Elazığ görüşləri
   
    İllərdi ki, onun oxuduğu türkülər türk ellərinin səsini, türk tarixinin əzəmətini, yurd, vətən, torpaq həsrətini, türklərin incə, kövrək hisslərini, sevginin minbir çeşidli rəngini, ayrılıq, nisgil, kədər cizgilərini günümüzə, könlümüzə, ruhumuza daşıyır. “Elazığ-Bakı mədəniyyət və sənət görüşləri” çərçivəsində türkülərə yeni nəfəs, yeni ruh, yeni can verən saz-söz sənətçisi, İstanbul Universiteti Dövlət Konservatoriyasının Xalq Musiqi Birliyinin rəhbəri Esat Kabaklı ilə görüşüb tanış olduq. Anadolunun, əslində türk dünyasının nadir səslərindən və sənətkarlarından olan Esat Kabaklını oxucularla bir az da yaxından tanıtmaq istədik.
   
   Ömür xəritəsindən qeydlər
   
  
 Esat Kabaklı 1954-cü ildə Elazığda doğulub. Orta təhsilini başa vurduqdan sonra əvvəlcə Elazığ Dövlət Mühəndislik və Memarlıq Akademiyasını, 1986-cı ildə İstanbul Texniki Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasını bitirib.
   Uşaq yaşlarından sənətə meyil edən Esat Kabaklı xalq oyunlarını, türküləri sevə-sevə öyrənib, Elazığ Xalq Evində “xalq oyunları” və Elazığ Musiqi Cəmiyyətində sənət müəllimi kimi çalışıb.
   Elazığ Musiqi Cəmiyyətində yaratdığı Türk Xalq Musiqi Birliyinin uzun illər rəhbəri olub.
   1982-ci ildə TRT Ərzurum radiosunda türk xalq musiqi səs sənəti müsabiqəsində birincilik qazanıb. Ərzurum radiosunda bir il çalışaraq sənətçi kimi püxtələşib. 1983-cü ildə Adnan Atamanın təşkil etdiyi İstanbul Bələdiyyə Konservatoriyasında türk xalq musiqisi heyətində səs sənətçisi olaraq çalışmağa başlayıb. 1986-cı ildə TRT İstanbul radiosunda işləməyə başlayıb. 12 il burada işlədikdən sonra 1998-ci ildə təkrar İstanbul Universitetinin Dövlət Konservatoriyasına qayıdıb. O vaxtdan burada işləyir. Esat Kabaklı konservatoriyada sənət müəllimi olmaqla yanaşı, həm də Türk Xalq Musiqi Birliyinin rəhbəridir.
   Repertuarında türk xalq musiqisinə geniş yer verən sənətkar Almaniya, Hollandiya, Belçika, Avstraliya, Yunanıstan və dünyanın bir çox ölkələrində konsertlər verib. Esat Kabaklının bu günə kimi “Oğul” (1997), “Kirvə Məmi” (2000), “Yalnız türkülər” (2002) və “Siyah bəyaz türkülər” (2004) adlı dörd albomu çıxıb.
   
   
   “Sazdan deyil, səsdən qazandım”
   
   - Elazığ torpağının yetişdirdiyi ünlü sənətkarlardan birisiniz. Bu torpağın övladları saza-sözə, sənətə bağlı insanlardır. Sizin sənətə gəlişiniz necə olub?
   - Mən elazığlıyam, burda, Harputda bağımız-baxçamız var. Universitetə qədər burda oxudum, evləndim. Sonra çeşidli xalq oyunları, xalq türküləri, saz dərsləri verdim.
   Mən həmişə belə düşünmüşəm: qabiliyyəti olmayan sənətçi ola bilməz. Sonradan sənətçi olmaq olmur, insan sənətçi olaraq doğulur. Allahın verdiyi səs, qulaq, ürək, sevgi olmasa, o kəsdən sənətkar olmaz. Bunlar uşaq yaşlarından məndə vardı. İlk məktəb müəllimim bunu hiss etmişdi. Mənə türkü söylədərdi, mən də sevə-sevə türkü söyləyərdim. Sənətə olan sevgim illər boyu daha da artıb çoxaldı. Onu da deyim ki, orta məktəbdə bir il sinifdə qaldım, o biri sinfə keçə bilmədim. O il saz çalmağı öyrəndim. Demə, xeyirlisi bu imiş. Qonşularımızın, qohum-əqrəbaların uşaqları saz çalmağı öyrənirdi, mən də onlara baxıb öyrənirdim. Saz ifaçılığında mənim ustadım olmadı, özüm öyrəndim. Elazığda musiqi gecələrində saz çalardım. Ancaq o vaxtlar türkü söyləməzdim, ona görə ki, mənim səsim bas-bariton idi. Bizdə isə türküləri adətən zil səslə oxuyardılar. Ona görə də mən oxumurdum, yalnız sazda ifa edirdim. 44 ildir ki, saz çalıram.
   Ancaq zaman gəldi ki, sazdan deyil, səsdən qazandım. Xalq musiqi ansamblında sənətkarlarımız çox yaxşı səsim olduğunu dedilər. 1980-ci ildən etibarən səs sənətçisi kimi çalışmağa başladım.
   - Bəlkə ifanız ona görə bu qədər fərqli oldu ki, tapdanmış cığırla getmədiniz, sənətdə öz yolunuz, öz cığırınız oldu.
    - Hər kəsin edə bildiyini eləmək sənət deyil. Gərək olanlara yeni nə isə əlavə edəsən. Mən də sənətdə təcrübə qazandıqca fərqli nə isə etməyə çalışdım. Yeni bəstələr yazdım, dediyiniz kimi, fərqlilik yaratmağa çalışdım. Biz sənət adamları o fərqliliyi yaradanda xoşbəxt oluruq.
   
   “Xalq var olduqca türkü olacaq”
   
   - Elə bir türk ola bilməz ki, türkü eşidəndə qəlbi titrəməsin. Baxmayaraq ki, XXI əsrdə yaşayırıq, türkü elə türkü olaraq sevilməkdədir. Sizcə, bunun sirri nədədir?
   - Türkünün adı üstündədir. Folklor olan hər şey türkülərin içindədir. Türkülər yox olsa, o xalq, o millət yox olar. Bu mahnılarda insan anasını, atasını, nənəsini, babasını, elini, obasını, keçmişini tapır. Ona görə də türkülər həmişə ürəyimizi sızladır. Məsələn, İstanbulda modern, Avropasayağı toylar olur. Bəlli bir zamandan sonra toyu döndərirlər türkü məclisinə. Çünki şüur altında o yatır, ondan qaçıb qurtara bilməzsən. Kimsə deyir ki, türkülər yoxa çıxır, ölür, xeyir, xalq var olduqca türkü olacaq.
   - Elazığla Azərbaycan, Bakı arasında qəribə bir söz, sənət, könül bağlılığı var. Azərbaycan musiqisi ilə ilk tanışlığınızı necə xatırlayırsınız?
   - Bizim Elazığda mədəniyyətə, sənətə, incəsənətə böyük maraq göstərirlər. Mənim əmim tanınmış qəzet yazarı Əhməd Kabaklı hələ sovet dönəmində Azərbaycana gedəndə ona Bülbülün vallarını hədiyyə etmişdilər. Qutunun içində 4 val vardı. Əmim bu valları mənə bağışladı. Bülbülün oxuduğu 14 mahnının sözlərini yazıb əzbərlədim. Bülbülün səsi, oxuduqları təsniflər, romanslar hələ də qulaqlarımdadır. Ondan sonra Azərbaycana olan sevgim daha da artdı.
   Ərzurum radiosunda işləyərkən Xan Şuşinskinin, Teymur Mustafayevin və neçə-neçə sənətkarların ifasını daima dinləyirdim. Böyük sənətkar Zeynəb Xanlarova Türkiyəyə tez-tez gəlirdi. Azərbaycana, Azərbaycan musiqisinə sevgim, heyranlığım belə-belə yarandı. Azərbaycan musiqisi çox cilalanıb, çox inkişaf edib, mən gözəl musiqilərin hamısını sevirəm.
   - Bir neçə dəfə Azərbaycanda olmusunuz, möhtəşəm çıxışlarınız hələ də xatırlanmaqdadır...
    - Azərbaycanda dörd dəfə olmuşam. Heydər Əliyev Sarayında çıxış etdik, yer yerindən oynadı. Orda çox maraqlı dinləyicilər vardı, bizə çox hörmət, diqqət göstərdilər. Bir konsertimiz də Rəşid Behbudov adına Mahnı Teatrında olub. Azərbaycanda hər çıxışımız alqışlarla qarşılanıb. Şəkidə Xan sarayını, Şamaxıda Sabirin ev-muzeyini ziyarət etmişəm.
   - Sizin oxuduğunuz “Oğlum” türküsünü Azərbaycanda hər kəs sevir. “Vatanına göz dikeni ez, oğlum!” misrasını “Qarabağa göz dikəni əz, oğlum” - kimi oxuyursunuz ki, bu da mahnını könlümüzə bir az da yaxınlaşdırır...
   - Bu türkünün sözlərini Sərhat Kabaklı yazıb, mən isə bəstələmişəm. 
   Çabuk büyü, çabuk yetiş, tez, oğlum,
   Çakal gezen şu dağlarda gez, oğlum,
   Gez oğlum!
   Qarabağa göz dikeni ez, oğlum!
   Dostun kim, düşmanın kim sez, oğlum,
   Tarihini şerefinle yaz, oğlum,
   Yaz oğlum!
   Bu günə kimi dörd albomum çıxıb, hər albomda 12-13 əsər olur. Onların da 7-8-nin həm sözləri, həm də bəstələri mənimdir.
   - Sizin saatlarla oturub türkülər oxuduğunuzu söyləyirlər. Özünüz bu sənəti təkbaşına öyrənsəniz də, saysız-hesabsız şagirdlərinizin olduğunu deyirlər...
    - Mən üç saat, beş saat oturub fərqli musiqilər ifa edirəm. Sənətin cazibəsini bu müddətdə daha çox hiss etmək olur. O ki qaldı tələbələrimə, mən İstanbulda yox, Elazığda tələbələrimə ifaçılıq, oxumaq dərsləri keçmişəm. Burda mənim 600-700 tələbəm olub. İndi onlara Türkiyənin dörd bir yanında rast gəlmək olar. Burda ilk xalq musiqisi ansamblını da mən yaratmışam, öz əllərimlə nağara, dəf, balaban, kamança düzəltmişəm.
   - Xarici ölkələrdə də möhtəşəm konsertləriniz olub.
   - Avropanın bütün şəhərlərində, üç dəfə Amerikada, iki dəfə Avstraliyada olmuşam. Hollandiya, Belçika, Avstraliya, Yunanıstan və neçə-neçə ölkələrdə konsertlər vermişəm. Türkün olduğu hər yerə isə bizi çağırırlar, biz də sazımı alıb gedirik...
   - Yolunuz açıq olsun...
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar