“Bu gün Amerikada yaşayan keçmiş bakılı müəllif mahnıları ifaçıları bütün dünya festivallarına Bakı adı ilə qatılırlar. Bu da bizim şəhərimizin təkrarolunmazlığının göstəricisidir”
   
   
   Cavid İmamverdiyev 1972-ci ildə anadan olub. 1996-cı ildən Bakı Müəllif Mahnısı Klubunun prezidentidir. “Ratio TV” prodüser mərkəzinin rəhbəri, “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun baş inzibatçısı olub. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin “Yaddaş”sənədli filmlər studiyasının direktorudur. Bu il “Humay” milli mükafatına layiq görülüb.
   
      
   İyul ayında şəhərimizdə VIII Müəllif Mahnıları Festivalı keçirildi. Artıq səkkiz ildir ki, ənənəvi təşkil olunan tədbirin çoxlu sayda iştirakçısı və pərəstişkarı var. Belə olmasaydı, 10 gün müddətində gerçəkləşən budəfəki festivalın hər konsertinə yüzlərlə tamaşaçı toplaşmazdı.
   Müəllif mahnıları, yaxud bard musiqisi XX əsrin ortalarında yaranan mahnı janrıdır. Janrın fərqləndirici xüsusiyyəti həm mətnin, həm də musiqinin eyni müəllif tərəfindən gitarada ifa edilməsidir. Müəllif mahnıları ötən əsrin 60-cı illərdə keçmiş SSRİ-də gənclər arasında özünüifadənin bir forması idi. Janrın inkişafını bir neçə mərhələyə bölmək olar. Şərti olaraq romantik dövr adlandırılan ilk mərhələdə şair Bulat Okucavanın əsərləri, xüsusilə məşhur idi. Bəlkə elə bu səbəbdən də bir çoxları müəllif mahnılarını şəhər romantikası hesab edir. Ümumilikdə isə müəllif mahnılarını yaradıcı ziyalıların özfəaliyyəti də adlandırmaq olar. 60-cı illərin ortalarında Aleksandr Qaliçin satirik müəllif mahnıları şöhrət qazanmağa başladı. Daha sonra (70-ci illər) bu janr estetikasını məşhur şair, müğənni, aktyor Vladimir Vısotski davam etdirdi. Sonrakı dövrlərdə isə bu janrın artıq yaşlaşmış yaradıcıları daha çox lirik əsərlər yazaraq janrın bu istiqamətini inkişaf etdirdilər.
   Bard nəyi görürsə, onu da ifa edir. Dünyanı necə dərk edirsə, elə də öz mahnılarının dili ilə çatdırır. Müəlliflər əsasən insan duyğularından söhbət açırlar. Bard ifaçılarının konserti bir əyləncə deyil, bu, müəllifin, ifaçının auditoriya ilə səmimi söhbətidir.
   Qeyd etmək lazımdır ki, müəllif mahnıları təkcə rus mədəniyyətinin fenomeni deyil. 60-cı illərdə bu janr müxtəlif ölkələrdə - Latın Amerikasında, İtaliyada, Almaniyada inkişaf etmişdi. Azərbaycanda da müəllif mahnıları 70-ci illərin əvvəlindən dəbdə olmuş, 1974-cü ildə isə Bakıda Müəllif Mahnıları Klubu fəaliyyətə başlamışdır. Respublikamızda bu janrla yetərincə məşğul olan müəlliflər var. Bu səbəbdən də Bakı Müəllif Mahnıları Klubunun rəhbəri Cavid İmamverdiyevlə görüşüb ümumilikdə bu janr haqqında fikirlərini, həmçinin festival təəssüratlarını bizimlə bölüşməsini xahiş etdik.
   - Cavid müəllim, ilk olaraq klubun yaranma tarixinə nəzər salmaq istərdik...
   - Bakı Müəllif Mahnıları Klubu artıq 8 ildir ki, aktiv fəaliyyət göstərir. Klub ilk dəfə 1974-cü ildə Azərbaycan Neft Akademiyasında yaradılmışdı və o vaxt “Tələbə Turist Mahnıları Klubu” adlanırdı. Klubun yaradıcıları İbrahim İmaməliyev, Yakov Koqan və başqaları olublar. Bir neçə il sonra yeni klub - “Müəllif Mahnıları Klubu” yarandı. Onun yaradıcıları Robert Avadyayev və Aleksandr Boryuzin idi. O dövrdə SSRİ məkanında bu müəllifləri yaxşı tanıyırdılar. Onlar bütün festivallarda Bakını təmsil edirdilər və dəfələrlə qalib olmuşdular.
   Ümumiyyətlə, 60-70-ci illərdə Sovet İttifaqında bir növ qeyri-rəsmi statuslu musiqi janrları geniş yayılmışdı. Rusiyada müəllif mahnılarının dəbdə olduğu vaxtda, Azərbaycanda, Bakıda caz populyar idi. Rusiyada caz kiçik elitar çevrəni əhatə edirdisə, əksər kütlə müəllif mahnılarına meylli idi. Amma bununla bərabər Bakıda müəllif mahnıları da populyar idi və kifayət qədər auditoriyası vardı. Təbii ki, sonralar bu janrı yaradanların, yaşadanların əksəriyyəti Bakını tərk etdikləri üçün müəllif mahnılarının inkişafı və geniş auditoriya qazanması ləngidi. 90-cı illərin əvvəllərində klub da öz fəaliyyətini dayandırmışdı.
   - Siz kluba nə vaxtdan qoşuldunuz?
   - 1988-ci ildə 16 yaşımda bu kluba gəldim. Belə düşünürəm ki, bu yaş insanın ən duyğulu, hər şeyi ürəyinə salan, hər şeydən mütəəssir olan bir dövrüdür. Mən bu janrsız özümü təsəvvür edə bilmirəm. Artıq yaşım 40-a çatıb, mənim ayrı-ayrı işlərim var. Bu işlərdə yaradıcılıq mənim üçün əsasdır. İstər “Şən və Hazırcavablar Klubu”nda, istərsə də kinoda öz sözümü demək mənim üçün daha vacibdir. Amma müəllif mahnısında tam əksinədir. Bu janrda mənim öz yerim heç də vacib deyil. Əsas bu janrın yaşamasıdır. Bakı mənim üçün təkcə vətən deyil, həm də canımdır. Ona görə də onun köhnə ənənələrini yaşatmağı özümə borc bilirəm. Tələbəlik həyatım “Şən və Hazırcavablar Klubu” və müəllif mahnıları ilə keçib. Buna görə indi də özümü onlarsız təsəvvür etmirəm.
   - Klubun fəaliyyəti neçənci ildən bərpa edildi?
   - Qeyd etdiyim kimi, 90-cı illərin əvvəlində klub fəaliyyətini dayandırdı. Çoxları ölkəni tərk etdi. 1997-ci ildə klubu bərpa etdik. Onu da qeyd edim ki, sovet dövründə klubun heç vaxt öz yeri olmayıb, baxmayaraq ki, janrın pərəstişkarları daha çox idi. O zaman bir klubdan o biri kluba yer dəyişərək fəaliyyətimizi davam etdirirdik. Klubu bərpa edəndən sonra Rus Mədəniyyət Mərkəzində fəaliyyət göstəririk. Burada, necə deyərlər, gitaranın ətrafına yığışıb öz mahnılarımızı ifa edirik. Bu gün klubun üzvləri sırasında həm yaşlı nəslin nümayəndələri, həm də gənclər var. Bizim ikinci evimiz isə Rəşid Behbudov adına Mahnı Teatrıdır. Bu teatrla əməkdaşlığımızın da maraqlı tarixçəsi var. 1997-ci ildə “Nə? Harada? Nə vaxt” oyunu üzrə Azərbaycan festivalı keçirilirdi. Festivala qatılanların sırasında müəllif mahnıları həvəskarları üstünlük təşkil edirdi. Festivalın son günü biz yığışıb Bulat Okucavanın şeirlərini oxuduq. Həmin gün eşitdik ki, B.Okucava vəfat edib. Bu mənim üçün çox ağır gün idi. Elə bil doğma bir insanımı itirmişdim. Səhəri gün Mahnı Teatrına gedib xatirə gecəsi keçirmək fikrimi bildirdim. Teatrdan bizə dedilər ki, tədbiri təmənnasız şəkildə təşkil edə bilərik. Həmin gündən bu bina bizim ikinci evimizə çevrilib. Konsertlərimizi, festivallarımızı burada keçiririk.
   - Bəs festivalın bərpasına necə nail oldunuz?
   - Düz 10 il bundan əvvəl, 30 yaşım tamam olanda özümə hədiyyə etmək fikrinə düşdüm. Özüm də bu yaşıma qədər hər il müəllif mahnıları festivallarında iştirak edirdim. Gənclər və İdman Nazirliyinə müraciət etdim. Onların köməyi ilə Samarada keçirilən müəllif mahnıları festivalına qatıldım. 35 yaşım tamam olanda isə belə qərara gəldim ki, ənənəvi Bakı festivallarını bərpa edim. Əlbəttə ki, bu işdə mənə kömək edənlər də az olmadı. Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri artıq 6 ildir ki, bu festivalın keçirilməsində yaxından iştirak edirlər. Çox fəxr edirəm ki, bu işi görə bildim. Demək olar ki, bütün il boyu gözləyirəm ki, görəsən, bu il festival necə olacaq, necə alınacaq? Bu işlə məşğul olmağa başladığım vaxtdan bu günə kimi çox tanınmış müəlliflərlə tanış olmaq xoşbəxtliyinə nail olmuşam. Bu gün gənc müəlliflər klubumuza üzv olurlar. Oğlum Bulat da 11 yaşından bu klubun üzvüdür. Mənim ən böyük arzum onun mənən zəngin olmasıdır. Çox istəyirəm ki, bugünkü gəncliyimizin seçimi olsun. Onların dünyagörüşləri, intellektləri yüksək olsun.
   - Son festivalla bağlı təəssüratınız necədir?
   - Öncə onu qeyd etmək istərdim ki, dövlətimiz, müvafiq qurumlar festivalın keçirilməsi üçün tam şərait yaradır. Bu festivalın rusdilli xalqlarla mədəni əlaqələrə çox böyük təsiri olur. Bu il ilk dəfə festivalda müsabiqə təşkil etdik. Özlüyündə bu, böyük bir bayramdır. Bu il ilk laureatlarımız oldu. Onlar Bakı festivalının ilk laureatları kimi tarixə düşdülər. Bu festivalın yaşamasını arzulayıram. Festivalın yekunlarından çox razı qaldım. Aleksandr Qorodniçkinin bir sözü var, o deyir ki, arzu edək doqquzuncu festival səkkizincidən yaxşı, onuncudan pis olsun. Builki festival ötən ilkindən də yaddaqalan oldu. Ən böyük nailiyyət onda oldu ki, 10 gün dalbadal Rəşid Behbudov adına Mahnı Teatrı tamaşaçı ilə dolu idi. Günə ən azı 300 nəfərədək tamaşaçı olurdu. Konsertlər 2-3 saat davam edirdi. Bu da mənim 40 yaşıma bir hədiyyə idi. Bu il festivalda yeni iştirakçılar da var idi. Bakı Müəllif Mahnıları Klubundan festivala 7-8 nümayəndə qatılmışdı. Gürcüstandan, Ukraynadan, Almaniyadan, İsraildən gələnlər vardı. Planlarımız genişdir. Gələn il festivalı Qorodniçkinin 80 illiyinə həsr edəcəyik. 2014-cü ildə isə festivalı klubumuzun 40 illiyinə həsr ediləcək. Bakılı müəllifləri bura yığmaq fikrimiz var. Dünyada yeganə klub bizik ki, müəlliflər dünyanın müxtəlif ölkələrində yaşasalar da, festivallara və konsertlərə Bakının adı ilə qatılırlar. Məsələn, Amerikada, Kaliforniyada yaşayan müəlliflər Bakı adı ilə bütün dünya festivallarına qatılırlar. Bu da bizim klubumuzun mesajı və unikallığıdır. Bəlkə də şəhərimizin təkrarolunmazlığının göstəricisidir. 

   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar