Elazığ görüşləri
Azər Almas: “Atamın tək istəyi Azərbaycanın müstəqilliyi idi”
“Elazığ-Bakı mədəniyyət və sənət görüşü” (2-4 fevral) zamanı böyük şairimiz, ömrünü qardaş diyarda başa vurmuş Almas İldırımın oğlu Azər Almasla görüşdük. Ömrünün müdriklik çağını yaşayan bu nurani insan, üstündən uzun illər keçsə belə, hələ də atasını göz yaşları ilə xatırlayır. O xatirələr hər birimiz üçün qiymətlidir...
Almas İldırımın həyatı qəmli bir nağıla, qürbət, həsrət, dərd dolu hekayəyə, əslində tarixin çətin bir dönəmində bir millətin başına gətirilən faciələrdən bəhs edən tarixi romana bənzəyir. 45 illik ömründə sürgün, mühacirət, qürbət həyatı yaşayan Almas İldırım tarixin sərt döngələrində xalqını, millətini, vətənini hər kəsdən çox sevdiyi üçün “xalq düşməni” damğası ilə günahlandırıldı...
Canından çox sevdiyi Azərbaycandan əvvəlcə Dərbəndə, sonra Aşqabada sürgün olundu...
Ömrünün baharında dəfələrlə ölümlə göz-gözə, nəfəs-nəfəsə dayandı...
Onun iradəsini, əqidəsini heç nə qıra bilmədi: nə təqiblər, nə böhtanlar, nə haqsızlıqlar...
O oddan-alovdan keçib bütün varlığı ilə bağlandığı Türkiyəyə can atdı, qardaş ölkəyə pənah apardı ...
Türkiyə qollarını açıb onu öz balası kimi qarşıladı...
Almas İldırım Türkiyənin söz, sənət beşiyi olan Elazığda 19 il yaşadı. Bu torpaqda kök atdı, şəxsiyyəti, istedadı, şeriyyəti ilə bu torpağın sevimli övladlarından biri oldu.
Zaman axdı, sular duruldu, SSRİ adlı imperiya 70 ildən sonra süqut etdi. O günü görmək böyük şairimizə nəsib olmasa da, övladlarına nəsib oldu.
Almas İldırım iki qardaş ölkənin vətən, xalq şairi kimi tarixə düşdü...
Almas İldırımın həyat hekayəsindən
Almas İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndində varlı ailədə dünyaya gəlib. Bir müddətdən sonra ailəsi Qaladan Çəmbərəkəndə köçür. Burada fars təmayülü yeddiillik “İttihad məktəbi”ndə təhsil alır. Hələ məktəbdə oxuyarkən şeirlər yazır, farscanı mükəmməl öyrənir. Sonra Abdulla Şaiq adına Pedaqoji Məktəbi bitirir. Bu məktəbdə rus dilini də dərindən öyrənir, Qafur Əfəndiyev, Qantəmir, Seyid Hüseyn Tağızadə, Abdulla Şaiq kimi məşhur şair və yazıçılardan dərs alır.
1927-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olsa da, bir neçə ay sonra zəngin ailənin övladı olduğu üçün universitetdən uzaqlaşdırılır. Ancaq bu, yeganə səbəb olmur. 1927-ci ildə İstanbulda “Həyat” jurnalında çap olunan şeiri də əsas səbəblərdən biri olur.
Almas İldırım ədəbi aləmə erkən yaşlarından qədəm qoymuş, 1919-cu ildə Seyid Hüseynin “Yaşıl qələmlər” dərnəyində fəal iştirak etmiş, dərnək bağlandıqdan sonra 1922-ci ildə Əhməd Cavadın və Hüseyn Cavidin təşəbbüsü ilə yaradılan “Yaşıl yarpaq” dərnəyində, bu dərnəyin “Yaşıl yarpaq” qəzetində Mikayıl Müşfiqlə birgə çıxış etmişdir.
Türk dünyasına bağlı olan azad fikirli gənc zamanın sosial və siyasi məsələlərinə qarşı çıxdığına görə kiçik burjua yazarı kimi 19 yaşında NKVD-nin “qara siyahısı”na düşür.
Milli-mənəvi məsələlərdə etdiyi vətənpərvər çıxışları, İstanbulda çap olunan şeiri ona şan-şöhrətlə yanaşı bəlalar da gətirir.
Rafiq Zəka Xəndanın ifadəsi ilə desək, “qabiliyyətsiz və satqın qələm sahibləri” İldırımı açıqca günahkar elan edirlər.
Böyük bir sevgi ilə vətənini, millətini sevən Almas İldırım 1931-ci ildə Aşqabada sürgün olunur. Bu zaman o, ”Əlvida, Bakı” şeirini yazır.
Səndə keçib getdi iyirmi dörd yaşım,
Bir zaman bəladan çıxmadı başım,
Sən oldun həmdəmim, dərdli yoldaşım,
Laylalar söylədin mənə, əlvida!
O, Aşqabadda çeşidli türk ellərindən sürgün edilən ailələrin uşaqlarına elm öyrədib, dərs deyir. 1932-ci ildə Şamaxıdan sürgün edilən və əslən Güney Azərbaycandan olan bir ailənin qızı ilə evlənir. Aşqabadda Almas İldırımın azadlıq mövzuları ilə bağlı şeirləri əldən-ələ gəzir.
Sovet ideologiyasına xidmət etmədiyi üçün burda da təqib olunur. 1933-cü il iyunun 19-da Zivər xanımı və üç aylıq körpəsi Azəri götürüb karvanla yola çıxır:
Bilmirəm ki, yurdunu sevən bir şair,
Nə üçün bir cani kimi izlənir.
Elazığda bir göl var - Xəzər
Azər Almasın söylədiklərindən:
- Mən o zaman 3 ay 19 günlük körpəymişəm. Məni qucaqlarına alıb yola düşürlər. Karvanla 24 saat yol gedəndən sonra bu yolçuluğun riskli bir yolçuluq olduğunu düşünən atam Firuzə yaylasında karvandan ayrılır. Atamla anam günlərlə ac və susuz yol gedirlər. İran sərhədinə yaxın bir yerdə istiqaməti itirirlər. Onları tuturlar, “Bolşevik sovet casusu” damğası ilə 25 gün atama işgəncə verirlər, 24 saat sinəsinə kimi soyuq suda saxlayırlar. Atamgil maddi və mənəvi sıxıntılar içərisində yaşasalar da, 1934-cü ildə böyük müsibətlərdən keçib Türkiyənin Van şəhərinə gəlirlər. Bir neçə aydan sonra biz Vandan Elazığa gəlmişik. Gözümü açdım ki, Elazığdayam. Atam bu vilayətin Palunun Qaraca bölgəsində də əvvəl müəllim, sonra nahiyə müdiri işlədi. Belə-belə Elazığın bütün bölgələrində təhsillə bağlı böyük işlər gördü, məktəblər açdı.
Elazığda bir göl var, atam həmişə onun sahilinə gedib göl ilə dərdləşərmiş. Bir gün Atatürkə məktub yazır ki, qürbətdə böyük bir Xəzərim var, adı olmayan bu gölə Xəzər adı verməyimə izn verin. Atatürk bu xahişi qəbul edir. O zamandan bu gölcüyün adı Xəzər olur.
Aç qoynunu, uzaqdan gəlmişəm, çox yaslıyam;
Eli, yurdu çalınmış bir qərib Qafqazlıyam.
Zənn etmə ki, yoxsulam, Kürlüyəm, Arazlıyam
Bakıdan ayrılalı yaxın zamandır Gölcük.
(“Gölcüklə dərtləşmə”)
“Atamın güldüyünü heç xatırlamıram”
- Atanız Azərbaycan üçün çox darıxırdı, o günlər yadınızdadır?
- Çox insan vətənindən qovulur, amma mən vətənini bu qədər geri almaq istəyən, vətəni üçün ölən bir adam - atamı tanıyıram. Atam vətənindən ayrı heç bir şey düşünməzdi. Vətəni nəfəs almaq, su içmək kimi bilirdi. Bizi də elə hisslərlə böyütdü. Atamın tək istəyi Azərbaycanın müstəqilliyi idi.
Könlümə tək Kəbə seçdim səni mən,
Sənsiz neynəm, qürbət eldə günü mən,
Sənsiz neynəm Allahı mən, dini mən!
Azərbaycan, mənim tacım, taxtım oy!
Oyanmazmı kor olası baxtım oy?!
(“Əsir Azərbaycanım”)
- Atanızın son illərini necə xatırlayırsınız?
- Xəstə idi, xəstə-xəstə də atın belində nayihələri gəzib nəzarət edirdi. Atam 1951-ci ildə 45 yaşında vəfat etdi. Bakının Qala kəndində doğulub, Malatyanın Qalasında dünyasını dəyişdi.
Atamın güldüyünü heç xatırlamıram. Çox ciddi idi, daima fikirli görünürdü. Vətəni düşünərdi, əlinə qələm alıb mahnı zümzümə edə-edə şeir yazardı. Onun içində bir vətən mahnısı vardı.
Qafqaz; o yaşıl yurd, o məhəbbət vətənimdir.
Qafqaz; onu mən görmədən ölsəm, ona dair;
Qəbrimdə yazılsın iki misra, bu kitaba:
“Aşıqdir gözəl yurduna qürbətdə də şair,
Xəyyam necə aşiq idisə gül rəngli şəraba”.
(“O məhəbbət Vətənimdir”)
- Bildiyimizə görə, siz atanızın məsləhəti ilə neft mühəndisi oldunuz...
- 1940-cı illərdə kənddə məktəb yox idi, biz Ağına köçdük. Atam Ağında müəllim işləyirdi, 1943-cü ildə mən üçüncü sinifdə oxuyanda atam müəllimləri başına yığıb Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərini tamaşaya qoydu. Özü də baş rollardan birini ifa edirdi. Bütün nahiyənin camaatı gəlib o tamaşaya baxdı. 1945-ci ildə mən ilk məktəbi bitirib orta məktəbə getdim. 3 il də orda, 4 il də gimnaziyada oxudum. 1950-ci ildə gimnaziyanı bitirib diplomu aldım. 3 ay sonra atam vəfat etdi. Malatya valisi vardı, mən o valini heç unutmadım, baxdı ki, biz küçədə qalmışıq, bizə kiçik bir ev verdi. Mənə də valilikdə bir iş verdi. Bir gün mənim gimnaziya müdirim valini ziyarətə gələrkən qapıda məni görür, içəri girib deyir ki, bu gənc məktəbi əla qiymətlərlə bitirib, burada nə iş görür? Vali məni yanına çağırıb dedi ki, oğlum, oxumaq istəyirsənmi? “İstəyirəm”, - dedim. Mənə bir az pul verib qatara mindirdi, dedi ki, qardaşlarını, ananı mənə əmanət elə, qatara minib İstanbula get. İstanbula gəldim, burda Azərbaycan Mədəniyyət Dərnəyi vardı, orada mənə sığınacaq verdilər. İmtahanlarımı verib İstanbul Texniki Universitetinə daxil oldum. Valiyə telefonla məlumat verdilər. Mən universitetdə oxuyarkən anamı, qardaşlarım - Aras, Odkan və Mehmet Bakıxanı da yanıma göndərdilər. Azərbaycan Mədəniyyət Dərnəyində anama balaca bir iş verdilər. Üçüncü kursda oxuyarkən Almaniyada oxumaq üçün iki tələbə seçmək üçün imtahan keçirdilər. İmtahan verdim, məni Almaniyaya oxumağa göndərdilər. Hər ay təqaüdümün yarısını anamgilə göndərirdim. 1961-ci ildə təhsilimi başa vurub İstanbula qayıtdım. Yeraltı mədənlərdə yaxşı bir işə düzəldim. Atam həmişə mənə deyərdi ki, sən neft mühəndisi olacaqsan, gedib Bakıda türk mütəxəssisi kimi neft sahəsində çalışacaqsan.
Bu nağıl bitməyəcək
- O illərdə Azərbaycanla bağlı hər hansı bir əlaqəniz vardımı?
- Azərbaycanla əlaqələrimiz tamam kəsilmişdi. 1940-cı illərdə atam anasına məktub yazır, oradan bir nəfər atama cavab yazır ki, buraya məktub göndərmə, hansı ünvana göndərirsən, o ailəni Sibirə sürgün edirlər. Ondan sonra atam daha məktub yazmadı, əlaqəmiz buna görə kəsildi. Amma 1990-cı ildə bir gün oturmuşduq evdə, telefon zəng çaldı. Dedi, mən Azərbaycandan gəlmişəm, Zeynəb Xanlarovayam, İstanbuldayam, sizə Azərbaycandan məktub gətirmişəm. Bu məktubu bizə əmim oğlu Hacıağa yazmışdı. Beləliklə, bizim Azərbaycanla əlaqələrimiz yarandı. İldə iki dəfə Bakıya gedirik, Bakıdakı doğmalarımız da bizə qonaq gəlirlər.
Türkiyədə, Elazığda atamı çox sevirlər. Atam iki ölkənin şairidir. Atamın 100 illiyi əvvəlcə burada, sonra isə Bakıda yüksək səviyyədə qeyd olundu.
Atam vətəni üçün, Türkiyə üçün o qədər gərəkli bir insan oldu ki, nə Azərbaycan, nə Türkiyə onu heç unutmadı. Onun şəxsiyyəti, ədəbi fəaliyyəti, şeirləri Elazığda bir nağıla döndü...
...Bu nağıl bitməyəcək, Xəzərdən Xəzərə könül yolları salan Almas İldırım Azərbaycanın, Türkiyənin, Elazığın şairi kimi anılacaq, xatırlanacaq, onun vətən yanğısı ilə od tutub yanan şeirləri zaman-zaman insanların ruhunu oxşayacaq, yaddaşlardan-yaddaşlara, nəsillərdən-nəsillərə keçib yaşayacaq...
Təranə Vahid