Rüfət Nuriyev: “Mədəni irsin qorunması, bərpası və inkişaf etdirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir”
Aprelin 18-i dünyada “Beynəlxalq tarixi yerlər və abidələr günü” kimi qeyd olunur. 1983-cü ildə UNESCO yanında Tarixi Yerlərin və Abidələrin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS - International Council on Monuments and Sites) təşəbbüsü ilə təsis edilən bu günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Azərbaycan özünün tarixi yerləri, dünya mədəni irsində məxsusi yer tutan qədim abidələri ilə zəngindir. Bu maddi-mədəni sərvətin qorunması, öyrənilməsi, dünyada təbliği istiqamətində hansı işlər görülür? Müsahibimiz Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyevdir.
- Xalqın zəngin mədəni irsini təsdiqləyən elementlərdən biri də abidələr və tarixi yerlərdir. Ölkəmizdə bu sahədə görülən işlər, dövlət tərəfindən həyata keçirilən proqramlar barədə nə deyə bilərsiniz?
- Azərbaycanda, mədəniyyətin bütün sahələri kimi, mədəni irsin qorunması, bərpası və inkişaf etdirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir, bu istiqamətdə müxtəlif proqramlar çərçivəsində işlər görülür. Məsələn, götürək «Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı»nı. Proqramda ayrı-ayrı bölgələrdə tarixi-mədəni abidələrin bərpasına yer ayrılır. Hətta «Yoxsulluğun aradan qaldırılması üzrə Dövlət Proqramı»nda da konkret olaraq bir neçə abidənin bərpası məsələsi əksini tapıb.
Ölkəmizdə abidələrin mühafizəsi və idarə edilməsi sahəsində dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi bu sahədə müvafiq tədbirlər və layihələr reallaşdırır. Son beş ildə 40-dan çox tarix və mədəniyyət abidəsinin bərpası və konservasiyası, eləcə də tarix-mədəniyyət qoruqlarının maddi-texniki bazalarının gücləndirilməsi sahəsində işlər görülüb. Məsələn, bu yaxınlarda Qobustan milli tarix-bədii qoruq kompleksinin yeni binası və ekspozisiyaları açıldı. Müasir texnologiyalarla təchiz edilmiş zallar istifadəyə verildi. Dövlət tərəfindən dəstəklənən digər layihə «Atəşgah» qoruğu ilə bağlıdır. Bu abidənin bərpası və ərazinin abadlaşdırılması nəzərdə tutulub.
Ötən il Prezident İlham Əliyev Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən böyük tədbirlər planı hazırlanıb və burada abidələrin bərpası öz əksini tapıb. Son illər Şəkidə Aşağı karvansara, Nakam adına kitabxana binası təmir olunub, M.F.Axundzadənin ev-muzeyi təmir-bərpadan sonra təhvil verilmək üzrədir. Bu səpkidə işlərimiz çoxdur. Yeri gəlmişkən, bu il Şəki xan sarayının 250 illiyinin də təntənəli şəkildə keçirilməsi nəzərdə tutulub.
Nazirliyin Mədəni irs şöbəsi tərəfindən 2012-2020-ci illərdə daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üzrə Dövlət Proqramı layihəsi hazırlanıb. Bundan əlavə, qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tarixi-mədəni irsinin tədqiqi, bərpası, təbliğinə dair Dövlət Proqramı layihəsi üzərində işlər başlanıb. «Daşınmaz tarix-mədəniyyət abidələrinin qorunması, bərpası, istifadəsi, eyni zamanda tarix-mədəniyyət qoruqları ilə bağlı dövlət proqramı layihəsi işlənib-hazırlanaraq təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Layihə Azərbaycanın bütün regionlarını əhatə edir və burda abidələrin bərpası əsas yer tutur. Eyni zamanda tarix-mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi layihədə öz əksini tapıb və buraya İçərişəhər tarix-memarlıq qoruğunun da abidələri daxil edilib. Şöbə tərəfindən Basqal kəndinin model kənd layihəsi də hazırlanıb. Bundan başqa, Sınıq körpünün bərpası ilə bağlı da işlər aparılır.
- Mədəniyyət və Turizm Nazirliyi memarlıq və arxeoloji irslə bağlı beynəlxalq əməkdaşlıqda hansı məsələlərə prioritet önəm verir, bu sahədə birgə layihələr həyata keçirilirmi?
- Azərbaycan müstəqilliyini əldə etdikdən sonra mədəniyyət sahəsini əhatə edən bütün beynəlxalq konvensiyalara qoşulub və onları ratifikasiya edib. Nazirlik bu sahədə müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müvafiq işlər görür. Bunlar əsasən Azərbaycanın dünya və ölkə əhəmiyyətli 10-a yaxın abidəsinin UNESCO-nun Dünya İrs Siyahısına və İSESCO-nun Dünya İslam İrsi siyahısına daxil edilməsi istiqamətində aparılan işlər, ölkəmizin arxeoloji irsin və sualtı arxeoloji irsin inkişafı sahəsində ikitərəfli və çoxtərəfli layihələrdir. Bundan başqa, nazirlik memarlıq və arxeoloji irsin qorunması sahəsində xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi ilə bağlı layihələr də həyata keçirir.
- Son vaxtlar Bakı mədəniyyət sahəsində müxtəlif mötəbər tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərdən biri də aprelin sonunda Mədəniyyət və Turizm Nazirliyinin bir sıra təşkilatlarla birgə keçirəcəyi “Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri” mövzusunda beynəlxalq konfransdır...
- Konfrans və ona əlavə tədbirlər aprelin 25-dən 29-dək UNESCO-nun Dünya İrs Mərkəzinin (WHC) məşvərətçi orqanları olan Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) və Abidələr və Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS), eləcə də Azərbaycan Memarlıq və İnşaat Universiteti və İtaliyanın Romualdo Del Bianko Fondunun birgə tərəfdaşlığı ilə keçiriləcək. Konfrans tarixi şəhərlərin, xüsusilə də UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş abidələrin yerləşdiyi şəhərlərin UNESCO-nun Tarixi Şəhər Landşaftı ilə bağlı tövsiyələri əsasında inkişaf tendensiyaları müzakirə olunacaq.
Eyni zamanda tədbirdə urbanizasiyasının şəhərlərin tarixən formalaşmış landşaftına təsirləri nəzərdən keçiriləcək. Tədbir çərçivəsində memarlıq və dizayn ixtisasları üzrə təhsil alan tələbə və məzunlar üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində “Dərəcə və sənət” adlı beynəlxalq festival, İCCROM təşkilatının sabiq baş direktoru Mark Laenen tərəfindən “Mədəni irs davamlı sosial inkişafın əsası” mövzusunda seminar, Ermənistanın işğalı nəticəsində zəbt edilmiş mədəni irsimizlə bağlı fotosərgi və məşhur italyan rəssamı və memarı Leonardo da Vinçinin büstünün açılış mərasimi keçiriləcək.
- 18 aprel - “Beynəlxalq abidələrin və tarixi yerlər günü” ilə bağlı Bakıda və regionlarda hansı tədbirlərin keçirilməsi nəzərdə tutulub?
- “Beynəlxalq abidələrin və tarixi yerlər günü” son illər ölkəmizdə də geniş şəkildə qeyd olunur. Bu il əlamətdar gün münasibətilə Ağsu şəhərində “Tarixi şəhərlərimizdə kərpic memarlığı” adlı beynəlxalq konfrans təşkil olunub (17-18 aprel). Azərbaycan memarlıq məktəbi tarixən kərpic sənəti və kərpic memarlığı ilə fərqlənib. Ölkəmizdə bəşəriyyətin tarixi inkişafını əks etdirən mədəni və sosial proseslərin izləri qalmaqdadır. Azıx mağarasından, Qobustandan, Gəmiqayadan keçən tarixi yol daha sonralar dövlətləşmə və millətləşmə prosesini keçərək daha da təkmilləşib. Təbiidir ki, bütün bunlar memarlıq irsimizin zənginləşməsinə səbəb olub. Kərpic memarlığı ənənələrinin formalaşması da bunun bariz nümunəsidir. Azərbaycan tarixən bu memarlıq növünün inkişaf etdiyi əsas regionlardan biri olub. Səlcuqlar, Hülakilər və Səfəvilər dövlətlərində bu ənənələr daha geniş yayılıb. Hülakilər dövləti özünün kərpic memarlığı məktəbinə görə xüsusilə fərqlənib. Bu gün Azərbaycanın tarixi şəhərləri olan Şəmkir, Qəbələ, Ağsu, Şabran, Bərdə, eləcə də Təbriz, Ərdəbil və İsfahan kimi şəhərlərdə bu memarlıq üslubunun möhtəşəm nümunələri yayılıb. Gəncə, Şəki və Naxçıvandakı kərpic tikililəri isə ümumilikdə Şərqdə kərpic memarlığının şah əsərləridir. Sevindirici haldır ki, bu gün respublikamızda bişmiş kərpicin sənaye üsulu ilə istehsalını bir çox şirkətlər həyata keçirir. Bu isə Azərbaycanda kərpic memarlığı ənənələrinin qorunduğu və inkişaf etdiyini sübut edir. Digər tədbirlərə gəlincə, “Beynəlxalq abidələrin və tarixi yerlər günü” ilə bağlı ənənəvi olaraq mədəniyyət abidələrimizdə “açıq qapı” günü elan edilir, müxtəlif sərgilər təşkil edilir.
- Abidələr təkcə dövlətə yox, həm də xalqa məxsusdur. Deməli, onların qorunmasında sıravi vətəndaşlar da təşəbbüs göstərməlidir. Bu baxımdan necə etmək lazımdır ki, insanlar abidələrin və tarixi yerlərin qorunmasına özlərinin gündəlik prioriteti kimi yanaşsınlar?
- Biz bunu insanlara təbliğat yolu ilə çatdırmalıyıq. Əhali arasında mədəni sərvətlərimizi, dəyərlərimizi tanıtmalıyıq. Abidələrin mühafizəsi işini yalnız dövlətdən ummaq düzgün deyil. Dövlət işçisi hər zaman abidənin yanında ola bilmir. Ona görə də bu sahədə fəaliyyətimizi daha da genişləndirəcəyik. Əsasən ictimaiyyətin abidələrə münasibətinin daha da liberallaşdırılması ilə bağlı bir sıra layihələr nəzərdə tutulub. Mədəni irs şöbəsi olaraq bu təbliğatın aparılması bizim işimizdir. Ona görə də həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, həm də dövlət təşkilatlarının xətti ilə «İrsin mühafizəsini həyata keçirmək hər bir vətəndaşın borcudur» konsepsiyasını insanlara aşılamaq üçün tədbirlər həyata keçirməyi nəzərdə tuturuq. Biz abidələrimizi cəmiyyətə daha geniş tanıtmalıyıq, insanların diqqətinə çatdırmalıyıq ki, dövlət abidəni nə üçün qoruyur, onun dəyəri nədir və gələcəkdə bundan nə kimi xeyir əldə edə bilər. Bu yolla sadə vətəndaşları maraqlandıra bilərik. Öz növbəsində bu, bir tərəfdən mədəni sərvətin qorunmasına gətirib çıxaracaq, digər tərəfdən də turizmin inkişafına şərait yaradacaq. Sevindirici haldır ki, indi müxtəlif təşkilatlar da abidələrin qorunması işinə qoşulur. Son illər bir sıra fiziki şəxslər nazirliyə müraciət edərək hansısa abidəni öz hesabına bərpa etmək üçün icazə istəyir. Bu, qanunvericiliyə zidd olmadığından etiraz etmirik. Sadəcə, layihəni bizə təqdim edirlər və razılaşdıqdan sonra onu icra edirlər. Bir çox abidələr həm də fərdi evlərdir və onların da bərpasına nəzarət edilir.
- Azərbaycanda qədim və zəngin mədəniyyətin dünya əhəmiyyətli nümunələrinin bir neçəsi UNESCO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilib. Yaxın gələcəkdə hansı abidələrimizin bu siyahıya təqdimatı gözlənilir?
- Bildiyiniz kimi, 2000-ci ilə İçərişəhər Şirvanşahlar Sarayı və Qız qalası birlikdə, 2007-ci ildə isə Qobustan qoruğu UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib. “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun Yanardağla birlikdə, Şəki şəhərinin tarixi hissəsini Xan sarayı ilə birlikdə, Xəzəryanı müdafiə komplekslərini, Naxçıvan türbələrini baxılmaq üçün ilkin siyahılara təqdim etmişik. Bununla bağlı UNESCO-nun ekspertlərini Azərbaycana dəvət etmişik və bu abidələrin dünya mədəni irs siyahısına salınması üçün işləri davam etdirəcəyik.
Mehparə