Tərlan Rəsulov: “Bizim kollektivi yalnız iş, sənət birləşdirmir, həmkarlarımız eyni ruh müstəvisində olan insanlardır”
Ölkədə fəaliyyət göstərən teatrlar arasında Azərbaycan Dövlət «Yuğ» Teatrının öz yolu, öz missiyası var. Fəaliyyət göstərdiyi müddətdə yeni teatr və tamaşaçı anlayışlarını formalaşdıran ustad rejissor Vaqif İbrahimoğlunun yaratdığı bu sənət ocağı yəqin hələ uzun illər bundan sonra da onun yolunu, sənət və sənətkarlıq ənənələrini davam etdirəcək. Bunu bizimlə söhbətində teatrın direktoru Tərlan Rəsulov xüsusilə vurğuladı.
- Ötən il «Yuğ» Teatrı tarixinin ən çətin məqamlarını yaşadı. Vaqif İbrahimoğlunun vəfatı bütün kollektiv üçün sarsıdıcı zərbə oldu. Lakin teatrın kollektivi ruhdan düşmədi. Çünki biz onun yolunu davam etdirməli idik. O, tez-tez bizə deyərdi: “Siz artıq elə yetişmisiniz ki, istənilən biriniz müstəqil şəkildə tamaşa qoya, mənim yolumu davam etdirə bilərsiniz. Çünki siz teatrda hər işin öhdəsindən gələ biləcək qədər yetkin şəxsiyyətsiniz. Ümumiyyətlə, hər biriniz ziyalı kimi özünüzə o cür münasibət bəsləməlisiniz”. Vaqif İbrahimoğlunun dünyasını dəyişməsindən sonra teatrımızda səhnə həyatı qazanan uğurlu tamaşalar bir daha sübut edir ki, onun sənət yolunu davam etdirən yetirmələri teatrı yaşatmaq gücündədir. Çünki bu gün «Yuğ»un kollektivini yalnız əməkdaşlıq, işgüzar münasibətlər birləşdirmir. Həmkarlarımız həm də eyni ruh müstəvisində olan insanlardır. Bu gün bizim teatrda heç kəs bura iş yeri kimi baxmır. Biz bir ailəyik. Çətin günümüzdə də, xoş günümüzdə də həmişə bir ailə kimi bir məqsədə qulluq etməyə çalışırıq. Bu gün bizim bir əsas məqsədimiz var: «Yuğ»u qorumaq, inkişaf etdirmək, ustadımızın yolu ilə getmək.
- Vaqif İbrahimoğlunun bu teatrda təməlini qoyduğu rejissor-aktyor münasibətləri də dəyişməz qalıbmı?
- Onun məktəbində sənətkarın rejissora-aktyora bölünməsi anlayışı yox idi. Ümumən sənətkar anlayışı var idi. Əgər sən sənətkarsansa, yaradıcısansa sən özündə bunun bütün xüsusiyyətlərini cəmləşdirməlisən. Hər bir aktyor ona verilən tapşırığı həm rejissor, həm də aktyor olaraq süzgəcindən keçirə bilməli, həmin tamaşada oynadığı parçanın həm də rejissoru olmalıdır. Bizim teatrın öz ənənəsi var və biz daim ona sadiq olacağıq. Son bir il ərzində teatrımızda beş yeni tamaşa hazırlanıb. Bunlar «Məsəl, ya əməl» (U.Hacıbəyovli və C.Məmmədquluzadənin felyetonları əsasında, quruluşçu rejissor - Vidadi Həsənov), «SUR» (Cəbran Xəlil Cəbranın şeirləri əsasında, quruluşçu-rejissor Vidadi Həsənov), «Kölgə» (Y.Onilin «Qarağaclar altında məhəbbət» əsəri əsasında), «İki yarım» («Qor Qlenskinin eyniadlı əsəri əsasında», quruluşçu-rejissor Tərlan Əngin) və «Tabu» (X.L.Borxesin «Bədəməl qadın» əsəri əsasında, quruluşçu-rejissor Ruslan Şöhrətoğlu) tamaşalarıdır. Bu tamaşaların hər birində məhz qeyd etdiyim yaradıcılıq missiyası yerinə yetirilib.
- Müasir dövrdə teatr və ondan gözləntilər də başqadır. Teatrın yeni inkişaf yolunu müəyyənləşdirən müvafiq dövlət proqramı icra olunmaqdadır. Bu müstəvidə teatrların dünya teatr aləminə inteqrasiyası ön plana çıxır. Bu proses sizdə necə gedir?
- Bizdə xarici teatrlarla əlaqələr daim olub və yeni layihələrlə bu əməkdaşlığımızı daha da genişləndirmək istəyirik. Bu gün nəinki «Yuğ», bütün ölkə teatrlarının dünyaya inteqrasiya üçün müvafiq potensialı var. Son illər keçirilən beynəlxalq festivallar, teatrlarımızın dünya miqyaslı teatr tədbirlərində uğurlu iştirakı bunun əyani göstəricisidir. «Yuğ»a gəlincə, ötən il Polşadakı A.Mitskeviç adına İnstitutla əlaqələrin qurulmasını qeyd etmək istərdim. Dünya teatr məkanında ən nüfuzlu təşkilatlardan hesab edilən bu institutla əməkdaşlıq Azərbaycan teatrının Avropa teatr məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli bir addımdır. Polşa ilə Azərbaycan teatrı arasında gələcəkdə də birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Polşanın Krakov şəhərində keçirilən Şərqi Avropa Teatr Platforması Şəbəkəsinin açılış mərasimində mən də iştirak etdim. Tədbir çərçivəsində Şərqi Avropada həyata keçirilməsi nəzərdə tutulan teatr layihələri, yeni idaretmə mexanizmləri, çağdaş təşkilatlanma məsələləri müzakirə olundu. Bundan başqa, ötən il teatrımızda Polşa, Fransa və İsveç səfirliyi ilə əməkdaşlıq şəraitində silsilə tədbirlər həyata keçirildi. Bu tədbirlər çərçivəsində teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş bir neçə treninq, seminar və ustad dərsləri həyata keçirildi.
- Teatrının nəzdində fəaliyyətə başlayan «Yaradıcı təşəbbüslər mərkəzi» barədə də məlumat vermənizi istərdim. Mərkəz mahiyyət etibarilə teatr studiyası funksiyasını yerinə yetirir?
- Mərkəzin yaradılmasında başlıca məqsəd Avropa teatr şəbəkəsinə qoşulmaq və Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyasına töhfə verməkdən ibarətdir. Mərkəzin yaradılmasında bir sıra beynəlxalq təşkilatlar, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik korpus nümayəndələri də iştirak edir. Mərkəzin yalnız məhdud studiya kimi deyil, Avropa ölkələrində mövcud olan bu tipli beynəlxalq təşkilatlar, korporativ şəbəkələr, Avropa teatr məkanında tanınmış fərdi şəxslərlə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi nəzərdə tutulur. Belə təşkilatların fəaliyyəti Avropa teatr məkanında geniş yayılıb və dünya teatr şəbəkəsinin yaradılması istiqamətində müsbət nəticələr verib.
Çağdaş dünyada iqtisadi reallıqların mədəniyyətə, ələlxüsus teatr sənətinə təsirini nəzərə alaraq, mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri də teatr iqtisadiyyatının, teatr sahəsində menecment, prodüserlik fəaliyyətinin, teatrın yeni fəaliyyət modellərinin öyrənilməsi və inkişaf etdirilməsindən ibarət olacaq. Mərkəzdə hazırda 2 qrupda toplanmış üzvlərə müxtəlif nəzəri və praktiki məşğələlər keçilir. Buna misal olaraq vokal, səsin köklənməsi, artikulyasiya, aktyor sənətinin əsasları və s. məşğələləri göstərmək olar. Bu məşğələlərin təşkilində məqsəd mərkəzin üzvlərini Azərbaycan və dünya teatr sənətində baş verən proseslər barədə məlumatlandırmaq, dünya teatrında yaranmış və təcrübədən keçmiş yeni teatr poetikalarını, ifaçılıq üslublarını öyrənmək və aprobasiyadan keçirməkdən ibarətdir. Gələcəkdə məşğələlərin sayının artırılması nəzərdə tutulur.
- Teatrın xarici əlaqələrindən danışdıq, bəs ölkəmizin teatrları, xüsusən bölgə teatrları ilə əlaqəniz necə, varmı?
- Teatrlarla əlaqələr normal səviyyədədir. Rejissor-aktyor mübadiləsinə gəlincə, bu, hələ ki, birtərəfli surətdə gedir. Bizim bir neçə aktyorumuz Milli Dram Teatrının tamaşalarında iştirak edir, eləcə də rejissorlarımız başqa teatrlarda tamaşalar qoyurlar. Mikayıl Mikayılov Milli Dram və Musiqili Komediya teatrlarında uğurlu tamaşalar hazırlayıb. Yəni bu, sırf yaradıclıq münasibətləridir və burada heç bir rəqabət hissindən söhbət gedə bilməz. Hər teatrın öz tamaşaçısı var və onlar istəsələr də bir-birlərinə maneçilik törədə bilməzlər. Teatrların aktyor və rejissorları arasında yaradıcı əlaqələrin olması çox vacibdir.
- Amma hiss olunur ki, teatrınız ölkə daxilində qastrollarda elə də fəal deyil. Yoxsa əyalətdə «Yuğ”un tamaşalarının necə qəbul olunacağına dair əndişələriniz var?
- Düzdür, bizim tamaşalar müəyyən qisim tamaşaçı üçün nəzərdə tutulub, onlar da tamaşalarımıza bizim teatrda baxırlar. Eyni zamanda bölgələrə qastrollara getməyə hazırıq. Əgər tamaşa tamaşaçıya nə isə bir fikir, ideya aşılamayacaqsa, onun harada göstərilməsi elə də əsas məsələ deyil. «Yeni Teatr» festivalı çərçivəsində Gəncədə «Yar» tamaşası ilə çıxış etdik və çox gözəl qarşılandıq. Aktyorlar bu müsbət münasibətdən, düzünü deyim, hətta təəccübləndilər və təbii ki, məmnun qaldılar. Yəni sizin dediyiniz kimi, elə bir əndişəmiz yoxdur. Hər halda qastrola çıxmağı nəzərdə tutmuşuq.
- Necə düşünürsünüz, teatr geniş anlamda həmişə maarifləndirmə funksiyasında qalmalıdır?
- Çağdaş informasiya dövründə teatr maarifləndirmədən daha çox ruhsal anlamda, müsbət enerji mənbəyi kimi çıxış etməlidir. Çünki tamaşaçı teatrdan aldığı enerjini heç bir zaman başqa vasitələrdə tapa bilməz. Ona görə də bu gün insanlar məhz teatra gəlir, ondan qidalanmağa çalışırlar. Biz əqlimizi başqa vasitələrlə qidalandırsaq da, ruhumuzu yalnız teatr, gözəl tamaşa ilə cilalaya bilərik.
- Repertuar siyasətiniz və yeni tamaşalar barədə də məlumat verməyinizi istərdik...
- Bu gün teatrın repertuarında həm klassik və müasir Azərbaycan dramaturgiyasının, həm də dünya dramaturgiyasının nümunələri əsasında hazırlanan tamaşalar var. Hazırda paralel olaraq iki tamaşanın məşqləri gedir. Bunlar Rünöske Akutaqavanın əsəri əsasında hazırlanan «Koan» və M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunan «Naməlum Axundzadə» tamaşalarıdır. Bu əsərə Gümrah Ömər quruluş verəcək. Özündə Avropa modelli dramaturgiyanın tələb və şərtlərini (dramaturji metod - yəni zaman, məkan, potensial konflikt), həmçinin sakral arxetipik mənaları ehtiva edən Axundzadə pyesləri XXI əsrdə də yeni teatr sənəti üçün ədəbi əsas rolunu oynamağa qadirdir. Buna görə də biz M.F.Axundzadənin əsərlərini özəl poetikamız çərçivəsində fərqli aspektdən səhnələşdirməyə çalışacağıq. Başlıca məqsəd mütəfəkkirin irsinin bu günə qədər aşkarlanmayan naməlum tərəflərini işıqlandırmaqdan ibarətdir. Bu tamaşa M.F.Axundzadə irsinin fərqli, bu günə qədər qapalı qalan aspektlərini tamaşaçıya təqdim edəcək.
Söhbətləşdi: Həmidə Nizamiqızı