“Bura mənim üçün inanılmaz dərəcədə məhrəmdir. Mən bu binaya 5 yaşımdan gəlirəm. Düz 59 ildir ki, mən bu yolu keçib, bu pilləkənləri qalxır, dəhlizlərdə gəzişirəm. Ona görə bura mənim üçün çox əzizdir, doğma evdir”
   
   Əslində həqiqət payı yüksək olan bu bir az kədərli, bir az da qürurlu paralellik bizi bütün zamanlarda Üzeyir bəyə, Şuşaya yaxın edir və edəcək. Unudulması qeyri-mümkün olan müqəddəs məfhumlara, pirə, ocağa çevrilmiş dəyərlərə yenidən və daha dərin köklərlə bağlanmağa səsləyəcək.
   
   Bu paralel həm də Şuşa, Qarabağ həqiqətini bəzən kar olmuş dünyanın qulağına oratoriya ilə, uvertüra ilə hayqırır. Və təsdiqləyir ki, musiqi təbli xalqın təbii konservatoriyası olan Şuşa elə bu dildə danışanların, bizimdir. Çünki onun 90 yaşlı rəsmi bir varisi, qoca Şərqin ilk peşəkar təhsil mərkəzi olan Bakı Musiqi Akademiyası, Üzeyir bəy ocağı var. Elə il ərzində yubiley tədbirləri ilə adı demək olar ki, hər gün hallanan, 90 illiyini təntənə ilə qeyd edən akademiyanın rektoru, bu günlərdə ömrünün 64-cü ilini tamamlayan gözəl sənətkarımız, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı Fərhad Bədəlbəyli ilə müsahibənin də əsasında bu gerçəklik durdu.
   - Söhbətə, belə demək mümkünsə, lirik bir haşiyə, musiqili bənzətmə ilə başlamaq istərdim: mən bizim Musiqi Akademiyasını Üzeyir bəyin «Arazbarı»sına, Qara Qarayevin «Yeddi gözəl»inə, Fikrət Əmirovun «Şur»una, Soltan Hacıbəyovun «Karvan»ına bənzədirəm...
   - Təkcə bunlarmı? Yox, mən bu 90 ilə nəzər saldıqda ümumilikdə Azərbaycan, Şərq musiqisini bu ocaqla bağlayıram. Bu məkan, belə deyək də, peşəkar musiqisi, klassik ənənələri ilə Şərqə təpədən baxan Qərbə əzəmət, bilik, istedad və yüksək zövqlü sənət təlqin edib.
   - Üzeyir bəy və bu möhtəşəm sənət ocağı. Bu əbədi paralellik haqqında nə deyərdiniz?
   - Tarixə nəzər saldıqda görürük ki, Azərbaycan musiqi mədəniyyətində nə varsa hamısı bu və ya digər şəkildə Üzeyir bəylə bağlıdır. 1921-ci ildə onun təşəbbüsü ilə açılan bu musiqi ocağı 90 ildir ki, Azərbaycan xalqına, onun mədəniyyətinə xidmət edir. Biz çalışırıq ki, dahi bəstəkarın, bu akademiyanın qurucusunun ənənələrini davam etdirək. Çünki Üzeyir bəy olmasaydı nə operamız olar, nə də böyük bəstəkarlıq məktəbimiz yaranardı. O məktəb ki, onun nümayəndələrinin - Qara Qarayevin, Fikrət Əmirovun, Soltan Hacıbəyovun, Cövdət Hacıyevin, Cahangir Cahangirovun, Səid Rüstəmovun və başqalarının adlarını belə çəkərkən hər birimiz ruhən, mənən zənginləşirik, onların musiqiləri ilə könlümüzü ovuduruq. Bax bütün bunlar dahi Üzeyir bəyin yaratmış olduğu ənənələrin məhsuludur. Bu gün o ənənələri yaşatmaq bizim borcumuzdur.
   Hər gün buradan keçəndə Üzeyir bəyə salam verirəm. Və hardasa qorxuram ki, Üzeyir bəy birdən deyər ki, bax bunu düz eləməmisiz. Bütün addımlarımızı Üzeyir bəyin adı ilə atırıq, Üzeyir bəy nə deyər, o belə edərdimi kimi paralellər aparır, məsələlərə onun gözü ilə baxmağa çalışırıq. Çünki o, sözün həqiqi mənasında dahi idi. Rəhmətlik Süleyman Ələsgərov həmişə deyirdi ki, biz hamımız Üzeyir bəyin çörəyini yeyirik. Mən o vaxtlar bu fikrin mahiyyətini bəlkə də bu qədər dərk etmirdim. İndi anlayıram ki, o, haqlı imiş.
   Bütün uğurlarımız Üzeyir bəylə bağlıdır. Əlbəttə, biz daim dövlətimizin də diqqət və qayğısını hiss etmişik. Ölkə rəhbərliyinin bu ali təhsil mərkəzinə, musiqi ocağına ayrı bir münasibəti, sevgisi olub. Bunu ümummilli liderin simasında dəfələrlə görmüşük. Təsəvvür edin ki, çox çətin illər idi. 1994-95-ci illərdə, maddi vəziyyətin ağır olduğu dövrdə biz müəyyən vasitələr, sponsorlar hesabına tələbələrimizi xarici festival və müsabiqələrə göndərirdik və qalib qayıdan o gənclərlə möhtərəm prezidentimiz görüşürdü. Onların uğuruna sevindiyini buraya gəlməsi və onları şəxsən təbrik etməsi ilə göstərirdi.
   Bu ənənə indi də davam edir. Ölkə başçısı cənab İlham Əliyev hələ üç il bundan öncə çox tarixi bir qərarla akademiyaya Üzeyir bəyin adını qaytardı. Akademiyanın 90 illiyi ilə bağlı sərəncam imzaladı, bu günlərdə bu ocaqdan rişələnən bir neçə musiqiçiyə fəxri adlar verdi. Musiqimizin böyük təəssübkeşi missiyasını yerinə yetirən Heydər Əliyev Fondu, onun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da bu istiqamətdəki addımları, bir-birindən möhtəşəm layihələri buna misaldır. Artıq dünyanın ən möhtəşəm salonlarında musiqimiz səslənir, ən ali dairələrdə Azərbaycan mədəniyyətindən danışılır, bizim sənətkarlar alqışlanır. Bu çox böyük nailiyyətdir.
   - Şuşa... Ora Azərbaycanın təbii, bura isə rəsmi konservatoriyası, musiqi akademiyası. Bu sənət ocağına rəhbərliklə Şuşa nisgili, nostaljisi arasında hansı hissləri yaşayırsınız?
   - Bu yaradır və hər gün bu yara məni göynədir. Süleyman əmini, Vasif Adıgözəlovu son mənzilə yola salarkən bu ağrını, sızıltını daha çox hiss etdim. Onlar ölümlərindən bir az qabaq kövrələrək «Fərhad, öləcəyik amma Şuşanı görməyəcəyik» dedilər. Və təəssüf ki, həsrətlə dünyadan köçdülər. Bu dərd təkcə şuşalıların yox, bütünlükdə azərbaycanlıların dərdidir. Çünki Şuşa müqəddəs bir yerdir. Qarabağın azərbaycanlı icmasının Berlində keçirilən tədbirlərinin birində bir əcnəbi təəccüblə mənə «Niyə məhz Şuşa, niyə o boyda Qarabağı qoyub yalnız Şuşanı deyirsiniz, onun üçün vuruşursunuz? Bir balaca şəhərdir də» dedi. Mən ona və ümumilikdə bu barədə mənə sual ünvanlayanlara öz hisslərimi, Şuşaya olan ilahi bağlılığımı izah edə bilmirəm.
   - Musiqi Akademiyasının ad günüdür, rektorunun da...
   - Bu binaya çox bağlıyam, bura mənim üçün inanılmaz dərəcədə doğma, məhrəmdir. Təsəvvür edin ki, mən bu binaya 5 yaşımdan gəlirəm. Düz 59 ildir ki, mən bu yolu keçib, bu pilləkənləri qalxır, dəhlizlərdə gəzişirəm. Ona görə bura mənim üçün çox əzizdir, doğma evdir. Gec-tez hamımız bu dünyadan gedəcəyik. Ona görə də elə yaşamaq lazımdır ki, sonra sənin üçün təəssüflənsinlər. Düzdür, Üzeyir bəy kimi yaşamaq hər insana nəsib olmur, amma heç olmasa nə isə etməlisən, özündən sonra iz qoymalısan.
   - Müasir musiqiçilər çoxbucağında Üzeyir-Qara-Fikrət üçbucağını təkrar-təkrar tərifləyənlər çox, onların sənət səviyyəsini təkrarlayanlar isə, məncə, yox...
   - Mən deməzdim ki, yoxdur. Amma müəyyən vaxt lazımdır. Və yəqin illər sonra yeni nəsillərin adları çəkiləcək. Çünki məktəb olub, var və davam edəcək də. Bu çox vacibdir.
   Bilirsiniz, Almaniyada XIX əsrdə Şuman, Brams kimi dahi bəstəkarlar var idi. Amma indi boşluqdu. İndi almanlar “Mersedes” istehsal edir, kompyuterlər yaradırlar. Bu möcüzədir. Bilmirəm niyə.
   - Deməli, sənətkarı zaman yetişdirir.
   - Həm zaman, həm də mühit. Üzeyir, Qara, Fikrət kimi insanlar 100-200 ildə bir dəfə dünyaya gəlirlər.
   - Fərhad müəllim, Azərbaycan musiqisi və mədəniyyətinin beynəlxalq miqyasda təbliği istiqamətində işləri necə dəyərləndirirsiniz?
   - Artıq Azərbaycan mədəniyyətinin səs-sədası ən müxtəlif ölkələrdən gəlir. Amerikadan başlayaraq Yaponiyaya qədər mədəniyyət nümunələrimiz təqdim olunur. Bu mənada mədəniyyətimizə böyük sevgi və qayğı ilə yanaşan birinci xanım Mehriban Əliyevanın əməyi danılmazdır. O, demək olar ki, olduğu hər yerdə, iştirak etdiyi hər tədbirdə Azərbaycan musiqi mədəniyyətini təbliğ və tərənnüm edir, musiqilərimiz böyük zallarda səslənir. Bu gün Azərbaycan musiqisi oralarda səslənirsə, deməli, mədəniyyətimiz çox yüksək səviyyədə təqdim olunur. Son illər Mədəniyyət və Turizm Nazirliyi bu işdə böyük fəallıq göstərir. Bundan başqa ölkəmizdə də sırf musiqi ilə bağlı böyük beynəlxalq tədbirlər keçirilir, festivallar təşkil olunur, simpoziumlar düzənlənir. Mən indi bunları bir-bir sadalamaq istəmirəm, amma ümumilikdə mədəniyyətimizin təbliği istiqamətində böyük işlər görülür.
   - Bəs azərbaycanlıların ümumi mədəni səviyyəsi və musiqi zövqü necə, sizi qane edirmi?
   - Bax bu mənim üçün çox ağrılı, bəlkə də ən əsəblərimə toxunan məqamdır. Artıq deməkdən də yorulmuşam. Yetər, yetər bu səviyyəsiz musiqi bazarı, dappadrup, toyxana ab-havası. Məgər Azərbaycanın musiqiləri elə bunlardan ibarətdir? Bax, bu məni çox narahat edir.
   - Fərhad Bədəlbəyli üçün rektor kürsüsü rahatdır, yoxsa piano arxası? Ruh və can özünü hansında tapır?
   - Əlbəttə ki, piano arxasında. Axı mən musiqiçiyəm. Amma 20 il ərzində buraya da öyrəşmişəm. Az-çox təcrübəm var. Özü də bu elə-belə yox, Üzeyir bəyin kreslosudur. Burada tamam başqa bir sehr var. Bu kürsüdə məmur olmaq qeyri-mümkündür, istər-istəməz yaradıcılıq ön plana keçir. Çünki bura yaradıcı adamın yaradıcılıq kürsüsüdür. Buradan çıxıram gedirəm zala, uşaqların məşqlərinə baxıram, ya piano arxasına keçib ifa edirəm. Yəni burada iş sadəcə əmr verməklə, qol çəkməklə bitmir. Yaradıcılıq bütün bu məsələlərin önündə gəlir. Digər tərəfdən, vaxtımın çoxunu bu iş aparır. Məsələn, mən daha da çox konsert verərdim, musiqilər, yeni əsərlər yazardım. Amma hər halda bura mənim işimdir. Ruh və bədən isə yalnız fortepiano arxasında rahatlıq tapır.
   - Yaşınızın üstünə bir yaş da gəldi. Ömür payıza yaxınlaşır... Yəqin indi daha tez-tez Qarabağda, gözəl Şuşada sakit qocalıq həyatı keçir ürəyinizdən...
   - Haqlısınız, tez-tez. Bilirsiniz, Süleyman əmi bizim hər istirahətimizi bir ölkədə keçirməyə çalışdığımızı görüb qəribə bir təbəssümlə «Ay uşaqlar, nə görübsünüz xarici ölkələrdə, gül kimi Şuşa var, gedin orada istirahət edin», - deyərdi. Biz isə onu anlamazdıq. Amma indi başa düşürəm ki, Süleyman əmi haqlı imiş. Şuşanı əvəz edən ikinci bir yer yoxdur. Dünyanı dolaşan adam kimi bunu sizə əminliklə deyə bilərəm. Orada xüsusi bir mühit var və elə ona görə də orada dahi insanlar dünyaya gəlirdi. Bu heç də elə-belə deyil. Mənə elə gəlir ki, orda bir sirr var. Azərbaycanın musiqi kodu məhz orada, gözəl və təkrarsız Şuşadadır. Məhz ona görə də o şəhəri qaytarmalıyıq.
   - Bir təqvim ilini də yola salırıq. Yəqin sizin də gələn ildən çoxlu gözləntiləriniz var?
   - Yeni proqramlar, konsertlər, qastrollar. Bəlkə də yeni bir əsər yazaram, kim bilir.
   
   Söhbətləşdi:
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar