Eldar Mansurov: “Çox qürur duyuram ki, mənsub olduğum nəsil həmişə xoş sözlərlə xatırlanır”

   Azərbaycan estrada musiqisində öz dəsti xətti olan, sevilib seçilən bəstəkarlarımızdan biri də Eldar Mansurovdur. 80-ci illərin əvvəlindən bu günədək onun bəstələri hər zaman tamaşaçı, dinləyici rəğbəti qazanıb. Azərbaycan klassik estrada janrının inkişafına mühüm töhfələr verən, dinləyiciyə səviyyəli, dəyərli musiqilər bəxş edən sənətkarın hətta uzun illər öncə yazdığı mahnılar bu gün də dillər əzbəridir. “Karvan” (sözləri Sabir Rüstəmxanlı), “Dilbərim”(Pənah Rüstəm), “Neyləyim” (Nüsrət Kəsəmənli) kimi mahnılar illər keçməsinə baxmayaraq, dinləyicinin yaddaşına həkk olub.
   
   Böyük sənətkarlar yetirmiş Mansurovlar nəslinin layiqli davamçılarından olan tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının idarə heyətinin katibi Eldar Mansurovla söhbətimizdə onun həyat yoluna, yaradıcılıq emalatxanasına nəzər saldıq.
   - Məşədi Məlikin nəticəsi, Məşədi Süleymanın nəvəsi, Bəhram Mansurovun oğlu. 60 illik həyatınızda bu adlar sizə daha çox məsuliyyət yaşadıb, yoxsa kömək olub?
   - Məsuliyyət yaşatmaqla bərabər, həm də kömək olub. Məsuliyyət ona görə ki, Mansurov soyadı çox şərəfli bir soyaddır. Mən və qardaşlarım, bizim övladlarımız çalışırıq ki, bu soyada layiq olaq. Ata-babalarımız incəsənət tariximizdə layiqli iz qoyublar, çalışdıqları sənətin vurğunu olublar. Çox qürur duyuram ki, mənsub olduğum nəsil həmişə xoş sözlərlə xatırlanır. Bu dünyada hamımız qonağıq, çalışmalıyıq ki, biz gedəndən sonra arxamızdan yaxşı fikirlər, xoş sözlər söylənilsin və övladlarımızı düşünək ki, sabah onlar bizim mənfi əməllərimizə görə cavab verməli olmasınlar.
   - Artıq Mansurovlar nəslində qardaşlarınız və sizdən başqa musiqiçi yetişmir. Bu sizi kədərləndirmir?
   - Əlbəttə ki, kədərləndirir. Hərdən düşünürəm ki, 150 ildən çox Bakıda musiqini təbliğ edib, musiqi ilə tanınan insanların sənət şəcərəsi birdən qırılır. Nəslimizdə istedadlı uşaqlar çoxdur, amma nədənsə bu sahəni seçmədilər. Digər tərəfdən, bu gün musiqi sahəsində yaranmış vəziyyəti görəndə düşünürəm ki, bəlkə belə bir addım atmaları daha düzgündür. Bu gün musiqinin dəyəri xeyli aşınıb. Buna heyifsilənirəm.
   - Bir sıra ciddi musiqi əsərlərinin müəllifi olan Eldar Mansurov mahnı janrına üstünlük verdi. Bu, zamanın tələbi idi, yoxsa içinizdən gələn yaradıcılıq hissi?
   - Klassik, ciddi musiqini çox sevirəm. Konservatoriyanı bitirəndən sonra qarşıma məqsəd qoymuşdum ki, musiqinin bu sahəsi ilə məşğul olacağam. Amma əsərlərimi qəbul etmədilər, “Əvvəl mahnı yaz, görək necə alınır, sonra əsərlərinə baxarıq” - dedilər. Bu səbəbdən də bir müddət heç nə yazmadım. Bir gün anam dedi: “Deyirlər mahnı yaz, sən də yaz. Göstər ki, mahnı da yaza bilərsən”.
   Beləliklə, mənim ilk mahnılarım yarandı. Bu mahnıların ilk ifaçıları Akif İslamzadə, Flora Kərimova kimi sənətkarlarımız oldu. Daha sonra Mirzə Babayev, Elmira Rəhimova, Nisə Qasımova, Yalçın Rzazadə mahnılarımı ifa etməyə başladılar. Beləcə, məndə mahnı janrı uğurlu alındı və başladım mahnılar yazmağa. Tələbat olduğuna görə çoxlu mahnılar yarandı. Amma bununla paralel olaraq mən ciddi musiqilər də yazırdım. Eyni zamanda mahnı janrına minnətdaram ki, məni xalqa tanıtdı. Mahnılarım sayəsində simfonik və kamera əsərlərimi də lentə yazdıra bildim. Bəstələrim mənim üçün yol açdı və mən Bəstəkarlar İttifaqının 80-ci illərdə keçirilən plenum və hesabatlarında öz əsərlərimi təqdim edə bildim.
   - Demək, “ciddi musiqi ilə məşğul olan bəstəkar mahnı janrında yaza bilməz” və yaxud əksinə, səslənən fikirlər səhvdir.
   - Əlbəttə. Böyük bəstəkarımız Qara Qarayevin “Bir məhəlləli iki oğlan”, “Uzaq sahillərdə” filmlərinə yazdığı musiqilər dillər əzbəri olub. Fikrət Əmirov, Rauf Hacıyev, Arif Məlikov, Cahangir Cahangirov görkəmli sənətkarlarımız musiqi janrına müraciət ediblər. İstedadlı insan hər janrda yaza bilər.
   - 30-dək irili-xırdalı bədii və animasiya filmlərinə musiqi yazmısınız. Ekran əsərlərinin uğurlu alınmasında musiqinin rolu nə qədərdir?
   - Təsəvvür edək ki, saat yarımlıq filmə baxırıq. Musiqisiz filmdən, əlbəttə ki, insan bezər. Musiqi filmə rəngarənglik verir. İstər teatr tamaşalarında, istərsə də filmlərə yazdığım musiqilərdə çalışmışam ki, simfonik janra müraciət edim, çünki belə musiqi daha təsirli alınır. Hətta rejissorlar deyəndə ki, sadə yolla yaz, ucuz başa gəlsin, mən çalışmışam ki, özüm bildiyim kimi yazım ki, keyfiyyətli bir iş ortaya çıxsın.
   - Qeyd etdiniz ki, o vaxtlar öz potensialınızı nümayiş etdirmək üçün çətinliklərlə üzləşmisiniz. Bəs bu gün gənc bəstəkarlara Bəstəkarlar İttifaqında hansı şərait yaradılıb. Onlar öz əsərlərini tanıda bilirlər?
   - Gənc bəstəkarların yaradıcılığına dəstək verilir, amma, düzünü desəm, keyfiyyət göstəricisi elə də ürəkaçan deyil. Bu gün bəstəkarlıq sahəsində istedadlı gənc kadrlarımız azdır. Savadlı, bacarıqlı musiqiçilər var, amma məhz bəstəkarlıq sahəsində bir az kasadlıqdır. Bizim dövrümüzdə Q.Qarayev, F.Əmirov, C.Hacıyev, X.Mirzəzadə, A.Məlikov kimi müəllimlərimiz var idi. Orta nəsil bəstəkarlar bu cür dahi insanlardan dərs almışdılar. “Müasir musiqini hər zaman yazmaq olar, amma mütləq klassikanı bilmək lazımdır”, - deyib tələbələrə dərin savad verirdilər. Bu gün isə əksər tələbələr müasir musiqiyə müraciət edir. Bəlkə də heç klassik musiqidən xəbərsizdirlər. Bəstəkarlar İttifaqında gənclərlə bağlı bir çox tədbirlər keçirilir. Gənc bəstəkarların əsərlərindən ibarət mütəmadi konsertlər təşkil olunur. Səslənən əsərlərin əksəriyyəti zəif olur. Müstəqil bəstəkar işinə oxşamır. Müasir musiqini hər zaman yazmaq olar. Amma bir daha qeyd etmək istərdim ki, klassikanı bilmək mütləqdir.
   - Bakıya həsr etdiyiniz çoxlu mahnılarınız var. Yəqin Bakı sizin xüsusi bir ilham qaynağıdır?
   - Mən Qala divarlarının içindəki Bakının insanıyam. Bu şəhərin havası, suyu ilə boya-başa çatmışam. Atam, babalarım tez-tez Bakının tarixindən danışardılar. Ona görə də mən şəhərin tarixini yaxşı bilirəm və əlbəttə ki, bu şəhəri çox sevirəm. Düzdür, bu gün Bakı dəyişir, inkişaf edir. Bunun müsbət və mənfi tərəfləri də var. Hamımız bilirik ki, Bakı seysmik zonadır, burada hündürmərtəbəli evlər tikmək olmaz, köhnə binalar, əlbəttə ki, sökülməlidir, amma onların yerində 20-25 mərtəbəli deyil, azmərtəbəli binalar tikmək lazımdır. İndi şəhərdə köhnə binalara yeni görkəm verilir, bu, çox gözəldir, bütün bunlarla yanaşı, tarixi də qorumalıyıq.
   - Bir neçə il əvvəl silsilə mahnılar yazdınız, Ağadadaş Ağayev, Brilliant Dadaşova və başqa müğənnilər oxudular və yaddaqalan, sevilən mahnılar oldular. Son vaxtlar nədənsə fasilə yaranıb?
   - Mən yenə mahnılar yazıram. Sadəcə, onları oxuyan müğənnilər efirə az çıxdıqları üçün mahnılarım az səslənir. Bu müğənnilər şou müğənniləri deyillər, hər gün efirə çıxmırlar. Düzdür, hazırda müasir gənc ifaçılar üçün də mahnılar yazıram, amma sənətkarlarla işləmək başqadır. Təəssüf ki, bu gün efirdə başqa tələblər öndədir, daha çox ucuz musiqi səslənir. Bəlkə bu gün daha yüngül ladlar türk, yunan, ərəb ritmləri dəbdə olduğu üçün estradamız belə geriləyir. Bəzən peşəkar müğənnilər də dəbdə olan musiqi janrlarının arxasınca gedirlər. Amma mən heç bir musiqini öz klassik estrada musiqimizə dəyişmərəm. İstər ifaçılarımız olsun, istərsə də bəstəkarlarımız. Azərbaycan dünya estrada musiqisi üzərində öz klassik estrada janrını yaradıb. Bunun bünövrəsini Tofiq Quliyev, Rauf Hacıyev, Oqtay Kazımi, Emin Sabitoğlu kimi əvəzsiz bəstəkarlarımız qoyub. Onların yaratdıqları əsərlər 50-60 ildir ki dəbdən düşmür. Belə zəngin estrada musiqisini niyə görə inkişaf etdirib yaşatmamalıyıq, yad ritmlərə üstünlük verməliyik.
   - Bəs necə edək ki, biz dinləyicilər yenidən estrada simfonik orkestrinin müşayiəti ilə misilsiz, gözəl mahnılar dinləyə bilək?
   - Bunun üçün ümumi səy lazımdır. İşin səriştəsini bilən insanlar birləşib bu işi bərpa etməlidirlər. Bu gün Azərbaycanda orkestr üçün aranjemançılar yetişməlidir, musiqiçilər də həmçinin. Estrada simfonik orkestrini mütləq yaşatmaq lazımdır. Bu zaman bəstəkarlıqda da inkişaf olacaq, ifaçılıqda da. Artıq yalançı bəstəkarlara yer qalmayacaq.
   
   Lalə Azəri  







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar