Müsahibimiz AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevdir. 
   
   - Şakir müəllim həyatın və əbədiliyin simvolu sayılan butanın sirri nədir? İstərdim, söhbətimizə elə bu məqamdan başlayaq...
   - Xalq təfəkküründə buta anlayışına münasibət də, folklorşünas və etnoqraflarımızın bu məsələyə baxışları da rəngarəngdir. Elə butanın özü kimi çoxçalarlı, əlvan naxışlıdır. Ona görə ki, butanın rəmzi qatlarında çox sirlər gizlənib. Bu sirlər mifik təfəkkür dünyasından qaynaqlandığına görə, ilk növbədə, əski çağların fikir palitrasına baş vurmalıyıq. Özü də təkcə butanın rəmzi mahiyyətini çözələməklə məsələni məhdudlaşdırmaq olmaz, «buta» sözünün daşıdığı leksik məna çalarlarını da buraya daxil etmək vacibdir. Düzdür, bu barədə də müəyyən fikirlər mövcuddur, amma hələ də tam mənası ilə bu sözün özülünü açıqlaya bilməmişik... Nizami Gəncəvi, Xaqani, Füzuli, Xətai və başqa klassiklərimizin öz əsərlərində buta məsələsinə poetik münasibət bildirmələrini, butanı aşiqlərə müxtəlif obrazların (Xosrova babasının, yaxud digər aşiqlərə «hatif»dən gələn səsin, ya Xızırın ilham verməsi, eşq badəsi içirməsi və s.) verməsini də buraya qatsaq, onda butanın özlüyündə nə dərəcədə zəngin xallar daşıdığını təsəvvür edə bilərik.
   Buta deyiləndə təsəvvürümüzdə qız-gəlinlərimizin geyimlərində, cehizlik əşyalarında təsvirini tapmış naxışlar canlanır. Buta deyiləndə məhəbbət dastanlarımızda gənclərə içirilən eşq badəsinin vasitəsilə buta - sevgili, nişanlı obrazı verilməsi (göstərilməsi) xəyalımıza gəlir. Lakin görkəmli folklorşünasımız Məmmədhüseyn Təhmasib haqlı olaraq buta - sevgili məsələsinə daha geniş çevrədən yanaşır. Alim təkcə məhəbbət dastanlarımızda aşiqlərə röyada verilən haqq aşiqliyini, butanı nəzərdə tutmaqla buta sözünün məna arealını daraltmır, həmçinin qəhrəmanlıq dastanlarımız da daxil olmaqla, ümumiyyətlə, sevgilini - qız qəhrəmanı buta adlandırır. Bu sevgili - buta aşiqə (oğlana) yuxuda da verilə bilər, göbəkkəsmə də ola bilər, oğlan qızın sorağını eşidib, ya da şəklini görüb vurula bilər, ya «Valeh-Zərnigar» dastanındakı kimi, aşıq kimi deyişməklə müsabiqə, ya Ərəbzəngi obrazındakı kimi güləşməklə (döyüş yolu ilə) öz sevgilisini - butasını ala bilər. Habelə «Kitabi-Dədə Qorqud», «Koroğlu» və başqa qəhrəmanlıq dastanlarımızdakı Selcan xatun, Banıçiçək, Nigar xanım, digər qəhrəman qadınlarımız da öz həyat yoldaşları üçün sevgili - başqa sözlə, buta obrazını təmsil edirlər. Bax, bu baxımdan yanaşanda butanın - sevgili qız (qadın) obrazının nə qədər müxtəlif, rəngarəng funksiyalarla yükləndiyi məlum olur.
   Buta almaq qəhrəmanın daxili aləmini kökündən dəyişdirir. Belə ki, Qurbani əmisindən aldığı iki öküzün birini canavara verir, «Abbas-Gülgəz»də molla yanında şagird olan Abbas yazıb-oxumağı bacarmayan əfəl bir gəncdir. «Aşıq Qərib»də Qərib ata malını kefə, əyləncəyə xərcləyib uduzur və s. Bu kimi aciz keyfiyyətləri ilə seçilən aşiq obrazlarına - Qurbaniyə mağarada, Abbasa bağda, Qəribə atasının qəbri üstündə yatarkən dərviş, ya Xızır, ya Əli (ya da qeybdən gələn sehrli səs sahibi) eşq badəsi içirir, gözəl qız - sevgili göstərib buta verirlər.
   
   Mənəvi dünyanın sakinləri
   
   - Dastanlarımızdakı buta qəhrəmanları əvvəlcə aciz, əllərindən iş-güc gəlməyən gənclər olsalar da, buta alandan sonra yenilməz bir qəhrəmana çevrilirlər...
   - Məncə, bu fağırlığın - acizliyin arxasında haqqa - ruhaniyyata mənəvi bağlılıq teli dayanır. Belə ki, həmin buta alacaq gənclər elə əvvəlcədən - xilqətən maddi dünya malına bağlanacaq adamlar deyillər. Çünki fərasət, fəndgirlik real dünyanın - maddiyyat aləminin xarakterik keyfiyyətidir. Ancaq həmin aşiqlər - buta almışlar isə haqq vergili, haqq aşiqləri kimi bilavasitə mənəvi dünyanın sakinləridirlər və sevgi - eşq hissi də ülvilik daşıyıcısı olmaqla ruhani keyfiyyəti özündə əks etdirir. Bu, bir əlamət.
   Digər tərəfdən, o, aşiqlərdən birinin mağarada, o birisinin bağda, başqa birisinin isə atasının qəbri üstündə yatmaqla röyada eşq badəsi içirilib buta almaları da mahiyyətcə eyni müstəvidə hadisələrin cərəyan etməsindən xəbər verir. Belə ki, mağara bir məkan kimi o dünya ilə bu dünyanın ortaq sərhədi olmaqla xaotik bir yeri işarələyirsə, bağ-bağça ətirli-güllü cənnət aləminin ünsürü olmaqla yenə bu dünya ilə axirət evinin ortaq cəhətlərini birləşdirən məkanı ümumiləşdirir. Atasının qəbri üstündə yatan Qəribin də buta aldığı məkan elə birbaşa göründüyü kimi, yeraltı dünya sakinlərinin - ölülərin ruhlarının uyuduğu, eyni zamanda dirilərin də gəlib ziyarət elədiyi gorgah yeridir ki, bu da özlüyündə hər iki dünyanın ortaq məxrəcinin ünvanıdır. Başqa sözlə, aşiqlərə buta xaotik, o dünya ilə bu dünyanın kəsişdiyi bir məkanda və eyni zamanda o dünya ilə bu dünyanın kəsişdiyi bir məqamda - zaman müstəvisində verilir. Bütün buta alan aşiqlər butanı məhz belə bir xaotik məqamda - o dünya ilə bu dünyanın arasında kliniki ölümə bənzər zaman situasiyasında almış olurlar. Demək, yuxarıda qeyd etdiyim kimi, aşiqlərin fağırlığı - acizlikləri onların bu dünyaya bağlı olmadıqlarından irəli gəlirsə, onların aşiqlik məqamına yetişmə anı da bu dünyadan təcrid olunduqları zaman - yuxuda baş verir. Bu, digər xarakterik cəhət.
   Aşiqlərə badə içirib buta verən müqəddəs obrazlar da - nurani dərviş, Xızır, Həzrəti Əli, ya hatif (qaibanə səs) obrazları da - eyni missiyanı yerinə yetirməklə bir müstəvidə birləşirlər. Bu keyfiyyət də buta vermənin növbəti ümumiləşdirici cəhətidir.
   - Dastanlarımızda buta alan aşiqlər barəsində «göz evi örtülü, könül evi açıq”dır deyirlər. Bu ifadənin yozumu necədir?
   - Dastan dili ilə desək, «Yusifi Züleyxaya yetirən badələrdən olan» eşq camını aşiqlərə «göz evi örtülü, könül evi açıq olan» vaxtlarda içirdirlər ki, burada da göz evinin - cismaniyyəti ifadə edən gözün yumulu - qapalı olduğu zaman məsələsi diqqətə çəkilir. Eyni zamanda könül evinin açıq olması isə onu bildirir ki, könül ruhaniyyət aləminin ifadəçisidir; yəni aşiqi bu dünyaya bağlayan cisminin gözü bu dünyadan təcrid olunub örtülü olduğu və ruhlara xas olan könül qapısının açıq olduğu zamanda aşiqə eşq badəsi nuş etdirilir. Eşq badəsini nuş edən aşiqin sinəsi dəmirçi kürəsi kimi yanır və «Ağa dərviş, yandım, əlac et» deyə fəğan edir. Beləcə, bir neçə gün keçir, ağzından köpük gələn aşiqin dərdindən baş aça bilməyib «ilan vurub», «cin vurub», «vurğun vurub» və s. kimi yanlış yerə yozurlar. Əlbəttə ki, xaotik aləmdə vergi almış gənci - aşiqin sirrini bu dünya adamları birdən-birə anlayıb dərk edə bilməzdilər. Ona görə də təsadüfi deyildir ki, qəflət yuxusundan oyanan haqq aşiqi istər-istəməz: «Dərdimi dillə desəm, dilim yanar, mənə bir saz verin» deyərək, vəziyyətlərini açıb danışırlar. Özü də çox vaxt sazbənd dükanının bir tərəfində atılıb qalmış heç kəsin çala bilməyəcəyi qeyri-adi sazı istəyib, həmin sazı çalmaqla həm də butasını bu yolla xəbərdar edir. Dastanlarımızda deyildiyi kimi, «indiyədək əlindən heç bir iş gəlməyən Qurbani butanın gücü ilə aşiq, badənin gücü ilə aşıq olur».
   
   Dirilik haqqı və ya ruhi-mənəvi aləmi təzələnmiş aşiq
   
   - Yuxuda fövqəltəbii qüvvələr tərəfindən buta alan aşiqlərin ayılarkən ağır vəziyyətdə olması faktının da üstündən sükutla keçmək olmaz...
   - Buta verilən aşiq həmin anlarda xaotik bir durum keçirir, ölümlə olum arasında ekstaz vəziyyətə düşür, bir növ, şamanlıq ayinlərinə bənzər bir halı öz cisminin - ruhunun dövriyyəsindən keçirir. Başqa sözlə, bu dünyadan müvəqqəti təcrid olunub, o biri dünyanın müsafirlərinə xas olacaq bir halətə gələn aşiq «cin vurma», «vurğun vurma» dərəcəsinə yetişir. Görkəmli folklorşünas Məhəmmədhüseyn Təhmasib “vurğun vurmaq” ifadəsinə nəzərən «vurğun» ifadəsinin eşq pərisi, məhəbbət məbudu olduğu fikrini irəli sürür və vurulmaq - aşiq olmaq mənasının da buradan törədiyini deyir. Lakin unutmayaq ki, «cin vurmaq», ya «vurğun vurmaq» ifadələri tibbi dildə işlənən komaya düşmək, ya ağır stress - sarsıntı keçirmək, kliniki ölüm halına düşmək və s. kimi bu tipli ağır xəstəliklərin el arasında işlənən variantlarıdır.
   - Yəni ölüm həddinə yetişən aşiq təzədən dirilik haqqı qazanıb haqq aşiqliyi statusuna yiyələnir.
   - Bəli, məhz bununla da ikinci bir ömür - mahiyyətcə yeni bir həyat qazanan gənc öz əvvəlki ömrünü də itirib, yerinə başqa bir mənəvi cəhətdən fərqlənən dünya qurur: ruhi - mənəvi aləmi təzələnmiş bir aşiq simasında təcəlla tapır. Məhz xaotik vəziyyətə düşməkdən yararlanan aşiq obrazı yeni bir simada təcəssümünü tapır. Elə bu mühüm keyfiyyətini qazandığı üçün də professor M.Təhmasib qeyd edir ki, buta qəhrəmanın daxili aləmini dəyişdirir, hətta dastanlarımızdakı bu tipli qəhrəmanların butadan əvvəlki mənliyi ilə sonrakı mənliyi ziddiyyət təşkil edir. Bəli, bunun sirri buta verilmiş aşiq obrazının mənəvi baxımdan ölüb-dirilmə mərhələsindən keçib-getməsilə izah olunmalıdır. İkinci tərəfdən isə, müasir dövrlə əlaqədə götürsək, belə deyə bilərik ki, eşq - sevgi ülvi dəyər olduğundan müqəddəs bir duyğu kimi insanın daxili aləmini söküb təzədən yığmağa sövq edən bir ilahi qüvvədir. Başqa sözlə, eşq duyğusu insanı mənən cilalayır, keyfiyyətcə dəyişdirir, tərbiyələndirir və ruhən durulaşdırır. Təsadüfi deyil ki, aşiqlik dərəcəsinə yetişənlər ekstaz vəziyyətdən ayılarkən dərdlərini - gizli duyğularını adi dillə deyə bilməyib, «bir başı çömçə, bir başı incə» saz istəyir, sazı çalıb-dilləndirməklə dərdlərini bəyan edirlər. Saz qədim musiqi aləti olduğu kimi, sazı dilləndirmək də ruhani keyfiyyət daşıyıcısıdır. Yəni ruhən yenidən dirçələn aşiq obrazı ruhun dilində - sazın sehrli dilində danışmalı olur. Ona görə də «butanın gücü ilə aşiq olan» qəhrəman ona içirdilən eşq badəsinin hesabına da aşıqlıq mərtəbəsinə yetişir. Elə buta verilmiş gəncə haqq aşiqi adının verilməsi də ona Allah-Təala tərəfindən qeyri-adi keyfiyyətlərin bəxş olunduğuna bir dəlil-sübutdur. Çünki buta vergisi hər adama nəsib olmur...
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar