Zəngin ənənələri tanınan təhsil-sənət ocaqlarımızdan biri də Əzim Əzimzadə adına İncəsənət Kollecidir (keçmiş Rəssamlıq Məktəbi). 90 ildən artıq tarixi olan məktəbin məzunlarının səsi-sorağı ölkələr dolaşır... Kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimov bizimlə söhbətində belə dedi:
   
   - Məktəb 1920-ci ildə görkəmli rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılıb. Ancaq məktəb ayrı-ayrı illərdə müxtəlif adlar altında fəaliyyət göstərib. Əvvəl Ali Bədii Emalatxana, sonra Azərbaycan Ali Rəssamlıq Məktəbi adlanıb. 1929-cu ildən Rəssamlıq Pedaqoji Texnikumu, 1937-ci ildən Dövlət Rəssamlıq Məktəbi adı ilə fəaliyyət göstərib. 1943-cü ildə məktəbə Əzim Əzimzadənin adı verilib. Onu da deyim ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin fərmanı ilə 2001-ci ildə Rəssamlıq Akademiyası yaradıldı. Həmin vaxtdan təhsil ocağı akademiyanın nəzdində fəaliyyət göstərir.
   Məktəb öz zəngin ənənələrini bu gün də davam etdirir. Azərbaycanın sayılıb-seçilən rəssamları bu məktəbin yetirmələridir: Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Vəcihə Səmədova, Maral Rəhmanzadə, Lətif Kərimov, Fuad Əbdurrəhmanov, Qəzənfər Xalıqov, Ömər Eldarov və başqaları bu təhsil ocağında sənətin sirlərinə vaqif olublar. Sənət ocağının bir çox yetirmələri sonradan təhsillərini Sankt-Peterburqun (keçmiş Leninqrad) Repin adına, Moskvanın Surikov adına rəssamlıq akademiyalarında davam etdiriblər. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərən müəllimlərin də əksəriyyəti bizim məktəbin yetirmələridir. Bir sözlə, məktəbimizin milli rəssamlıq kadrlarının yetişdirilməsində əvəzsiz xidmətləri var.
   - Artıq 11 ildir ki, Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərirsiz. Bu müddət fəaliyyətinizdə hansı yeniliklərə səbəb olub?
    - Əlbəttə, müəyyən dəyişikliklər olub. İncəsənət Kolleci Rəssamlıq Akademiyasının tabeliyinə veriləndən sonra onun fəaliyyət dairəsi genişlənib. Maddi-texniki bazası xeyli möhkəmlənib. Akademiyanın rəhbərliyi - rektor, Xalq rəssamı, akademik Ömər Eldarov, elmi işlər üzrə prorektor, Xalq rəssamı Fuad Salayev, tədris işləri üzrə prorektor, professor Validə Məmmədova vaxtaşırı məktəbin fəaliyyəti ilə maraqlanır, problemlərimizin həllinə lazımi kömək göstərirlər...
   - İncəsənət Kollecində neçə şöbə fəaliyyət göstərir və onlar hansılardı? İldə nə qədər tələbə qəbul edirsiniz?
   - Məktəbimizdə yeddi şöbə fəaliyyət göstərir: rəngkarlıq, heykəltəraşlıq, qrafika, keramika, xalça sənəti, interyer, dizayn və dekorativ-tətbiqi sənət. Hər il məktəbə 110-120 tələbə qəbul edirik. Onların təhsil almaları üçün hər cür şərait yaradılıb. Çox təcrübəli pedaqoji kollektivimiz var. Onlar sənətin sirlərini tələbələrə yeni, müasir metodlarla öyrədirlər. Rəssamlıq fitri istedad tələb edən sənət sahəsidir. Hər il bu məktəbdə təhsil alan tələbələrin içərisindən üç-dörd nəfər yaxşı rəssam çıxırsa, bu özü böyük göstəricidir. İstedadlı tələbələri isə elə ilk gündən tanımaq olur. Onlara xüsusi diqqət yetirilir. Tələbələr tez-tez şəhərimizdə keçirilən mədəni-kütləvi tədbirlərə cəlb olunurlar. Gül bayramında, Novruz bayramında onlar şəhərimizin tərtibat işlərinə yaxından kömək göstərirlər. Tələbələrimiz ardıcıl olaraq sərgilərdə iştirak edir və əsərləri xarici qonaqların da diqqətindən yayınmır...
   Direktor məktəbin mövcud qayğılarından da söz açdı. Bildirdi ki, emalatxanalar kifayət qədər deyil. Lakin bu məsələ tezliklə həllini tapacaq. İncəsənət Kolleci Rəssamlıq Akademiyasının binasına - sənət şəhərciyinə köçürüləcək. Burada müasir avadanlıqla təchiz olunmuş şərait və yaradıcı mühit var. Bu da tələbələrin şüuruna, yaradıcı təxəyyülünə güclü təsir göstərəcək.
   Telman İbrahimov özü barədə də danışdı. Bildirdi ki, sənətə onda maraq hələ 1960-cı illərdə Y.Qaqarin adına Pionerlər Məktəbində rəsm dərnəyində çalışarkən yaranıb. İndi artıq sənətşünaslıq üzrə fəlsəfə doktorudur, Rəssamlıq Akademiyasında incəsənət tarixi kafedrasının dosentidir...
   Sonda həmsöhbətim bir məqamı xüsusi vurğuladı - Azərbaycan Prezidenti İlham Əliyevin sənətə, o cümlədən rəssamlığa göstərdiyi qayğı bizi daha məsuliyyətlə işləməyə, bacarıqlı kadrlar hazırlamağa ruhlandırır...
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar