Əjdər Ol: “Mirzə Ələkbər Sabir dünyanın çalxalandığı-bulandığı bir vaxtda ədəbi aləmdə zühur etdi”
   
   Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyi ilə bağlı bu günlər ölkəmizin müxtəlif yerlərində tədbirlər təşkil olunur. Bu sırada hər il keçirilən ənənəvi “Sabir poeziya günləri”nin xüsusi yeri var. Müsahibimiz “Sabir poeziya günləri” təşkilat komitəsinin məsul katibi, tanınmış şair, publisist, tərcüməçi Əjdər Oldur.
   
   “Sabir poeziya günləri” şairin adına layiq keçiriləcək
   
   - Əjdər müəllim, Prezident İlham Əliyevin 1 iyun 2010-cu il tarixli sərəncamına əsasən, görkəmli şair, maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi geniş şəkildə qeyd olunur. Ölkəmizdə ənənəvi olaraq keçirilən “Sabir poeziya günləri” şeir, sənət bayramı kimi böyük ədibin irsinin təbliğinə mühüm töhfə verir. Son bir neçə ildə bu tədbirin aparıcısı olmuş şəxs kimi “Sabir poeziya günləri”nin məramı, əhəmiyyəti barədə nə deyə bilərsiniz?

   - “Sabir poeziya günləri”nin əsası 50 il əvvəl, 1962-ci ildə dahi satirikin 100 illik yubileyi keçirilərkən qoyulub. O vaxtdan bəri hər il 30-31 mayda keçirilən bu poeziya günləri xalq bayramına çevrilib. Bunun səbəbi isə M.Ə.Sabirin şair kimi xəlqiliyində, onun dillər əzbəri şeirlərinin xalq tərəfindən sevilməsindədir. İyirmi ilə yaxın bir müddətdə “Sabir poeziya günləri”nin təşkilat komitəsinə Xalq şairi Rəsul Rza rəhbərlik edib. Sonrakı illərdə professor Abbas Zamanov, Xalq şairi Qabil bu işi davam etdirib, hazırda isə şair Fikrət Sadıq təşkilat komitəsinin rəhbəridir.
   “Sabir poeziya günləri” böyük Sabirin şeirlərinin təbliğat tribunası kimi nəzərdə tutulsa da, əslində həmin günlərdə klassiklərdən tutmuş çağdaş dövrümüzün ədəbi simalarına qədər bütün Azərbaycan şairlərinin könül dünyasına baş vurulur, bu, ümumilikdə poeziyamızın bayramıdır. “Sabir poeziya günləri”nin meydanında ədəbiyyatımızın yaşlı nəslinin nümayəndələri ilə yanaşı, söz-sənət aləmində ilk addımlarını atan gənc şairlər də şeirlərini oxuyur, Sabirin ruhu qarşısında özlərini sınayırlar.
   Son illərdə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Sabir poeziya günləri”nin coğrafiyası genişlənib. Poeziya bayramı şairin doğulduğu qədim mədəniyyət mərkəzi Şamaxıdan başqa Ağsuda, İsmayıllıda, Sabirabadda, həmçinin Bakıda yüksək səviyyədə qeyd olunur.
   Bu il nəzərdə tutulmuş tədbirlər proqramına əsasən deyə bilərəm ki, M.Ə.Sabirin 150 illik yubileyi çox təmtəraqlı keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şairin əsərləri yenidən çap edilib. Neçə illik fasilədən sonra oxucuların arzusunda olduğu, bir zamanlar populyar nəşr hesab edilən “Sabir poeziya günləri” almanaxı nəfis tərtibatla işıq üzü görüb. Yubileylə bağlı bayram hədiyyələri hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası və Yazıçılar Birliyi tərəfindən hazırlanan tədbirə Azərbaycanın görkəmli yazarları, alimləri ilə yanaşı, xaricdən - Türkiyə, Qazaxıstan, Qırğızıstan, İraq, Ukrayna, Litva, Estoniyadan qonaqlar dəvət olunub. Düşünürəm ki, Şamaxıda və Bakıda keçirilməsi nəzərdə tutulmuş yubiley törənləri məzmununa və miqyasına görə xeyli fərqli və Sabirin adına layiq olacaqdır.    

   “Azərbaycan şeiri ona qədər başqa ladda danışmışdı”
   
   - Bir yaradıcı insan kimi Mirzə Ələkbər Sabiri necə qiymətləndirirsiniz?
   - Mirzə Ələkbər Sabir 1906-cı ilin aprelində böyük ədibimiz Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının, ədəbi məktəb səviyyəsinə yüksələn bu nəşrin ən qüdrətli nümayəndəsidir. Xalqa “Sizi deyib gəlmişəm!” xitabı ilə müraciət edən Mirzə Cəlil “Molla Nəsrəddin”in ilk nömrələrində yeni üslubda satirik şeirlər təqdim edərək oxuculara bildirdi ki, bizə belə şeirlər lazımdır. Əgər Cəlil Məmmədquluzadə Azərbaycan publisistikasında tamamilə yeni bir dövr başladısa və iyirmi beş il namusla bu işi davam etdirdisə, Mirzə Ələkbər Sabir də ömrünün son beş ilində Azərbaycan poeziyasında təlatüm yaratdı. Sabirin ölümündən bir il sonra Abbas Səhhət qabaqcıl ziyalıların yardımı ilə şairin “Molla Nəsrəddin”də işlətdiyi “Hophop” təxəllüsünə istinad edərək yüz ildən artıqdır ki, əl-əl gəzən “Hophopnamə”ni çap etdirdi.
   Mirzə Ələkbər Sabir dünyanın çalxalandığı-bulandığı bir vaxtda ədəbi aləmdə zühur etdi. O zaman tərkibinə daxil olduğumuz Rusiya imperiyasında, Avropada, qonşu Türkiyədə, İranda inqilablar, çevrilişlər baş verdi. İlk demokratik təsisatlar yarandı, insan hüquqları tanınmağa başladı.
   Sabir müstəmləkə zülmündə əli-qolu bağlanmış, məhrumiyyətlər çevrəsinə salınmış, “Göz yaşları dərya” olmuş, “Millət necə tarac olur olsun, nə işim var?” düşüncəsinə endirilmiş, “Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!” nadanlığına yoluxdurulmuş, “Dindirir əsr bizi, dinməyiriz!” inadına sürüklənmiş bir mühitin təmsilçisi idi. Deyilənlərin üstünə tarixi haqsızlıqları, zorakılığı, mövhumatı idarə üsulu kimi seçən min illik siyasi əngəlləri də gəlmək olar. Sabir böyük bir həqiqətə inanırdı:
   
   Kim ki, insanı sevər, aşiqi-hürriyyət olur,
   Bəli, hürriyyət olan yerdə də insanlıq olur.
   
   Sabir dediklərini yeni intonasiyada deyirdi. Azərbaycan şeiri ona qədər başqa ladda danışmışdı. O özündən əvvəlki ədəbi irsə, Xaqani, Nəsimi, Füzuli, Nəbati, Seyid Əzim kimi şairlərin mənəvi xəzinəsinə söykənsə də, şeirdə yeni avazla çıxış edirdi. Sabir poeziyası dili o dövrün dilinə lazımi qədər uyuşmayan, gəlmə sözlərlə zəngin olan yazılı şeirlə xalq arasında bir növ ədəbi körpü rolunu oynayırdı. Milli təfəkkürümüzün mayası, cöhvəri onun təxəyyülü, şair ilhamı vasitəsilə fərqli biçimdə, yeni məzmunda üzə çıxırdı. Fəlsəfi mənada götürsək, Sabir şeiri ilə bütün qəhrəmanlarını döşünə döyməkdən, eqoizmdən çəkindirir, onlara korafəhmlik, yaramazlıq, zalımlıq, acgözlük, xəsislik, kəmfürsətlik kimi mənfi keyfiyyətlərini etiraf etdirirdi. Böyük satirikin qəhrəmanları kimlikləri barədə, necə deyərlər, “bülbül kimi” ötürdülər. Bu tiplər həm də öz dillərində danışdırılırdılar. Sabir əsl xalq şairi kimi xalqın, yəni hamının dilini bilirdi.
   “Hophopnamə” kitab rəflərimizdə həmişə ən qiymətli nəşrlər sırasındadır və zaman-zaman oxunmaqda, əzbərlənməkdədir. Bu özü sübut edir ki, Sabir yaradıcılığı ədəbiyyat tariximizdə təkcə ədəbi fakt deyil, daim hərəkətdə, il- oniki ay işlək vəziyyətdə olan, köhnəlməz, incə mətləblərə toxunan, özəl yaddaşımızda hər gün yeni mənalar doğuran bir dəyərdir.
   Sabir müstəqil düşüncəli şairdir. O, bütün yaradıcılığı boyu azad fikir, insan, vətəndaş cəsarəti, qeyrəti nümayiş etdirir. “Qeyrət, a vətəndaşlar!” deyə haray çəkir. “Qaç, oğlan, qaç, at basdı, millət gəlir!” deyə boş-boş, dilboğaza qoymadan danışan, etdikləri ilə deyil, etmək istədikləri ilə öyünən, sələflərinin tarixdəki rolunu qat-qat şişirdən və onun xumarlığında mürgüləyən, millət yolunda, ümumi mənafe naminə əlini ağdan qaraya vurmayan, “Öylə zəhləm gedir, Allah da bilir, millətdən, oluram süst adı gəlcək, dönürəm daşa, ətə!” deyən “bir bölük boşboğaz”ları, söhbətləri “qeybət və lənət”lə dolu olanların “dərsini” verir.
   Şairin az səslənən bir şeirindən misal gətirmək istəyirəm:
   
   Yatmısan, Molla əmi, gürcülər içrə hələ sən!
   Nə olur ta bu müsəlmanlığa da bir gələsən,
   Bakudə bir neçə gün rahət edib dincələsən,
   Hacılarla olasan hər gecə həmməşgələ sən,
   Görəsən, bir para yerlərdə nə canlar var, əmu!
   Necə kef çəkməli xəlvətcə məkanlar var, əmu!
   
   Sanki şeir yenicə yazılıb, mürəkkəbi qurumayıb. Bu mətni oxuyub fikrə gedirsən və cavabı yenə Sabirdə tapırsan:
   
   İş bilməyən ancaq yemək-içməkdən əlavə
   Bu canlı dəyirmanlarına şükür, Xudaya!
   

   Sabir ali duyğular, yüksək ideallar, bəşəri düşüncələr şairi olmaqla konkret məkanın insanlarını dəyişdirməyə can atan, bu yolda bir an belə dayanmadan çalışan vətəndaş şairdir. Şairin özünə dərd elədiyi çatışmazlıqların siyahısı çox uzundur.
   “Bir mademuazel”ə uyan “boynukraxmallılar, bayram vaxtı arxa qapıdan alver edən tacirlər, “məmləkəti-Rey” satanlar, “Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!” deyənlər, “Tək səbir”ə çaşanlar, “Didarı yaman” ərlər, “Ağzı dualı qoca baqqal kişilər”, “And olsun ötən günlərə!” inancını icad edənlər, çıxış yolunu “Asta qaçıb dürtülürük xəlvətə”də tapanlar, “Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam”lar... kimlər, kimlər, kimlər...
   
   “Sabir şeirlərinə biganə qalmaq mümkün deyil”
   
   - Əjdər müəllim, söhbətlərinizdə, çıxışlarınızda Sabirdən çox misal çəkirsiniz...
   - Sabirin şeirləri çoxları kimi mənim də gündəlik fikir, məslək yoldaşımdır, həmsöhbətimdir, dilimin əzbəridir, çünki onlar çox çevikdir, insanlar arasında asan ünsiyyət yaradır. “Sabir poeziya günləri”nin uğurlu keçməsinə, çoxlu dinləyici cəlb etməsinə səbəb şairin şeirlərindəki güclü dramatizmdir. Bu ritmik, oynaq, ləngərli, odlu, duzlu-məzəli şeirlər teatral mənzərələr yaradır və adamı cəzb edir. Açığını deyək ki, müəyyən yaradıcı insanlar məhz yubileyi ərəfəsində, konkret tədbirlərdə xatırlanır, sonra növbəti yubileyinə qədər tədricən unudulur, arxa plana keçir. Bir həqiqətdir ki, Sabir şeirlərinə biganə qalmaq mümkün deyil, onlar mənəvi enerjidir, tez-tez həyatda istinad nöqtəmizə çevrilirlər. Bu həqiqəti necə nəzərə almamaq olar?
   
   İdrakdır müsibətə mizan, əvət, əvət!
   İdraksızların ola bilməz müsibəti.
   İdrakının mərafibinə bağlıdır fəqət,
   Hər bir kəsin tutulduğu ənduhi-möhnəti.
   
   Əslində bu şeirdə M.Ə.Sabir ustadı Füzulinin aşağıda qeyd edəcəyim başqa-başqa şeirlərinə düşmüş iki beytini ümumiləşdirərək onlara ictimai məna verib:
   
   Hər kimin aləmdə miqdarıncadır təbində meyil,
   Mən ləbi-cananımi, Xızr abi-keyvanın sevər.
   
   Digər beyt:
   
   Aciz olmuş yıxmağa ah ilə kuhi kuhkən
   Neyləsin miskin onun eşqi həm ol miqdar imiş.
   
   Yeri düşmüşkən, bir məsələni qeyd edim. Sabir klassik ənənəyə uyğun olaraq öz sələflərinin və müasirlərinin yaradıcılığına qarşı son dərəcə həssas olmuşdur, onlardan yetərincə bəhrələnməyə çalışmışdır. Sabirin şeirlərini eşitdikcə eşitmək istəyirsən.
   - Əjdər müəllim, Rusiyada Aleksandr Puşkin, Ukraynada Taras Şevçenko poeziya günləri hər il geniş miqyasda çevrə qazanır. Arzum budur ki, “Sabir poeziya günləri” də hər ötən il daha möhtəşəm keçirilsin, bu söz-sənət bayramında Mirzə Ələkbər Sabirin, həmçinin bütün Azərbaycan şairlərinin ən gözəl əsərləri təbliğ edilsin. Sizə və bütün yubiley iştirakçılarına uğurlar arzulayıram!
   - Sağ olun!
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar