Əli Qasımov: “30 illik fasilədən sonra qastrola gəldiyimiz Bakıda tamaşaçıların alqışlarını eşitmək bizə çox xoş idi”
Qədim Gəncə tarixən Azərbaycanın elm, maarif və mədəniyyətinin inkişafına böyük töhfələr verib. Gəncə həm də zəngin ənənələri olan teatr, sənət mərkəzlərimizdəndir. Hələ 1895-ci ildə şəhərin bir sıra maarifpərvər ziyalıları və həvəskarlarının iştirakı ilə Gəncədə böyük yazıçı-dramaturqlar M.F.Axundzadə və N.Vəzirovun pyesləri oynanılıb.
Həmin tarixdən etibarən ziyalıların bir araya gəldiyi məclislərin səyi ilə teatr tamaşalarının sayı da artmağa başladı. Bu işdə 1906-cı ildə yaradılmış “Gəncə müsəlman məclisi”nin xidmətləri daha önəmlidir. Ə.Haqverdiyevin 1910-cu ildə yerli həvəskarlardan təşkil etdiyi teatr truppası gəncəli sənətsevərlərin diqqətini cəlb edir. Gəncədə yaşayıb yaradan dramaturq, teatr nəzəriyyəçisi Mirzə Məhəmməd Axundzadənin tərcüməsində əcnəbi dramaturqların əsərləri də səhnələşdirilir.
1915-ci ildə Gəncədə fəaliyyət göstərən “Qız məktəbi” tələbələrinin ilk dram truppası yaradılır. M.C.Əmirovun “Seyfəl-mülk” operası ilk dəfə 1916-cı ildə tamaşaya qoyulur. Bu illərdə həmçinin həmkarlar klubu nəzdində dram dərnəyi də fəaliyyət göstərir. Dərnək istedadlı aktyor truppası ilə yanaşı, rəngarəng repertuarı ilə seçilir. Görkəmli rejissor Adil İsgəndərov, tanınmış sənətkarlar Barat Şəkinskaya, rejissor və aktyor Mir İbrahim Həmzəyev məhz bu truppada fəaliyyət göstərmişlər.
Gəncə teatrının tarixinə nəzər saldıqda maraqlı bir fakt da ortaya çıxır. Belə ki, 1932-ci ilin dekabrından Gəncədə fəaliyyət göstərən teatrın tarixi 1921-ci ildə görkəmli aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi ilə “Azad Tənqid-Təbliğ Teatrı” kimi fəaliyyətə başlayan və sonradan “Bakı İşçi Teatrı” adlandırılan sənət ocağının tarixi ilə üzvü şəkildə bağlıdır. Belə ki, 1932-ci ilin dekabrında teatrın yaradıcı kollektivi Gəncəyə köçürülür və burada “Tənqid-Təbliğ Teatrı” adı ilə fəaliyyət göstərir. Teatr Gəncəyə köçdükdə Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Fatma Qədri, İsmayıl Talıblı, Əhməd Salahlı, İsmayıl Əfəndiyev, Atamoğlan Rzayev kimi sənət fədailəri də Gəncəyə köçür və öz fəaliyyətlərini burada davam etdirirlər.
Müxtəlif illərdə müxtəlif adlarda fəaliyyət göstərən sənət ocağı 1990-cı ildən Gəncə Dövlət Dram Teatrı adı ilə fəaliyyətini davam etdirir.
Böyük sənət yolu keçən Gəncə Dövlət Dram Teatrı artıq 117-ci mövsümünü yaşayır. Yeni festivalları, yeni repertuar, daim yeniləşən tamaşaçıları və yeni qastrollarla. Bu günlərdə teatrın kollektivi 30 illik fasilədən sonra Bakı səhnəsində çıxış etdi. Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımovla söhbətimiz də bu zamana təsadüf etdi. Bu qastrol səfərini çoxdan gözlədiklərini deyən direktor təəssüratlarını bizimlə paylaşdı:
- Hər qastrol, tamaşaçılarla hər yeni sənət görüşü bizim üçün bir bayrama, təntənəyə çevrilir. Mütəmadi olaraq qonşu rayonlarda qastrol səfərlərində olur, əsasən Şəmkir, Qazax, Ağstafa, Goranboy, Şəki, Samux, Sabirabad teatrsevərləri qarşısında repertuarımızdakı ən maraqlı nümunələri nümayiş etdiririk. Bakıda isə teatrımız sonuncu dəfə 1982-ci ildə qastrolda olmuşdu. Düzdür, bu illər ərzində müxtəlif festivallar çərçivəsində paytaxtda tamaşa göstərmişik, amma qastrol səfərimiz olmayıb. Müəyyən çətinliklər ucbatından bu istəyimizi gerçəkləşdirə bilmirdik. Amma son illər dövlət tərəfindən teatrlara göstərilən diqqət və qayğı, bu sahənin inkişafı ilə bağlı qəbul olunan qərarlar bizim işimizə də müsbət təsir edib, teatrımız respublikamızın inkişaf edən teatr mühitində öz sözünü deməyə başlayıb. Bakıda Milli Dram Teatrının səhnəsində repertuarımızdan iki tamaşanı - M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar olaraq dövlət sifarişi ilə hazırlanmış «Hekayəti müsyö Jordan və Dərviş Məstəli şah» və N.Qoqolun «Evlənmə» əsərlərini təqdim etdik. Kollektivimizin böyük həyəcan və məsuliyyətlə hazırladığı tamaşalar maraqla qarşılandı. Və təbii ki, bu bizi çox sevindirdi. 30 illik fasilədən sonra qastrola gəldiyimiz Bakıda tamaşaçıların alqışlarını eşitmək bizə çox xoş idi.
- Bəs yerli tamaşaçılar, Gəncə sənətsevərləri necə, teatrınızı daim diqqətdə saxlayırlarmı?
- Özünün tarixi ənənəsi olan Gəncə teatrı da ölkədə gedən yeni teatr prosesində aktiv iştirak etməyə çalışır. Bu yerdə bir məqamı da vurğulayım ki, bizim teatrın özünün aydın sezilən dəst-xətti olub. Amma bu gün ona sadiq qalmaq elə də asan deyil. Məsələn, bizim repertuarda daim böyük ədəbi nümunələr, tarixi dramlar, faciə janrında yazılmış əsərlər ağırlıq təşkil edib. Bu da, təbii ki, tamaşaçıların tələbindən qaynaqlanıb. Çünki onlar bizdən komediyadan, ailə-məişət mövzusundan daha çox tarixi dramlar istəyiblər. Bu proses indi də var. Amma, təəssüflər olsun ki, bu mövzuda yeni əsərlər ya yaranmır, ya da bədii məziyyətləri arzu olunan səviyyədə olmur.
- Qeyd etdiyiniz mövzulara, yəqin ki, əsas etibarilə yaşlı və orta nəsil tamaşaçıları maraq göstərir. Bəs gənc tamaşaçıların sizin teatrdan istəkləri nədir?
- Təəssüf ki, bu gün ümumilikdə gənc nəslin teatra marağı zəifdir. Təbii ki, son illər maraq artmağa başlayıb, amma bu, istədiyimiz səviyyə deyil. Açığı, bu gün bizdən «Vaqif», «Oqtay Eloğlu» gözləyən gənclərin arzusundayıq. Tamaşaçı klassika, dünya ədəbi nümunələri ilə yanaşı, yeni dövrün mənzərəsinin də səhnə həllini istəyir. Bundan başqa, klassik nümunələrə yeni, daha müasir yanaşma istəyir ki, bu da müəyyən məqamlarda birmənalı qarşılanmır. Ümumilikdə indi tamaşaçının nə istədiyini yəqin etmək elə də asan deyil. Müasir dövrün vizual müxtəlifliyi fonunda buna nail olmaq üçün daim tamaşaçı ilə təmasda olmalısan.
- Təbii ki, yenilik heç də hər zaman birmənalı qarşılanmır. Amma bu gün teatrların qarşısına qoyulan birinci tələb məhz yeni sənət, səhnə meyarlarının tətbiqidir...
- Bu, qaçılmazdır. Yeniləşmə, islahat prosesi teatrın xarici görünüşündən tutmuş məqsəd və məramında, nüvəsində də özünü büruzə verməkdədir. Amma əsas şərt istənilən yeniliyi qəbul etdirə bilmə bacarığıdır. Bu isə bir o qədər asan deyil. İstər yaradıcı heyət, istərsə də tamaşaçılar üçün.
- Qeyd etdiyiniz yeniləşməyə aktyor potensialınız necə cavab verə bilir?
- Gəncə teatrının yaradıcı potensialı həmişə güclü olmuşdur. Görkəmli rejissor və aktyorların bizim teatrda qoyduğu ənənə bu gün də davam etdirilir. 40 nəfərlik aktyor truppamız repertuara daxil edilən əsərlərin yüksək səviyyədə hazırlanmasında əlindən gələni edir. Amma əksər teatrlar kimi, bizdə də gənc aktyorlara tələbat qalmaqdadır. Nədənsə artıq gənclər teatra gəlmək istəmirlər, daha tez tanınmaq üçün incəsənətin başqa sahələrinə yönəlirlər. Amma ümumilikdə teatr həmişə onu sevən, əzab-əziyyətlərinə qatlaşanları öz qoynunda barındırır. Yəqin indi o böyük sevgi ilə yaşayanlar azdır.
- Bir az da rejissuradan danışaq. Teatrın aparıcı simalarından olan rejissorlarla işi necə qurursunuz? Son dövrlər teatrınıza gələn yeni fikirli gənc rejissorlar və onlara münasibətinizi də bilmək maraqlı olardı...
- Hər bir rejissorun özünün yaradıcılıq üslubu və baxış tərzi var. Bu müxtəlifliyin teatra cəlbi, təbii ki, labüd və vacibdir. Çünki tamaşaçı daim yenilik axtarır. Bu isə aktyorlardan potensial imkanlarını ən müxtəlif yönlərə istiqamətləndirməyi də tələb edir. Bu mənada əsas yük aktyorun, əsas məsuliyyət isə rejissorun üzərinə düşür. Düşünürəm ki, yaxşı rejissor istənilən aktyordan gözəl yaradıcılıq nümunəsi ala bilər. Əsas odur ki, nə istədiyini izah edə bilsin. Digər tərəfdən, bir rejissor, onun dəst-xətti, tamaşaçıya illərlə qəbul etdirdiyi tərz istər-istəməz yeniliyin qısa zamanda qəbuluna da mane olur. Buna görə də artıq teatrlar yeni düşüncəli, fərqli zövqlü və onu qəbul etdirə bilən rejissorlar axtarışındadırlar. Amma Gəncə teatrında özünün yaradıcılıq xəttini qoyan Əməkdar incəsənət xadimi Vaqif Şərifov kimi rejissor da var. 40 illik sənət, səhnə təcrübəsi olan bu sənətkarı kənara qoyub hər şeyi teatra yeni gələnlərin öhdəsinə buraxmaq da düzgün olmaz. Çünki onların hər birinin öz yeri, öz yaradıcılığı var və tamaşaçı bunu aydın sezərək dəyərləndirə bilir. Məsələn, son illər teatrımıza gələnlər yeni səhnə, teatr meyillərini təlqin edirlər ki, bu da maraqlıdır. Amma bu bəzən birmənalı qarşılanmır. Müəyyən məqamlarda tamaşaçı bununla barışmır.
- Məsələn, nə ilə? Bu gün aktyordan tələb olunan səhnə plastikası, jest, ümumilikdə müasir oyun üslubunun nəyi pisdir ki?
- Mən pisdir demirəm, sadəcə, müəyyən məqamlarda tamaşaçıları buna alışdırmaq çətin olur. Məsələn, bəzi klassik əsərlərdəki yeni yanaşma bəzən tamaşaçıya yad görünür. Ümumiyyətlə, yenilik yaxşı şeydir, amma onu qəbul etdirmək bir az çətindir.
- Deməli, gəncəli teatrsevərlər daim ənənəvilik tərəfdarıdırlar?
- Gəncə tamaşaçıları bu gün onları düşündürən əsərlərə üstünlük verirlər. Teatrımızın ampluasına öyrəşən tamaşaçılarımız həm də çox tələbkardırlar. Amma ümumilikdə bu mənada, yəni rejissorların yaradıcılıq imkanlarını sərgiləmək baxımından heç bir problemimiz yoxdur. Artıq tamaşaçılarımız yeni üslublu gənc rejissorların işlərini də sevərək izləyirlər. Son illər teatrımıza təyinatla gələn baş rejissor Gümrah Ömər və gənc rejissor İradə Gözəlovanın quruluşları maraqla qarşılanıb.
- Bayaq gənclərin teatra marağının azalmasından şikayətləndiniz. Yeni aktyorların formalaşması üçün çıxış yolu kimi göstərilən teatr studiyasından necə, gözlədiyiniz nəticə hasil olurmu?
- Bəli, teatr studiyası bizdə fəaliyyət göstərir. İldə təxminən 10-12 gəncin cəlb olunduğu studiyadan 1-2 nəfəri seçib teatra cəlb edə biliriksə, buna sevinirik. Son üç ildə studiyanın fəaliyyəti sayəsində 5-6 gənc teatrda fəaliyyət göstərməyə başlayıb. Amma, təbii ki, bu, azdır.
- Bildiyim qədərilə, mayın 5-dən növbəti qastrola gedirsiniz. Bu barədə də məlumat verməyinizi istərdim.
- Biz mayın 5-dən 13-dək qardaş Türkiyənin Giresun şəhərində səfərdə olacağıq. Orada M.F. Axundzadənin «Müsyö Jordan və Dərviş Məstəli şah» əsərini nümayiş etdirəcəyik.
Söhbətləşdi: Həmidə Nizamiqızı