İrəvan Dövlət Azərbaycan Dram Teatrı
Ölkənin qocaman sənət ocaqlarından, milli teatrımızın ilk binələrindən biri də qədim yurd yerimiz olan İrəvanda yaradılan, özünəməxsus yaradıcılıq yolu keçən və bu gün də tarixi adını yaşadan İrəvan Dövlət Azərbaycan Dram Teatrıdır. Artıq neçə illərdir ki, tarixi torpaqlarımızı tərk etməyə məcbur olmuş minlərlə soydaşımız kimi vətəndə vətənsiz, doğma yurdda didərgin, qaçqın taleyi yaşayan teatr bütün çətinliklərə baxmayaraq, böyük sənət üçün yüksək amallara xidmət yolundan dönməyib. Bizimlə müsahibəsində bu məqamı xüsusi qeyd edən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar
Piriyev zəngin tarixə malik teatrın dünəninə boylandı, keçmişinə nəzərlə söhbətə başladı.
- Mirzə Fətəli Axundzadənin komediyaları ilə 1873-cü il mart ayının 10-da Bakıda və elə həmin ildə Tiflisdə peşəkar Azərbaycan teatrının bünövrəsi qoyuldu. Bir müddət sonra, 1882-ci il aprelin 2-də isə İrəvanda peşəkar teatrımız yarandı. Daha sonralar Azərbaycanın əksər bölgələrində teatrlar yarandı, inkişaf etdi, milli mədəniyyətimizə öz töhfələrini verdi. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə bağlı diqqəti çəkən bir məqam da budur ki, İrəvanda Azərbaycan teatrının tarixinin daha əvvələ təsadüf etməsinə dair kifayət qədər faktlar var. İrəvan Azərbaycan Teatrının yaradıcılıq yolu böyük çətinliklərdən keçib. Teatr dəfələrlə düşmən qəsdinə məruz qalaraq qapadılmış, mərkəzdən əyalətə köçürülmüş, doğma yurdundan didərgin salınmışdır. Lakin bu qocaman sənət ocağı əzmkar sənət fəaliyyəti ilə həmişə düşmənlə layiqli mübarizə aparmış və bu mübarizə indi də davam etməkdədir.
- Necə düşünürsünüz, hər teatrın dəst-xəttini mütləq olaraq rejissor müəyyən edir?
- Bəli, teatrın yaradıcılıq istiqamətini rejissorlar müəyyənləşdirir. Lakin dəst-xətt deyilən bir amil artıq öz mahiyyətini itirmişdir. Dünya teatrları birşaxəli inkişafın çoxşaxəli inkişafla əvəz olunması mərhələsini çoxdan aşmışdır. Ona görə də teatrlar öz dəst-xətt anlayışından müxtəlif üslublu əsərlərin meydana gətirilməsi ilə geniş miqyas ala bilən ölçüsüz bir mahiyyət anlayışına yüksəlməlidirlər. Məhz inkişaf da bu müstəvidən boy verə bilər.
- Teatrınızın repertuar siyasətini necə müəyyənləşdirirsiniz?
- Bildiyiniz kimi, İrəvan Teatrı erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən etnik təmizləmə nəticəsində Azərbaycanın əzəli torpaqları olan Qərbi Azərbaycan adlı məmləkətdən 1989-cu ildə respublikamızın paytaxtı Bakı şəhərinə deportasiya olunmuşdur. Ona görə də repertuar müəyyənləşdirilən zaman, Azərbaycan və dünya dramaturgiyası ilə yanaşı, vətənpərvərlik mövzusunda olan əsərlərə də geniş yer veririk. Hesab edirik ki, Ermənistan tərəfindən zəbt olunmuş Qarabağ torpaqları azad olunana və İrəvan Teatrı öz yurduna, İrəvan şəhərinə dönənədək teatrın repertuar siyasətini məhz bu məntiq üzərində qurmaq daha doğrudur.
- İrəvan teatrı və ona gənclərin münasibəti: aktyor kontingentinizdə gənclərin üstünlüyü varmı?
- Mən bu teatra 2000-ci ildən rəhbərlik edirəm və ilk gündən teatrın yaradıcı və texniki heyətinin gənc qüvvələrlə zənginləşməsini prioritet hesab etmişəm. Nəticə etibarilə bu gün İrəvan Teatrında çoxlu istedadlı gənc fəaliyyət göstərir ki, onların da hər biri təkcə öz istedadları ilə kifayətlənmir, həm də yorulmadan, teatr sənətini sevə-sevə bir gündə bir neçə əsərin məşqlərində böyük həvəslə çalışırlar. Hazırda teatrımızda ölməz M.F.Axundzadənin “Mürafiə vəkilləri”, Azərbaycanın görkəmli ədibi İlyas Əfəndiyevin “Büllur sarayda”, görkəmli şair-dramaturq Hidayətin “Vətəndən Vətənə deportasiya” (ad şərtidir) və mənim müəllifi olduğum “Soyqırımı tarixinin dastanı” mənzum əsəri üzərində yaradıcılıq işləri aparılır və burada da əsasən gənclər aparıcı qüvvə kimi iştirak edirlər.
- Ölkədəki digər teatrlarla yaradıcılıq əlaqələriniz hansı səviyyədədir?
- Qürur hissi ilə qeyd etmək istəyirəm ki, İrəvan Teatrı 2000-ci ildən bu günə qədər bir neçə istər ümumrespublika, istərsə də beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı olmuşdur. Bir neçə tamaşanı paytaxt teatrlarının birgə məhsulu olaraq tamaşaçılara təqdim etmişik: Ü.Hacıbəyli - “O olmasın, bu olsun”, S. Rəhman - “Yalan”, Hidayət - “Bu dünyanın adamları”, A. Babayev - “Xilaskar”, İftixar - “Dan yeri söküləndə”. Bu tamaşaların hazırlanmasında Akademik Milli Dram, Musiqili Komediya, Gənc Tamaşaçılar, Rus Dram, “Yuğ”, Sumqayıt Musiqili Dram teatrlarının sənətkarları İrəvan Teatrının kollektivi ilə çiyin-çiyinə çalışmışlar. Bundan əlavə, Türkiyədə beynəlxalq layihə kimi hazırlanan Z.Papaqçının “Çanaqqalaya can verənlər” əsərinin tamaşasında İrəvan Teatrı iştirak etmiş, daha sonra mənim müəllifi olduğum “Körpü” əsərinin beynəlxalq layihə kimi hazırlanmış və layihədə Gürcüstanın Xalq artisti Dimitri Caiani, Tiflis Dövlət Azərbaycan Dram Teatrının aktyoru Turqay Vəlizadə və Dərbənd Ləzgi Musiqili Dram Teatrının aktyoru, Əməkdar artist Ağaxan Ağaxanovun da iştirak etmişdir. Premyerası Bakı və Tiflis şəhərlərində oynanılan səhnə əsəri teatrımızın qazandığı nüfuzun göstəricidir.
Ötən il hazırlanan və özünəməxsusluğu ilə seçilən daha iki layihə - Beyləqan rayonunda “Soyqırımı” abidəsinin və açıq havada yaradılmış “Azərbaycanın Dövlətçilik Tarixi” muzeyinin parkında nümayiş olunan doktor Z.Papaqçının “Soyqırımı abidəsinin dastanı” və mənim müəllifi olduğum “İşıqlı, nurlu sabah” mənzum əsərləri də tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
- Dəvətli rejissorların quruluşuna müraciət edirsinizmi? Elədirsə, bu hansı ehtiyacdan yaranır?
- İrəvan Teatrının 2000-ci ildən bəri, son dörd ilə qədər apardığı iş prodüserlik sistemi ilə həyata keçirilmişdir. Bu iş prinsipi teatra həmin müddətdə 60-dan çox tamaşanın hazırlanmasına imkan yaratmışdır. Truppanın müxtəlif rejissorlarla ünsiyyəti, müxtəlif üslublu yaradıcılıq mühiti ilə qarşılaşması, yaradıcılıq emalatxanasının zənginləşməsinə xidmət edir. Bu gün də, baxmayaraq ki, teatrımızın istedadlı baş rejissoru vardır (Əməkdar incəsənət xadimi Oruc Qurbanov - red.), biz yenə də tamaşaların hazırlanması üçün başqa rejissorları da dəvət edirik.
- Yeni dramaturqlar nəsli və onların zamanla səsləşən əsərləri sarıdan əksər teatr direktorları gileylidirlər. Siz necə düşünürsünüz, zamanın nəbzini tutan ədəbiyyat nümunələri yaranmır, yoxsa teatrlar yeni adlardansa məşhur əsərlərə üstünlük verirlər?
- Mən hesab edirəm ki, bu, çox ciddi və diqqət yetirilməsi vacib olan bir məsələdir və buna mütləq milli strategiya nöqtəsindən baxılmalıdır. Ayrıca bir proqram işlənib hazırlanmalıdır. Ümumiyyətlə, milli-mənəvi sərvətimizin yeni resurslarının aşkarlanması və ya yaradılması istiqamətində, o cümlədən ədəbiyyat sahəsində, bu sahənin çətin janrı olan dramaturgiyanın inkişaf etməsi məqsədi ilə xüsusi iş aparılmalıdır. Yalnız belə olan halda bu sahə dirçələ bilər. Mən teatrımıza təqdim olunan hər bir yeni, istedadla yazılmış əsərin üzünə qapılarımızı açıq elan etmişəm.
- Azərbaycan teatrı bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Artıq teatrın məqsəd və məramında da müəyyən tendensiyalar müşayiət olunmaqdadır. Bu barədə sizin də fikirlərinizi bilmək maraqlı olardı...
- Şübhəsiz ki, teatrlarımız böyük bir ictimai quruluşun tənəzzülündə bataqlığa düşmüş bir haldan sonra özünə yenicə gəlməyə başlayır və burada da dövlət qayğısı mühüm əhəmiyyət kəsb edən amildir. Bəllidir ki, hər bir inkişaf bir çaxnaşmanın labirintində bərkiyir və özünə güc, stimul tapa bilir. Ümumiyyətlə, mən hesab edirəm ki, hər bir müəssisə mütləq və mütləq öncə təfəkkür islahatları həyata keçirməlidir və bu məsələyə ağlın dərk edə bilmədiyi miqyasdan boylanmağa çalışmalıdır. Bu məsələnin həllinə nail olunduqdan sonra yaradılmış şəraitdə, hətta şəraitsizlikdə belə inkişaf və yeniləşmə perspektivinin bütün yollarını açmaq mümkündür. Bugünkü dövlət qayğısı fonunda isə inkişaf edə bilməmək şikəst olmağa bərabərdir. Qayğıdan kim səmərəli yararlana biləcək, o da inkişaf edəcəkdir. Qayğının mənasını yanlış anlayanlar tənəzzülə doğru gedəcək və belə halın da nəticəsi məlumdur. Hazırda hər bir teatr öz içindən yeniləşməyə çalışır və hesab edirəm ki, Azərbaycan teatr sənəti inkişaf mərhələsinin zirvəsinə qədər yüksələ biləcəkdir. Mən bu məsələyə nikbin baxmağın tərəfdarıyam.
- İrəvan Azərbaycan Teatrının qastrol səfərləri və iştirak etdiyi tədbirlər barədə nə deyə bilərsiniz?
- İrəvan Teatrının 2007-ci ildə Prezident sərəncamı ilə 125 illik yubileyinin qeyd olunmasına qədər göstərdiyi fəaliyyət, yubileydən sonrakı dövrdə daha yüksək mərhələyə qədəm qoydu. Yubiley tədbirləri Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Türkiyə Cümhuriyyətində bir neçə şəhərdə qeyd olundu. Daha sonra teatr nazirliyin xətti ilə iki dəfə Gürcüstanda, iki dəfə Dağıstanın Dərbənd şəhərində uzunmüddətli qastrol səfərlərində oldu. Keçən ilin noyabr ayında nazirliyin dövlət müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümü münasibətilə həyata keçirdiyi tədbirlər planı çərçivəsində kollektivimiz Türkiyənin Qars, Ankara, İstanbul, Manisa, Muğla, Quşadası kimi şəhərlərində ulu öndər Heydər Əliyevin 90-cı illər siyasi fəaliyyətindən bəhs edən “Xilaskar” əsəri (A.Babayev) ilə təmsil olundu və çox böyük uğurlar əldə edərək altı mötəbər mükafatla təltif olundu.
- Hazırda hansı yeni tamaşanı hazırlayırsınız?
- Hazırda teatrımızda yuxarıda adlarını çəkdiyim dörd böyük əsərin - M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə dövlət sifarişi ilə hazırlanan “Mürafiə vəkilləri”, İ.Əfəndiyevin “Büllur sarayda”, Hidayətin “Vətəndən Vətənə deportasiya” və müəllifi olduğum “Soyqırımı tarixinin dastanı” əsərləri üzərində iş gedir. İlin sonuna qədər daha üç əsərin də hazırlanması nəzərdə tutulmuşdur.
Söhbətləşdi: Həmidə Nizamiqızı