Əli Əmirli: “Əgər yazıçının deməyə sözü varsa, o ədəbi növdən, janrdan asılı olmayaraq sözünü deyəcək, özünü ifadə edəcək”
“Aza qane olmağı bacaran adamlar çox vaxt rahat olurlar. Mənim bir həyat devizim var: şikayətlənmə və istəmə! Çox vaxt bu devizə əməl eləyə bilirəm”.
Müsahibimiz yazıçı-dramaturq Əli Əmirlidir.
- İyirmi illik yaradıcılıq təcrübəsi olan, altı nəsr kitabının müəllifi Əli Əmirli necə oldu ki, günlərin birində dramaturgiya yoluna qədəm qoydu və bir də nəsrə qayıtmadı? Elə bil canınızı nəsrdən qurtarmaq istəyirmişsiniz.
- Doğrudur, mən günlərin birində dramaturgiyaya başladım, amma bu bir günün işi deyildi. Kitab oxumağı öyrəndiyim gündən mən teatra doğru gəlirdim, amma orada hansı keyfiyyətdə olacağımı, nə edəcəyimi bilmirdim. Çoxlu pyes oxusam da, dramaturq olmaq heç ağlıma da gəlmirdi, aktyor olmaq mənim üçün daha qavranılan, daha görünən idi. Bununla belə artıq yeniyetməlik dövrümdə aktyor ola bilməyəcəyimi başa düşdüm və uzun müddət, nəsrlə məşğul olduğum dövrdə də teatrı ancaq tamaşaçı kimi sevdim. Düz iyirmi ildən sonra qanımdakı teatr virusu özünü çox fəal şəkildə göstərməyə başladı, nəticə də pis olmadı. Gənc Tamaşaçılar Teatrında çox prozaik adı olan “Ərizə” pyesim tamaşaya qoyuldu, 1990-cı ildə. Azərbaycan üçün çox qəddar il idi: komendant saatı, fövqəladə vəziyyət, siyasi-iqtisadi qarışıqlıq, Sovet İttifaqının aqoniya dövrü, ermənilərin təcavüzü. Yeddi-səkkiz ay çəkən məşqlərdən sonra istedadlı rejissor Mövsüm Mürsəlov tamaşanı təhvil verdi. Akademik Milli Dram Teatrının direktoru mərhum Həsənağa Turabov da premyerada iştirak edirdi. Tamaşanı çox bəyənmişdi, məni “Azdrama” ilə əməkdaşlığa dəvət etdi. Beləliklə, olduq dramaturq! Canımı nəsrdən qurtarmaq məsələsinə gələndə isə... Burda sussam yaxşıdı.
“Çətin olan dramaturgiyanın açarını, düsturunu əldə etməkdir”
- Müsahibələrinizin birində dediyiniz kimi, dramaturgiya sərt səhnə qanunlarına tabedir. Bir vaxtlar nəsrdə deyə bildiklərinizi pyeslərinizdə də deyə bilirsinizmi?
- Əgər yazıçının deməyə sözü varsa, o ədəbi növdən, janrdan asılı olmayaraq sözünü deyəcək, özünü ifadə edəcək. Konkret mənə gəldikdə isə deyim ki, mən özümü dramaturgiyada daha rahat hiss edirəm, hətta səhnənin dediyiniz o sərt qanunları, dar çərçivəsi, teatrın şərtiliyi də mənə kömək edir. Məni düşündürən istənilən mövzunu artıq səhnə, teatr çərçivəsində görürəm. Sizə bir sirr açım: dramaturgiyanın çətinliyi haqqında deyilənlər dramaturqların uydurduğu mifdir. Çətin olan onun açarını, düsturunu əldə etməkdir. Dramatik vəziyyət, üstəgəl peşəkarlıq! Ən vacibi odur ki, dramatik və ya komik situasiyanı düzgün tapasan. Yoxsa Əmin Bəxtiyarov demiş, Kantın transsendental fəlsəfəsi də bir şey eləyə bilməz.
- Zamanında yazılmış “Bala bəla sözündəndir” komediyanız əsasında çəkilmiş “Bala - başabəla” teletamaşası son iyirmi ilin ən yaddaqalan tamaşalarından biridir. Bu əsərə görə başınız ağrımadı?
- Deməzdim, başım ağrıyıb, əksinə, bu tamaşa öz yaradıcılarına populyarlıq gətirdi. Təəssüf ediləsi odur ki, həmin əsərdə qoyulan problem bu gün də öz aktuallığını itirməyib.
- “Köhnə ev”, “İyirmi ildən sonra”, “Varlı qadın”, “Ağqoyunlular və Qaraqoyunlular”, “Mesenat” və sair pyeslərinizi 2006-cı ildə nəşr etdirdiyiniz “15 pyes” kitabında cəm etmisiniz. Maraqlıdır, bu pyeslərdən neçəsi bu gün səhnədədir?
- Sualınızdakı sətiraltı mənanı başa düşdüm. Məlumat üçün deyim ki, “15 pyes” kitabındakı əsərlərin çoxu yazıldığı zamandan, ildən asılı olmayaraq bu gün Azərbaycanın əsas teatrlarının əksəriyyətinin repertuarındadır. Buraya adlarını çəkmədiyiniz “Kişi və qadın”, “Səhnədə məhəbbət”, “Sevən qadın”, “Müqəddəs Valentin günü” pyesləri də daxildir. Eləcə də 17 il əvvəl yazılmış “Bala bəla sözündəndir” komediyası hazırda Qaxda gürcü dilində tamaşaya hazırlanır. Əlbəttə, bunlar hamısı dövlət teatrlarıdır, onlara məhsul istehsal etmək lazımdır, deməli pyes gərəkdir. Məni daha çox sevindirən əsərlərimə həvəskar teatr kollektivlərinin də müraciət etməsidir. Məsələn, ötən il “Ağqoyunlular və Qaraqoyunlular”ı səhnələşdirmiş Qafqaz Universitetinin teatr dərnəyi bu il çox mürəkkəb arxitektonikası olan “Mesenat”ı tamaşaya hazırlayır. Müəllimi olduğum Mədəniyyət və İncəsənət Universitetinin diplom tamaşaları sırasında hər il mənim pyeslərimin də olması mənim üçün fərəhli haldır. “Varlı qadın” komediyası isə yazıldığı 1999-cu ildən başlayaraq bu günədək 10-dan çox teatrın repertuarındadır.
“Varlı qadın”ın Tacikistana gedib çıxması xoş təsadüf idi
- “Varlı qadın”ın adını çəkdiniz, növbəti sualım yarandı. Sovetlər dönəmində deyərdilər ki, hansısa bir yazıçının əsərləri nəinki respublikamızda, hətta onun hüdudlarından çox-çox uzaqlarda da tanınır, sevilir, halbuki o pyeslərin çoxu heç öz çevrəsində belə tanınmırdı. Sizdə vəziyyət necədir? Bildiyimizə görə elə indi adını çəkdiyiniz “Varlı qadın”, “Köhnə ev”, “Onun iki qabırğası” xarici ölkələrdə də tamaşaya qoyulub.
- İnformasiyanız bir qədər dəqiq deyil. Sovet dönəmində Azərbaycanın bir çox dramaturqlarının əsərləri xaricdə uğurla tamaşaya qoyulurdu. İlyas Əfəndiyevin, İmran Qasımovun, daha sonralar Anarın, Elçinin pyesləri xarici ölkələrdə tamaşaya qoyulub, indi də müxtəlif ölkələrin teatrları bizim ədiblərin əsərlərinə müraciət edirlər. Burada, ilk növbədə, istedad, sonra dil baryerinin olmaması və əlbəttə ki, müəllifin fəallıq dərəcəsi rol oynayır. Mənim əsərlərimin xaricə çıxmasında isə sonrakı iki faktor yox dərəcəsindədir. “Varlı qadının” Tacikistana gedib çıxmasının özü xoş bir təsadüf idi. Düşənbədə yaşayan Amal Hacıyeva adlı həmyerlimiz “Tacikistan mədəniyyəti günləri”ndə Bakıda olanda mənə telefon açıb kitabımı istəmişdi. 4-5 aydan sonra məni Düşənbəyə premyeraya dəvət elədi. Gedə bilmədim, amma bir müddət sonra Tacikistanda “Azərbaycan mədəniyyəti günləri” keçiriləndə mən də nümayəndə heyətinin tərkibində Düşənbəyə getdim və rus dilində hazırlanmış tamaşaya baxdım. Eyni vaxtda daha bir teatr da əsəri tamaşaya hazırlamışdı, tacik dilində. Həmin tamaşa Orta Asiya ölkələrinin II Beynəlxalq teatr festivalında iki nominasiya üzrə qızıl medala layiq görülüb. Daha sonra festival iştirakçılarından Qırğızıstan və Qazaxıstan teatrları da “Varlı qadına” müraciət ediblər. Gördüyünüz kimi “Varlı qadın” mənsiz gəzir. Amma etiraf edim ki, əsərlərimin doğma teatrlarımızda tamaşaya qoyulması məni daha çox sevindirir.
- Əli müəllim, bu gün dünyamızda, yaşadığımız cəmiyyətdə qəribə, bəzən dəhşətli hadisələr baş verir: ağlasığmaz faciələr, gözlənilməz sonluqlu məhəbbət macəraları, qəribə insan münasibətləri, insan tipləri... Sizə elə gəlmirmi ki, bütün bunların fonunda yazıçı təxəyyülündən doğulan əsərlər çox solğun, təsirsiz görünür?
- Sual xeyli maraqlıdır, müzakirəyə geniş imkanlar açır, amma mən qısa deməyə çalışacağam. Var həyat həqiqəti, var bədii həqiqət. Biz çox vaxt bu iki həqiqəti qarışıq salırıq, ona görə də dəhşətli faciələri səhnəyə gətirəndə ya təsirsiz olur, ya da utanc gətirir. Yazıçılar, xüsusilə dramaturqlar və kinossenaristlər həqiqi gerçəkliyi deyil, məhz onun tam bənzəri olan surətini, realizmin özündən çıxarılmış qəlibini yaratmağa çalışmalıdırlar. Bədii həqiqət bu zaman yaranır, onun gücü reallığı olduğundan daha real, daha təsirli göstərmək iqtidarındadır.
- Zamanın müxtəlif dönəmlərində teatrın sonunun gəldiyini deyirlər, ancaq teatr ölmür, sanki yenidən dirçəlmək üçün nəfəs dərir, möhlət istəyir...
- Dünya teatrı nə ölmək fikrindədir, nə də onun ölümünü gözləyənlər var. Ölkəmizə gəldikdə isə, teatr həyatımızın mənzərəsi rəngarəngdir, maraqlıdır. Prezidentin teatrların inkişafı ilə bağlı sərəncam və tapşırıqları, Mədəniyyət və Turizm Nazirliyinin gördüyü genişmiqyaslı işlər Azərbaycan teatrının yeniləşməsinə, yeni nəfəslə inkişafına təkan verəcək. Bu gün Azərbaycan teatrı islahatlar və yeniliklər, daha böyük inkişaf ərəfəsində və əzmindədir. Verilmiş fürsətdən bacarıqla istifadə etmək üçün teatrı sevmək lazımdır, çünki sevgi yaradıcıdır.
“Teleaparıcılıq mənim həyatımda bir epizoddur”
- “Axirətdən qabaq gəzinti”, “Ölü doğan şəhər”, “İldırımötürən”, “Sevən qadın”... Əsərlərinizə yaxşı, cəlbedici adlar qoyursunuz. Necə seçirsiniz adı? Əsəri yazmağa başlayanda, yoxsa sonda?
- İnsanın adı taleyinə təsir elədiyi kimi, əsərlərə də adları təsirsiz qalmır. Dramaturgiyada isə bunun əhəmiyyəti daha böyükdür, tamaşanın adı birbaşa kassaya təsir edir. Ad əsərdən əvvəl də, sonra da yarana bilər, bəzən də təsadüf kömək edir. Bir dəfə avtobusda bir rusun qolunda döymə yazı gördüm: “Jizn proqulka pered smertyu”, yəni həyat ölümdən qabaq gəzintidir. Mən kiçik bir redaktə ilə o yazıdan istifadə edib elə o vaxt yazı prosesində olan romanımı “Axirətdən qabaq gəzinti” adlandırdım. Əsəri çapa verəndə jurnalın baş redaktoru adın mütləq dəyişdirilməsini tələb elədi, amma çap ərəfəsində kadr dəyişikliyi oldu və Yusif Səmədoğlu “Azərbaycan” jurnalına baş redaktor gəldi, əsər də elə öz doğma adı ilə çap olundu.
- Yazıçı, dramaturq, auditoriyada müəllim, teleaparıcı... Vaxtın da bolluğundan şikayətlənirsiniz. Bu necə olur?
- Teleaparıcılıq mənim həyatımda bir epizoddur, hətta bir qədər əyləncəli epizod. Altmış yaşında bir növ özüm özümə sataşdım. Qalan fəaliyyət növləri də elə çox vaxt aparmır. Ümumiyyətlə, gərgin işləməyi, gərgin yaşamağı sevmirəm, hər şeyi öz axarına buraxıram, nəticə heç də pis olmur, sizə də məsləhət görürəm.
- “Yazıçıya yaraşmayacaq dərəcədə realistəm” deyən Əli Əmirlinin reallıqdan qaçdığı vaxt olubmu?
- Müsahibələrimin birində işlətdiyim bu gəlişigözəl cümlə və ya teatral replika yaradıcılığıma deyil, mənim həyat tərzimə aiddir. Reallıqdan qaçmağa gələndə isə bu, mümkünsüzdür, ondan nə qaça bilərsən, nə də gizlənə. Havayı güc, enerji sərf etməyə dəyməz. Həmin gücü reallığın yaratdığı problemin həllinə yönəltmək daha səmərəli nəticə verər.
- Nə vaxt özünüzü tam rahat hiss edirsiniz?
- Aza qane olmağı bacaran adamlar çox vaxt rahat olurlar. Mənim bir həyat devizim var: şikayətlənmə və istəmə! Çox vaxt bu devizə əməl eləyə bilirəm.
Təranə Vahid