlakətin nəticələrini aradan qaldırmağa çalışan Pakistan xalqına imkan daxilində kömək etməyi özümüzə borc bilirik. Bakıya budəfəki səfərimiz də Türkiyənin Azərbaycandakı səfirliyinin Pakistan xalqına kömək məqsədilə təşkil etdiyi xeyriyyə tədbirində iştirakla bağlıdır.
   Burada «Azərbaycan gülləri» adlı moda kolleksiyasından bəzi nümunələri də nümayiş etdirdik. Onu da deyim ki, bu kolleksiyanı hazırlayarkən Azərbaycan mədəniyyətindən, sənətindən, xüsusilə də butaların çox müxtəlif növlərindən istifadə etdik, zərif toxunmuş, qızıl və gümüş sırmalarla işlənmiş butalar düzəltdik. Bildiyiniz kimi, butalar Azərbaycanda böyük mədəni tarixi olan rəmzlərdən, çox maraqlı naxışlardan biridir. Mən də onlardan Azərbaycan kolleksiyasında istifadə etdim. Daha sonra bu kolleksiyanı dünyanın müxtəlif ölkələrində də nümayiş etdirmək niyyətindəyəm. Gələcək layihələrimdə Azərbaycanın nə qədər coşqulu, rəngli və müasir bir ölkə olduğunu dünyaya təqdim etmək istəyirəm. Bunu həyata keçirməkdən qürur hissi duyacağam.
   - Maraqlıdır, Azərbaycan butaları nə zamandan sizin diqqətinizi çəkdi?
   - İki il əvvəl, 2008-ci il dekabrın 27-də Bakıda “Modern cizgilərdə Anadolu motivləri” adlı moda nümayişi olmuşdu. Bu tədbiri Türkiyənin Azərbaycandakı səfirinin xanımı Günay Kılıc və Türkiyə Sənaye və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) Qadınlar Birliyi birgə təşkil etmişdi. Türkiyə səfirliyində gerçəkləşən təqdimatda Osmanlı dövrünə aid geyimlərin müasirləşmiş formalarını nümayiş etdirdik. Həmin vaxt Azərbaycanı gəzdim, geyim mədəniyyəti, moda aləmi ilə də qismən tanış oldum. O zaman butalar məndə çox böyük maraq yaratdı. Hər yerdə, saraylarda, qədim tikililərdə çoxlu müxtəlif butalar gördüm. Bu üzdən bir Azərbaycan kolleksiyası hazırlamaq qərarına gəldim. Amma bu arada mən butaları olduğu kimi deyil, öz düşüncəmə, öz fəlsəfəmə uyğun hazırladım.
   - Sizin «Azərbaycan butaları» kolleksiyasının fəlsəfəsi nədir?
   - Mənim öz kolleksiyamın fəlsəfəsi butaların özlərini saxlamaqla, onları rəngləmək, boyamaq oldu. Bu zaman metal, gümüş və qızıldan istifadə etdim. Bu formalı geyimlər qadınlar tərəfindən çox bəyənildi, böyük maraqla qarşılandı və mən də bundan çox məmnunam. Dediyim kimi, Azərbaycan butalarını dünyanın hər bir yerində göstərmək istəyirəm. Gələcəkdə Azərbaycan mədəniyyəti, xüsusilə də butaları ilə bağlı çox gözəl bir kolleksiya yaratmağı düşünürəm. Ümid edirəm ki, mənim bu təşəbbüsümə Azərbaycan tərəfdən də dəstək veriləcək.
   - Sizcə, moda bir ölkənin dünyaya tanıdılması, təbliği baxımından nə kimi rola, imkanlara malikdir?
   - Sadəcə modanın deyil, bütövlükdə mədəniyyətin, sənətin ölkənin tanıdılmasında rolu çox böyükdür. İstər turizm nöqteyi-nəzərindən, istərsə də iqtisadi yöndən modanın imkanları da genişdir. Müxtəlif ölkələr bu sahədən böyük gəlirlər əldə edirlər. Mən də Azərbaycan modasını dünyaya çıxartmaq, tanıtmaq istəyirəm. Və istərdim ki, ölkəniz öz modasından gəlir əldə edə bilsin.
   - Daha çox qadın geyimlərinin hazırlanmasına üstünlük verirsiniz. Bir peşəkar kimi, sizcə türk qadınlarının geyim zövqü bu gün dünyada necə qəbul edilir?
   - Bir türk dizayneri olaraq deyə bilərəm ki, türk qadını dünyada həm ən gözəl, həm də ən yaxşı geyinən qadınlardandır. Ədirnədə, Sivasda, Vanda bir kəndli qadının ayağına öz əlləri ilə toxuduğu corabı geyməsi belə çox rəngli və romantik görünür. Savadlı olub-olmamasından, təhsil səviyyəsindən asılı olmayaraq türk qadını çox gözəl zövqə malikdir. Qadınlar özlərinə hansı üslubda geyimin yaraşdığını gözəl bilirlər.
   - Bəs bu gün qadınlara moda ilə bağlı nə məsləhət görərdiniz?
   - Sandığınızdakı işləmə naxışlı, köhnə yaylıq kənarlarını şalvar və köynəklərinizə yamaya bilərsiniz. O zaman paltarlarınız gözəl və cəlbedici görünəcək. Çünki işləmə naxışlar paltarları daha cəlbedici göstərir.
   Kişilərə gəlincə, onlar çox əvvəllərdən təmiz və ütülü geyinmənin tərəfdarı olublar. Kişilər modada rənglərdən o qədər də istifadə etmirlər.
   - Hazırda hansı layihələr üzərində işləyirsiniz?
   - Ölkə daxilində və ölkə xaricində özəl kolleksiyalar hazırlayıb təqdim edirəm. Müxtəlif ölkələrin firmalarından rəngarəng naxışlı geyimlər, kostyumlarla bağlı sifarişlərim olur. Bundan başqa, dünya miqyasında müştərək kolleksiyalar da hazırlamağı və nümayiş etdirməyi xoşlayıram. Bu kolleksiyalar həm qədim, həm də müasir geyim kolleksiyaları ola bilər. Eyni zamanda, belə əməkdaşlıq moda dünyasında qarşılıqlı təcrübə mübadiləsinə də zəmin yaradır. Bu gün moda dünyasında az rast gəlinən və türk mədəniyyəti izlərini daşıyan xüsusi tərtibatlı qadın geyimləri hazırlayıb türk modasının varlığını dünyaya təqdim edirik.
   Xaricdəki fəaliyyətə gəlincə, hazırda Makedoniyanın geyimlərinin dünyaya tanıdılması istiqamətində yeni kolleksiya yaradıram. Makedoniyanın mədəniyyət naziri mənə belə bir layihəni etibar edib. Bundan əlavə, Türkiyənin Mardin bölgəsinin turizm baxımından dünyaya tanıdılması istiqamətində gözəl kolleksiya yaratmışam.
   
   Mehparə






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar