Həsən Həsənov: «Mingəçevir teatrında yeni nəfəs, yeni yaradıcılıq ab-havası duyulmaqdadır»
1968-ci ildə təşkil edilən Mingəçevir Dövlət Dram Teatrı bir il sonra Cəfər Cabbarlının "Almas" pyesi ilə tamaşaçıların görüşünə gəlib. 1974-cü ildən görkəmli sənətkar Mərziyyə Davudovanın adını daşıyır. Ötən il ölkə Prezidentinin sərəncamı ilə əsaslı təmir-bərpa olunaraq teatrsevərlərin ixtiyarına verilən sənət ocağının bu günü, repertuar siyasəti və hazırkı teatr prosesinə inteqrasiya imkanları ilə maraqlandıq. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov öncə müasir dövrün teatr tendensiyası barədə fikirlərini bölüşdü:
- Azərbaycan teatrı bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Teatrın məqsəd və məramında yeni tendensiyalar müşahidə olunmaqdadır. Bu bir aksiomadır ki, həyata keçirilən hər bir islahat yeninin yaranmasına xidmət etməlidir. Əlbəttə, bu prosesin həyata keçirildiyi vaxt təməlin, bazisin də qayğısına qalmaq lazımdır. Bəzən bu proses nəticə vermir. Əgər yeni tendensiya yaradıcısı kollektivin şüurlu prinsipləri əsasında yaranarsa, nəzəri və təcrübi cəhətdən əsaslandırılarsa, sonuc ürəkaçan olacaq. Yox, əgər bu iş məcmuəsiz forma axtarışına, sadəcə, tamaşaçı istəyinə tabe edilərsə, nəticə acınacaqlı olur. Bu, uzun bir prosesdir. Nəzərə alaq ki, hər hansı teatr kollektivinin formalaşması və öz yolunu, yaradıcılıq spesifikasını müəyyənləşdirməsi bir mövsümün, ilin işi deyil. Aldadıcı illüziyalarla yaradılan tendensiya müvəqqəti rəngdir. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramından irəli gələn islahatlar prosesi teatrlarımızda yaradıcılıq şəraiti, iqtisadi durum yeni imkanlar açmaqla yanaşı, eyni zamanda yeni sənət şərtlərinə cavab verən tamaşaların yaradılması kimi şərtləri ortaya qoyub. Bizə isə qalır işləmək, axtarmaq, orijinal olmaq.
- Sadaladığınız məqamlar arasında tamaşaçı, deyəsən, arxa planda qaldı? Repertuar siyasətinizdə bu amil nəzərə alınırmı?
- Hər teatr repertuar planı hazırlayarkən, təbii ki, tamaşaçı amilini nəzərə alır. Mingəçevir Dövlət Dram Teatrı 2012-ci il üçün repertuar planı hazırlayarkən bölgə tamaşaçılarının maraq dairəsində olan və gənc nəsli tərbiyələndirəcək mövzuları özündə əks etdirən əsərlərə üstünlük verir. Eyni zamanda teatr yalnız yerli ədəbiyyat nümunələri ilə kifayətlənməməli, vaxtaşırı dünya ədəbiyyatına da müraciət etməlidir. Bu, məncə, həm də aktyorların formalaşmasına, teatrın inkişafına müsbət təsir göstərir.
- Yeri gəlmişkən, gənclərin Mingəçevir teatrına münasibəti necədir? Aktyor heyətində gənclər nə dərəcədə yer tutur?
- Binamızda aparılan əsaslı təmir-bərpadan sonra, 2011-ci il mövsümündən başlayaraq uğurlu premyeralar teatra marağı artırmışdır. Şəhər ictimaiyyətinin rəyinə əsaslanıb deyə bilərəm ki, Mingəçevir teatrında yeni nəfəs duyulmaqdadır. Bu da teatra maraq göstərən gənclərin fəaliyyəti nəticəsində özünü büruzə verir. Buna görə bölgə teatrlarını həmişə diqqət mərkəzində saxlayan Mədəniyyət və Turizm Nazirliyinə minnətdarıq. Artıq bir ilə yaxın müddətdir ki, Mingəçevir Dövlət Dram Teatrının nəzdində “Ümid” teatr studiyası yaradılmışdır. Studiyada həvəskar gənclər paytaxtdan dəvət olunmuş səhnə ustaları, İncəsənət Universiteti müəllimlərindən aktyorluq sənəti, plastika və nitq mədəniyyəti dərsləri alırlar. Teatrda hazırlanan tamaşalarda kiçik rollarda çıxış edirlər.
- Bəs nəsil etibarilə tamaşaçılarınızı əsasən hansı qrupa bölmək olar?
- Qeyd etdiyim kimi, teatr repertuar planı hazırlayarkən hər qrup tamaşaçı maraqlarını nəzərə almağa çalışır. Çox sevincli haldır ki, ötən illərlə müqayisədə indi bizim teatra maraq bir qədər artmışdır. Bu da teatr sahəsində aparılan dövlət siyasətinin, 2009-2019-cu illər üzrə Dövlət Proqramının müsbət nəticəsidir. Region teatr binalarının əsaslı təmiri, maddi-texniki bazanın yeniləşməsi mədəniyyətimizin inkişafına təkan verir. Mingəçevir teatrında da əsaslı təmirdən sonra yaradıcı kollektivə hər cür şərait yaradılıb. Teatrın tamaşaçıları arasında hər nəslin nümayəndələri var. Biz də, uşaq və yeniyetmələrin maraq dairəsində olan tamaşalarla yanaşı, orta və yaşlı nəsli düşündürən, zövqünü oxşayan tamaşalar hazırlamağa çalışırıq.
- Azərbaycanın zəngin teatr ənənələri var və bu, əyalət teatrlarında da özünü göstərib. Həmin uğurları bu gün bərpa etmək mümkündürmü? Bölgə teatrları ilə əlaqələriniz, yaradıcı mübadiləniz necə, varmı?
- Teatr harada yerləşməsindən və hansı auditoriya qarşısında çıxış etməsindən asılı olmayaraq, heç bir zaman əyalət və ya mərkəz kateqoriyasına bölünməməlidir. Əyalətdə yerləşən teatr iş prinsipini, fəaliyyət mexanizmini elə qurmalıdır ki, onun üzərindən “əyalət” ifadəsi götürülsün. Mən də paytaxt teatrından bu sənət ocağına rəhbər təyin olunarkən sırf bu məqsədə xidmət edəcəyimi yəqin etdim. Amma bu, bir anda olan məsələ deyil, heç olmasa 2-3 il vaxt keçməlidir. Uğurlu tamaşa məsələsinə gəlincə, problem bu gün mərkəzdən aktyor nəslinin əyalətə gəlmək istəməməyindən qaynaqlanır. Belə olduqda biz məcburən yerli studiyalara gələn gənclərin potensialına arxalanaraq onları aktyor kimi formalaşdırmağa başladıq. Bunun üçün də müəyyən zaman lazımdır. Axı aktyor birdən-birə yetişmir. Digər bölgə teatrları ilə əlaqə məsələsinə gəlincə, Mingəçevir teatrında təmir müddətində bir yaradıcılıq sükutu hökm sürürdü. Təmirdən sonra artıq həm yaradıcı heyətdə, həm də tamaşaçılarda yeni bir həvəs, canlanma hiss olunur. Qonşu teatrlarla əməkdaşlıq, yaradıcılıq mübadiləsi teatrın inkişafına müsbət təsir göstərir. Bu yaxınlarda Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı J.B.Molyerin «Jorj Donden, yaxud aldanmış ər” tamaşası ilə qonağımız oldu. Paytaxt teatrları ilə də sıx əməkdaşlıq edirik. Gənc Tamaşaçılar Teatrının aktyorlarından Sərvər Əliyev, Qəmər Məmmədova, Natiq Fərzəliyev, qrim ustası Vüsalə Abbasova və bir çox tamaşalarda rəqslərə quruluş verən Vüsal Mehrəliyevlə tez-tez yaradıcılıq mübadiləsi aparılır. Bu köməkliyə görə Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidova təşəkkürümü bildirirəm.
- Aktyor potensialından danışdınız. Bəs rejissura məsələsi hansı səviyyədədir? Siz də “dəvətli rejissor” modelinə arxalanırsınız?
- Kənardan rejissorlar dəvət edirik. Bu da bölgədə stajlı və professional sənətkarların azlığından irəli gəlir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2011-ci ilin martında bir qrup yaradıcı insan Mingəçevir teatrına ezam olundu. Onların arasında rejissor Bəhram Osmanov da vardı. N.Dumbadzenin “Mən, nənəm, İliko və İllarion” tamaşası onun quruluşunda 2011-ci ilin mayında Mingəçevir tamaşaçılarına təqdim olundu. Düzdür, tamaşanı elə bir yüksək səviyyədə oynamaq mümkün olmadı, çünki o vaxt teatrın yerləşdiyi klubda lazımi işıq effektlərinin, akustikanın olmaması müəyyən problemlər yaradırdı. Teatr binasının əsaslı təmirindən sonra isə bu tamaşa ən yüksək səviyyədə son texnologiyalı işıq effektləri və səhnə avadanlıqları ilə təchiz olunmuş səhnədə yenidən oynanıldı. Bundan başqa, Gənc Tamaşaçılar Teatrının aktyoru Sərvər Əliyevin quruluşunda Əli Əmirlinin “Kişi və Qadın” komediyası hazırlanaraq teatrsevərlərə təqdim olundu. Bu fikrin davamı olaraq onu da qeyd etmək istərdim ki, yaxın günlərdə Bakıdan dəvət olunmuş rejissor Sahib Əliyevin quruluşunda E.Filipponun “Ruhlar” komediyasının premyerası nəzərdə tutulur. Bununla paralel olaraq ərəb nağılı əsasında İradə Gözəlovanın quruluşunda “Min bir gecə” səhnə əsərinin məşqlərinə start verilib. Bu tamaşanın premyerası iyun ayının ikinci yarısına nəzərdə tutulub.
- Deməli, hər teatrın öz dəst-xətti var və onu mütləq olaraq rejissor müəyyənləşdirir?
- Bəli, mən də bu fikirlə razıyam. Hər teatrın öz yolu olmalıdır. Teatr aləmində belə bir deviz var: teatr tamaşaçını öz arxasınca aparmalıdır. Əks halda teatr öz uğurlarını itirərək tənəzzülə uğraya bilər.
- Əksər teatr direktorları yeni dramaturqlar nəsli və onların zamanla səsləşən əsərləri sarıdan gileylidirlər. Siz bu barədə nə fikirdəsiniz?
- Ədəbiyyatımızda, dramaturgiyamızda zamanın nəbzini tutan əsərlər az deyil. Yeni əsərlər də var, dramaturqlar da. Sadəcə olaraq, onları axtarıb tapmaq və istiqamət vermək lazımdır. Elə əsərlər də var ki, onlarda maraqlı süjet xətti var, amma dramaturji texnikası yoxdur. Bu da bəzən yeni əsərlərin səhnədə quruluş tapmasına tərəddüd yaradır.
- Hazırda hansı yeni tamaşalar üzərində çalışırsınız?
- Bu günlərdə teatr binasında əsl bayram əhvali-ruhiyyəsi hiss olunurdu. Buna səbəb M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş “Can bizimkilər ” tamaşasının (dövlət sifarişi ilə) uğurlu premyerası idi. Bu tamaşa mütəfəkkirin əsərlərindən seçilərək kollaj halında teatrın baş rejissoru Günay Səttarovanın quruluşunda hazırlanmışdır. Yeni mövsümdən isə uşaqlar üçün A.Şaiqin “Tıq-tıq xanım” nağılının səhnələşdirilməsi və türk dramaturqu T.Narın “Zibillik” pyesinin məşqlərinin başlanılması nəzərdə tutulur.
Söhbətləşdi: Həmidə Nizamiqızı