Hacı İsmayılov: “Ad günü” kövrək hisslərin qanadında çəkilmiş, ilk məhəbbətə bənzəyən çox həssas filmdir”
   
   Doğulduğu il - 1944
   Bürcü - dolça
   Sevdiyi rəng - səma rəngi
   Sevdiyi rəqəm - 7
   Sevdiyi müğənni - Rəşid Behbudov
   
   Yanvarın 22-si Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Hacı İsmayılovun doğum günüdür.
   - Sənətə gəlməzdən əvvəl Hacı İsmayılov kim idi, nə düşünürdü, nə fikirləşirdi, nə arzulayırdı?
   - İçərişəhərdə anadan olmuşam. Gözümü açandan qədim memarlıq abidələrini, Şirvanşahlar sarayını, qala divarlarını görmüşəm və bütün bunlar məndə qəribə hisslər oyadıb. 6-7 yaşımda “Amfibiya-adam”, “O olmasın, bu olsun” filmlərinin çəkilişlərinin şahidi olmuşam. Elə o zamanlar məndə kino sənətinə, aktyorluğa maraq oyandı. 190 saylı orta məktəbdə oxuyanda dram dərnəyinə yazıldım. Məktəb səhnəsində ilk rolum “Gənc ustalar” tamaşasındakı Tənbəl Mahmud oldu və bu rol indiyə kimi yadımdadır.
   - Sənətə olan marağınız ailədə necə qarşılandı?
   - Pis qarşılanmadı. Atam dənizçi, anam evdar qadın olub. Nəslimizdə yeganə adamam ki, bu sənətə maraq göstərmişəm.
   - Sənətdə mənən dayağınız kim olub?
   - Heç kim əlimdən tutmayıb, heç kəs də dayaq olmayıb. Orta məktəbdə ədəbiyyat müəllimimiz vardı, Zərbəli Səmədov. 8-9-cu sinifdə oxuyanda müəllimimiz hərəyə bir sənət məsləhət gördü. Mənə də qayıtdı ki, bala, sən də get artist ol, səndən yaxşı artist olar. Mən də meylləndim bu sənətə.
   Sənət aləmində bir aktyor kimi məşhurlaşmağımda kinorejissor Rasim Ocaqovun xidmətləri böyükdür. O, məni ilk dəfə “Ad günü” filminə dəvət elədi. Mustafa rolundan sonra beş filmdə çəkildim. Ona ömrüm boyu borcluyam.
   
   “Cismən Hacı, ruhən Mustafayam”
   
   - Teatrın sehrinə necə düşdünüz?
   - Orta məktəbdə oxuyanda iki şeyə sevinirdim: bir idman dərsi olanda, bir də teatra gedəndə. O vaxt bizi tez-tez Gənc Tamaşaçılar Teatrına aparırdılar.
   - Səhnədə sizi nə heyrətləndirərdi?
   - İlk dəfə pərdə açılanda səhnədən qəribə qoxu gəldi. Çox xoşagələn, heç bir ətirlə müqayisə olunmayan qoxu idi. Bu qoxu məni məftun elədi, sanki sehrli aləmə düşdüm. Elə o anda qərara gəldim ki, özümü teatra həsr eləyim.
   - “Sevil” tamaşasındakı Məmmədəli bəy teatrda ilk rolunuzdur. Bəs hansı rol sizə uğur gətirdi?
   - Belə hesab edirəm ki, teatrda ən müvəffəqiyyətli rolum yazıçı-dramaturq Anarın Cəlil Məmmədquluzadənin əsərləri əsasında yazdığı “Sizi deyib gəlmişəm” tamaşasındakı Məhəmmədhəsən əmi roludur.
   - Necə oldu ki, Rasim Ocaqov sizi filmə dəvət etdi?
   - 70-ci illərdə biz cavan aktyorlar kinostudiyaya gedirdik. Ürəyimdən filmə çəkilmək istəyi keçsə də, aktyorlara baxanda bu istəyimdən vaz keçirdim. Bir gün bufetdə çay içirdik, sən demə, Rasim Ocaqov da üzbəüz stolda oturub baxırmış, müşahidə edirmiş. Qəfildən yaxınlaşıb dedi ki, yeni film çəkirik, istəyirəm səni də fotoçəkilişə dəvət edim. Beləliklə, “Ad günü” filmində çəkildim və Mustafa müəllim mənim kinoda ən uğurlu rolum oldu.
   - “Ad günü” sizə uğur gətirdi, Dövlət mükafatına layiq görüldünüz. Bəs “Həm ziyarət, həm ticarət” sizə hansı uğuru qazandırdı?
   - “Ad günü” kövrək hisslərin qanadında çəkilmiş, ilk məhəbbətə bənzəyən çox həssas filmdir. Mən o filmə çəkiləndə bilmirdim ki, o uğur qazanacaq. Amma “Həm ziyarət, həm ticarət”ə qədər artıq arxada neçə film vardı. Tamaşaçıların rəğbətini doğrultmaq, üstəlik, yeni bir söz demək də lazım idi. Şükürlər olsun ki, bu film də alındı. Rəsmi mükafat-zad almasa da, tamaşaçılar tərəfindən sevildi. Mən bu sözü dəfələrlə demişəm: cismən Hacı, ruhən Mustafayam.
   - Kino aktyoru kimi daha çox şöhrət qazansanız da, Rasim Ocaqovdan sonra az filmə çəkildiniz...
   - Əlbəttə, rəhmətlik Rasim Ocaqov sağ olsaydı mən yəqin ki, daha çox filmlərə çəkilərdim. Vaxt gedir, ömür gedir, adam elə bir yaşa çatır ki, istəyir yaradıcılığında daha çox iş görsün. Son 10 ildə demək olar ki, arzularımın əksəriyyəti ancaq teatrda gerçəkləşib. Nə kinoda, nə televiziyada elə böyük işlərim olmayıb.
   - Yəni aktyor üçün yaş həddi olmamalıdır.
   - Hansı rəssama demək olar ki, ixtiyar yaşın çatıb, daha rəsm çəkmə. Aktyor da elədir, teatr aktyoru idmançı deyil, rəqqas deyil ki, müəyyən yaş həddinə çatanda sənətdən uzaqlaşsın. Aktyor ömrünün axırına qədər aktyordur. Bir söz də var, aktyor gərək elə səhnədən getsin. Aktyor üçün yaş həddi olmamalıdır.
   - Bu gün teatrda nə baş verir?
   - Teatrda hər zaman müəyyən söz-söhbətlər, dedi-qodular da olub, intriqa da, narazı adamlar da. Vaxt olub ki, mən də nədənsə narazı olmuşam, amma bunlar teatrın içində gedən prosesdir. Mən dedi-qodulardan, intriqadan həmişə uzaq olmuşam. Yaradıcılıq və həyat kredom o olub ki, mənə tapşırılan işi sədaqətlə, vicdanla yerinə yetirim. Ümumiyyətlə, teatr bir evdir, o evin mətbəxində olan söz-söhbəti kənara çıxarmaq o qədər də etik normalara uyğun deyil.
   - “Kino, yoxsa teatr” seçimi qarşısında qalsaydınız, hansını seçərdiniz?
   - Sözsüz ki, teatrı seçərdim. Mən teatr aktyoru olmaq istəmişəm. Düzdü, tamaşaçı sevgisini mənə kino qazandırıb, amma teatrı çox sevirəm. Teatr tale sənətimdir.
   - Bu gün çəkildiyiniz filmlərə, oynadığınız tamaşalara baxanda hansı hissləri keçirirsiniz?
   - Dediyim kimi, rol aldığım filmlərin əksəriyyətini Rasim Ocaqov çəkib. Qəribədir, o məni məndən yaxşı tanıyırdı. İndi həmin filmlərə baxıb deyirəm ki, nə yaxşı mən o filmlərə çəkilmişəm. Bir çox aktyorlar kimi mən də gözləyirəm ki, yerli teleseriallar çəkiləndə kino fəaliyyətimi davam elətdirim.
   - Aktyorları daxilən azad adamlar hesab edirlər. Siz necə?
   - Mən bilmirəm o daxili azadlıq nədir, ancaq uşaqlıqdan bu günə kimi ürəyim nə istəyibsə, onu da etmişəm. İndi də belədir, elə axıracan da belə olacaq.
   
   Məndən yaxşı qapıçı olardı
   
   - Səhnədən kənarda Hacı İsmayılovun həyatında nələr var? Marağınız, hobbiniz...
   - Şəxsi həyatım o qədər də maraqlı deyil. Gündəlik məişət qayğıları, gündəlik işlər. Boş vaxtlarımda mütaliə ilə məşğul oluram. Yaxşı şeirləri, gülməli lətifələri toplayıram, müdrik sözlər eşidəndə kitabçama qeyd edirəm. İdmana böyük marağım var. Bu sənəti seçməsəydim, yəqin ki, idmançı olardım.
   - İdmanın hansı növü ilə məşğul olmusunuz?
   - Futbol, boks, qılıncoynatma, voleybol... bunların hamısı ilə məşğul olmuşam. Məndən yaxşı qapıçı olardı, sənət qoymadı (gülür). Hərdən deyirlər ki, kökəlmirsən. Deyirəm ki, mənim özülüm idmanla qoyulub, ondandır.
   - Sizi nə sevindirir, nə kədərləndirir?
   - Başımı qaldırıb səmaya baxanda, təbiətin gözəlliklərini görəndə sevinirəm ki, nə yaxşı bir insan kimi dünyaya gəlmişəm. Məni kədərləndirən isə xalqımızın başına gələn bəlalardır.
   - Sehrli balıq bir arzunuzu yerinə yetirmək istəsəydi ondan nə istərdiniz?
   - Sovet vaxtı qəribə arzum vardı. Deyirdim ki, Allah mənə çoxlu pul yetirsin, özümə bir maşın, bir bağ alım. Sonralar “Zaporejes”, “Moskviç” markalı maşınlarım oldu. İndi də maşınım var: “Fiat”. İndi isə arzum oğlumu evləndirməkdir. Çoxdankı arzum da qüvvəsində qalır: bağım olsun. Harada olursa olsun fərqi yoxdur, amma bağım olmasını çox istəmişəm. Yayda dincəlməyi çox sevirəm, istəmişəm ki, balaca bir bağım olsun, yayı orda keçirim.
   - Ürəyinizdə qalan rol varmı?
   - Cavanlıqda Ovodu, Hamleti oynamaq istəmişəm. İndi də klassik əsərlərin birində yaxşı bir rol oynamaq arzusundayam.
   - Dublyaj sahəsində də xidmətləriniz böyükdür. Bu sahədə indi hansı işlər görürsünüz?
   - Dublyaj sahəsində 70-ci illərdən çalışıram. Hazırda İran serialının səsləndirilməsində iştirak edirəm.
   - Bu il “Əjdaha ili”dir, bu ildən nə gözləyirsiniz?
   - “Yaşıl eynəkli adam” televiziya tamaşasından sonra hər dəfə “Əjdaha ili” gələndə elə bilirəm mənim ilimdir. “Əjdaha ili”ndən çox şey gözləyirəm. Gözləyirəm, teatrımızda yaxşı-yaxşı tamaşalar hazırlansın, yaxşı qastrol səfərlərimiz olsun, kimin ürəyində nə arzusu varsa, bu il həyata keçsin.
   - Ad gününüzü adətən necə qeyd edirsiniz?
   - Ad günlərini təmtəraqla keçirmirəm. Yalnız 60 yaşım tamam olanda qohumlarım, yaxın dostlarım yığışıb 60 illiyimi yaxşıca qeyd eləmişik.
   - Ən böyük arzunuz?
   - Allah-təala mənə ömür versin, yarımçıq işlərimi sona çatdırım.
   
   Səhnədə 100-dən artıq obraz yaradan, 20-dən çox filmə çəkilən sevimli aktyorumuz Hacı İsmayılovun 68 yaşı tamam olur. Əslində Hacı müəllim heç vaxt qocalmayacaq. Azərbaycan kinosunda yaratdığı Mustafa müəllim obrazı ilə həmişə Mustafa müəllimin yaşında olacaq...
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar