İslam Həsənov: “Bizim üçün başlıca şərt hansısa məşhur əsəri səhnələşdirib tanınmaq yox, hər hansı ədəbi nümunəni teatr hadisəsinə çevirə bilməkdir”
Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışıniski, Cahan Talışıniskaya... Səhnə sənətimizin inkişafında xüsusi yeri olan bu adlar Lənkəran teatrından pöhrələnib. Əsası XIX əsrin sonuncu onilliyində qoyulmuş sənət ocağı milli teatr tariximizdə öz sözünü demiş sənət ocaqlarındandır.
Teatrşünasların rəylərinə əsasən, hələ XIX əsrin əvvəllərində Lənkəranda teatr mühiti mövcud olmuşdur. Bu proses məktəb, maarif işi, ədəbiyyat, sənət, musiqinin fonunda teatrın formalaşması və təşəkkülünü daha da sürətləndirmişdir. 1884-cü ildə Lənkəranda Teymur bəy Bayraməlibəyovun təşəbbüsü ilə müəllim və şagirdlərin iştirakı ilə M.V.Qoqolun “Evlənmə” komediyası tamaşaya qoyulmuşdur. Lənkəran teatrının əsaslı fəaliyyətə başlaması isə 1891-ci ilin 18 yanvar tarixindən, N.Vəzirovun “Oddan alova” (“Yağışdan çıxdıq, yağmura düşdük”) komediyasının nümayiş olunduğu gündən hesablanır.
Maraqlı tamaşaları ilə teatr mühitində tanınmağa, öz yerini müəyyənləşdirməyə başlayan teatr 1930-cu ildən Hüseyn Ərəblinski adına Lənkəran Musiqili Dövlət Dram Teatrı kimi fəaliyyətini davam etdirir. 1949-cu ildən Lənkəran Xalq Teatrı kimi fəaliyyət göstərir. 1973-cü ildən sənət ocağına yenidən dövlət teatrı statusu verilir.
Azərbaycan və dünya dramaturgiyasının klassik və müasir nümunələrinin daim vəhdətdə təqdim olunduğu teatrın bugünkü fəaliyyətinə nəzər salmaq istədik. Sənət ocağının müasir teatr mühitinə inteqrasiyası, yeni repertuar siyasəti və ümumilikdə yerləşdiyi bölgənin mədəni həyatına nüfuz imkanları barədə teatrın direktoru İslam Həsənovla həmsöhbət olduq. Direktor söhbətə teatrın uğurları, yerli və xarici qastrolları barədə məlumatla başladı.
- İstər ölkə daxilində, istərsə də xaricdə iştirak etdiyimiz festivallar və qastrollarda diqqət cəlb edən uğurlara imza atmışıq. Teatrımız son bir neçə ildə Türkiyənin Dənizli şəhərində keçirilən 23-cü Beynəlxalq teatr festivalında iştirak edib, ardınca Antalya şəhərində qastrolda olduq. Kollektivimiz “Min nəfəs, bir səs” devizi altında keçirilən beynəlxalq teatr festivalında da uğurla təmsil olundu. Bundan başqa, Gürcüstanın Kutaisi Dövlət Gənclər Teatrının dəvəti ilə qonşu respublikada qastrol səfərində olmuşuq. Qastrol zamanı Gürcüstanın müxtəlif şəhərlərində, həmçinin azərbaycanlıların yaşadığı Marneuli, Dmanisi, Bolnisi və Qardabani şəhərlərində təqdim etdiyimiz tamaşalar rəğbətlə qarşılandı. 2009-cu ilin iyununda Gəncə şəhərində “Yeni teatr” I Respublika festivalında iştirak etdik. 2011-ci ildə isə Lənkəranda keçirilən II Respublika festivalına ev sahibliyi etdik. Bundan əlavə, 2010-cu ildə Türkiyənin Ankara şəhərində keçirilən 15-ci Beynəlxalq Teatr Festivalında da uğurla iştirak etdik.
- İslam müəllim, teatrınızın son illərdəki repertuarına nəzər salarkən müxtəlif səpkili pyeslərin tamaşaya qoyulduğunu görürük. Təbii ki, bu da tamaşaçı tələbindən irəli gəlir. Bəs aktyor potensialınız necə, o tələbə xidmət edə bilirmi?
- Bəzi bölgə teatrlarında olduğu kimi, bizdə də yeni aktyor nəsli sarıdan müəyyən çətinliklər mövcuddur. Lakin buna baxmayaraq, biz tez-tez müsabiqələr keçirir və teatrımızda fəaliyyət göstərən studiyaya yeni üzvlər cəlb edirik. Onlar böyük təcrübəyə malik olan xalq və əməkdar artistlərin təcrübəsindən, aktyorluq məharətindən bəhrələnirlər. Teatrda aktyor truppası ilə bağlı ciddi bir problem yoxdur. Repertuarı seçəndə də məhz aktyorların yaradıcılıq imkanlarını nəzərə alırıq. Biz öhdəsindən gələ bilməyəcəyimiz əsəri səhnəyə gətirmirik. Çünki çox tələbkar və zövqlü tamaşaçılarımız var. Bir də aktyor səhnədə yetişir, o, tamaşadan-tamaşaya formalaşır, istedad və bacarığını bütövlüyü ilə nümayiş etdirmək imkanı əldə edir. Ona görə də hər bir aktyora özünü ən müxtəlif prizmalardan nümayiş imkanı vermək lazımdır.
Teatrın repertuar siyasətinə gəlincə, bu, təbii ki, tamaşaçıların zövq və tələbinə hesablanır. Kollektivin yaradıcı imkanları bu zaman əsas götürülür. Bizim üçün başlıca şərt hansısa məşhur əsəri səhnələşdirib onun kölgəsinə sığınmaq, bu yolla tanınmaq yox, hər hansı ədəbi nümunəni teatr hadisəsinə çevirə bilməkdir. Amma son illər uğurlu klassik nümunələr də bizim səhnədə nümayiş olunur və böyük maraqla qarşılanır. Bunlardan Sofoklın “Şah Edip”, Q.Fiqereydonun “Ezop”, E.Voyniçin “Ovod”, M.Xubainin “Şeytanın oyunları”, Ç.Aytmatovun “Manqurt”, Q.Qorinin “Herastratı unudun”, M.F.Axundzadənin “Lənkəran xanının vəziri”, N.Vəzirovun “Ağakərim Xan Ərdəbili” əsərlərinin adını çəkə bilərəm.
Bildiyiniz kimi, Azərbaycan teatrı bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Artıq teatrın məqsəd və məramında müəyyən tendensiyalar müşayiət olunmaqdadır. Bizim kollektiv də teatr sahəsində olan yenilikləri, müasirliyi qəbul edərək, öz dəst-xəttinə sadiq qalan bir kollektiv olaraq, Azərbaycan teatrının inkişafına öz töhfələrini verməkdədir.
- Qeyd etdiyiniz kimi, hər teatrın özünün müəyyən olunmuş dəst-xətti var. Bu mənada Lənkəran teatrı və onun tamaşaçısı barədə nə demək olar?
- Ölkə Prezidentinin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 19 fevral 2007-ci il tarixli sərəncamı milli mədəniyyətimizin inkişafında xüsusi yeri olan Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcı potensialının inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Həmin sərəncamın icrasına uyğun olaraq, 2009-cu il mayın 18-də ölkə başçısı tərəfindən “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı da ümumbəşəri və milli dəyərlərin təbliğinə, milli mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiya olunmasına üstünlük verərək öz dəst-xəttini qorumağa və inkişaf etdirməyə çalışır. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrımıza Tural Mustafayev baş rejissor təyin edilmişdir. İnanırıq ki, teatrımızın yeni baş rejissoru öz yaradıcılıq üslubunu tətbiq və qəbul etdirməklə teatrımızın daha da inkişafı üçün bütün imkanlardan istifadə edəcək.
- Lənkəran teatrı rayonun əsas mədəniyyət ocağıdır. Yəqin tamaşalarınızı nəsil əlaqəsinin qorunmasına, hər yaş qrupunun teatral tələblərinə hesablayırsınız...
- Təbii ki, bu, çox çətindir. Çünki ən müxtəlif yaş qrupu və müxtəlif zövqlü tamaşaçıların istəklərinə cavab vermək, onları teatra bağlamaq hazırkı dönəmdə elə də asan deyil. Amma bizim bununla bağlı elə də ciddi problemimiz yoxdur. Tamaşaçı zalımızda istənilən nəslin təmsilçilərinə rast gəlinir.
- Bölgədə fəaliyyət göstərən sənət ocağı olaraq paytaxt və digər regionlarda yerləşən teatrlarla yaradıcı əlaqələriniz hansı səviyyədədir?
- Kollektivimizin Gürcüstanın Kutaisi Dövlət Gənclər Teatrı, Türkiyənin teatr kollektivləri, Bolqarıstanın Sofiya “Provokator” Teatr studiyası, respublikamızda isə Sumqayıt Dövlət Musiqili Dram, Gəncə Dövlət Dram, Naxçıvan Musiqili Dövlət Dram teatrlərı ilə sıx əlaqələri var. Bundan başqa, teatrımızın dəst-xəttinin inkişafı və daha yeni yaradıcılıq əlaqələrinin yaradılması üçün həm yerli, həm də xarici teatrların rejissorlarını dəvət edirik. İstər ölkə, istərsə də xarici teatrlarla, o cümlədən İran, Rusiya, Ukrayna teatrları ilə yaradıcılıq əməkdaşlığımızı genişləndirmək istəyirik. Bu xüsusda biz əsasən aktyor, rejissor mübadiləsinə, dəvətli quruluşçuların bizim teatrda yeni-yeni tamaşalar hazırlamasına xüsusi maraq göstəririk. Məsələn, Bolqarıstanlı rejissor Xristo Stoyçev fransız dramaturqu Jan Batist Molyerin “Mizantrop” əsərinə quruluş vermək üçün teatrımıza dəvət olunub.
- Bayaq repertuarınızdan danışarkən məşhur klassik əsərlərin, dəfələrlə oynanılmış dram nümunələrinin adını çəkdiniz. Bəs yeni dram nümunələri, gənc dramaturqların əsərləri barədə nə deyə bilərsiniz?
- Təbii ki, yeni ədəbi nümunələrə yer ayırır, indiyədək əsərləri tamaşaya qoyulmayan yazarlarla da işləyirik. Bu yaxınlarda Kamran Nəzirlinin “Şeytan işığı” əsərini tamaşaya qoyduq. Həmin müəllifin “Narkoman” əsəri üzərində də işlər gedir. Tamaşa əsrin bəlası olan narkomaniyaya qarşı bir həyəcan siqnalıdır. Bundan başqa, dramaturq A.Mədətovun “Sezarın qətli” əsəri tamaşaya qoyulub. Həmçinin yerli dramaturqlardan Z.Bağırov və A.Fətullayevlə yaradıcılıq əlaqələri qurulmuş və onların əsərləri tamaşaçılara təqdim olunmuşdur.
- Hazırda teatrınızda hansı yeni tamaşalar üzərində iş gedir?
- Bu ilin repertuarına uyğun olaraq teatrımızda dövlət sifarişi ilə M.F.Axundzadənin “Lənkəran xanının vəziri”, həmçinin E.Voyniçin “Ovod”, C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, J.B.Molyerin “Mizantrop”, P.Pançevin “Dörd əkiz qardaş haqqında nağıl ”, S.Dinçelin “Yaşanmayan gənclik” əsərlərinin tamaşaları hazırlanır.
- Teatrınız lənkəranlı sənətsevərlərin həyatına yetərincə nüfuz edə bilirmi?
- Teatrımız Lənkəranın ictimai-mədəni həyatında mühüm rol oynayır və istər tamaşaları ilə, istərsə də rayonda keçirilən dövlət və mədəni-kütləvi tədbirlərdə öz fəallığı, yaradıcılığı və təşkilatçılığı ilə sevilir və qiymətləndirilir.
Söhbətləşdi: Həmidə Nizamiqızı