Müsahibimiz Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hardijs Baumanisdir.
   
   - Cənab səfir, Azərbaycanla Latviya arasında mövcud olan əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

   - Azərbaycanla Latviya arasında yaxşı münasibətlər mövcuddur. Ölkələrimiz arasında müxtəlif səviyyələrdə sıx dialoq və əməkdaşlıq qurulub. Parlamentlərarası münasibətlər inkişaf edir, yerli özünüidarə səviyyəsində bələdiyyələrin əməkdaşlığı təşəkkül tapmaqdadır. Təbii ki, mədəniyyət sahəsində də əlaqələrimiz inkişaf edir.
   Bizim mədəni əlaqələrimizin 100 illik tarixi var, bu münasibətlərin kökü ötən əsrin əvvəllərinə gedib çıxır. Məsələn, tanınmış Latviya yazıçısı Ernests Birznieks-Upitis Azərbaycanda yaşayıb və «Qafqaz hekayətləri» adlı kitab yazıb. Bu kitab Latviyada çox məşhurdur, xüsusilə onu sevə-sevə oxuyurlar. Tanınmış bəstəkar və dirijor Jazeps Medinş Bakı Milli Simfonik Orkestrində dirijorluq edib.
   Müasir əlaqələrə gəlincə, Latviya Respublikasının Azərbaycanda səfirliyi 2007-ci ildə fəaliyyətə başlayıb. İlk illərdə münasibətlərimiz daha çox siyasi-iqtisadi sahələri əhatə edirdi. Son dövrdə mədəniyyət sahəsinə də diqqəti artırmışıq. Bakıda yarım ildir ki, səfir kimi fəaliyyət göstərirəm. Mənim arzum Latviya və Azərbaycan arasında mədəniyyət sahəsində sıx əlaqələr qurmaq, daha çox mədəni mübadilə etmək, insanlar arasında əlaqələr yaratmaqdır.
   Bu günlərdə Azərbaycanın mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevlə görüşdüm. Söhbət əsnasında bu il üçün əməkdaşlıq imkanlarını, perspektivləri müzakirə etdik. Görüş zamanı Azərbaycan və Latviya respublikaları arasında mövcud olan mədəniyyət sahəsindəki əlaqələri daha da genişləndirmək üçün hər il 2-3 mədəni tədbir keçirmək barədə müzakirələr apardıq. Bizim səfirlik bu məsələlər üzərində işləməyə başlayıb. Məlum olduğu kimi, apreldə Bakıda mədəniyyətlərarası dialoqla bağlı dünya forumu keçiriləcək və Latviya Respublikasının mədəniyyət naziri xanım Sarmite Elerte də Bakıya gələrək, bu tədbirdə iştirak edəcək.
   Yaxın aylarda biz XX əsrdə Azərbaycanla Latviya arasında mədəni-tarixi əlaqələri əks etdirən sərgi keçirmək istəyirik. Bundan sonra biz rəsm qalereyalarımız arasında sərgilər mübadiləsi aparmağı planlaşdırırıq. Onu da deyim ki, bu günlərdə “Qalereya 1969”un direktoru Elçin Orucovla Azərbaycanın müasir incəsənətinin Latviyada nümayişi barədə müzakirə aparmışıq. Mən Latviyanın müasir incəsənət nümunələrini də Bakıya gətirmək istədiyimizi ona bildirdim. Qeyd etdiyim bu məsələlər bizim mədəni əməkdaşlığa bağlı yaxın planlarımıza daxildir.
   - Azərbaycana səfir kimi gəlməzdən öncə ölkəmiz haqqında, onun tarixi, mədəniyyəti barədə nə dərəcədə məlumatlı idiniz?
   - Təəssüf ki, Sovet İttifaqı dövründə və sonralar mənim Azərbaycana səfər etmək imkanım olmayıb. Ali təhsilimi Moskvada almışam və tələbə olarkən qrup yoldaşlarım arasında Bakıdan Yuri adlı bir nəfər vardı. Ali məktəbi bitirdikdən sonra qrup yoldaşlarımla əlaqələri itirdim. İndi Bakıda olduğum müddətdə, məsələn, həmin tələbə yoldaşımla yenidən görüşməyə çox şad olardım. Təbii ki, burada olduğum dövrdə Azərbaycanın tarixi, bu günü barədə geniş məlumat əldə etmək, ölkənizin inkişafını bilavasitə izləmək imkanım var.
   - Daha öncə hansı ölkələrdə diplomat olaraq çalışmısınız və Azərbaycana səfir təyinatınızı necə qarşıladınız?
   - Bakıya səfir təyinatımdan əvvəl mən Kopenhagendə (Danimarka), Moskvada və Sankt-Peterburqda (Rusiya), habelə Vilnüsdə (Litva) diplomat kimi çalışmışam. Yəni 10 ilə yaxın müddətdə Latviyaya qonşu ölkələrdə diplomatik fəaliyyət göstərmişəm. Azərbaycana səfir təyin olunanda düşündüm ki, bu mənim həyatımda bir yenilik olacaq. Mən Riqadan nisbətən uzaqda olacağam, bura fərqli region, fərqli mədəniyyət deməkdir.
   - Bakıda qısa müddət yaşamağınıza baxmayaraq ölkəmiz, insanlarımız sizdə hansı təəssürat yaradıb?
   - Azərbaycan və onun paytaxtı Bakı sürətlə inkişaf edir. İnsanlara gəlincə, onlar çox dinamik, gülərüz və ünsiyyətə açıqdırlar. Küçədə kiminlə rastlaşırsansa, onlar sənə kömək etməyə çalışır, hara getməyi izah edirlər. Bir xoş məqamı da qeyd edim ki, insanlarınızın bir çoxu rus və ingilis dillərini yaxşı bilirlər.
   - Xalqlarımız arasında oxşar və fərqli cəhətləri necə, xarakterizə edə bilərsinizmi?
   - Düşünürəm ki, xalqlarımız arasında oxşar cəhətlərdən biri insanlarımızın çox vətənpərvər olmasıdır. Azərbaycanın və Latviyanın tarixi eynidir. Çünki 1918-ci ildə hər iki xalq öz müstəqilliyi uğrunda mübarizə aparırdı və müstəqil dövlətlərini elan etdilər. Versal Sülh Konfransında Azərbaycanın nümayəndə heyəti Latviyanın nümayəndə heyətini Böyük Britaniyadan iki gün sonra təbrik etmişdi. Belə məlum olur ki, Azərbaycan Latviyanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.
   Fərqli cəhətlərə gəlincə, latviyalılar təbiətən nisbətən soyuqqanlıdır, bu da bizim şimallı olmağımızla bağlıdır. Latviyalılar elə də ünsiyyətcil deyillər.
   - Cənab səfir, Latviyanın Azərbaycandakı səfirliyi olaraq mədəni əməkdaşlıqda daha çox hansı sahələrə maraq göstərirsiniz?
   - Qeyd etdiyim kimi, mədəniyyət sahəsində ölkələrimizin nazirlikləri arasında yaxşı münasibətlər yaranıb və Latviyanın mədəniyyət nazirinin apreldə Bakıya səfəri zamanı bu münasibətlər bir daha müzakirə olunacaq. Şübhə etmirəm ki, tezliklə Azərbaycanın mədəniyyət və turizm naziri də Latviyaya səfər edəcək. Bu görüşlər iki ölkənin nazirlikləri arasında daha geniş dialoqa zəmin yaradacaq. Rəssamlıq, memarlıq sahəsində, sərgilərin mübadiləsi üzrə və s. sahələrdə müxtəlif layihələr həyata keçirmək olar.
   Latviyanın bir neçə şirkəti Azərbaycanla əməkdaşlıq edir. Bildiyimə görə, latviyalı layihəçi Qobustan muzeyi üçün texniki layihə hazırlayıb.
   - Yeri gəlmişkən, siz özünüz Qobustanda olmusunuz?
   - Bəli, mən orada bir neçə dəfə olmuşam. Qobustan çox təsirli bir yerdir. Oradakı daş mağaraları və ətraf mənzərələri görmək çox maraqlıdır.
   - Azərbaycanda olduğunuz müddətdə regionlarımıza səfər edə bilmisiniz?
   - Ölkənizdə olduğum qısa müddətdə müxtəlif rayonlara səfər etmişəm. Qəbələdə, Qubada, bu rayonun Xınalıq kəndində olmuşam. İnsanların kənd həyatını görmək çox maraqlı idi. Bu yaxınlarda Avropa Birliyi ölkələrinin səfirləri ilə Naxçıvana səfər etdik. Mən bütün regionlarınızı gəzmək, görmək niyyətindəyəm. Bir sıra regionlar haqqında turist bukletlərindən məlumat almışam. Mən dünyanın bir çox ölkələrində olmuşam. Lakin qısa məsafədən bu qədər çox iqlim zonasının dəyişməsini görməmişəm. 20-30 kilometr keçdikdən sonra yaydan qışa düşürsən. Bu doğrudan da Azərbaycanda turizmin inkişafına böyük üstünlük verir və imkanlar yaradır.
   - Turizmdən söz düşmüşkən, ölkələrimiz arasında turizm əlaqələrinin səviyyəsini necə qiymətləndirirsiniz?
   - Azərbaycanla Latviya arasında birbaşa uçuş reysləri yalnız yay mövsümü zamanı həftədə 2 dəfə həyata keçirilir. Düşünürəm ki, ilin isti fəslində Latviyaya gedib kənd turizmini görmək, ondan zövq almaq böyük imkandır. Ölkəmizdə turizmin bu növü üçün yaxşı imkanlar mövcuddur, yerlərdə müxtəlif istirahət mərkəzləri, mehmanxanalar var. Kənd yerlərində çoxlu qədim tikililər var ki, onlar bərpa olunub və müasir mehmanxanalara çevrilib. Biz turizmin bu növünün Azərbaycanda da inkişaf etməsini istəyirik. Bizim kənd turizmi ilə bağlı xüsusi assosiasiyamız da var. Bu təşkilat Azərbaycana kənd turizmini daha da inkişaf etdirmək üçün köməklik göstərə bilər. Bu məsələyə mən mədəniyyət və turizm naziri ilə söhbətimizdə toxundum və qeyd etdim ki, bizim assosiasiya burada bəzi layihələr həyata keçirməyə kömək edə bilər.
   - Azərbaycan musiqisini, muğamı necə, dinləmək imkanınız olubmu?
   - Əlbəttə, muğamı dinləmişəm və çox bəyənmişəm. Bu, Azərbaycanın böyük musiqi irsidir, qeyri-adi musiqidir. Mən bilirəm ki, bu musiqi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil olub. Yeri gəlmişkən, Latviyanın qədim xor musiqisi bu siyahıya daxildir. Hələ 1873-cü ildən başlayaraq Latviyada xor musiqisi festivalları keçirilir.
   - Adətən diplomatların iş qrafiki sıx, boş vaxtları isə az olur. Buna baxmayaraq paytaxtımızı gəzməyə, görməli yerlərə baş çəkməyə vaxt tapa bilirsiniz...
   - Mən İçərişəhərdə və Dənizkənarı Milli Parkda gəzməyi çox sevirəm. Boş vaxtlarımda idmanla məşğul olmağa çalışıram. Uzun illər tennislə məşğul olmuşam. Bakı bulvarına həm də ona görə gedirəm ki, orada çox gözəl tennis kortları var. Bundan başqa, velosiped sürməyi də xoşlayıram. Şənbə və bazar günlərində maşınların az olduğu vaxtda öz velosipedimlə Bakıda müxtəlif yerlərə gedirəm.
   - Azərbaycan milli mətbəxi ilə aranız necədir?
   - Sizin milli mətbəxinizi çox xoşlayıram. Azərbaycanda ət yeməkləri, lüləkabab xoşuma gəlir. Bazar günü boş vaxtım çox olanda, dəniz kənarına gedirəm. Ona görə ki, orada gözəl restoranlarda təzə balıq olur. Bu yemək doğrudan da gözəl zövq verir.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar