Tarixən öz tolerantlığı ilə seçilən Azərbaycanda müxtəlif xalqlar, millətlər birgə yaşayıb, onların mədəni irs və milli-mənəvi dəyərləri qarşılıqlı şəkildə zənginləşərək inkişaf edib. Hələ sovetlər dövründə, mədəniyyətlərarası dialoq və qloballaşma kimi anlayışların problem kimi qabardılmadığı vaxtlarda belə respublikamızda yaşayan müxtəlif xalqların təmsilçiləri öz mədəniyyətlərini, adət-ənənələrini və dillərini qoruyub saxlaya biliblər. Çünki bunun üçün münbit şərait olub.
   Bu proses Azərbaycan müstəqillik əldə etdikdən sonra daha yüksək səviyyədə davam etdirilir, hər bir xalqın, icmanın təmsilçisinin özünü bu respublikanın vətəndaşı kimi hiss etmələrinə zəmin yaradılır. Özünəməxsus sənət yolu olan Qusar Dövlət Ləzgi Dram Teatrının zəngin yaradıcılıq fəaliyyəti də buna bariz misaldır. 1963-cü ildən rayon mədəniyyət evi nəzdində xalq teatrı kimi fəaliyyətə başlayan sənət ocağı Nazirlər Kabinetinin 3 iyul 1992-ci il tarixli qərarı ilə dövlət teatrı statusu alıb.
   Qusarlı aktyor, tamaşaçıların “Qızmar günəş altında” filmindən (Aydın) yaxşı tanıdıqları Əkbər Fərzəliyevin Mədəniyyət Nazirliyi tərəfindən rayona göndərilməsi Ləzgi Xalq Teatrının təşkilini sürətləndirdi, o, qısa zamanda rayonun teatr həvəskarlarını öz ətrafına toplayaraq səhnə əsərlərinin hazırlanmasına başladı. 1964-cü ildə elə Əkbər Fərzəliyevin quruluşunda «Gülzada» və «Dibirov hirslənir» adlı əsərlər səhnəyə qoyuldu və yerli tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
   Teatrşünaslar 1965-1970-ci illəri Ləzgi Xalq Teatrının inkişafında parlaq dövr kimi qiymətləndirir və bunu teatrın ətrafına istedadlı, teatrı sevən insanların cəm olması ilə xarakterizə edirlər. Təsadüfi deyil ki, xoreoqrafiya ustaları Qəni Qəniyev, Əskər Əmirəhmədov, müğənni və səhnə ustaları Nora Əlimova, İmaməli İlyasov, Qiyafəddin Hacıyev, Pəri Həbibullayeva, Rəhimxan Qaraxanov məhz bu teatrın səhnəsində püxtələşiblər. Məhz onların sayəsində xalq teatrı səhnəsində onlarla əsərə səhnə həyatı verilib. Beləcə, teatr bölgədə yaşayan bütün xalqların mədəniyyət məkanına çevrilib.
   Teatra dövlət statusu verildikdən sonra burada müxtəlif mövzu və janrlı 70-ə yaxın əsər tamaşaya qoyulub.

   
   
   Qusar Dövlət Ləzgi Dram Teatrına 2011-ci ildən rəhbərlik edən Faiq Qardaşov qəzetimizə müsahibəsində sənət ocağının keçmişi və bu günündən söz açdı.
   
   - Teatra rəhbər təyin olunandan sonra, ilk növbədə, repertuar üzərində çalışmağa başladıq və bu müddət ərzində tamaşaçılarımıza 10-dək yeni səhnə əsəri təqdim edə bildik. Bu sırada Əbdürrəhim bəy Haqverdiyevin «Yeyərsən qaz ətini, görərsən ləzzətini», Ramiz Duyğunun «Xarı bülbül», Sabit Rəhmanın «Toy», Əli Əmirlinin «Köhnə ev» əsərlərini misal göstərmək olar. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramını respublikamızın digər sənət ocaqları kimi, Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi qarşısında da məsul vəzifələr qoyub. Kollektivimiz bu proqramı əldə rəhbər tutaraq bütün gücünü bölgəmizdə teatr sənətinin inkişafına və bədii irsin qorunmasına yönəldəcək.
   - Son bir ildə 10-a yaxın tamaşanın ərsəyə gəldiyini dediniz. Yəqin bu həm də tamaşaçılarınızın teatra marağının artmasından xəbər verir.
   - Əlbəttə, bizim teatr hər zaman tamaşaçıların diqqət mərkəzindədir. Amma bir məqamı da deyim ki, əslində, bu günün teatrı ilə dünənin teatrı arasındakı fərqi görməmək, sezməmək mümkün deyil. Günümüzün teatrı daha çox müasir cəmiyyətimizin problemlərini özündə əks etdirən tamaşalara üstünlük verir, ona görə də klassik dramaturji materiallara az müraciət olunur. Amma hər halda qusarlı teatrsevərlərin bizim teatra münasibəti daim ürəkaçandır. Teatr tamaşaçı sarıdan korluq çəkmir. Qusarlılar teatrın hər tamaşasını səbirsizliklə gözləyirlər.
   - Klassikaya az müraciət olunduğunu bildirdiniz. Məşhur amerikalı aktyor Lourens Barretə görə, aktyor qardan heykəllər düzəldən insandır. Onun fikrincə, bir tamaşa və ya obrazın ifadə etdiyi anlamlar cəmiyyətdə hər hansı təsir yarada bilmirsə, onu ifa edən aktyorun oyunu günəşi görcək əriyən buz kimidir. Bu fikrə sizin münasibətiniz necədir?
   - Maraqlı və çox məntiqli fikirdir. Amma bu məsələyə mənim də öz yanaşmam var. Düşünürəm ki, əgər tamaşanın dramaturji materialının əsas mövzusu və ideyası maraqlı və aktualdırsa, yüksək səviyyəli və professional rejissor, rəssam işi, bədii tərtibatı və məharətli aktyor oyunu tamaşaçıya müəyyən bir zövq və təəssürat bəxş edə bilirsə, deməli tamaşa cəmiyyətdə öz təsirini yaratmaq iqtidarındadır. Əks təqdirdə, tamaşaçıya təqdim olunan tamaşa, sizin qeyd etdiyiniz kimi, elə günəşi görən kimi buz tək əriyib suya dönəcək. Yəni burada dramaturji məhsuldan başlayaraq səhnənin tərtibatına qədər hər bir detal o səhnə əsərinin uğur və ya uğursuzluğunu labüd edir.
   - Söhbət yenə dramaturji məhsula yönəldi. Deməli, siz də bu sahədə durğunluq olduğunu düşünürsünüz...
   - Tam elə deməzdim, gözəl qələmə malik, ciddi dramaturji əsərlər yazan yazıçı-dramaturqlarımız var. Sadəcə, mövzu müxtəlifliyi vacib amildir, rəngarənglik olmalıdır.
   - Bəs tamaşaçıların sənət tələbatı əsas etibarilə hansı janradır?
   - Tamaşaçılar bizim teatrdan əsas etibarilə komediya janrında əsərlər gözləyirlər. Lakin dramatik əsərləri də sevirlər.
   - Hələ sovet dövründə Şota Rustavelli adına Gürcüstan Dram Teatrı Böyük Britaniyada V.Şekspirin əsərini ingiliscə elə mükəmməl oynamışdı ki, bir əyalət teatrı kimi onlara yuxarıdan aşağı baxan ingilis jurnalist sonradan bu kollektivdən üzr istəməyə məcbur olmuşdu. Azərbaycanda belə səviyyəyə çata biləcək əyalət teatrı varmı?
   - Mənim fikrimcə, istər paytaxt, istərsə də əyalət teatrlarından hər biri belə səviyyəyə çata bilər. İngilis dilində mükəmməl tamaşa qoymaq üçün, hər şeydən öncə, ingilis dilini, heç olmasa, orta səviyyədə bilən rejissor və aktyor heyəti lazımdır. Bunun üçün də istək, əzmkarlıq və zaman gərəkdir.
   - Bölgə teatrlarının əsas problemlərindən biri də yaradıcı heyətlə bağlıdır. Gənc aktyor və rejissorlar əyalətə getməyə o qədər də maraq göstərmirlər...
   - Bu problem bizim teatrda da var. Amma teatrımızda təcrübəli, istedadlı aktyorlar çoxdur. Baxmayaraq ki, onlar bu sahə üzrə ali ixtisas təhsili almayıblar. Onlardan teatrımızın həm rejissoru, həm də istedadlı aktyoru Bağır Əhmədov, Yalçın Qaraxanov, Pirverdi Pirverdiyev, Balakərim Səfərov, Rəşid Salmanov, Tamara Məmmədova, Lalə Qurbanova, Kifayət Yusifova, Rəhilə Hacıbəyova və digərlərinin adını çəkə bilərəm. Teatrımızın gənc baş rəssamı peşəkar ali təhsilli, çox istedadlı İlqar Burziyevdir.
   - Teatrınızın bu günü və repertuar siyasəti barədə nə deyə bilərsiniz?
   - Böyük Azərbaycan dramaturqu, filosofu və ictimai xadimi M.F.Axunzadənin 200 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi «Sərgüzəşti-Mirzə Fətəli Axundzadə» Milli Teatr Festivalı çərçivəsində dövlət sifarişi ilə ədibin məşhur «Hekayəti-xırs-quldurbasan» komediyasını hazırladıq. Ağalar İdrisoğlunun quruluşunda səhnələşdirilən tamaşa Mədəniyyət və Turizm Nazirliyinin diplomuna layiq görüldü. Bu tamaşa ilə əvvəlcə rayon ictimaiyyəti, sonra isə qonşu rayonlara qastrol səfəri edəcəyik.
   - Qonşu və paytaxt teatrları ilə yaradıcı əlaqələr sanki bir az zəifdir. Bunun səbəbi nədir? Son illər Bakıya qastrolunuz olubmu?
   - Mən bunu bizim qastrol səfərlərimizin çox az olması ilə əlaqələndirirəm. Bakı Bələdiyyə Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı, qonşu Dağıstandan Dərbənd Azərbaycan Teatrı rayonumuzda qastrolda olublar. Bu teatr kollektivlərinin bizim tamaşaçılara təqdim etdikləri tamaşaların rejissor quruluşlarından və professional aktyor oyunundan teatrımızın yaradıcı heyəti də müəyyən dərəcədə bəhrələnir. Elə bunu da, məncə, qonşu və paytaxt teatrları ilə yaradıcılıq əlaqələri hesab etmək olar. Qaldı ki Bakıya hər hansı qastrol məsələsinə, bu, kollektivimizin ən böyük arzusudur.
   - Qusar Dövlət Ləzgi Dram Teatrının əsas tamaşaçıları kimlərdir?
   - Hər bir teatrı sevən insan teatrın tamaşaçısı ola bilər. Biz həm Azərbaycan, həm də ləzgi dillərində tamaşalar qoyuruq və ümumilikdə mədəniyyətin, teatr sənətinin inkişafına xidmət edirik. Və ən əsası rayonumuzda yaşayan insanların mənəvi-estetik zövqünün formalaşmasına çalışırıq. Hansı dildə və hansı məkanda olmasından asılı olmayaraq, teatr məbəddir və əgər o, öz ətrafına insanları cəm edə bilirsə, deməli, mədəniyyət yaşayır və yaşada bilir.
   
   Söhbətləşdi:
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar