Böyük müğənninin yaratdığı Azərbaycan Dövlət Mahnı Teatrı bu gün də öz sənət missiyasını davam etdirir
Musiqi, mahnı və teatr. Azərbaycanda bu anlamların birləşməsindən və böyük müğənni Rəşid Behbudovun sonsuz sənət sevgisi və xalq məhəbbətindən mayalanan bu teatr artıq neçə illərdir ki, musiqi mədəniyyətimizə, musiqili teatr ənənələrinə sadiqdir. Şəhərin ən gözəl yerində məkan edən bu sənət ocağı Rəşid Behbudov yadigarı kimi də çox dəyərlidir.
Ölkə başçısının sərəncamı ilə yüksək səviyyədə təmir-bərpa olunaraq yenidən musiqisevərlərin ixtiyarına verilən teatrın fəaliyyəti barədə sənət ocağının direktoru Kazım Qasımovla həmsöhbət olduq. Direktor son illər həyata keçirilən layihələr, təşkil olunan konsert proqramları və xarici qastrol səfərləri barədə ətraflı məlumat verdi:
- Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı respublikamızda ilk belə teatr müəssisəsidir. 1968-ci ildə vokal sənətimizin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Rəşid Behbudov tərəfindən yaradılan teatr öz miqyasına və bədii-estetik quruluşuna görə səhnə sənətinin ecazkar nümunəsi kimi də çox dəyərlidir. Çünki Rəşid Behbudov teatrı yaradarkən geniş dinləyici və tamaşaçı auditoriyasının maraq dairəsini nəzərə almış, repertuarda janr müxtəlifliyinə geniş yer vermiş, bu sənət ocağını musiqi mədəniyyətimizin ən yüksək səviyyədə təbliğinə xidmət edən məkana çevirmişdir. İllər ərzində teatr özünü musiqi və xoreoqrafiya sənətinin ən gözəl və nümunəvi təbliğatçısı kimi göstərmişdir. Məhz R.Behbudovun heyrətamiz istedadı sayəsində Azərbaycanın müasir musiqi mədəniyyəti dünyanın bir çox ölkələrində geniş marağa səbəb olmuşdur. Bu səmərəli fəaliyyətin bəhrəsidir ki, böyük sənətkarın yaratdığı teatr bu gün də öz ənənələrini qoruyub saxlamaqla dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini, mədəniyyətimizi uğurla təmsil edir.
- Əvvəllər burada mütəmadi konsertlər təşkil edilir, teatr solistlərinin ifaları ilə zəngin proqramlar tərtib olunurdu. Sanki son illər bu sahədə zəiflik hiss olunur, yoxsa təşkil etdiyiniz konsertlər nisbətən az işıqlandırılır?
- Zəngin sənət tarixi olan Mahnı Teatrı bu gün də tamaşaçıların sevimli məkanıdır. Teatr özünəməxsusluğunu qorumaq şərtiylə müasir dövrün tələbləri ilə uyğunlaşmağa, tamaşaçılarının zövqünü oxşayıb, onların mənəvi ehtiyaclarının ödəməyə çalışır. Bu baxımdan repertuar, konsert proqramları sarıdan hansısa durğunluq yaşandığını deməzdim. Mahnı Teatrı yarandığı gündən respublikanı qarış-qarış gəzmiş, dünyanın 60-dan çox ölkəsində geniş konsert proqramları ilə çıxış etmişdir. Məhz bu fəaliyyətin nəticəsi olaraq mədəniyyətimizin böyük hamisi, ümummilli lider Heydər Əliyevin göstərişi ilə yerləşdiyimiz bu bina Mahnı Teatrının, onun yaradıcısının simasında bütünlükdə musiqisevərlərin ixtiyarına verilib. O vaxtdan bu teatr Azərbaycan xalqına, onun musiqisinə xidmət etməkdədir. Son illərə gəldikdə isə, teatrın kollektivi istər öz salonumuzda paytaxt tamaşaçıları qarşısında, istər respublikamızın ayrı-ayrı bölgələrində, istərsə də dünyanın müxtəlif ölkələrində, habelə dövlət tədbirlərində rəngarəng konsert proqramları ilə çıxış edir.
- Dövlət Mahnı Teatrının hazırkı solistləri barədə nə deyərdiniz?
- Hazırda Mahnı Teatrında Xalq artisti Bilal Əliyev, əməkdar artistlər Rəşidə Behbudova, Gülyaz və Gülyanaq Məmmədovalar, Elza Seyidcahan, Əbülfət Oğuz, Lalə Məmmədova, solistlərdən Teymur Əmrah, Firuzə Quliyeva, Vaqif Şıxəliyev fəaliyyət göstərirlər. Solistlərin çıxışları baletmeyster Leyla Ağayevanın rəhbərlik etdiyi teatrın rəqs qrupu tərəfindən ifa olunan rəqslərlə çox gözəl harmoniya yaradır.
- Teatrın bugünkü repertuarı əvvəlki illərdən nə ilə fərqlənir?
- Teatrın repertuarında, əvvəllər olduğu kimi, bu gün də Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Rauf Hacıyev, Tofiq Quliyevin əsərləri geniş yer tutur. Bununla yanaşı, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Kazımi, Şəfiqə Axundova, Oqtay Rəcəbov, Polad Bülbüloğlu, Ramiz Mirişli və digər bəstəkarların əsərlərinə mütəmadi olaraq müraciət olunur. Vaxtaşırı gənc bəstəkarların əsərlərinə də yer ayrılır.
- Bu teatrı fərqləndirən əsas cəhət xalq mahnılarının, muğam və təsniflərin ifasındakı Rəşid Behbudov özünəməxsusluğu olub. Bu tərz indiki solistlərin ifasında da özünü göstərirmi?
- Rəşid Behbudov böyük sənətkar idi. Təbiət ona təkrarolunmaz gözəl səs bəxş etmişdi. Onun səsinin təbii zərif intonasiyası, ecazkar məlahəti, muğam zəngulələri, daxili və zahiri zənginliyi, səhnə görünüşü vəhdət təşkil edərək təkrarolunmaz sənətkar obrazını yaradırdı. Sizcə, bu gün biz ustadın adını daşıyan teatrda onun ənənələrini necə davam etdirməyə bilərik? Əlbəttə, repertuarın əsasını təşkil edən xalq mahnılarında böyük sənətkarımızın özünəməxsus ifa tərzini qoruyub saxlayırıq.
- Azərbaycan səhnəsinin bir sıra məşhur sənətkarları bu səhnədən pərvazlanıb. Onların ustadı Rəşid müəllim idi. Bəs indi bu missiyanı kim və ya kimlər davam etdirir?
- Teatr fəaliyyət göstərdiyi vaxtdan burada ölməz sənətkarımız Rafiq Babayev, xalq artistləri İlhamə Quliyeva, Natəvan Şeyxova, Elxan Əhədzadə, Mübariz Tağıyev, Zaur Rzayev, Azər Zeynalov kimi populyar sənət ustaları çalışmışlar. Belə bir deyim var: “Əvəzolunmaz insan yoxdur”. Mən bu fikirlə razılaşmıram. Rəşid Behbudov məhz elə əvəzolunmaz sənətkarlardandır. O, fenomenal insan idi. Xeyirxahlıq, işıqlı gələcək, həyatsevərlik həm sənətdə, həm də həyatda onun yaşam kodeksinə çevrilmişdi. Elə insanlar var ki, onlar hələ sağlıqlarında öz istedad və bacarıqları ilə dünya xalqlarının qəlblərində özlərinə abidə ucaltmışlar. Rəşid Behbudov belə dahilərdəndir. Biz çalışırıq ki, onun yaratdığı teatrda gördüyümüz hər bir iş böyük sənətkarın adına, sənətinə layiq olsun.
- Kollektiv bir çox xarici ölkələrdə qastrollarda olub və musiqimizi layiqincə təmsil edib. Son olaraq hansı ölkəyə səfər etmisiniz?
- Son illərdə Mahnı Teatrının kollektivi Fransa, Kuba, Meksika, Türkiyə, Türkmənistan, Qazaxıstan və Rusiyanın bir çox şəhərlərində çıxış edib. Axırıncı səfərimiz isə Novruz bayramı ilə əlaqədar Rusiyanın Moskva və Qazaxıstanın Astana şəhərinə olub.
- Teatrın ansambllarının fəaliyyəti barədə nə demək olar?
- Bu gün teatrımızın fəaliyyəti çoxşaxəlidir, burada müxtəlif janrlarda ansambllar fəaliyyət göstərir. Milli musiqimizin gözəl təbliğatçılarından olan Xalq artisti Kamil Vəzirov xalq çalğı alətləri ansamblına, Əməkdar artist Salman Qəmbərov caz musiqi qrupuna, Eldar Məmmədov isə estrada qrupuna rəhbərlik edir. Hər üç qrupun ifasında klassik, milli və müasir bəstəkarların əsərləri səslənir. Bu üçlük istər qrup, istərsə də kollektiv şəkildə teatrın konsert proqramlarında və müxtəlif səpgili tədbirlərdə iştirak edir və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanırlar.
- Mahnı Teatrı əsasən müxtəlif qurumlar tərəfindən təşkil olunan tədbirlərə ev sahibliyi edir. Yeni mövsümdə yeni konsert afişalarını görə biləcəyikmi?
- Dövlət Mahnı Teatrının binası şəhərin mərkəzində yerləşir. Tamaşaçı tutumuna görə müxtəlif tədbirlərin keçirilməsi üçün də əlverişli məkandır. Ona görə də burada mütəmadi müxtəlif mədəniyyət tədbirləri, musiqi gecələri keçirilir. O ki qaldı yeni konsert afişalarına, əvvəla, yeni mövsümədək teatrda baş verən bir sıra yenilikləri nəzərinizə çatdırmaq istərdim. Bildiyimiz kimi, son illər möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamları ilə teatr və konsert müəssisələri əsaslı şəkildə təmir olunmuşdur. 2010-2011-ci illərdə Dövlət Mahnı Teatrı da əsaslı təmir edilmiş, bina müasir işıq və səs avadanlıqları ilə təchiz edilmişdir. 2011-ci ilin noyabr ayında dövlət başçısı teatra gəlmiş, təmir işləri ilə yaxından tanış olmuş, görülən işlərdən razı qalmışdır. Həmin ilin dekabr ayının 14-də böyük sənətkarımız Rəşid Behbudovun doğum günündə teatrın açılışı olmuşdur.
Təmirdən sonra fəaliyyətinə davam edən Dövlət Mahnı Teatrı cari plan konsertləri ilə yanaşı, bir neçə konsert layihəsi də həyata keçirmişdir. Bunlardan «Elza və 7-lər», «Gülyaz Məmmədova və tələbələri», «Salman Qəmbərov və Bakustik Cazz», «Elza Seyidcahan-İron Roze», Teymur Əmrahın «Taleyimdən keçən gün» konsert layihələrini qeyd edə bilərəm. Onu da qeyd edim ki, bu konsert proqramlarının hər birinə bir gün ayrılmasına baxmayaraq, gözləmədiyimiz sayda geniş tamaşaçı kütləsinin axınını nəzərə alaraq konsertlərin sayını artırmaq məcburiyyətində qaldıq. Məsələn, Elza Seyidcahanın konserti üçün üç, Teymur Əmrahın konserti üçün 5 gün ayırmalı olduq. Teatrımız yeni mövsümdə də bu kimi konsert proqramları hazırlayıb geniş tamaşaçı auditoriyasına təqdim edəcək.
Söhbətləşdi: Həmidə Nizamiqızı