Nadejda Yemelyanova: “Qafqaz kimi entik baxımdan çox zəngin, müxtəlif xalqların və millətlərin yaşadığı regionun mədəniyyəti ilə bağlı mövzunun mediada işıqlandırılmasına həssas yanaşmaq lazımdır”
   
   İyunun 12-13-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu” mövzusunda kulturoloqların II Beynəlxalq Bakı Forumunun qonaqları arasında Rusiya Kulturologiya İnstitutunun aparıcı elmi əməkdaşı, tarix elmləri namizədi Nadejda Mixaylovna Yemelyanova da vardı. O, dağlıq regionlarda yaşayan xalqların mədəniyyəti və tarixi üzrə tanınmış mütəxəssis, eyni zamanda, Beynəlxalq Abxaz-Abazin Mədəni Maarifləndirmə Cəmiyyətinin vitse-prezidentidir. Onunla söhbətimizdə Şimali və Cənubi Qafqaz xalqlarının mədəniyyəti, mədəni irsin təbliğində kütləvi informasiya vasitələrinin rolu, kulturologiya sahəsində Azərbaycanla əməkdaşlıq məsələlərinə nəzər saldıq.
   
   - Nadejda Mixaylovna, kulturoloqların II Beynəlxalq Bakı Forumunda «Qafqazda mədəni vəziyyət: kütləvi informasiya vasitələri kontekstində» mövzusunda çıxış etdiniz. Sizcə, Qafqaz mədəniyyətinin öyrənilməsində medianın rolu nədir?
   - Təkcə Qafqazın deyil, ümumiyyətlə, dünya mədəniyyətinin öyrənilməsi, tədqiq və təbliğində kütləvi informasiya vasitələrinin rolu çox böyükdür. Çünki mədəni əlaqələri təkcə əks etdirmək deyil, həm də onu analiz etmək lazımdır. Həqiqətən də təcrübə göstərir ki, əgər biz mədəniyyət baxımından mürəkkəb vəziyyətə düşürüksə, bu vəziyyətin şərh olunmasında, geniş ictimaiyyətə çatdırılmasında medianın, bu barədə yazan, televiziya və radio üçün materiallar hazırlayan jurnalistlərin üzərinə mühüm məsuliyyət düşür. Bu, Qafqaz kimi etnik baxımdan çox zəngin, müxtəlif xalqların və millətlərin yaşadığı region üçün xüsusilə əhəmiyyətlidir. Bu baxımdan həmin mövzunun bu sahəni kifayət qədər bilən, məlumatı olan jurnalistlər tərəfindən işlənməsi çox vacibdir. Əks halda ortaya çıxacaq materiallar mənfi nəticə doğura bilər. Əlbəttə, mədəniyyət sahəsində çalışan mütəxəssislər, kulturoloqlar, jurnalistlər bu məqama həssas yanaşmalıdırlar.
   - Bu halda sizin öz yanaşmanız necədir? Məsələn, Qafqazı dünyaya necə təqdim etmək lazımdır? Bildiyimizə görə, Şimali və Cənubi Qafqazın azsaylı xalqlarının mədəniyyəti ilə bağlı maraqlı layihəniz də var...
   - Həmin layihə Rusiya Kulturologiya İnstitutunun təşəbbüsüdür və Rusiya Federasiyası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir. Biz layihədə Qafqazın gözəlliyini, etnik-mədəni zənginliyini bütün Rusiyaya göstərmək istəyirik. Məsələn, mən avtomobilin sükanı arxasında əyləşib Qafqazın hər hansı kəndinə gedirəm. Mənə yolda hər kəs kömək edir. Moskvaya gedərkən deyirəm ki, Qafqazda özümü Moskvadan daha çox müdafiə olunmuş hiss edirəm. Ona görə də mən bu regiona münasibətdə çox məmnunam. Qafqazda 90-cı illərdən işləyirəm və bu regionu çox sevirəm. Və oralar mənim üçün doğma məkandır.
   Azsaylı xalqların mədəniyyətlərini qoruyub saxlamaq müasir qloballaşma dövründə, adət-ənənələrin itdiyi zamanda çox vacibdir. Azsaylı xalqlar arasında insanlar bu məsələdə kömək üçün bizə müraciət edirlər. Biz isə deyirik ki, birlikdə işləyəcəyik. Beləliklə, biz artıq bir müddətdir ki, bir yerdə işləyib maraqlı kitab ortaya qoymuşuq. Kitab “Abazin ölkəsində” adlansa da, əslində, onu Şimali və Cənubi Qafqaz üzrə səyahət kitabı saymaq olar. Nəşrdə bu regionun xalqlarının tarixi, məşğuliyyəti, mədəniyyəti, adət-ənənələri, mövcud durumları haqqında ətraflı məlumatlar yer alıb.
   - Bəllidir ki, hər bir xalqın mədəniyyəti, dili, adət və ənənələri onun mühüm özünütəsdiq elementidir. Bu sahədə tədqiqatlar aparmış bir mütəxəssis kimi Qafqazın azsaylı xalqları arasında apardığınız araşdırmalar nəyi göstərir, sadə insanların öz milli adət-ənənələrini, dillərini qorumağa münasibətləri, maraqları necədir?
   - Qafqazda vəziyyət həm siyasi, həm iqtisadi baxımdan olduqca mürəkkəbdir. Bu isə, əlbəttə ki, mədəni vəziyyətə də təsirsiz ötüşmür. Biz Kulturologiya İnstitutu olaraq bir sıra layihələr üzərində işləyirik. Onu da deyim ki, məhz mədəni tematikanı müasir ünsiyyət vasitəsi kimi seçmişik. Çünki bütün bunlar əlaqəlidir. Biz Qafqaz xalqlarının öyrənilməsi üzrə layihə hazırlamışıq və paralel olaraq Rusiya Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə abxaz və osetin xalqlarının mədəniyyəti ilə bağlı saytlar yaratmışıq. Saytda ərəb, türk, rus, ingilis və bu xalqların öz milli dillərində materiallar yer alıb.
   Apardığımız araşdırmalar sadə insanların milli adət-ənənələrinə, dillərinə necə həssas yanaşdığını göstərir. Sizə adi bir misal çəkəcəyəm. Məsələn, mən kəndə gedirəm. Orada qışda yaşayıram. Görürəm ki, insanlar necə çətin şəraitdə yaşayırlar. Elektrik enerjisi, qaz yoxdur. Bu halda onlar öz adətlərinə necə əməl edə bilərlər. Hər kəs bir otağı qızdırıb oraya yığışır. İnsanlar tədqiqatımıza kömək edir, öz problemlərini bizə danışır. Biz də öz tərəfimizdən onlara kömək etməyə çalışırıq.
   Bəzən kəndlərin çoxunda iş olmur və gənclər bu səbəbdən ordan gedirlər. 90-cı illərdə mövcud müəssisələr müxtəlif səbəblərdən müflis oldu və fəaliyyətini dayandırdı. Yaşlı valideynlər övladlarla yaşamalıdırlar. Amma övladın pul qazanması üçün iş yerləri yoxdur. Nə etməli? Hətta bəzən yollar qarla elə örtülür ki, işə belə getmək mümkün olmur. Keçən il böyük sosioloji tədqiqat apardım və onun nəticələrinə aid kitab hazırlayıram. Artıq Rusiya Federasiyası İctimai Palatası, hökumət qarşısında məsələ qaldırmışıq ki, biz bu sahədə nə edə bilərik. Ümid edirəm ki, layihəmiz insanlara kömək edər. Qafqazda dərin problemlərə nəzər salmaq lazımdır. Bu ildən Rusiya Federasiyasında mədəniyyət və turizmin idarə olunması bir nazirlikdə birləşib. Düşünürəm ki, turizmin mədəniyyətlə birləşməsi əraziyə öz faydasını verəcək. Bu da çox vacibdir. Nazirlik də bu məsələdə maraqlıdır.
   - Elm sübut edib ki, əgər azsaylı xalqların sayı 100 min nəfəri ötmürsə, o yaxın vaxtlarda itə bilər. Əlbəttə, burada söhbət həmin xalqların öz dilini, adət-ənənəsini itirib assimilyasiyasından gedir. Bu baxımdan, sizcə, Qafqaz xalqları arasında «yoxolma» problemi varmı? Və əgər varsa, məsələnin həlli yolu üçün hansı mexanizmlər düşünülür?
   - Mənim baxışlarıma görə, hazırda bu kontekstdə ən böyük problem kəndlərdə yaşanır. Çünki indi qloballaşma kəndlərdəki insanlara daha çox təsir edir. Qeyd etdiyim kimi, kəndlərdə yaşayan gənclər oranı tərk edir, iş axtarmaq üçün böyük şəhərlərə üz tutur və bununla da öz ana dillərini itirirlər. Beləliklə, xalqlar qlobal məkanda əriyir. Ona görə də biz indi məhz kəndlərdə doğma dillərin qorunub saxlanılmasına daha çox qüvvə sərf edirik. Bilirsiniz ki, Qafqazda bir çox azsaylı xalqlar yaşayır və dilləri də müxtəlifdir. Sizin qeyd etdiyiniz kimi, əgər sayı 100 mini ötməyən azsaylı xalqların yaxın vaxtlarda “yox olmaq” təhlükəsi varsa, o halda birinci dildən başlamaq lazımdır. Ona görə də biz bu məsələyə diqqət ayırırıq və öz doğma dillərində yazan jurnalistləri bizimlə əməkdaşlığa dəvət edirik.
   - Hansı yeni layihələr üzərində çalışırsınız?
   - Hazırda Qafqaz dillərinin öyrənilməsi proqramı üzərində işləyirik. Bunun üçün interaktiv kurslar yaratmaq və dərslər keçmək lazımdır.
   - Reallaşdırdığınız layihələrə digər ölkələrdə necə maraq göstərilir?
   - Bizim layihəmizə müxtəlif ölkələrdən böyük maraq var. Bu ilin fevralında İordaniya və Türkiyədə böyük layihə həyata keçirdik. Bu işdə dövlətin, hökumət qurumlarının dəstəyindən çox şey asılıdır. Biz də bu yöndə mümkün resursları götür-qoy edirik, güclərimizi birləşdirmək niyyətindəyik.
   - Azərbaycan da Qafqazın bir parçasıdır. Layihənizin istiqamətinə uyğun olaraq ölkəmizlə yaxın perspektivdə əməkdaşlıq etmək niyyətiniz varmı?
   - Rusiya Kulturologiya İnstitutu Azərbaycanla dostluq əlaqələri qurur. Birgə sərgilər, konfranslar keçirir, elmi nəşrlər çap olunur. Konkret bizə gəlincə, yaxın perspektivdə saytımızda Qafqazın türkdilli ölkələrindən də bəhs edəcəyik. Əlbəttə, buraya Azərbaycan da daxildir. Saytda elektron resursların yerləşdirilməsini planlaşdırırıq və istərdik ki, Azərbaycan da bizə qoşulsun. Məqsədimiz bu ölkənin zəngin mədəniyyətini də tədqiq etməkdir. Bir sözlə, Kulturologiya İnstitutunun xətti ilə Azərbaycanla çoxdan əməkdaşlıq edirik. İndi isə əlaqələri, layihələri genişləndirmək niyyətindəyik. Ümumiyyətlə, onu deyim ki, ölkənizə gəlmək çox xoşdur. Mən artıq bir ildir ki, türk dilini öyrənirəm, Azərbaycana gəldiyimdə bəlli oldu ki, demə, mən bu dili başa düşürəm.
   - Yeri gəlmişkən, münaqişələr də xalqların mədəniyyətinə, adət-ənənəsinə öz neqativ təsirini göstərir. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində minlərlə mədəni abidəmiz dağıdılıb. Bunun özü də Qafqazda mədəni vəziyyətin mürəkkəbləşməsidir. Bu barədə fikirlərinizi bilmək istərdik...
   - Biz Ermənistanla Azərbaycan arasında bu münaqişənin tezliklə həllini istəyirik. Regionda xalqlar arasında münasibətlər sahmanlanmalıdır. Biz artıq bu dövrü yaşamışıq. SSRİ dağıldıqdan sonra çoxlu lokal konfliktlər yarandı. Bizim layihəmiz mədəniyyətlə bağlıdır, odur ki, hər hansı siyasi vəziyyətin müzakirəsindən uzağıq. Doğrudur, biz iqtisadi vəziyyətə, tərəqqiyə nəzər salırıq. Təbii kataklizmlərin regiona, onun adət-ənənəsinə necə təsir göstərdiyini araşdırırıq. Siyasi məsələlərə gəlincə, biz demişik ki, bu siyasətçilərin işidir. Öz tərəfimizdən bu məsələni tənzimləyə bilmərik. Amma bir fikrimi deyə bilərəm ki, nəhayət, bu münaqişə həll olunmalıdır.
   - Kulturoloqların II Beynəlxalq Bakı Forumundan hansı nəticələri gözləyirsiniz?
   - Mən burada bir sıra elm adamları, Azərbaycan jurnalistləri ilə tanışlıqdan şad oldum. Düşünürəm ki, Azərbaycana səfərim həm də yerli jurnalistlərlə əməkdaşlığa imkan verəcək. Öz həmkarlarımın maraqlı çıxışlarını dinlədim. Ümidvaram ki, forum gələcək əməkdaşlığımıza yeni imkanlar açacaq. Azərbaycanı görmək, bu gözəlliyi seyr etmək, xeyirxah insanlarla qarşılaşmaq gözəl idi.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar