Müsahibimiz Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkodur
   
   - Cənab səfir, Azərbaycanla Ukrayna arasında münasibətlər tarixi köklərə malikdir. Münasibətlərimizin bugünkü səviyyəsini necə dəyərləndirərdiniz?
   - Azərbaycanla Ukrayna arasında hələ sovet dövründə sıx dostluq münasibətləri, çoxşaxəli əlaqələr mövcud olub. Müstəqillik illərində bu münasibətlər geniş inkişaf yolu keçib. Bu gün Ukrayna ilə Azərbaycanı strateji tərəfdaşlıq telləri bağlayır, ölkələrimiz regional və beynəlxalq müstəvidə qarşılıqlı səmərəli əməkdaşlıq edir. Ölkələrimiz arasında heç bir zaman hər hansı problem olmayıb. Odur ki, biz daima irəli baxır, gələcək əlaqələri necə inkişaf etdirmək haqqında düşünürük. Siyasi baxımdan əlaqələrimiz çox gözəldir, prezidentlərimiz arasında dostluq münasibətləri mövcuddur. Əgər ölkələr arasında siyasi münasibətlərin səviyyəsi yaxşıdırsa, bu, humanitar, mədəni əlaqələrin inkişafına, yaradıcı kollektivlərin mübadiləsinə də zəmin yaradır.
   - Yeri gəlmişkən, ölkələrimiz arasında mədəniyyət və incəsənət sahələrində əməkdaşlıq barədə nə deyə bilərsiniz?
   - Bu yaxınlarda Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Paytaxt Kiyevdə və Odessada təşkil olunan geniş proqramlı tədbirlər mədəni əlaqələrimizin bugünkü inkişaf səviyyəsinə bariz nümunədir. Azərbaycanı incəsənət nümayəndələrindən ibarət böyük heyət təmsil edirdi. Onsuz da Ukraynada Azərbaycan ədəbi əsərlərini tanıyırlar. Bu tədbir isə Azərbaycan mədəniyyətini tanımaq üçün əlavə imkan oldu. Gələn il isə Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri keçiriləcək. Bu kontekstdə hazırda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə iş aparırıq. Musiqi sahəsində əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda Ukrayna Bəstəkarlar İttifaqından böyük bir qrup Azərbaycana gəldi. Onların arasında Ukraynanın tanınmış incəsənət xadimləri var idi. Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və ittifaqın üzvləri ilə maraqlı görüşlər keçirildi. Azərbaycan Simfonik Orkestrinin ifasında Ukrayna və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət kompozisiya təqdim olundu. Bundan başqa, Azərbaycan Bəstəkarlar İttifaqı ilə birlikdə Ukrayna Bəstəkarlar İttifaqının «Bravo» simfonik kvartetinin konsertini keçirmişik. Bu tədbir Ukraynanın müstəqillik əldə etməsinin 20 illiyi proqramı çərçivəsində ötən ilin sentyabrında gerçəkləşdi.
   Ölkələrimiz arasında təhsil sahəsində tələbə mübadiləsi proqramı da mövcuddur. Məsələn, Bakı Slavyan Universitetində ukrainistika üzrə iki fakültə fəaliyyət göstərir. 40-dan çox tələbə Ukrayna dilini öyrənir. Bizim üçün xoşdur ki, ölkənizdə Ukrayna dilinin tədrisi səviyyəsi çox yüksəkdir. Bakı Slavyan Universitetində Ukrayna İnformasiya Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda sevindirici haldır ki, Ukraynada, Poltava İqtisadiyyat Universitetində də Azərbaycan Mədəniyyət Mərkəzi mövcuddur. Kiyevdə daha bir Azərbaycan Mədəniyyət Mərkəzinin açılması nəzərdə tutulub. Ukrayna Təhsil Nazirliyi tərəfindən Azərbaycan mədəniyyətinə böyük diqqət ayrılır. Tələbələr Azərbaycan dili ilə yanaşı, onun tarixini, mədəniyyətini və adət-ənənələrini də öyrənirlər. Bu eynilə Azərbaycanda da belədir. Mən BSU-da Ukrayna dilini öyrənən tələbələr qarşısında çıxış edəndə deyirəm ki, ölkələrimiz arasında mövcud olan çox möhkəm siyasi və iqtisadi əlaqələr həm də humanitar və mədəni sahədə münasibətlərin inkişafına təkan verir.
   - Mədəniyyətin hansı sahələrində əməkdaşlıq üçün böyük imkanlar görürsünüz?
 
  - Mədəniyyətə daha geniş aspektdən yanaşaq, qeyd etdiyim kimi, musiqi sahəsində, sərgilərin təşkilində bir çox tədbirləri qeyd edə bilərəm. Məsələn, ötən ilin avqust-sentyabr aylarında Ukraynanın məşhur fotoqraf-rəssamı Yevgeni Kavtanyuk Bakıda böyük fotosərgi keçirdi. Azərbaycan rəssamları da tez-tez Ukraynada belə tədbirlər keçirirlər. Azərbaycanın Ukraynadakı səfirliyi də bu mənada çox aktivdir. Ədəbiyyat sahəsində əlaqələri qeyd edə bilərəm.
   Azərbaycan ədiblərinin əsərləri Ukrayna, ukraynalı müəlliflərin əsərləri Azərbaycan dilində nəşr edilir. Məsələn, ötən il Bakı Slavyan Universitetinin dəstəyi ilə Ukraynan klassik şairi Taras Şevçenkonun əsərləri Azərbaycan dilində nəşr edildi. Belə nümunələri çox göstərmək olar. Azərbaycanın Ukraynadakı səfirliyində mənim həmkarlarım Ukrayna-Azərbaycan lüğəti, həmçinin danışıq kitabçası hazırlayıblar.
   Teatr sahəsində yaxşı əməkdaşlıq münasibətləri mövcuddur. Ötən il Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları Festivalında Ukraynanı Poltava Kukla Teatrı təmsil etdi. Bu həm də uşaqların digər ölkə mədəniyyəti ilə yaxından tanışlığı üçün böyük fürsət idi. Məsələn, mənim qızım Bakıda təhsil alır. O, yerli milli rəqsləri ifa edir və hətta məktəbdə «Leyli və Məcnun»la bağlı kiçik bir tamaşa da səhnələşdiriblər. Mən görürəm ki, artıq 8 yaşlı qızım Azərbaycan mahnıları da oxumağa başlayıb. Əlbəttə, biz bunu çox gözəl qarşılayırıq. Deməli, əgər bu yaşda olan ukraynalı uşaq Azərbaycan mədəniyyətinə, ənənələrinə belə hörmət edirsə, o, siyasətçi, millət vəkili, diplomat olduqda daha yüksək səviyyəyə çatacaq. Ukraynada da azərbaycanlı uşaqlar bir çox tədbirlərdə iştirak edirlər. Bizim ölkəmizdə çox böyük Azərbaycan diasporu fəaliyyət göstərir. Buradakı Ukrayna diasporu da fəaldır, onlar səfirliyin keçirdikləri tədbirlərdə iştirak edirlər.
   - Turizm sahəsindəki əlaqələrimizin perspektivlərini necə görürsünüz? Ümumiyyətlə, Azərbaycan turizmi haqqında fikirlərinizi eşitmək maraqlı olardı...
  
 - Bu sahədə də əlaqələrimizin inkişafına gözəl imkanlar var. Düşünürəm ki, SSRİ dağıldıqdan sonra ölkələrimiz ikitərəfli münasibətlərdə yaranmış problemləri müvəffəqiyyətlə həll edə bildi. İqtisadiyyat, müəssisələr arasında qırılmış əlaqələr bərpa olundu. İqtisadiyyatın inkişafı isə mədəniyyətlə yanaşı, turizmin inkişafına, turist axınına təkan verir. Məsələn, ötən il Ukraynanın turizm potensialını təqdim etmək üçün Bakıda iki tədbir keçirdik: İyulda Ukraynanın müalicəvi turizm mərkəzlərinin, sanatoriyalarının biznes-seminarı baş tutdu. Dekabrda isə Krım Muxtar Vilayətinin baş naziri, ondan sonra isə Krımın mədəniyyət və turizm naziri Bakıya gəldi. Biz burada Krımın böyük təqdimatının keçirdik. Krımın 30 hoteli azərbaycanlılara öz xidmətini təklif etdi. Azərbaycan Hava Yolları ilə əməkdaşlığı genişləndirdik. Əgər əvvəllər uçuş təkcə Bakı-Kiyev reysi ilə keçirilirdisə, indi birbaşa Krıma da aviareyslər var. Azərbaycandan insanlar Ukraynada müalicə turizminə maraq göstərirlər. Biz də Ukrayna turistlərinin Naftalana gəlmək imkanlarını aktiv şəkildə öyrənirik. Mən ailəmlə Naftalanda oldum və gördüm ki, mərkəz sovet dövründən də gözəl olub. Oradakı «Qaşaltı» və «Çinar» sanatoriyaları bütün beynəlxalq standartlara cavab verir və çox xoşumuza gəldi. İndi biz Ukraynada elə bir tərəfdaş axtarırıq ki, o ukraynalıların Naftalanda müalicələrinin təşkili ilə məşğul ola bilsin. Naftalan dünyada analoqu olmayan nadir yerdir. İstərdik ki, ukraynalılar bura gəlsinlər.
   Nabran, Qəbələ də turistlər üçün maraqlı yerlərdir. Düşünürəm ki, Qəbələ gələcəkdə böyük bazaya malik ciddi turizm mərkəzi olacaq. Onun gözəl təbiəti, beynəlxalq aeroportu, hotelləri turizmin inkişafından xəbər verir. Gəncə, Şamaxı, Qusar, Qubanın da turizmin inkişafı baxımından böyük perspektivi var. Lakin məsələ ondadır ki, keçmiş sovet ölkəsi olduğumuzdan insanlarda hələ də bir kompleks var. Amma insanlar, məsələn, Krıma və ya Nabrana gələndə görürlər ki, bütün çətinliklər artıq çoxdan arxada qalıb. Bir sözlə, son 20 il ərzində iqtisadiyyatımızın inkişafı turizmə də təkan verib. Turizm iqtisadiyyatın və mədəniyyətin bir hissəsidir.
   - Maraqlıdır, Azərbaycana gələnə qədər ölkəmiz, onun tarixi haqqında nə bilirdiniz və burada yaşadığınız müddətdə sizdə hansı təəssürat formalaşıb?
  
 - Azərbaycan mənim diplomat kimi çalışdığım 5-ci ölkədir. Bəzən insanlar məndən soruşurlar - Azərbaycanda özümü necə hiss edirəm, insanlara necə münasibət bəsləyirəm? Cavabında deyirəm ki, mən özümü Azərbaycanda xarici diplomat kimi hiss etmirəm. Baxmayaraq ki, mən öz ölkəmi burada səfir kimi təmsil edirəm, lakin azərbaycanlılar haqqında «yad xalq» sözünü heç tələffüz də etmək istəməzdim. Küçədə gəzəndə, xüsusilə regionlara gedəndə mütləq ölkəmizlə bağlı insanlara rast gəlirəm: kimisi Ukraynada orduda xidmət edib, təhsil alıb, kiminsə qohumu Ukraynada yaşayır və s. Məsələn, mənim atam hərbi xidmətə Bakıda başlayıb. Kiyevdə də bir çox ailələrdə Azərbaycanla bağlı nə isə bir xatirə var.
   Əlbəttə, Azərbaycana gələnə qədər mən Ukrayna Xarici İşlər Nazirliyində çalışdığımdan ikitərəfli əlaqələri kurasiya edirdim. O üzdən ölkənizlə bağlı nəzəri şəkildə geniş məlumatım var idi. Buraya gəldikdə isə gördüm ki, Azərbaycanda Ukraynaya və ukraynalılara olduqca xoş münasibət var. Ona görə mən və ailəm özümüzü burada evimizdəki kimi hiss edirik.
   - Azərbaycan mədəniyyəti, incəsənəti haqqında şəxsi fikirlərinizi də bilmək maraqlı olardı...
   
- Əgər bizim dirijor Azərbaycan simfonik orkestri və eynilə azərbaycanlı dirijor Ukrayna simfonik orkestri ilə çıxış edirsə, artıq bu, əməkdaşlığımızın səviyyəsindən xəbər verir. Mən böyük məmnuniyyətlə Azərbaycan Dövlət Filarmoniyasında konsertlərə, Opera və Balet Teatrında tamaşalara baxmağa gedirəm. Üzeyir Hacıbəylinin, digər bəstəkarların əsərlərini maraqla dinləyirəm. Əlbəttə, biz hamımız Azərbaycanın dünya musiqisinə milli töhfəsi olan Müslüm Maqomayevi də sevirik. Muğamı isə burada kəşf etdim. Azərbaycan mədəniyyətinin bir elementi olan xalçalara böyük marağım var. Xalça sənəti Azərbaycanda dərin ənənəyə malikdir.
   Ümumiyyətlə, adətlərimiz, mədəniyyətlərimiz arasında böyük oxşarlıq var. Əgər mədəniyyətlərimiz arasında ziddiyyət olsaydı, qarışıq ailələr də olmazdı. Ukraynada təhsil alan azərbaycanlıların bəziləri vətənə ukraynalı həyat yoldaşı ilə qayıdırlar. Bir qədər əvvəl yüksək vəzifəli şəxslə Ukrayna haqqında söhbətim zamanı o mənə dedi ki, sən niyə mənə Ukrayna haqqında danışırsan, mənim gəlinim ukraynalıdır. Ukrayna Xarici İşlər Nazirliyində çalışan bir ukraynalının xanımı azərbaycanlıdır. Bir qədər əvvəl bir övladları da doğulub. Biz belə möhkəm qarışıq ailələrin olmasına sevinirik. Bir sözlə, xalqlarımız arasında o qədər yaxın və təbii əlaqələr var ki, bu əlaqələrə xüsusi təkan vermək də lazım deyil.
   - Yuxarıda regionlarımızın turizm imkanlarından bəhs etdiniz. Ümumiyyətlə, hansı regionlara, tarixi yerlərə baş çəkə bilmisiniz?
   - Hamıya bəllidir ki, Ukrayna kimi Azərbaycanın da qədim tarixi var. Mən İçərişəhərdə, Şamaxıda olduğum zaman bunun bir daha şahidi oldum. Hətta bu barədə çoxlu oxumuşam. Bilirəm ki, Azərbaycanda sənətkarlıq, memarlıq hələ qədim dövrdən inkişaf edib. Atəşgah məbədi də gözəl məkandır. Naxçıvan haqqında çox eşitmişəm, onu görmək üçün sentyabrın əvvəlində bu şəhərə səfər edəcəyəm. Orduda xidmət edərkən Culfadan azərbaycanlı dostlarım var idi. Buraya gəldikdə 27 ildən sonra onların üçünü tapdım. Hələlik ölkənizin cənubunda olmamışam. Naxçıvandan sonra Şəki və Zaqatalaya, sonra da cənub bölgəsinə getməyi planlaşdırıram. Düşünürəm ki, Azərbaycanı gəzmək və öyrənmək üçün hələ vaxtım var.   

   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar