Yüksel Degercan: “Bizə doğma, yaxın olan mədəniyyəti dünyaya tanıtmaq o qədər gözəldir ki, biz bundan qürur duyuruq”
   
   Yüksel Degercan TRT-nin Bakı bürosunun yeni rəhbəridir. On ildir ki, TRT-də çalışır. Üç il öncə televiziyanın Azərbaycan nümayəndəliyində müxbir kimi fəaliyyətə başlayıb. Onunla söhbətimizdə TRT-nin keçdiyi yola, kanalın müasir dövrdəki durumuna və televiziyanın Azərbaycan nümayəndəliyinin rəhbəri kimi həyata keçirmək istədiyi layihələrə toxunduq.

   
   - Söhbətə sizin yeni təyinatınızdan başlayaq. Azərbaycana TRT-nin müxbiri kimi gəldiniz. Amma bir neçə ildən sonra Bakı bürosuna rəhbər təyin olundunuz. Bu təyinatı necə qarşıladınız?
   - Mən Azərbaycanı yaxşı tanıyıram. Demək olar ki, bütün bölgələrə səfər etmişəm. Hətta Qarabağ tərəfə, sərhədyanı bölgələrə getdim və oradakı insanların həyatını, yaşam durumunu gördüm. Azərbaycan inkişaf edən bir ölkədir. Təbii ki, biz də qardaş ölkədə özümüzü evimizdəki kimi hiss edirik. Bu üzdən də yeni vəzifə təyinatıma sevindim. TRT-nin Azərbaycandakı fəaliyyəti həmişə iki ölkənin qardaşlığını, birliyini artıracaq istiqamətdə olub və bu davam edəcək. Proqramlarımızda bütün bunları diqqətə alırıq.
   - TRT məktəbini keçmək nə verdi sizə?
   - TRT doğrudan da Azərbaycan Televiziyası kimi bir məktəbdir. Azərbaycanda televiziya 1956-cı ildə fəaliyyətə başlayıb. Bundan bir neçə il sonra TRT yarandı. Türkiyədə bütün özəl televiziyalar TRT-dən ayrılan və onun yetişdirdiyi insanlar tərəfindən quruldu. Türkiyədə televiziya deyəndə ilk öncə hər kəs TRT-ni ağıllarına gətirir. Mən də TRT ailəsinə düşməkdən son dərəcə məmnunam. Biz müxbir olaraq dünyanın bir çox ölkəsini gəzdik, oradakı sistemi, yaşamı öyrəndik, xarici televiziyalarla bizim televiziya arasındakı fərqləri gördük. Bütün bunlar bizə mühüm təcrübə qaynağı oldu. Bu təcrübələri birləşdirəndə ortaya çox gözəl məqamlar, ideyalar, layihələr çıxır.
   - Yüksəl bəy, TRT-də Azərbaycan televiziyaları ilə əməkdaşlıq istiqamətində nələr düşünülür? Bu əməkdaşlıqdan hansı nəticələr əldə oluna bilər?
   - Hazırda bizim 35 dil və ləhcədə yayımlar aparan internet portalımız, 18 radiomuz var. TRT-nin 14 televiziya kanalı fəaliyyət göstərir. Bu yaxınlarda ingilis dilində kanalımız fəaliyyətə başlayacaq. Biz də TRT-nin bu imkanları ilə sadəcə Türkiyədə deyil, dünyada Azərbaycanın səsi olmağa çalışırıq. Bu işdə buradakı televiziyaların, ümumilikdə medianın bizə böyük köməyi dəyir. Yerli televiziyalarla işbirliyini daha çox artırmaq istərdik. Bununla bağlı bir sıra layihələrimiz də var. Bu yaxınlarda TRT-nin baş direktoru Azərbaycana gələcək və burada fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşəcək. Bu görüşlərin bizim gələcək fəaliyyətimizə mühüm töhfəsi olacaq. Azərbaycanda fəaliyyət göstərən bütün kanallarla işbirliyini qura bilsək, bunun sayəsində TRT olaraq Azərbaycandakı gücümüzü daha da artırarıq. Azərbaycanın mədəniyyətini, inkişafını, uğurlarını, eyni zamanda, sıxıntısını, dərdini bütün Türkiyəyə, dünyaya daha geniş yaymağa çalışacağıq.
   - Maraqlıdır, Azərbaycanın Türkiyədə daha çox tanıdılması üçün hansı proqramlara, layihələrə önəm verirsiniz?
   - Türkiyə Azərbaycanı həqiqətən çox yaxından izləyir. Azərbaycan sahib olduğu enerji qaynaqları, təbii gözəlliyi, mədəniyyəti ilə Qafqazın ən önəmli ölkəsi, parlayan ulduzudur. Lakin Türkiyədə Azərbaycan hələ də lazım olduğu qədər tanınmır. Yəni bizim insanlar qardaş Azərbaycanda baş verənləri daha yaxından izləmək imkanına malik olmalıdırlar. TRT də buna görə Azərbaycandadır.
   - TRT-nin mədəniyyət layihələri ilə bağlı nə deyə bilərsiniz? Bu istiqamətdə hansı işlərin həyata keçirilməsi gözlənilir?
   - Azərbaycanın mədəniyyəti Türkiyənin mədəniyyəti ilə çox yaxındır. Bir qədər əvvəl söylədiyim kimi, burada özümüzü yad hesab etmirik. Bizə çox doğmasınız. Ortaq dilə, düşüncəyə, adət-ənənələrə sahibik. Bizə doğma, yaxın olan mədəniyyəti türk mədəniyyəti ilə birgə dünyaya tanıtmaq o qədər gözəldir, biz sadəcə olaraq bundan qürur duyuruq. Bunun üçün də Azərbaycan mədəniyyətini, musiqisini, sənətini, ədəbiyyatını öyrənmək, araşdırmaq, təbliğ etmək bizim vəzifəmizdir. Hazırda «Kafkaslardan əsən yellər» adlı bir layihəmizi gerçəkləşdiririk. Azərbaycanın bütün bölgələrini dolaşır, onun mədəniyyəti, musiqisi, mətbəxini daha yaxşı bilən insanlar vasitəsilə proqramlar hazırlayıb bütün Türkiyəyə yayırıq. Bundan sonra gözlənilən yeniliklərə gəlincə, biz işbirliyi qurmaq və bunun əsasında işləmək istəyirik. Əgər bu baş tutarsa, yerli televiziyaçıların Azərbaycan dilində hazırladıqları verilişlər bizim də iştirakımızla ərsəyə gələcək və Türkiyədəki televiziyalarda yayımlanacaq. Təsəvvür edin: bizim müxtəlif dillərdə internet kanalımız, TRT-Avaz, TRT-Musiqi və s. kanallarımız Azərbaycan incəsənətinin, mədəniyyətinin dünyaya yayılması üçün ən gözəl vasitələrdir. Gələcək layihələrin detalları ilə bağlı hələ ki, söz açmaq istəməzdim. TRT-nin baş direktoru Azərbaycana gəldikdən və görüşlər keçirdikdən sonra biz yeni layihələri həyata keçirəcəyik.
   - Türkiyənin tarixi və mədəniyyətinin tanıdılmasında və təbliğatında serialların, filmlərin də böyük rolu var. Bu bir faktdır ki, Türkiyə serialları artıq dünyada ön sıralardadır. Bildiyiniz kimi, Azərbaycanda da artıq bu işə start verilib. Bu barədə nə deyə bilərsiniz?
   - Əslində, bunlar bir proses, keçilməsi zəruri olan sürəcdir. 1980-90-cı illərdə biz də Amerika, Braziliya, hind filmlərini izləyirdik. Amma Türkiyədə bir potensial olduğunu gördük. Bizim rejissorlar, aktyorlar dedilər ki, biz öz seriallarımızı çəkməliyik. Bu proses başlandı. Bu gün artıq dünyanın 70 ölkəsinə film ixrac edirik. Bildiyiniz kimi, sizin ölkənizdə də belə bir addım atıldı. Azərbaycan teatr, musiqi, kino sahəsində çox önəmli dəyərlərə malik bir ölkədir. Yaxın zamanlarda Azərbaycan da serial çəkilişində belə bir irəliləyiş əldə edə bilər. Bizim seriallarımız həqiqətən də çox keyfiyyətli çəkilir və onlar Türkiyənin təbliğatını aparır. Hər bir ölkə bu imkanlardan yararlanmaq istəyir. Məsələn, Amerikanın dünyada təsirli olmasının mühüm səbəblərindən biri də Amerika filmləri, seriallardır. Hər birimizin evinə bu seriallar girdi və hətta mənim övladlarım belə Amerikanın tarixini Türkiyənin tarixindən daha yaxşı bilməyə başladılar. Odur ki, biz artıq öz tariximizi özümüz təbliğ etməli və bununla qürur duymalı olduğumuzu bilməliyik. Azərbaycanın da bu istiqamətdə addımlar atmasını çox təqdir edirik və qardaş olaraq gərəkən köməyi də göstərməyə hazırıq.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar