Novruz Aslan: “Məni maraqlandıran əsas məsələ insanın özünü dərk etməsidir”
   
   Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslan özünün çoxşaxəli fəaliyyəti ilə tanınır. «Varlı olmaq istəyirsənsə», «Xeyir və Şər», «Mənim düşüncələrim», «Bir daha insan haqqında», «Əbədi həyat və möcüzəli varlıq» və s. ədəbi və elmi-kütləvi kitabların, eyni zamanda bir sıra populyar mahnıların müəllifidir. «Qrand» milli ictimai mükafatının, «Humay ilahəsi» mükafatlarının laureatıdır. Beynəlxalq Ekoenergetika Akademiyasının fəlsəfə doktorudur. Onunla söhbətimizdə həm ictimai fəaliyyəti, həm də yaradıcılıq işləri barədə danışdıq. 

   Həmsöhbətimin fikrincə, hər bir kəsin cəmiyyətdə hansı vəzifə, ad, titulla tanınmasından daha vacib olanı onun insanlığı, insan kimi tanınmasıdır:
   
   - Hesab edirəm ki, hər bir insan üçün bir titul var və həmişə ona layiq olmağa çalışmalıdır. Bu da insanlıq tituludur. İnsanın yaşadığı dövrdə ən böyük nailiyyəti o titulu əldə etməsidir. Mənim də daim əldə etməyə çalışdığım titul insanlıq tituludur. Fəaliyyətə gəlincə, 12 ilə yaxındır ki, Qızıl Aypara Cəmiyyətinin prezidenti vəzifəsində çalışıram. Bayaq qeyd etdiyim kimi, insanlıq, xeyirxahlıqla sıx bağlı olan bir qurumun işində çalışmaq, təbii ki, mənə daha əzizdir, xoşdur. Çünki bu cəmiyyətin mərhəmətli işi, humanitar fəaliyyəti, həyata keçirdiyi bir çox layihələrdə özümü daha aydın tapıram. Yadımdadır ki, 1999-cu ildə bu vəzifəyə yeni seçilmişəm, Milli Konservatoriyanın indiki rektoru , professor Səyavuş Kərimi mənə zəng edib təbriklərini çatdırdı və bu sözləri dedi: «Nəhayət, siz öz yerinizi tapdınız». Bu, ictimai rəy, gözəl musiqişünasın fikri idi.
   Bir məqamı xüsusi olaraq vurğulamaq istərdim. Qızıl Aypara Cəmiyyəti bir ictimai təşkilat kimi dövlət qurumları ilə sıx əməkdaşlıq edir. Cəmiyyətin Mədəniyyət və Turizm Nazirliyi ilə də yaxşı əməkdaşlığı mövcuddur. Mədəniyyət və turizm naziri hörmətli Əbülfəs Qarayev həmişə bizim həyata keçirdiyimiz kütləvi tədbirlərə diqqətlə yanaşıb. Bir çox tədbirlərimizi nazirliklə birgə həyata keçirmişik. Misal üçün, keçən il Muğam Mərkəzində böyük bir tədbiri birgə həyata keçirdik.
   - Tanınmış şair-yazıçı Davud Aslanın ocağında dünyaya gəlmisiniz. Atanızla bağlı xatirələrə dalırsınızmı?
   - Davud Aslan 1929-cu ildə anadan olmuşdu. Atamın hələ uşaq vaxtlarından ədəbiyyata, poeziyaya böyük marağı olub. Mən deyərdim ki, Davud Aslan dünyaya şair kimi gəlib. Onun özünəməxsus söz dünyasında saflıq, təmizlik, halallıq və düzlük vardı. Atamın poetik yaradıcılığının əsası vətənə, torpağa, insana vurğunluqdan ibarət olub. Onun şeirlərində bütün bunlar qırmızı xətt kimi keçib, vətənpərvərlik duyğuları daha güclü olub. «Xınalanıb dağ yolları» və «Bir qucaq inci» adlı kitabların müəllifidir. Bu kitablarda poema və şeirləri, pyesi yer alıb. Daxili dünyası çox zəngin olan insan idi. Tərbiyəvi mövzularda çoxlu şeirləri var. Gənc nəslə öz tövsiyələrini, məsləhətlərini şeirləri vasitəsilə çatdırırdı.
   Bu mövzuya aid şeirindən bir bənd söyləyim:
   
   Nifrət elə, əyriliyi at oğul,
   Hər şeyi öz qiymətinə sat oğul,
   Məqsədinə düz yol ilə çat oğul,
   Oğru sarı tez tutar tərlan, bala,
   Nəfsin edər ömrünü viran, bala.
   
   Xatırlayıram, hələ uşaq ikən məni zəhmətə alışdırardı. Ev işlərində, həyətdə, bağda həmişə ona köməklik edərdim. Əlimdə bel torpağı belləyərdim, ağacları sulayardım. Məndə musiqiyə, incəsənətə həvəsi də atam yaradıb. Yadımdadır, o vaxt məni idmana və musiqiyə getməyə məcbur edərdi. O vaxtdan həm musiqi, həm də idmanla məşğul olmağa başlamışam. Bu gün bu sahələrdə əldə etdiyim nailiyyətlərin əsası məhz o dövrdə qoyulub. Ona görə mən işgüzarlığa alışmışam və bu gün bir neçə vəzifə daşımaqda heç bir çətinlik çəkmirəm.
   - Maraqlı bəstələriniz, musiqi layihələrinizlə də dinləyicilər arasında populyarlıq qazanmısınız. Bəstəkarlıq sizin üçün nədir?
   - “Bəstəkarlıq” mənimçün çox böyük məfhum, etalondur. Heç vaxt özümü bəstəkar hesab etməmişəm, bundan sonra da etməyəcəyəm. Sadəcə, bir çox mahnıların müəllifiyəm. Bildiyimə görə, bu mahnılar insanlar arasında sevilir, öz yerini tapıb. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Ümumiyyətlə, musiqi mənim daxili dünyamın təzahürüdür.
   - Bugünkü efir məkanının yeni musiqi layihələri necə, sizi qane edirmi?
   - Bu gün efirdə nümayiş etdirilən yeni musiqi əsərləri, kliplər arasında çox yaxşısı da, zəifi də var. Düşünürəm ki, bu sahədə mövcud vəziyyət ümumilikdə musiqinin, mədəniyyətin inkişafında gedən qlobal proseslərlə bağlıdır və buna daha geniş prizmadan yanaşmaq lazımdır.
   - Yeri gəlmişkən, bu gün dünyada baş verən qloballaşmaya və Azərbaycanın bu prosesdə iştirakına münasibətiniz necədir?
   - Biz reallıqları qəbul etməliyik. Bu gün biz qloballaşmaya doğru gedirik. Çox zaman bizdən asılı olmayan hadisələrlə üzləşirik. Qloballaşma bir axındır və biz bu prosesdən uğurla çıxmalıyıq, maksimum dərəcədə adət-ənənələrimizi saxlamağa çalışmalıyıq. Çünki bu dövr müvəqqətidir. Əgər bu gün biz nəyəsə yaxşı deyiriksə, sabah ola bilsin ki, pis deyə bilərik. Və ya əksinə. Amma mənim subyektiv fikrimə gəlincə, bu proseslərin əleyhinəyəm. Qloballaşma adiləşmək, sadələşməkdir. Mən də buna heç vaxt müsbət baxmamışam. Qloballaşmanın fonunda hər bir şeyə qlobal surətdə baxırsan: incəliklər, hisslər, fərdi xüsusiyyətlər və keyfiyyətlər öz aktuallığını itirmiş olur. Düşünürəm ki, millətlərə, coğrafiyaya, bir çox proseslərə bir prizmadan yanaşmaq ənənələrin pozulması, yaddan çıxarılması deməkdir.
   - Azərbaycan Şərqlə Qərbin kəsişməsində yerləşən bir ölkə olduğundan daim burada mədəniyyətlər qaynayıb-qarışıb, sintez olub. Necə düşünürsünüz, müasir dövrdə qloballaşma, Avropaya inteqrasiya fonunda Azərbaycan insanı daha çox şərqli, yoxsa qərblidir?
   - Azərbaycanlılar unikal insanlardır. Bizim ən böyük problemimiz beynəlmiləl olmağımızdır. Amma əslində bu, müsbət xüsusiyyətdir. Tanrı da insanları yaradanda onlara digər insanlara hörmətlə yanaşmağı tövsiyə edib. Amma bu gün bunlar bəzi məsələlərdə maneçilik törədir. 1998-ci ildə beynəlxalq konfransların birində Ermənistan əhalisinin 98 faizini ermənilərin təşkil etdiyi bəlli oldu. Amma bugünkü statistik məlumatlar göstərir ki, Ermənistanda əhalinin 99 faizi ermənidir. Tarix göstərir ki, monomilli dövlətlərdə heç vaxt inkişaf olmur. Azərbaycan bu gün həm tolerant, həm də beynəlmiləl ölkədir, bütün insanlar burada azad və asudə yaşaya bilərlər.
   - Maraqlıdır, filosof kimi sizi fəlsəfənin hansı sahəsi daha çox cəlb edir?
   - İnsanın özünü dərk etməsi. Ümumiyyətlə, fəlsəfə çox mürəkkəb, ciddi bir elmdir və ona barmaqarası baxmaq olmaz. Həmişə suallara və cavablara ehtiyatla yanaşmışam. Fəlsəfənin ən böyük problemi odur ki, obyektiv əsaslara dayanaraq, çoxlu subyektiv fərziyyələr üzərində qurulur. Məni maraqlandıran əsas məsələ insanın özünü dərk etməsidir. Nə üçün milyardlarla canlı varlıq olduğu halda, məhz bizlərə şüur, ağıl, özünüdərketmə imkanı verilib? Bunun səbəblərini axtarıram. Kitablarımda bu barədə öz fikirlərimi bildirmişəm.
   - Millət vəkili kimi fəaliyyətinizin əsas prioritetləri nədən ibarətdir?
   - Hər bir millət vəkilinin öz fəaliyyət strategiyası var. Hansı millət vəkili seçicilərlə az, hansısa çox görüşür, Milli Məclisdə çox və az çıxış edən millət vəkilləri də var. Bunları passivlik və aktivliklə əlaqələndirmək düzgün olmazdı. Bu kimi fəaliyyətlər hər bir millət vəkilinin xüsusi strategiyası üzərində qurulur. Elə millət vəkili var ki, Milli Məclisdə çox çıxış etməyi prioritet kimi qəbul edib, eləsi də var ki, seçicilərlə sıx ünsiyyət qurmağa üstünlük verir. Təəssüf ki, bəzi insanlar millət vəkilinin vəzifəsini düzgün dərk etmir. Bir məqamı da qeyd edim ki, millət vəkilinin işi su çəkmək, ev tikməklə bağlı deyil, qanunvericiliklə məşğul olmaqdır. Əfsuslar olsun ki, bu gün millət vəkilliyinə çoxu bu prizmadan yanaşır. Təbii ki, millət vəkili müəyyən qurumlarla seçici arasında körpü rolunu oynamalıdır. O qapıları ki millət vəkili döyə bilir, onu seçiciyə açmalıdır. Mən hər həftə deputat seçildiyim İsmayıllı rayonuna səfər edirəm. Rayonda yas məclisləri olursa, orada da iştirak edirəm. Yəni mənim əsas siyasətim seçicilərlə daha sıx ünsiyyət qurmaqdır.
   Düşünürəm ki, Milli Məclisdə əsasən komitələrin iclaslarında çıxış etmək, öz tövsiyələrini vermək lazımdır. Millət vəkilinin əsas vəzifəsi əməli iş görməkdir. Bir sözlə, söz ilə əməl üst-üstə düşməlidir. Onu da deyim ki, seçicilərlə yüksək səviyyədə ünsiyyət qurmaq o qədər də asan məsələ deyil.
   - Sizin üçün həyatınızın ən böyük uğuru nədir?
   - Bu sualınıza iki aspektdən cavab verəcəyəm. Birincisi, ən böyük uğurum budur: nə yaxşı ki, Tanrı məni məhz belə yaradıb. Hər bir məsələyə obyektiv, hər bir insana diqqətlə yanaşmağa çalışıram. Mənim münasibətim, dünyaya baxışlarım, mövqeyim belədir. Tamamilə ayrı bir insan da ola bilərdim. Sevinirəm ki, bu ailədə doğulmuşam, bu millətin övladıyam.
   İkincisi, böyük uğurum gözəl ailə sahibi olmağımdır. Hər insana gözəl ailə, övlad qismət olmur. Arzum budur ki, böyütdüyüm övladlar layiqli Azərbaycan vətəndaşları olsunlar. Bacardığımı edirəm ki, onlara vətənə sevgi, insanlara məhəbbət aşılayım.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar