Rəşad Əhmədzadə: «Kukla teatrında tamaşa hazırlamaq bəlkə də bütün teatrlardan çətindir»
   
   Tamaşaçı teatrı nə qədər sevirsə, ona qarşı bir o qədər də tələbkar olur. Tamaşaçı teatra həm də maarifləndirici məbəd kimi baxır və onun maraqlı, öyrədici olmasını istəyir. Bu mənada uşaq teatrlarının üzərinə xüsusilə böyük məsuliyyət düşür. Çünki uşaq zövqü, azyaşlı tamaşaçı daim yeni, maraqlı tamaşalara baxmaq istəyir. Ölkədə fəaliyyət göstərən uşaq teatrlarının ilki olan A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında səhnələşdirilən tamaşalara, onların hazırladıqları repertuara balaca tamaşaçıların reaksiyası necədir? Teatrın direktoru Rəşad Əhmədzadə ilə söhbətimizdə bu məsələyə də toxunduq. Direktor ümumilikdə ötən ilin teatrın fəaliyyətində önəmli hadisələrlə yadda qaldığını dedi.
   
   - 2011-ci il bizim teatrın həyatı üçün çox uğurlu olub. Belə ki, aprel ayında Mərakeşdə keçirilən XII Beynəlxalq Uşaq Teatrları Festivalında iştirak etdik. Burada N.Gəncəvinin «Xeyir və Şər» əsəri əsasında hazırlanan tamaşa ilə (quruluşçu-rejissoru Rəhman Əlizadə, quruluşçu-rəssamı Rəvanə Abbasova) iştirak etdik və festivalın birinci mükafatına layiq görüldük. May ayında Kazanda keçirilən X Beynəlxalq «Novruz» Festivalında Kamran Şahmərdanın «Ağ və Qara» tamaşası ilə uğurla çıxış etdik. «Ən yaxşı tamaşa» nominasiyasında fərqləndik. Ötən il Həsən Əbluc adına Bədii Qiraət Festivalında teatrımızın aktrisası Cəmilə Allahverdiyeva ikinci mükafata layiq görüldü.
   Sentyabr ayında teatrımız UNİMA təşkilatına üzv oldu və qurumun Azərbaycanda Milli Mərkəzi yaradıldı. Bunun ardınca, noyabrın 1-dən 5-dək möhtəşəm bir festivalın şahidi olduq. Milli teatrımızın tarixində ilk dəfə olaraq Bakı şəhəri I Beynəlxalq Kukla Teatrları Festivalına ev sahibliyi etdi. 16 ölkədən 23 teatrın iştirak etdiyi festival Azərbaycan teatrının inkişafını, onun ənənələrə söykənən müasir meyillərini və ümumilikdə bu sənətə olan yüksək münasibəti göstərdi. Festival çərçivəsində keçirilən simpoziuma dünyanın aparıcı teatr təşkilatlarının rəhbərləri qatıldılar. Noyabrın 3-də isə UNİMA Azərbaycan Milli Mərkəzinin birinci yığıncağı keçirildi. Sadaladığım bütün bu nailiyyətlər küll halında Azərbaycan teatrının uğuru və dövlətin bu sənətə olan qayğı və diqqətinin nəticəsidir. \"Azərbaycan teatrı 2009-2019-cu illərdə\" Dövlət Proqramına uyğun olaraq həyata keçirilən bu işlər milli teatrımızın inkişafına yönələn tarixi addım hesab olunmalıdır.
   - Teatrın populyarlığı həm də tamaşaçı kontingentindən asılıdır. Bunun davamlığı isə, təbii ki, repertuar siyasətində cəmləşir. Profilli teatr olaraq sizin repertuar siyasətiniz necə tənzimlənir?
   - Bizim auditoriya əsasən azyaşlılar olsa da, çox tələbkardırlar. Heç kimə sirr deyil ki, uşağı nəyəsə məcbur etmək çox çətindir. O bizim tamaşaçı zalında əyləşsə belə, səhnədə baş verənlər onu cəlb etmədikdə istər-istəməz onda teatra maraq oyanmır. Ona görə də biz - rejissorlar, rəssamlar, aktyorlar balalarımızın gözünü, könlünü oxşayan yeni və maraqlı nümunələri səhnəyə gətirməyə çalışırıq. Ötən il 4 yeni tamaşa təhvil verdik. İnanıram ki, bu il ondan da uğurlu il olacaq. Çünki bu il 6 yeni tamaşa hazırlamaq niyyətindəyik. Onlardan üçü dövlət sifarişi ilə hazırlanacaq. M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar olaraq «Müsyö Jordan və Dərviş Məstəli şah» əsərini səhnələşdiririk. Aprel ayında təhvil verəcəyik. Tamaşanın quruluşçu-rejissoru Aleksandr Maksimıçev, quruluşçu-rəssamı Tatyana Melnikova, bəstəkarı isə İqor Roqalyovdur. Onların hər üçü Sankt-Peterburqdan dəvət olunub. Tamaşanın kuklaları da Sankt-Peterburqda hazırlanır. Bundan əlavə, aprel ayında daha bir yeni tamaşanı təhvil verəcəyik. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Rəhman Əlizadənin müəllifi olduğu «Sindibadın xoşbəxtlik adasına səyahəti» də repertuarımızda öz yerini alacaq.
   - Bakıda keçirilən beynəlxalq festival həm də Azərbaycanı zəngin ənənələrə malik teatr ölkəsi, kukla teatrı məkanı kimi də göstərə bildi. Yəqin festivaldan sonra xaricdən aldığınız dəvətlərin sayı daha da artıb...
   - Artıq 6 beynəlxalq festivaldan dəvət almışıq. Əvvəllər hər hansı festivaldan dəvət gəldikdə araşdırmadan ona qatılmağa can atırdıqsa, indi artıq seçim edirik, bizim üçün aktual və nisbətən daha genişmiqyaslı festivallara getməyə çalışırıq.
   - İndi bir çox teatrlar fərqli quruluşda, yeni yozumda tamaşalar hazırlamaq üçün yaxın-uzaq ölkələrdən teatr mütəxəssisləri dəvət edirlər. Bayaq bir tamaşanızı rusiyalı heyətin hazırlayacağını dediniz. Bu sahədə uğurlu mübadiləni şərtləndirən digər faktorlar hansılardır?
   - Teatrın, ümumiyyətlə, inkişafı naminə belə yaradıcılıq əlaqələri, mübadilə vacibdir. Bu heç də öz teatr mütəxəssislərimizin işini bəyənməmək anlamına gəlməməlidir. Bu gün teatr dünyadakı mədəni inteqrasiyadan kənarda qala bilməz. Uğurlu inteqrasiya üçün isə müasir prosesləri fəaliyyətində tətbiq etməlidir. Bu da ilk olaraq yaradıcılıqda öz əksini tapmalıdır.
   - Bu gün bölgələrdə də dövlət kukla teatrları fəaliyyət göstərir. Sizin teatr onlar üçün bir növ “ana teatr” sayıla bilər. Yerlərdəki kukla teatrları ilə yaradıcı əlaqələriniz varmı?
   - UNİMA Azərbaycan Milli Mərkəzi idarə heyətinin 10 üzvü var ki, onların arasında həmin bölgələrdəki kukla teatrlarının və Dövlət Marionet Teatrının təmsilçiləri də var. Əlaqələrimiz, təbii ki, mövcuddur. Çünki Kuka sənəti inkişaf etməlidir və biz də bir “ana teatr” olaraq bunun üçün çalışırıq. Bilirsiniz ki, hələlik Dövlət Mədəniyyət və İncəsənət Universitetində kukla teatrı aktyorluğu fakültəsi yoxdur. Azərbaycanın kukla teatrlarında çalışan aktyorların əksəriyyəti bizim teatrın yetirmələridir. Bu missiya daha mütəşəkkil formada davam etməkdədir. Artıq ikinci ildir ki, bizdə teatr studiyası fəaliyyət göstərir. Bu sənətə marağı olan gənclərin toplaşdığı studiyanın müddəti bitdikdən sonra bəhrələndiyimiz hər hansı insanı ştata götürürük və aktyor kimi bizim teatrda fəaliyyətini davam etdirir.
   Yerlərdəki kukla teatrları ilə yaradıcılıq mübadiləsi də var. Salyan Dövlət Kukla Teatrında M.F.Axundzadənin yubileyi ilə əlaqədar hazırlanan «Xırs quldurbasan» tamaşasına teatrımızın baş rejissoru R.Əlizadə quruluş verdi. Tamaşanın baş rəssamı isə bizim teatrın baş rəssamı L.Quluzadə idi. Digər teatrlar da belə bir istəkdə olsalar, biz müsbət cavab verməyə hazırıq.
   - Teatrlarımızın beynəlxalq arenaya çıxışı onun özünəməxsusluğunu, milliliyini və inkişafını göstərmək baxımından çox önəmlidir. Digər yandan, bu, həm də çatışmazlıqlarımızı, geridə qaldığımız məqamları da göstərmiş olur. Siz necə, bu çatışmazlıqları hiss edirsinizmi?
   - Biz hər hansı bir xarici ölkədə olarkən və ya onların teatrlarını qonaq edərkən inkişafımızın hansı həddə olduğunu aydın görürük. Təsəvvür edin ki, sovetlər dönəmində hər hansı ölkəyə qastrola gedərkən onların teatrlarına, texniki mümkünatına heyran qalırdıq. Artıq bizim teatrın təmirindən sonrakı təchizatı sayəsində hər hansı ölkədən nəinki geri olmadığımızı, əksinə, onları qabaqladığımızı gördük. Hətta Mərakeş festivalında biz texniki məsələlər ucbatından tamaşanın müəyyən detallarını çıxarmalı olduq. Çünki onlarda bizdə olan avadanlıq yox idi.
   - Texniki məsələlər aydındır. Təmir olunan bütün teatrlar, həmçinin də sizin teatr ən müasir texniki avadanlıqlarla təchiz olunub. Bəs məsələnin yaradıcılıq tərəfi xarici ölkə teatrları ilə müqayisədə necə görünür?
   - Mən bu sahədə də inkişaf etdiyimizi, xarici ölkələrdəki kukla teatrlarından heç də geridə olmadığımızı düşünürəm. Özü də bunu məşhur teatr mütəxəssislərinin, tənqidçilərinin xarici festivallarda tamaşalarımıza verdikləri qiymətə, dedikləri xoş sözlərə əsasən deyirəm. Bizim teatrın ustalığı daim yüksək qiymətləndirilir. Biz çalışırıq ki, bizə göstərilən qayğı və dəstəyə məsuliyyətlə, işlədiyimizdən də yaxşı göstəricilərlə cavab verək.
   - Bayaq bir tamaşanızın kuklalarının Sankt-Peterburqdan gətiriləcəyini dediniz. Kukla teatrlarının, belə deyək, aparıcı siması olan kuklaların istehsalı məsələsində vəziyyət nə yerdədir?
   - Kukla teatrında istehsal olunan kuklalar başqalarından, təbii ki, öz mexanikasına görə fərqlənir. Ümumilikdə kuklaların hazırlanma prosesi hər yerdə eynidir. Sadəcə olaraq, çox şey o nümunələri hazırlayan mexanikin, konstruktorun fantaziyasından asılıdır. Mən deməzdim ki, xaricdə hazırlanan kuklalar bizimkilərdən yaxşı və ya pisdir. Bizim özümüzdə də peşəkarların çalışdığı emalatxana, butafor sexi fəaliyyət göstərir ki, onların yaradıcılığı göz qabağındadır. Sadəcə olaraq, biz başqa kukla sənəti mütəxəssislərinin də işlərini görmək, göstərmək istəyirik. Bu mübadilə istənilən formada lazımdır.
   - Rəşad müəllim, bir insanın teatral olması, teatrı sevməsi üçün uşaqlıqdan teatrla ünsiyyəti vacibdir. Deməli, insanlarda teatra sevgini aşılamaq missiyası daha çox uçaq teatrlarının üzərinə düşür. Amma bu günün də uşağının, tamaşaçısının teatrdan tələbləri başqadır. Siz necə, azyaşlı tamaşaçıların teatra münasibətində dəyişiklik görürsünüzmü?
   - Kukla teatrında tamaşa hazırlamaq bəlkə də bütün teatrlardan çətindir. Çünki bizim tamaşanı həm uşaq, həm də onu tamaşaya gətirən valideyni bəyənməlidir. Uşaqların bəyənməyinə heç bir şübhəmiz olmur, bunu balacaların həvəslə tamaşalara gəlməsində, onu sonadək izləməsində görürük. Sadəcə, bəzən valideynlərin xoşuna gəlməyən məqamlar olur ki, onda da uşaqları onların tamaşaçı marağını yönləndirməyə çalışırlar. Mahiyyət etibarilə baxdıqda tamaşa normaldırsa, uşaq onu bəyənir. Heç bir uşağa nəyisə zorla bəyəndirmək, təbii ki, mümkün deyil.
   - Ötən ilin noyabrında Bakıda keçirilən festival çərçivəsində “Müasir kukla teatrı: ideya, təşəkkül, perspektivləri” mövzusunda elmi simpoziumda yerli və xarici mütəxəssislər kukla teatrlarının fəaliyyəti, repertuar siyasəti ilə bağlı maraqlı fikirlər səsləndirdilər...
   - Hər bir teatrın repertuar siyasəti var. Hazırda bizim repertuarda 20-yə yaxın tamaşa və orada əksər klassiklərin əsərləri yer alıb. Elə tamaşalar, nağıllar da var ki, daim bizim repertuardadır. Bilirsiniz, yeni və ya köhnə tələb bir yana, teatrın statusunu müəyyənləşdirən tamaşaçıdır. Əgər tamaşaçı zalda yerini alırsa və baxdığı səhnə əsərindən təsirlənə bilirsə, demək o teatr qarşısına qoyulan tələbləri tam ödəyir. Mən düşünmürəm ki, bizim kukla teatrı hər hansı cəhətinə görə dünya ölkələri teatrlarından geridə qalır. Amma bununla yanaşı, biz bütün yeni texniki vasitələrdən istifadə edərək tam müasir və maraqlı tamaşalar təqdim etməyə çalışırıq.
   
   Söhbətləşdi:
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar